banner banner banner
Hekayələr
Hekayələr
Оценить:
 Рейтинг: 0

Hekayələr


Lakin səhər, gün doğanda, gecəki əzablarını çox tez unutdu. Onun Moskvadan müvəqqəti olaraq getməli olmasını qəti qərara alanda Katyanın necə ağladığını xatırladı, iyunun əvvəllərində onun da Krıma gələcəyi fikrindən Katyanın necə sevinclə yapışdığını, səfərə hazırlaşarkən Katyanın ona necə şəfqətlə kömək etməsini, onu vağzalda necə yola salmasını xatırladı… Mitya Katyanın fotoşəklini çıxartdı, qızın balaca, yaraşıqlı başına bir xeyli tamaşa edə-edə onun səmimi, safqəlbli baxışının təmizliyinə, aydınlığına heyran oldu… Sonra Katyaya, sevgilərinə dərin inam ifadə edən xüsusilə uzun və xüsusilə səmimi məktub yazdı, yenə də yaşadığı hər anda və sevindiyi hər şeydə daim Katyanın sevən və işıqlı surətini duyurdu, bu surət fasiləsiz olaraq onun gözləri qarşısında canlanırdı.

Doqquz il bundan əvvəl atası öləndə necə həyəcan keçirdiyi Mityanın yadında idi. Bu da baharda baş vermişdi. Bu ölümdən bir gün sonra Mitya çəkinə-çəkinə, heyrət və dəhşətlə zaldan keçəndə atasının meyitini görmüşdü; atasını masa üzərinə uzatmışdılar; solğun iri əlləri hündürə qalxmış sinəsi üzərində çarpazlanmışdı; saqqalı qaralırdı, burnu ağappaq idi, ona zadəgan mundiri geyindirmişdilər; Mitya artırmaya çıxdı, qapının yanına qoyulmuş böyük tabut qapağına baxdı, qapağa qızılı zərxaradan üz çəkilmişdi, – birdən hiss etdi ki, dünyada ölüm vardır! Bu ölüm hər şeydə mövcud idi: gün işığında, həyətdəki bahar otlarında, səmada, bağda… O, bağa, işıqdan ala-bula rəngə boyanmış cökə xiyabanına, sonra daha gur gün işığı düşən yandakı xiyabanlara girdi, ağaclara və ilk ağ rəngli kəpənəklərə tamaşa etdi, şirin-şirin cəh-cəh vuran ilk quşların səsini dinlədi – heç nəyi də tanıya bilmirdi: hər şeydə ölüm əlaməti, zaldakı dəhşətli masa və artırmada zərxaralı uzun qapaq mövcud idi! Günəş əvvəlki kimi deyildi, nəsə ayrı cür işıq saçırdı, otun yaşıl rəngi əvvəlki kimi deyildi, hələ ancaq yuxarısı qızan bahar otlarına kəpənəklər əvvəlki kimi qonub dayanmırdılar, – heç nə əvvəlki kimi, bir gün əvvəl olduğu kimi deyildi, sanki dünyanın axırı yaxınlaşdığı üçün hər şey dəyişmişdi, baharın gözəlliyi, onun əbədi gəncliyi puç olmuşdu, acınacaqlı vəziyyət almış, qəmlənmişdi! Həm də bu, uzun çəkdi, sonra dəhşətli, mənfur, şirintəhər qoxu… yuyulmuş və bir çox dəfə havası dəyişdirilmiş evdə hələ uzun müddət, bütün bahar fəsli ərzində hiss olundu…

Mitya indi də elə bu cür, – lakin tamam başqa bir şəkildə – vəsvəsə duyurdu: bu bahar, onun ilk məhəbbət baharı da bütün əvvəlki baharlara nisbətən tamam ayrı cür idi. Dünya yenə dəyişmişdi, yenə sanki nəyləsə, kənar bir şey dolmuşdu, lakin bu, ədavətli, dəhşətli şey deyildi, əksinə, baharın sevinci və gəncliyi ilə gözəl surətdə qovuşan varlıq, gerçəklik idi. Bu kənar şey Katya idi, daha doğrusu, Mityanın ondan istədiyi, tələb etdiyi dünyada ən gözəl şey idi. İndi, bahar günləri ötüb-keçdikcə Mitya ondan getdikcə daha çox, daha artıq tələb edirdi. İndi, Katyanın mövcud olmadığı, yalnız onun surəti, əsl olan deyil, yalnız arzu edilən surəti mövcud ikən, o sanki özündən tələb edilən həmin təmiz və gözəl xüsusiyyəti heç bir şeylə pozmurdu, həm də Mitya nəyə baxırdısa, hamısında onun varlığını gündən-günə daha canlı, daha qabarıq hiss edirdi.

XI

Mitya buna evdə qaldığı elə ilk həftədən sevinə-sevinə inanmışdı. Onda hələ, bir növ, baharın ərəfəsi idi. O, əlində kitab qonaq otağının açıq pəncərəsi yanında oturmuşdu, kiçik bağçadakı ağ şamların və şamağaclarının gövdələri arasında biçənəklərdəki çirkli kiçik çaya, çaydan o tərəfdə yamaclardakı kəndə tamaşa edirdi: qonşuluqdakı mülkədar bağının qocaman çılpaq tozağaclarının arasında zağcalar qışqırırdılar, onlar hələ səhərdən-axşama qədər, yorulmadan, nəşəli qayğı və zəhmətdən yorğun düşmüş halda qışqırırdılar; bu zağcalar ancaq ilk bahar çağında belə bağırırdılar; yamaclardakı kəndin görkəmi hələ boz idi, adam görünmürdü; orada hələ təkcə söyüd çubuqlarını sarımtıl yarpaqlar bürümüşdü… Mitya bağa gedirdi: bağ da hələ alçaq, çılpaq idi, təkcə başdan-başa firuzə rəngli xırda çiçəklərlə bəzənmiş talalar yaşıllıq içində idi, bir də xiyabanlar boyunca akatnik yarpaqlamışdı; bağın aşağı, cənub hissəsindəki dərədə bir albalı bağı azca çiçəklənmişdi… Mitya tarlaya çıxırdı: tarla hələ boş, bomboz idi, zəmi hələ cadar-cadar idi, qurumuş tarla yolları hələ kələ-kötür və bənövşəyi idi… Həm də bütün bunlar gəncliyə mənsub çılpaqlıq idi, intizar dövrü idi, bütün bunlar Katya idi. Ona ancaq elə gəlirdi ki, guya günəmuzd işləyən gah bu, gah da digər bir iş görən qızlar, nökər otağındakı işçilər, mütaliə, gəzintilər, kəndə, tanış mujiklərin yanına getməsi, anası ilə söhbətləri, kovxa ilə (istefada olan ucaboylu, kobud soldatla) minik arabasında tarlaya yollanmalar onu yayındırır…

Sonra yenə bir həftə keçdi. Bir dəfə gecə şıdırğı yağış yağırdı, sonra da qızmar günəş nəsə dərhal yeri isitdi, bahar özünün həlimlik və solğunluğunu itirdi, ətrafdakı göz qabağındakı hər şey gündən-günə deyil, saatdan-saata dəyişməyə başladı. Zəmiləri şumlamağa, qara məxmərə çevirməyə başladılar, tarla mərzləri yaşıllaşdı, həyətdəki göy otlar təravətləndi, səma tünd və parlaq göy rəngə boyandı, bağ çox cəld təravətli görkəmindən hətta yumşaq olan yaşıllığa bürünməyə başladı; boz yasəmən salxımları bənövşəyi rəng alıb ətir saçmağa başladı; onun tünd-yaşıl rəngli parlaq yarpaqlarında və cığırlardakı hərarətli işıq ləkələrində bir çox göyümtül metal parıltısı rənginə çalan iri qara milçəklər əmələ gəlmişdi. Alma, armud ağaclarında çılpaq budaqlar hələ görünürdü; bu ağaclarda xırda, bozumtul və xüsusilə yumşaq yarpaqlar hələ indi-indi açılmağa başlayırdı; lakin öz əyri budaqlarının şəbəkələrini başqa ağacların altında hər yerə uzatmış olan bu alma və armud ağaclarının hamısı artıq süd kimi ağ çiçəklə bəzənmişdi; həm də bu rəng getdikcə daha da artır, daha da qatılaşır və daha xoş ətir saçırdı. Mitya bu gözəl günlərdə ətrafında baş verən bütün bahar dəyişikliklərini sevinc və diqqətlə müşahidə edirdi. Lakin onların arasında Katya nəinki geri çəkilmir, nəinki itmirdi, əksinə, bunların hamısında iştirak edirdi, hamısında özünü, öz gözəlliyini, baharın çiçəklənməsi ilə birlikdə, getdikcə daha gözəl, zəngin ağ rəngə boyanan və getdikcə daha tünd mavilik kəsb edən səma ilə birlikdə çiçəklənən gözəlliyini bəxş edirdi.

XII

Beləliklə də, Mitya bir dəfə çay içmək üçün ikindiçağının günəş işığına qərq olan zala daxil olanda samovarın yanında qəflətən, bütün səhərçağı əbəs yerə gözlədiyi məktubu gördü. Cəld masaya yanaşdı, – axı Katya onun göndərdiyi məktublardan, heç olmasa, birinə çoxdan cavab verməli idi, – üzərində tanış xətlə ad və ünvan yazılmış qəşəng kiçik zərfə nəzər salanda sanki zərfin parlaq və müdhiş işığı onun gözlərini qamaşdırdı. Zərfi qapıb evdən bayıra çıxdı, sonra bağa, böyük xiyabana ayaq aldı. Bağın lap o başına, dərənin bağdan keçdiyi yerə getdi, ayaq saxladı, dönüb dala baxaraq cəld zərfi cırdı. Məktub qısa, bir neçə sətirdən ibarət idi, lakin qəlbi elə çırpınırdı ki, nəhayət, başa düşmək üçün Mitya bu sətirləri beş dəfə oxumalı oldu. “Mənim sevgilim, mənim yeganəm!” – sözlərini dönə-dönə oxudu, – bu nidalardan yer onun ayaqları altında titrəyirdi. Mitya gözlərini qaldırdı: səma bağın üzərində təntənə və sevinclə parıldayırdı, onun ətrafında qar kimi ağappaq bağ işıq saçırdı, ikindiçağının sərinliyini artıq duymuş olan bülbül nəşə ilə, vəcdə gələrək aydın və güclü səslə uzaqdakı kolların təravətli yaşıllığında cəh-cəh vururdu, – Mityanın pörtmüş sifəti ağardı, tükləri ürpəşdi.

O, evə yavaş-yavaş gedirdi, – onun sevgi kasası aşıb-daşırdı. Sonrakı günlər də sakitcə, səadət hissi ilə yeni məktubu gözləyə-gözləyə bu duyğunu qəlbində elə o cür ehtiyatla gəzdirirdi.

XIII

Bağ müxtəlif qiyafəyə düşürdü.

Bağın bütün cənub hissəsi üzərində ucalan, hər yerdən görünən nəhəng qocaman ağcaqayın daha da böyümüş və qol-budaq atmışdı, – təravətli, sıx yaşıl yarpaqlarla örtülmüşdü.

Mityanın öz pəncərələrindən daim tamaşa etdiyi böyük xiyaban da hündür və görkəmli olmuşdu: onun qocaman cökələrinin zirvələri hələlik seyrək də olsa, tər yarpaqlarla naxış-naxış bəzənmişdi, baş qaldıraraq bağın üzərində açıq-yaşıl cərgə ilə uzanmışdı.

Ağcaqayından aşağıda, xiyabanın alt tərəfində isə nəsə başdan-başa ağ rəngli, xoşətirli qıvrım bitki sahəsi idi.

Həm də bütün bunlar – ağcaqayının qalın yarpaqlarla örtülmüş nəhəng zirvəsi, xiyabanın açıq-yaşıl cərgəsi, duvaq kimi ağ alma, armud ağacları, meşəgilası, günəş, səmanın göylüyü və bağın aşağı tərəfində, dərədə, yandakı xiyabanlar və cığırlar boyunca, evin cənub divarlarının dibində – nə göyərirdisə, – yasəmən kolları, akasiyalar və qarağat kolları, pıtırğan, gicitkən, cır ərik, – bunların hamısı öz qalınlığı, təravəti və təmizliyi ilə insanı valeh edirdi.

Təmiz və yaşıllığa qərq olmuş həyət hər tərəfdən uzanan bitkilərdən elə bil darısqallaşmışdı, ev sanki kiçilmiş və gözəlləşmişdi. O sanki qonaqlar gözləyirdi: bütün otaqların – ağ zalın, köhnə dəbli göy qonaq otağının, kiçik istirahət otağının – bu otaq da göy idi – divarlarından oval miniatürlər asılmışdı, gün işığı düşən kitabxananın, qabaq bucağında köhnə müqəddəs surətlər olan və divarlar boyunca alçaq kitab dolabları düzülmüş böyük və boş künc otağın pəncərə və qapıları bütün gün açıq idi. Hər yerdə də evə yaxınlaşan, müxtəlif yaşıl, gah açıqrəngli, gah da budaqlarının arasını parlaq mavilik bürüyən tutqun, təravətli ağaclar otaqlara boylanırdı.

Lakin məktub gəlmirdi. Katyanın məktub yazmağa həvəsi olmadığını Mitya bilirdi, onu da bilirdi ki, yazı masası arxasında əyləşməyə hazırlaşmaq, qələm, kağız, zərf tapmaq, marka almaq Katya üçün çox çətin idi… Lakin bu ağıllı fikirlər yenə pis kömək edirdi. Onun ikinci məktubu gözlədiyi bir neçə gün ərzindəki xoşbəxt, hətta qürurlu inamı yox olmuşdu, o, getdikcə daha çox, daha artıq əzab çəkir və təşvişə düşürdü. Axı birincitək kağızdan sonra dərhal nəsə daha gözəl və sevindirici bir şey gəlməli idi. Lakin Katya susmuşdu.

Mitya daha kəndə seyrək gedir, tarlaya az-az yollanırdı. Kitabxanada əyləşir, on illər ərzində saralan və dolablarda quruyan məcmuələri vərəqləyirdi. Jurnallarda qədim şairlərin bir çox gözəl şeirləri, ecazkar sətirlər var idi, onlar, demək olar, həmişə eyni şeydən bəhs edirdi – dünya yaranandan bəri bütün şeir və nəğmələrin dolğun məzmununun nədən ibarət olduğundan, indi onun özünün də ruhunun nə ilə yaşadığından və hər halda, nəyi daim özünə, öz sevgisinə, Katyaya aid edə bildiyindən bəhs edirdi. Beləliklə də, açıq dolabın yanındakı kresloda saatlarla hərəkətsiz oturub özünə əzab verə-verə bu sətirləri dönə-dönə oxuyurdu:

Adamlar yatır, dostum, gedək kölgəli bağa,
Hamı yatır, ulduzlar başlayıb göz qoymağa…

Bütün bu məftunedici sözlər, bütün bu çağırışlar sanki onun özününkü idi, indi onlar elə bil ancaq bir adama, onun Mityanın daim hər şeydə və hər yerdə gördüyü cananına edilən müraciət idi, həm də bəzən az qala müdhiş səslənirdi:

Ayna suların üstüylə
Qu quşları qanad çalır.
Çay da ürək kimi çırpır:
– Gəl çıx! Ulduzlar parlaşır,
Yarpaqlar da pıçıldaşır,
Mavi göy üzünü tapır.

Mitya gözlərini yumaraq dəhşətə gəlib bu çağırışı – öz təntənəsinin fərəhli həllini səbirsizliklə gözləyən sevgi qüvvəsi ilə dolu qəlbinin çağırışını dalbadal bir neçə dəfə təkrar edirdi. Sonra xeyli vaxt qarşısına baxır, evi əhatə edən dərin kənd sükutunu dinləyir və qəmli-qəmli başını bulayırdı Yox, Katya cavab vermirdi, o haradasa orada, yad və uzaq Moskva mühitində dinməzcə şəfəq saçırdı! Yenə qəlbi zərif duyğudan məhrum olurdu. Bu müdhiş, məşum ovsunlayıcı çağırış yenə artırdı:

– Gəl çıx! Ulduzlar parlaşır,
Yarpaqlar da pıçıldaşır,
Mavi göy üzünü tapır.

XIV

Bir dəfə, nahar edib mürgüləyəndən sonra, – günorta nahar edirdilər, – Mitya evdən çıxaraq aram-aram bağa getdi. Bağda tez-tez qızlar işləyirdilər, alma ağaclarının dibini belləyirdilər, onlar bu gün də işləyirdilər. Mitya qızların yanında əyləşib onlarla gap eləmək istəyirdi, – bu artıq vərdiş şəkli alırdı.

İsti, sakit bir gün idi. Mitya iki tərəfi açıq xiyabanın kölgə tərəfi ilə gedir, öz ətrafındakı qar kimi ağ, bəzəkli budaqları uzaqdan görürdü. Armud ağaclarının rəngi daha qəliz, daha tünd idi, ona görə də bu ağlıqla səmanın parlaq maviliyinin qatışığı bənövşəyi çalar əmələ gətirirdi. Armud ağacları da, alma ağacları da çiçəklənir və çiçəkləri tökülürdü, onların altında qazılıb çevrilmiş torpağa bütünlüklə solmuş çiçək yarpaqları səpələnmişdi. İsti havada onların xoş zərif qoxusu ilə birlikdə, qızıb buğlanan peyinin qoxusu duyulurdu. Bəzən kiçik bir bulud peyda olurdu, göy səma maviləşirdi, isti hava da, çürüntü qoxuları da daha zərif və xoş təsir bağışlayırdı. Bu bahar cənnətinin bütün ətirli istisinə qar kimi ağ çiçəklərə qonan bal arıları ilə eşşəkarılarının vızıltısı qarışmışdı, havaya qəribə bir uğultu yayılırdı. Həm fərəhlənən, həm də darıxan gah bu, gah da başqa bir bülbül hərdənbir ara vermədən səslənirdi.

Uzaqda, xırmana açılan darvazanın yanında xiyaban qurtarırdı. Sol tərəfdə, lap uzaqda bağ bəndinin küncündə küknarlıq qaralırdı. Küknarlığın yanındakı alma ağaclarının arasında iki qız görünürdü. Mitya həmişəki kimi, xiyabanın ortasına çatanda onlara tərəf döndü, – əyildi, zərifliklə üzünə toxunan və həm bal, həm də sanki limon qoxusu verən alçaq qol-budaqların arası ilə getdi. Həmişə olduğu kimi, qızlardan biri – arıq, kürən Sonka onu görəndə şaqqanaq çəkib qışqırdı.

Yalandan özünü qorxmuş göstərərək ucadan:

− Vay, ağa gəlir! − dedi, oturub dincəldiyi yoğun armud budağından yerə atılıb belə sarı cumdu.

O biri qız, Qlaşka, əksinə, özünü elə göstərirdi ki, guya Mityanı heç görmür, özü də tələsmədən, içinə ağ çiçək yarpaqları dolmuş, qara keçədən yumşaq çarıq geydiyi ayağını belə möhkəm qoyub səylə torpağa basdı, çıxardığı torpaq parçasını çevirə-çevirə gur və xoş səslə oxumağa başladı: “Sən, ey bağ, ey mənim bağım, bəs kimin üçün çiçəklənirsən sən?!” Bu, boylu-buxunlu, mərd və həmişə ciddi bir qız idi.

Mitya yanaşıb Sonkanın yerində – armud budağının üstündə əyləşdi. Sonka ona coşqun nəzərlə baxıb süni tərzdə gülərüzlə soruşdu:

− Elə indicə oyanıbsınız? Ehtiyatlı olun, yatıb yuxuya qalarsınız, işi bada verərsiniz!

Mitya onun xoşuna gəlirdi, ona görə Sonka bunu hər vasitə ilə gizlətməyə çalışırdı, lakin bacarmırdı, onun yanında özünü itirirdi, ağlına nə gəldi deyirdi, amma həmişə də nəyəsə işarə edirdi, dumanlı şəkildə başa düşürdü ki, Mityanın daim dalğın halda gəlib-getməsi səbəbsiz deyil. Şübhələnirdi ki, Mitya Paraşa ilə yaşayır, yaxud da, hər halda, buna nail olmağa çalışır. Sonka qısqanır və Mitya ilə gah mehribanlıqla, gah da sərt danışırdı, öz hislərini anlatmağa səy edərək ona gah süzgün-süzgün, gah da laqeyd və ədavətlə baxırdı. Bütün bunlar Mityaya qəribə bir zövq verirdi. Məktub gəlmirdi ki, gəlmirdi, o, indi yaşamır, ancaq gündən-günə daim intizarla güzəran keçirirdi, bu intizar, öz sevgisinin sirrini və əzablarını bir adamla bölüşdürüb dərdləşməyin, Katya haqqında, Krıma bəslədiyi ümidləri haqqında danışmaq imkanının olmaması onu getdikcə daha çox usandırırdı; ona görə də onun hansı sevgisi barədə isə Sonkanın işarələri ürəyinə yatırdı: axı bu söhbətlər, hər halda, onun qəlbini iztiraba düçar edən ən əziz duyğuya, hislərə toxunurdu. Sonkanın ona vurulması da Mityanı həyəcanlandırırdı, deməli ki, qismən ona yaxın idi, qızı onun qəlbinin sevgi macərasının gizli iştirakçısı edirdi, hətta bəzən qəribə bir ümid verirdi ki, Sonkanın simasında ya öz hislərinin sirdaşını tapa bilər, yaxud da Sonka müəyyən dərəcə Katyanı əvəz edə bilər.

İndi Sonka özü də şübhələnmədən yenə onun sirrinə toxunmuşdu: “Ehtiyatlı olun, yatıb yuxuya qalarsınız, işi bada verərsiniz!” Mitya ətrafa nəzər saldı. Onun qarşısındakı küknarlıq başdan-başa tünd-yaşıl rəngdə idi, gün işığında az qala qara görünürdü, səma da onun zirvələrində xüsusilə gözəl lacivərd rəngə boyanmışdı. Cökə, ağcaqayın ağaclarının, qarağacın tər yarpaqları hər tərəfə yayılan gün işığına qərq olmuşdu; bu yaşıllıq bütün bağda ürəkaçan, qəşəng bir talvar əmələ gətirmişdi; otlara, cığırlara, talalara əlvan kölgəliklər və parlaq ləkələr yaymışdı; bu talvar altında ağaran isti və ətirli rəng elə bil çini idi; günəşin onu da yarıb keçdiyi yerdə parlayır, işıq saçırdı. Mitya qeyri-iradi gülümsəyib Sonkadan soruşdu:

− Mən hansı işi bada verə bilərəm? Bədbəxtlik də elə orasındadır ki, mənim heç bir işim yoxdur.

Ona şən və qaba cavab verən Sonka qışqıra-qışqıra:

− Heç olmasa, danışmayın, and içməyin, onsuz da inanaram! − dedi. Mityanın sevgi əhvalatı olmamasına Sonkanın yenə inanmaması ona ləzzət verirdi; qız birdən yenə bağıraraq sarı rəngli qaşqa dananı yanından qovmağa çalışdı; dana küknarlıqdan astaca çıxıb daldan Sonkaya yanaşmış və onun çit donunun büzməsini çeynəməyə başlamışdı.

− Ay səni zəhrimara qalasan! Bu da Allahın bizə göndərdiyi oğul!

Nə demək lazım olduğunu bilməyən, amma söhbəti davam etdirmək istəyən Mitya dedi:

− Doğrudurmu ki, sənə elçi göndəriblərmiş? Deyirlər, oğlan gözəldir, varlıdır, amma sən istəməyibsən, atanın sözünə baxmırsan…

Bu sözdən bir az xoşlanan Sonka cəsarətlə cavab verdi:

− Varlıdır, amma sarsaqdır, başı tez dumanlanır. Bəlkə, mənim ayrı gözaltım var…

İşinə ara verməyən ciddi və dinməz Qlaşka başını buladı, yavaşdan dedi:

− Yamanca çərənləyirsən, ay qız, dağdan-dərədən dəm vurursan! Sən burada ağlına gələn yalanı danışırsan, amma kəndə söz yayılır.

Sonka qışqırdı:

− Kəs səsini, qaqqıldama! − dedi. − Bəlkə, mən qarğa deyiləm, darğayam!