banner banner banner
Baskervillərin iti
Baskervillərin iti
Оценить:
 Рейтинг: 0

Baskervillərin iti

– Bir tərəfdən də mənim aldığım bu məktub! Görünür, bu da eyni hadisə ilə bağlıdır.

Doktor Mortimer dedi:

– Bəli, bu məktubdan belə görünür ki, kim isə torf bataqlıqlarında olan işləri bizdən çox-çox yaxşı bilir.

Holms:

– Bu «kim isə», görünür, sizin tərəfinizi saxlayır, – dedi, – çünki o, təhlükə olduğunu sizə xəbər verir.

– Bəlkə də, əksinədir: məni qorxudub Baskervil-holdan uzaqlaşdırmaq kimin isə xeyrinədir.

– Bu da ola bilər. Ser Henri, indi gərək biz bir məsələni həll edək: siz Baskervil-holla gedə bilərsiniz, ya yox?

– Niyə də getməyim?

– Görünür, sizin ora getməyiniz təhlükəlidir.

– Hər nə olur-olsun, nə dəhşətli qüvvələr, nə də insan hiylələri məni burada saxlaya bilməz. Mən dədə-babadan qalma evimizə gedəcəyəm. Mister Holms, bilirsiniz nə var? İndi saat on ikinin yarısıdır, mən buradan birbaş mehmanxanaya gedirəm. Siz və sizin dostunuz Uotson saat ikidə nahara mənim yanıma gəlsəniz, minnətdar olaram. O vaxta qədər mən, hər halda, fikirləşib bir nəticəyə gələ bilərəm.

– Biz gələrik. Sizə keb çağırımmı?

– Yox, yaxşısı budur, mən doktor Mortimerlə gəzə-gəzə piyada gedim. Bu söhbətdən sonra bir az özümə gələrəm.

Biz onların pilləkənlə aşağı endiyini və bayır qapını bərkdən örtdüklərini eşitdik. Holms bir anda dəyişdi, xalatını çıxara-çıxara tez öz otağına getdi və iki-üç dəqiqədən sonra əynində pencək geri qayıtdı. Biz pilləkəndən enib küçəyə çıxdıq. Doktor Mortimerlə Baskervil bizdən iki yüz addım qabaqda görünürdülər. Onlar Oksford-stritə sarı gedirdilər.

Holms addımlarını yeyinlətdi. Qonaqlarla bizim aramızda olan məsafə get-gedə azalaraq yarıya endi. Biz bu məsafəni saxlayaraq onların ardınca gedirdik. Ser Henri ilə doktor Mortimer mağazalardan birinin qabağında dayanıb vitrinə baxmağa başladılar. Biz də ayaq saxladıq. Elə bu an Holms mənə işarə edib küçənin o biri tərəfində dayanan kebi göstərdi. Kebin içində kimsə vardı.

– Uotson, bizə bax o adam lazımdır! Onun üzünü görməliyik.

Elə bu anda kebin yan pəncərəsindən qarasaqqallı bir adam göründü. O bizi görən kimi çığıraraq sürücüyə nəsə dedi, sürücü də kebi küçə ilə sürətlə sürdü. Holms dönüb ətrafına baxdı ki, görsün boş ekipaj varmı, lakin ekipaj yox idi.

– Ax, məlun! – Acığından Holmsun rəngi ağarmışdı. – Gör bizimki necə gətirmədi! Uotson, siz o adamın üzünü gördünüzmü?

– Üzünü yox, saqqalını gördüm.

– Mən də… Çox güman ki, onun saqqalı qondarma saqqaldır.

Holms bu rayonun poçt kontorlarından birinə girdi; kontorun rəisi qollarını açaraq onu sevinclə qarşıladı.

– Hə, Vilson, mən görürəm ki, xırdaca işdə sizə necə kömək etdiyimi yadınızdan çıxarmamısınız!

– Ser, siz nə danışırsınız, bunu heç yaddan çıxartmaq olar?! Mən sizə öz təmiz adımla, hətta, bəlkə, həyatımla minnətdaram!

