banner banner banner
Həsən bəy Zərdabi xatirələrdə
Həsən bəy Zərdabi xatirələrdə
Оценить:
 Рейтинг: 0

Həsən bəy Zərdabi xatirələrdə

Həsən bəy Zərdabi xatirələrdə
Müəllif kollektivi

Xatirə ədəbiyyatı #29
Kitabda Azərbaycan milli teatrının və mətbuatının banisi, görkəmli jurnalist, xeyriyyəçi, ictimai xadim Həsən bəy Zərdabinin yaradıcılığından bioqrafik səpkili nümunələr, onun doğmalarının – həyat yoldaşı Hənifə xanım Abayeva-Məlikovanın, qızı Qəribsoltan xanım Məlikovanın, kürəkəni Əlimərdan bəy Topçubaşovun xatirələri və tanınmış zərdabişünasların məqalələri toplanıb.

HƏSƏN BƏY ZƏRDABİ

XATİRƏLƏRDƏ

“Xatirə ədəbiyyatı” silsiləsindən 29-cu kitab

MİLLİ İDEALA XİDMƏT ÖRNƏYİ

Aləmi-islam bir qaranlıq içərisində qaldığı zaman bu adam əlinə məşəl alıb qaranlığı işıqlandırmağa çalışmışdır. O məşəl nə idi? Əvvəlinci mətbu kəlam idi.

Əli bəy Hüseynzadə

Qafqaz türklərinin Rusiya işğalı altına düşməsi sonrakı 1 əsrdə Azərbaycan dövlətçiliyinin bərpasını hədəfə alan milli idealın yaradılması və istiqlal məfkurəsinə çevrilməsi prosesini doğurmuşdur. Yeni tipli məktəbin, milli teatr və anadilli mətbuatın yaradılması bu təbii-tarixi prosesə yön və nizam verilməsində, milli kimliyə sahib çıxacaq ziyalılar nəsli yetişdirilməsində həlledici rol oynamışdır. Bu tarixi zərurətin gerçəkləşdirilməsi Mirzə Şəfi Vazehin, Abbasqulu ağa Bakıxanovun və Mirzə Fətəli Axundovun maarifçilik fəaliyyətindən qaynaqlanan milli idealı zehni-nəzəri çevrədən əməli-təcrübi məcraya yönəldən, həqiqi xalq xadimi kimi tarixi şəxsiyyətin yeni örnəyini yaradan Həsən bəy Məlikov Zərdabinin adı ilə bağlıdır.

Həyatını, ikiyə bölünmüş Vətəninin quzeyində dövlətçiliyini itirmiş, yox olmağa məhkum edilmiş xalqının nicatı işinə həsr etmiş Zərdabinin əməlləri və zəngin zəka irsi sağlığında və ölümündən sonrakı bir əsrdən artıq müddətdə milli-mədəni geriliyin aradan qaldırılması və azərbaycançılıq məfkurəsinin istiqlal məramnaməsinə çevrilməsi işinə xidmət etmişdir. Həsən bəyin bənzərsiz həyatı və müqəddəs mübarizəsi isə zaman-zaman xalq işinə xidmətin mükəmməl timsalı olaraq qəbul edilmişdir.

Çoxcəhətli fəaliyyəti, banisi olduğu elmi-mədəni çalışma yönləri ilə XIX əsrlə XX yüzillik arasında körpü yaratmış, sosial təkamülçü olmuş Zərdabi milli oyanış, demokratik təşəkkül və ümumi tərəqqi tariximizin öndəri, yeni ziyalılar nəslinin atası mərtəbəsinə yüksəlmişdir. Zəkası, qələmi və həyatda yaratdıqları ilə nadir irs qoyub getmiş Həsən bəy Zərdabi dövrünün əhatəli bioqrafiyasını yaratsa da, təəssüf ki, əhatəli xatirə yazmaması ilə mənalı ömür yolunun bir çox izlərini ötənlərin pərdəsi altında buraxıb getmişdir.

Nə yaxşı ki, mədəni tariximizə ilk milli ziyalı ailəsi kimi düşmüş zərdabilər və doğmaları, Həsən bəyin yetirmələri və zərdabişünaslar zamanında Zərdabi xatirəsinə və irsinə istinadla bu pərdəni yırtaraq böyük xalq xadiminin əhatəli bioqrafiyasını yaratmış, fəaliyyətini dərindən tədqiq etmişlər. Həsən bəyin məktubları və bir sıra məqalələri də bioqrafik səciyyəsi ilə onun ömür yolunun ayrı-ayrı səhifələrinə işıq salır. Xatirələrdə, mətbuat səhifələrində, tarixi sənədlərdə, məqalə və elmi araşdırmalarda əksini tapmış bu materialları yeni əlifba ilə nəşr etmək, toplular halında oxuculara çatdırmaq çağdaş nəsilləri milli idealın formalaşması tarixi ilə tanış etmək baxımından gərəklidir.

Zərdabinin öz millətinə xidmət nümunəsi ölümündən sonrakı illərdə milli-mədəni dairələrdə yüksək tutulsa da, təşviq olunsa da sovet zamanında hakim ideoloji tələblə Həsən bəyin ömür yolu və irsi “ifrat milliliyi” ilə təhlükəli sayılmış, qadağa və unutqanlıq çevrəsinə salınmışdır. Stalinizmin iflasından sonra milli varlığımıza bağlı ziyalılar (Heydər Hüseynov, Firidun Köçərli, Cəlal Məmmədov, Abbas Zamanov, Mirəli Axundov, Ziyəddin Göyüşov, Zaman Məmmədov, Şirməmməd Hüseynov, Vəli Məmmədov, İzzət Rüstəmov və s.) Zərdabinin həyat və fəaliyyətini müxtəlif yönlərdən öyrənməklə onun adını və irsini yenidən işığa çıxarmışlar.

Həsən bəy Zərdabi şəxsiyyətinin nadir kimliyini sonrakı nəsillərə çatdırmaqda onun ailə üzvlərinin – həyat yoldaşı və silahdaşı Hənifə xanım Abayeva-Məlikovanın, qızı Qəribsoltan xanım Məlikovanın və kürəkəni, qızı Pərisoltan xanımın həyat yoldaşı Əlimərdan bəy Topçubaşovun xatirələri çox qiymətli mənbələrdir. Həsən bəyin bioqrafiyasını canlı şəhadətlə yaradan bu xatirələr rus dilində yazıldığından və diqqətdən kənarda qaldığından uzun illər geniş oxucu kütləsi onlardan istifadə edə bilməmişdir. Son illərdə Söz Azadlığını Müdafiə Fondunun dəstəyi ilə bu xatirələr və digər bioqrafik materiallar toplular şəklində çap olunmuşdur.

Həsən bəyin doğum ili barədə müxtəlif tarixlərin mövcudluğu bu vaxtadək onun yubileylərinin keçirilməsinə mane olmuşdur. Ötən onilliklərdə 1837 və 1842-ci il tarixləri əsas götürülməklə elmi-mədəni dairələr 5-10 ildən bir Zərdabini yada salıb müxtəlif tədbirlər keçirsə də, bunlar rəsmi yubiley miqyası almamışdır. Nəhayət, bu il, mübahisəli sayılsa da, Həsən bəyin öz qələmindən çıxdığına görə əsaslı sayılmış 1842-ci il tarixini qəbul etməklə, Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə milli teatrın və mətbuatın banisinin 170 illik yubileyinin ölkə miqyasında təntənəli surətdə qeyd olunması qərara alınmışdır.

Yubiley tədbiri olaraq, Zərdabi barədə bioqrafik nəşr kimi çap olunan bu topluda əsas yeri Həsən bəyin ailə üzvlərinin xatirələri tutub. Bu xatirələrlə sıx bağlı olduğuna və onları tamamladığına görə H.Zərdabinin M.F.Axundovla məktublaşmaları, “Əkinçi”, “Kaspi” və “Həyat” qəzetlərində dərc olunmuş məfkurəvi və bioqrafik yüklü məqalələri toplunun əvvəlində yer alıb.

Həsən bəy Zərdabinin istedadlı yetirmələrindən biri, ölümündən sonra onun ilk bioqrafı olmuş görkəmli pedaqoq-publisist Fərhad Ağazadə Şərqlinin 1925-ci ildə “Əkinçi” qəzetinin 50 illik yubileyi münasibətilə yazdığı “Həsən bəy Məlikov-Zərdabinin tərcümeyi-halı” oçerki elmi-bioqrafik tutumuna görə kitabda geniş ön söz kimi nəzərdə tutulub.

Böyük Həsən bəyin 1907-ci ildə ölümü və ümumxalq matəminə çevrilmiş dəfni barədə dövri mətbuatda çap olunmuş yazılar bioqrafik dəyərinə görə sonrakı bölmədə verilib. Tanınmış zərdabişünasların araşdırmalarının xronikal səhifələri kitaba salınmaqla görkəmli demokratın ömür yolu barədə təsəvvürləri dolğunlaşdırıb. Topluya Həsən bəy Zərdabi və ailəsi barədə əldə olan fotoşəkillər də daxil edilib.

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nəşr etdirdiyi bu kitab materialların zənginliyi və gərəkliyi ilə bu vaxtadək Həsən bəy Zərdabi barədə buraxılmış bioqrafik kitablardan xeyli seçilir və ”milli ziyalılarımızın atası”nın yubileyinə dəyərli töhfədir.

Tahir Aydınoğlu,

Əməkdar jurnalist,

Zərdabi və “Ali media” mükafatçısı

HƏSƏN BƏY MƏLİKOV – ZƏRDABİNİN TƏRCÜMEYİ-HALI

(“Əkinçi” qəzetəsinin əlliilliyi münasibətilə)

XIX əsrdə Azərbaycan mədəni tərəqqisini öyrənmək üçün, şübhəsiz ki, Həsən bəy Məlikov Zərdabi və Mirzə Fətəli Axundovun gördükləri işlərdən başlamaq lazım gəlir.

Mədəniyyət tariximizin səhifələrində bu iki nəfər – Həsən bəy və Mirzə Fətəli böyük bir mövqe tuturlar. Bunlar ictimai vəziyyətləri etibarilə xəlqdən pək uzaq – birinin bəy, digərinin molla oğlu olduqlarına baxmayaraq, xas sinifdən ayrılıb xəlqə qoşularaq onların imtiyazlı siniflərə qarşı apardıqları mübarizələrinə yardım etmələri şayani-diqqətdir. Azərbaycanda bu dövrdə ilk dəfə bu iki sima imtiyazlı siniflərə qarşı üsyan qaldırırlar. Zaman və vəziyyət etibarilə bunların gördükləri işlər nə qədər küçük olursa da olsun, fəqət atdıqları addımlarının əhəmiyyəti etibarilə fövqəladə deniləcək qadar böyük və qiymətlidirlər. Zira bu vəqtlərdə istibdad hökumətinin yürütdüyü siyasət əskiliyi müdafiə etmək, mövcud “ənənati” bütün “müqəddəsliyi” ilə saxlamaq və bununla da Azərbaycan türklərinin tərəqqiyə doğru olan hər dürlü təşəbbüslərini nəticəsiz buraxmaq idi. Bu səbəbdən dolayı idi ki, hökumət gənclərin ata-baba çürük etiqadlarına qarşı olan etirazlarına, onların məhkum sinif leyhinə fəaliyyət göstərmələrinə tamamilə zidd bulunurdu.

Əsrlərdən bəri cahil mühit içərisində hər tərəfə rişə ataraq qüvvətli bir zəmində bulunan çürük adətlərə qarşı ilk üsyanı qaldırmaq və cəhalət moizələrinə hücuma başlamaq böyük cürət tələb edirdi.

Ata-babalara olan hörmət, onların nüfuzuna tabeiyyət mövcud ikən bu üsyanı yalnız quru bir cürət ilə yapmaq qabil deyildi. Bunun üçün məharət, bacarıq, gələcəyi görmək kimi böylə mühitlərdə mübarizə aparan şəxslərə lazım olan xassə bulun malı idi; çünki düşmənin qüvvətli bir dövründə, bir və yaxud iki mübariz kişi aradan qaldırmaq bir o qədər də zor iş deyildi. Bu iki sima bu nöqtələri olduqca iyi qavramış və bütün xətti-hərəkətlərinə doğru bir istiqamət verə bilmişlərdir. Cəhalət qələsinə məharətlə yanaşdıqları və cəsarət göstərdikləri üçün bir çox təşəbbüslərinin nəticələrini öz dövrlərində görməyə müvəffəq olmuşdular. Bir çox təşəbbüsləri sırasında imtiyazlı siniflərin əsasını sarsıtmaq və fikir cərəyanına bir yenilik, bir həyat vermək olmuşdur. Bu onların istədiklərinin əsasını təşkil edirdi.

* * *

Bu küçücük əsərdə Mirzə Fətəlidən bəhs olunmayacaqdır, zira onun haqqında çox yazılmışdır. Mirzə Fətəli Həsən bəyin müasiri olduğu və eyni vəzifəyi də üzərinə aldığı qiymət mahiyyətcə də bir olduğu üçün müqayisə olunsun deyə, burada ondan bir qadar bəhs etdik; Həsən bəyə dair qəzetlərdə, məcmuələrdə bir neçə məqalə və tərcümeyi-əhval yazılmışdır. Fəqət bunların verdiyi məlumat ilə iktila etmək olmaz. Bunların az olması ilə bərabər bir çox tarixi nöqsan və xətaları da vardır; bu boşluğu doldurmaq məqsədi ilə “Əkinçi” qəzetəsinin əlliillik yubilesindən istifadə edərək bu küçük kitabçeyi yazmağı öhdəmizə aldıq. Vəqtin azlığı təbiidir ki, geniş miqyasda yazmaq imkanını verməyəcəkdir.

* * *

Həsən bəy Məlikzadə (Məlikov), yaxud başqa cür təbirlə Həsən bəy Məlik Zərdabi 1837-ci ildə noyabrın 12-sində anadan olmuşdur. Onun ata yurdu Göyçay qəzasının Zərdab kəndidir. Bu kənd Kür çayının kənarındadır. Atası Səlim bəy, babası Rəhim bəy məzkur kəndin mülkədarı idilər. Bunlar şairləri pək çox sevdiklərindən evlərində daima şairlər qonaq bulunarmış.

Balaca Həsən bəy şairlər, ədəbiyyat və sair vaqeələr xüsusunda atası Səlim bəydən məlumat alardı. Həsən bəyin bu kimi şeylərdəki marağı onun Qafqaziyada olmuş bir çox vaqeələrin tarixini öyrənməsinə səbəb olmuşdur. Bunların hamısını atasından öyrənirdi. Səlim bəy oğluna keçmişi öyrətdikcə onun tərbiyəsinə təsir edir. Ona keçmişdən ibrət ala biləcək bir çox materialları verə bilirdi. Yuxarıda Həsən bəyin cəhalətə qarşı mahiranə bir surətlə və böyük bir cəsarətlə mübarizə apardığını qeyd etdik; böylə bir cəsarətə babası Rəhim bəy də malik bulunurdu.

Səlim bəy ona İran şahzadəsi Xosrov Mirzə ilə olmuş bir əhvalatı anlatmışdır. Xosrov Mirzə Qarabağ yolları ilə keçib İrandan Leninqrada (Peterburqa – red.) çar hüzuruna gedirkən bəylər və xanlar tərəfindən Şirvan hüdudunda qarşılanmışdı. Bunların sırasında Rəhim bəy də bulunurmuş. Rəhim bəyin yanındakı bir bəyə bir söz anlatdığını görmüş şahzadə, onun yanına gələrək nə danışdığını sorar. Rəhim bəy cəsarətlə qorxmadan qonşusunun qulağına söylədiklərini şahzadəyə təkrar edər:

“Xosrov Mirzə qadın kimi bəzənməyi tərk edərək at belində İran kəndlərini gəzib rəiyyətinin ehtiyaclarını öyrənərsə, şübhəsiz, gələcəkdə ədalətli bir şah olur. İndiki halda Xosrov Mirzə qadındır. Onun bu yaşayışından İran əhlinə heç bir nicat yolu yoxdur” – demişdi. Təbiidir ki, bu sözlər şahzadəyi məmnun etmişdi. Ancaq Rəhim bəyin cürəti onu heyrətə salmışdı.

Bu kimi keçmişə aid sözləri eşidən Həsən bəy doğru danışmaq, qorxmamaq kimi xassələri çocuqluğundan özündə yaratmağa müqtədir olmuşdu. Digər tərəfdən başqalarından eşitdiyi keçmişə aid böylə əhvallar Həsən bəydə vətənə qarşı olmazın bir məhəbbət oyadır və onda vətənin keçmişini öyrənməyə bitməz və tükənməz bir maraq doğururdu.

Həsən bəy Azərbaycanın tarixi ilə maraqlanmağa başlayır.

Keçmiş xanların rəqabəti, Nadirin və Ağa Məhəmməd şahın Muğana gəlməsi, onların Azərbaycan xanları ilə müharibələri və başqa bu kimi tarixi vaqeələr Həsən bəyin zehnini çocuqluqdan bəri məşğul edirdi.

Həsən bəy bu surətlə Azərbaycana aid bir çox məlumat əldə etmiş və bunların nəticəsində Azərbaycanın təbiətcə zəngin olması onun tənəzzülünə bais olduğunu da təyin edə bilmişdi. Zira Şərq və Qərb cahangirləri bu ölkəyi özlərinə mal etmək məqsədilə on dəfələrlə ayaqları altında çeynəmiş və təsərrüfatını dağıtmış və əhalisini talan etmişdirlər.

Həsən bəy 7-8 yaşında məktəbə getməyə başlamış, Quran, “Gülüstan”, “Şahnamə” kimi yabançı dillərdə olan bir çox əsərlər görmüş, bunların arasında türkcəyə təsadüf etməməsi onu şaşırmışdır. Məscidə getdikdə moizələrdən bir şey anlayamadığı üçün onu tərk edərək bu xüsusda atasına şikayət etmişdir. Oğlunun şikayətini eşidən ata da mollaya bu surətlə müraciət etmiş və demiş: “Heç fərqi yoxdur, Həsən bəy çocuqluqda məscidə getsə, böyüklükdə getməyəcəkdir. Çünki sizin moizələrinizi anlamaq olmayır. Anlaşılsa da bunlar həyati deyildir, vəqtilə sizin məscidləriniz boş qalacaqdır. Buna görə də nə çocuğa və nə də özünüzə əziyyət verməyiniz”.

1852-ci ildə Səlim bəy oğlunu Şamaxı şəhər məktəbinə (şkolasına) verir. Bu vəqtdə Həsən bəyin 15 yaşı var imiş. Əski üsul məktəbində fars dilini öyrənmiş və Quran oxumağı bacaran Həsən bəy yeni üsul məktəbinə girincə öz istedadını göstərməyə başlamışdı. Rus dili onun üçün yabançı bir dil olduğuna baxmayaraq, rus arkadaşlarından geridə qalmayaraq o qədər müvəffəqiyyət qazanır ki, o vəqtin Qafqaz ölkəsi maarif müdiri baron Nikolay onu Tiflisə aparır. Orada Həsən bəyi hökumət xərcinə olaraq gimnaziyanın 5-ci sinfinə qəbul edirlər.

1861-ci ildə Həsən bəy müvəffəqiyyətlə Tiflis gimnaziyasını qurtararaq yenə hökumət xərcinə Moskva Darülfünununa göndərilir. Həsən bəy təbiyyat, riyaziyyat fakültəsinə gedərək rus tələbələri arasında birincilik qazanır. Professorları arasında çalışqanlığı sayəsində böyük nüfuz qazanır.

Böylə ki, Darülfünunu qurtardığı vəqt professorluğa namizədliyini qazanmış olur.

Həsən bəy tələbəliyini rus cəmiyyətinin fəal qismi arasında keçirmişdi. Bunlarla bulunduğu müddətdə rus ədəbiyyatının gedişinə aşina olmur. Gizlin çalışan siyasi dərnəklərin (krujokların) tələb və proqramlarına aşina olurdu. Tanıdıqları arasında şair Pleşşevlə (Aleksey Nikolayeviç Pleşşeyev (1829-1893) nəzərdə tutulur – T.A.) yaxından dost olmuşdu. Bu şair fransız sosialistlərinin fəaliyyətini tədqiq edən dərnək başçılarından biri idi. Bu adam sonralar həbs edilərək əvvəlcə öldürülməklə və sonra Sibiryaya sürgün edilməklə məhkum edilmiş iyirmi dörd nəfərdən birisi olmuşdur. Bundan başqa Həsən bəy rusların məşhur tarixçisi Sulikov (bu familiya səhvdir. Söhbət Moskva Dövlət Universitetinin rektoru olmuş (1871-1877) məşhur rus tarixçisi Sergey Mixayloviç Solovyovdan gedir – T.A.) ilə də dost olmuşdur. Həsən bəy onun evində pək sevgili və möhtərəm qonaq hesab edilirdi. Həsən bəy də Şərq millətləri həqqində ona məlumat verərdi. Həsən bəyin məlumatını məzkur müvərrix pək qiymətli sanardı. Bu evdə Sulikovun (Solovyov) qızı ilə görüşərək ona məhəbbət yetirir. Qızı alaraq Qafqaziyaya gəlmək istədiyi vəqt, bu düşüncəsindən daşınaraq ilk məhəbbətindən vaz keçir. Qızı almadan Qafqaziyaya gəlir. Buna da eldən ayrılmaq qorxusu səbəb olmuşdur.

Həsən bəy Moskvadan gəldikdən sonra Tiflisdə “mejavoy palata” daxil olur. Burası, guya ki, kəndlilərin topraqlarını bölmək, müqəddəratı təyin etmək və aralarındakı mübahisələri həll etməklə mütif bulunurmuş. Həsən bəy kəndlilərin həyatı olan bu işlərində, onlara yardım etməyi çox arzu edərdi, zira topraq üstündə olan mübahisə, vuruşmaları, mülkədarların əlaqəsini və çar hökumətinin fitnə və fəsadlarını Həsən bəy çocuqluqdan bilirdi.

Kəndlilərin sulu, əkinə yarar topraqlarını bir tərəfdən mülkədar, digər tərəfdən çar hökuməti zəbt edərdi. Onun bu barədə qopardığı fəryadlarını kimsə dinləməyirdi. Bir çox etdiyi şikayətlərə əhəmiyyət verən olmayırdı.

Həsən bəy Borçalı qəzasında çalışarkən təsadüf etdiyi bəylərə, kəndlilərə əziyyət etməmələri və bu zülmdən əl çəkmələri həqqində çox nəsihətlər etmişdir. Borçalının ən məşhur bəylərindən olan Yadigarova Həsən bəy yetmiş il bundan əvvəl bu sözləri demişdir: “Bir zaman gələcək ki, hər bir hüquqdan məhrum etdiyiniz bu kəndlilər sizdən iraq olmaq istəyəcəklər, artıq əsirlikdə qalmayacaqlardır”.

“Mejavoy palat”ın verdiyi təəmmümlərinə çox vəqt əməl etməyərək öz fikrini yazıb bildirərdi. Bu, rəisinin və çinovniklərin hiddətinə səbəb olurdu. Yenə də bir dəfə Həsən bəy kəndlilərin yerini tutmaq (zəbt etmək) üçün əmr alır. Bu əmrə əməl etməyərək qulluqdan çıxır (digər rəvayətə görə, vəzifəsindən kənar edilir).

O zamanlar kəndlinin dərdini dinləyəcək heç bir idarə yox idi. Bu xüsusda polis idarəsi daha da iləri getmiş, kəndlinin ən qəddar düşməni kəsilmişdi. O zamanın təbirincə, kəndlilər “divanxana” qapısında ömürlərini çürüdürdülər. Dərdlərini bildirmək üçün türkcə ərizələr yazmayırdılar. Rusca da bilməyirdilər. Çinovniklər də məhəlli əhalinin dilini öyrənməyə tənəzzül etməyirdi. Bu iş üçün şəhərə çağırılmış kəndli aylarla ac-susuz qubernatorun (valinin) qapısında vəqt keçirirdi. Bu halları görən Həsən bəy yenə də qulluğa girir və bunu yenə bir çarə bilirdi.