banner banner banner
Qorxu vadisi
Qorxu vadisi
Оценить:
 Рейтинг: 0

Qorxu vadisi

Alek Makdonald o vaxt hələ indiki kimi məşhur deyildi. Polisdə işlədiyi zaman Holms artıq iki dəfə onun dadına çatmışdı. Şotlandiyalı Holmsa hörmətlə yanaşır, çətinliyə düşəndə onunla məsləhətləşirdi.

Holms onu görüb gülümsədi:

– Çox erkən gəlmisiniz, mister Mak. Görünür, qeyri-adi hadisə baş verib.

Gənc inspektorun gözü birdən stolun üstündəki kağız parçasına sataşdı.

– “Duqlas…” – mızıldadı. – “Birlstoun”! Bu nə deməkdir, bu adları hardan götürmüsünüz?

– Doktor Uotsonla indicə şifrini çözdüyümüz məktubdan. Nə olub ki?

İnspektor hələ də heyrətlə bizə baxırdı:

– Birlstoun malikanəsində yaşayan mister Duqlas bu gecə vəhşicəsinə öldürülüb.

2

– Əla! – Holms bir as susandan sonra dedi. – Çox gözəl!

– Sizi, deyəsən, bu xəbər heyrətləndirmədi?

– Mənə maraqlı gəldi, cənab Mak. Bir şəxsi təhlükə gözlədiyi barədə xəbər almışdım. İndi isə onun qətlə yetirildiyini eşidirəm.

Holms inspektora şifrli məktub haqqında danışdı. Makdonald ona diqqətlə qulaq asırdı.

– Mən Birlstouna yola düşməyə hazırlaşıram. İstəyirəm mənə yoldaşlıq eləyəsiniz. Ancaq belə çıxır ki, işi Londonda daha asanlıqla çözə bilərik. Məlumatı sizə ötürən şəxsi tutmaq kifayətdir.

– Özünü Porlok adlandıran bu adamı axı necə tutmaq istəyirsiniz?

Makdonald Holmsdan aldığı zərfi gözdən keçirdi.

– Deyirsiniz ki, ona iki dəfə pul göndərmisiniz. Bankdan pulu kimin aldığı ilə maraqlanmamısınız?

– Yox. Mən verdiyim sözü tuturam. Elə ilk məktubdan sonra söz verdim ki, onu axtarmayacağam.

– Sizə elə gəlir, o, əhəmiyyətsiz bir adamdır, arxasında daha mühüm bir şəxs durur?

– Mənə elə gəlmir, mən bunu bilirəm.

– Haqqında sizdən eşitdiyim professoru nəzərdə tutursunuz?

– Məhz onu.

– Sizdən nə gizlədim, mister Holms, Skotland-Yardda belə hesab edirlər ki, professora nahaq yerə kin bəsləyirsiniz. Onun haqqında bəzi məlumatlar toplamışam: istedadlı alim, hörmətli insan kimi tanınıb.

– Onun istedadlı olduğunu etiraf etdiyiniz üçün çox şadam.

– Ona olan münasibətinizi öyrənəndən sonra bu şəxslə görüşmək qərarına gəldim. Alicənab adam təsiri bağışladı, əsl nazirə oxşayırdı. Xudahafizləşəndə əlini çiynimə qoydu, elə bil ata həyata atılmağa hazırlaşan oğluna xeyir-dua verirdi.

Holms istehza ilə gülümsədi.

– Çox gözəl! – o dedi. – Əziz Makdonald, bu xoş söhbət professorun kabinetində olurdu?

– Bəli.

– Gözəl otaqdır, elədir?

– Elədir.

– Professorun başının üstündən asılmış tabloya fikir verdiniz?

– Əlbəttə, bir qızın portreti idi.

– Bu şəkli on səkkizinci əsrdə yaşamış məşhur fransız rəssamı Jan Batist Qrez çəkib.

Makdonald xəfifcə gülümsədi:

– Çoxdan vəfat etmiş rəssamla Birlstounda baş verən hadisə arasında nə əlaqə ola bilər?

– Bu yaxınlarda Qrezin məşhur bir əsəri hərracda bir milyon iki yüz min franka[1 - Frank – Fransada pul vahidi] satılıb. Xatırlatmaq istəyirəm ki, professor Moriarti ildə yeddi yüz min frank alır.

– Belə isə onu necə ala bilib… Davam edin, mister Holms. Bu məni çox maraqlandırdı.

– Bəs Birlstoun necə olsun? – Holms gülümsəyərək soruşdu.

– Hələ vaxtımız var, – inspektor saatına baxdı. – Qapınızın ağzında məni keb[2 - Keb – taksi xidməti göstərən avtomobil] gözləyir, iyirmi dəqiqəyə bizi vağzala çatdırar. Bu tabloya gəlincə isə… Mister Holms, axı bir dəfə demişdiniz ki, professor Moriartinin yanında heç vaxt olmamısınız?

– Doğrudur.

– Bəs onun kabinetindəki şəraitlə hardan tanışsınız?

– Bu başqa məsələdir. Dəvət almadan üç dəfə onun mənzilində olmuşam. Müxtəlif bəhanələrlə gözləyib o gələnə qədər getmişəm. Güman edirəm ki, çox varlı adamdır. Bəs bu sərvəti necə toplayıb?

– Fikirləşirsiniz ki, sərvətini qeyri-qanuni yollarla qazanıb?

– Əlbəttə. Onlarla nazik tel zəhərli məxluqun olduğu hörümçək torunun mərkəzinə uzanır. Həmin zəhərli məxluq professor Moriartidir. Onun altı müxtəlif bankda hesabı var. Öz sərvəti haqqında söz-sohbət olmasını istəmir. Gərək onun nə qədər pulu olduğunu heç kim bilməsin. Güman edirəm ki, pullarının çox hissəsini xarici banklarda saxlayır.

Makdonald diqqətlə qulaq assa da, dostunun sözünü kəsməyə məcbur oldu:

– Mister Holms, siz bir qədər mövzudan yayındınız. Hazırda yalnız onu bilirik ki, professorla Birlstoundakı qətl arasında nəsə bir əlaqə var. Porlokdan aldığınız məlumata əsasən bu nəticəyə gəlmək olar. Bu barədə başqa nə fikir yürüdə bilərik?

– Cinayətin səbəbləri barədə bir neçə fərziyyə irəli sürmək olar. Ancaq bütün suallara cavabı Birlstounda axtarmalıyıq.

– Elədirsə, Birlstouna gedirik! – Makdonald tələsik ayağa durdu.

3

Hadisənin baş verdiyi Birlstoun Londonun şimalında yerləşir. Şəhər mərkəzindən yarım mil uzaqlıqda isə qədim malikanə ucalır. Malikanəni əhatə eləyən iki xəndəkdən biri su ilə doldurulub. Ona görə malikanənin yeganə girişi gecələr qaldırılan, səhər endirilən asma körpüdəndi. Gecələr malikanə, bir növ, adaya çevrilir. Bu faktın tez bir zamanda bütün İngiltərənin diqqətini cəlb edən sirli hadisə ilə birbaşa əlaqəsi var.