– Dostum, siz bunu şişirdirsiniz!.. Vilson, mənim yadımdadır, sizin yanınızda Kartrayq adlı bir oğlan vardı; zirək uşağa oxşayırdı.

– Bəli, ser, o, indi də yanımda işləyir.

Rəisin çağırışına on dörd yaşlı bir oğlan gəldi: onun üzündən cəldlik və ağıllılıq yağırdı. O gəlib bizim qabağımızda dayandı və Holmsa böyük bir hörmətlə baxmağa başladı.

Holms dedi:

– «Mehmanxanalar üzrə məlumat» kitabını mənə verin. Təşəkkür edirəm. Kartrayt, bura baxın: bax bu, Çerinq-kross rayonunda olan iyirmi üç mehmanxananın adıdır. Siz bu mehmanxanaların hamısını bir-bir gəzməlisiniz. Hər qapıçıya bir şillinq verərsiniz. Alın, bu da iyirmi üç şillinq. Deyərsiniz ki, mən dünən səbətlərdən atılan zibilə baxmaq istəyirəm. Səbəbini belə izah edərsiniz ki, çox mühüm bir teleqramı səhvən başqa bir ünvana veriblər, mənə əmr olunub, onu tapım. Başa düşdünüz?

– Bəli, ser, başa düşdüm.

– Amma əslində, siz «Tayms» qəzetinin bir neçə yerdən qayçı ilə kəsilmiş səhifəsini axtaracaqsınız. Bax «Tayms» qəzetinin həmin nömrəsi budur, bizə bax bu səhifə lazımdır. Axşamüstü, işin nə yerdə olması haqqında mənə, Beyker-stritə teleqram vurun… İndi isə, Uotson, biz gərək iki min yeddi yüz dörd nömrəli sürücünü tapaq. Ancaq əvvəlcə qonaqlarımızla görüşməliyik.

Beşinci fəsil

İtirilən izlər

Biz mehmanxanaya girəndə vestibül növbətçisi dedi:

– Ser, Henri Baskervil sizi yuxarıda gözləyir. O xahiş etmişdir ki, qonaqlar gələn kimi onları mənim yanıma gətirin.

Biz yuxarı mərtəbəyə qalxdıq, pilləkən başında ser Henri Baskervilə rast gəldik. O, acığından qıpqırmızı qızarmışdı, toz basmış köhnə ayaqqabısının bir tayını əlində tutmuşdu. Bizi görən kimi çığıraraq dedi:

– Yoxsa məni bu mehmanxanada axmaq-zad hesab eləyirlər? Mən belə zarafatlara yol vermərəm! O səfeh mənim ayaqqabımı tapmasa, dava salacağam! Mister Holms, mənim də zarafatdan xoşum gəlir, amma buradakı oyunbazlar, deyəsən, bu dəfə bir balaca şit eləyiblər…

– Hələ də itən ayaqqabınızı axtarırsınız?

– Bəli, onu axtarıram, tapmayınca sakit olmayacağam!

– Axı siz deyirdiniz ki, itən ayaqqabı açıq-qəhvəyi rəngdədir?

– Bəli, ser, əvvəl itən qəhvəyi ayaqqabım idi, amma indi bu əhvalat qara ayaqqabının da başına gəlib.

Henri xidmətçini hədələyib sonra üzünü Holmsa çevirdi:

– Mister Holms, belə boş şeylərlə sizi narahat etdiyim üçün, rica edirəm, məni bağışlayın…

– Bu “boş” şeylərdən ötrü narahat olmağa dəyər.

– Deyəsən, bu məsələ sizi maraqlandırır?

Holms dalğın halda dedi:

– Bəli, bu, doğrudan da, qəribədir…

Biz nahar edərkən vaxtımızı çox xoş keçirtdik və bizi bir araya toplayan məsələyə ötəri toxunduq. Ancaq ser Henrinin otağına keçəndən sonra Holms ondan gələcək işləri haqqında bəzi şeylər soruşdu.

– Mən Baskervil-holla gedəcəyəm.

– Nə vaxt?

– Bu həftənin axırında.

Holms: