banner banner banner
Hekayələr
Hekayələr
Оценить:
 Рейтинг: 0

Hekayələr


Mitya soruşdu:

− Bəs sənin başqa gözaltın, fikrindən keçən kimdir?

Sonka dedi:

− Gözləyin ki, gözaltımı sizə deyəcəyəm! Odur ey, sizin çoban babanıza vurulmuşam. Onu görəndə bütün bədənim od tutub yanır! − O, yəqin, iyirmiyaşlı Paraşaya işarə edərək – Paraşanı kənddə artıq qarımış qız hesab edirdilər – öcəşkənliklə dedi: − Mən daim qoca atları sizinkindən pis sürmürəm. − Sonra da beli qəflətən atıb sanki ağazadəyə gizlincə vurulduğu üçün müəyyən dərəcə ixtiyarı olduğuna görə cəsarətlə yerdə oturdu. Köhnə, qısaboğaz qaba çəkmələr və ala yun corablar geydiyi ayaqlarını uzadaraq azca aralayıb əllərini aciz halda yanına saldı.

Sonka gülə-gülə qışqırdı:

− Of, heç nə eləməmişəm, amma yorulmuşam! Çəkmələrim yırtıqdır, − deyib çox uca səslə oxumağa başladı:

Çəkmələrim yamaqlı,
Corablarım yağlıdı.

Sonra yenə gülərək qışqırdı:

− Gedək mənimlə daxmaya dincələk, mən hər şeyə razıyam!

Bu gülüş Mityaya sirayət etdi. O çəkinə-çəkinə gülümsəyərək budaqdan yerə atıldı, Sonkaya yanaşaraq uzanıb başını onun dizləri üstünə qoydu. Sonka onun başını itələdi, Mitya yenə qoydu; o, son günlər xeyli oxuduğu şeirləri yenə xatırladı:

Qızılgül, sevgi gülü
Geyib qızıl donunu,
Səhər şehinə batıb,
Dürlü sevgi aləmi,
Sirli sevgi aləmi
Qarşımda ocaq çatıb.

Mityanın başını qaldırıb kənara çəkmək istəyən Sonka artıq səmimi olaraq qorxub qışqırdı:

− Mənə toxunmayın! Yoxsa elə qışqıraram ki, meşənin bütün canavarları ulamağa başlayar! Məndə sizin üçün heç nə yoxdur, alışdısa da, söndü.

Mitya gözlərini yumub dinmirdi. Yarpaqların, budaqların və armud ağacı çiçəklərinin arasından keçən günəş şüaları onun sifətində qızğın ləkələr əmələ gətirir, üzünü qıcıqlandırırdı. Sonka onun qara cod saçlarını mehribanlıqla və acıqlı-acıqlı pırtlaşdırıb: “Lap at saçıdır!” – deyə qışqıraraq papağı ilə Mityanın gözlərini örtdü. Mitya peysərinin altında Sonkanın qıçlarını hiss edirdi, – dünyada ən dəhşətli olan qadın qıçlarını! – Peysəri ilə onun qarnına toxunurdu, qızın çit yubkası ilə donunun qoxusunu duyurdu, bütün bunlar çiçəklənən bağla və Katya ilə qarışırdı; uzaqlarda və yaxında bülbüllərin cəh-cəhi, saysız-hesabsız arıların ara vermədən mürgülü xoş vızıltısı, ürəkaçan isti hava və hətta kürəyinin altında torpağı sadəcə olaraq duymaq ona əzab verir, nəsə fövqəlbəşəri bir səadət arzusu yaratmaqla qəlbini sızıldadırdı. Birdən küknarlıqda nəsə xışıldadı, kim isə şaqraq və kinli-kinli qəhqəhə çəkdi, sonra da boğuq səs eşidildi: “Ku-ku! Ku-ku”; – həm də bu elə dəhşətli, elə qabarıq, elə yaxında və o qədər aydın idi ki, nə olur-olsun, bu fövqəlbəşəri səadətin təxirsiz olaraq Katya tərəfindən təmin edilməsi arzu və tələbi Mityanın bütün varlığına elə hakim kəsildi ki, o, coşqunluqla dik qalxıb iri addımlarla uzaqlaşdı, onun bu hərəkəti Sonkanı heyrətə saldı.

Küknarlıqda onun lap başı üzərində qəflətən bu dərəcədə dəhşətli aydınlıqla eşidilən və sanki bütün bu bahar aləminin sinəsini yarmış olan bu boğuq səsin sədaları altında coşqun səadət arzulayarkən birdən dərk etdi ki, məktub gəlməyəcək və gələ də bilməz, yəqin, Moskvada nəsə baş verib, yaxud da indilərdə baş verəcəkdir, o məhv olmuşdur, işi bitmişdir!

XV

Evdə Mitya zaldakı aynanın qabağında bir dəqiqə dayandı. “Qız haqlıdır, − deyə düşündü, − mənim gözlərim Bizans gözü olmasa da, amma hər halda, çılğın gözlərdir. Bəs bu arıqlıq, qaba və irisümüklü yöndəmsizlik, kömür kimi qaşlarımın kədərlə çatılması, qara saçlarımın codluğu, doğrudan da, Sonka deyən kimi, az qala at tüküdür?”

Lakin arxasında yeyin-yeyin addımlayan yalın ayaq tappıltısı eşitdi. Utanaraq dönüb geri baxdı.

Eyvana əlində qaynar samovar aparan Paraşa onun yanından iti addımlarla keçəndə mehribancasına zarafatla dedi:

− Elə hey aynaya baxırsınız, yəqin, vurulubsunuz.

Paraşa samovarı cəld hərəkətlə qaldırıb çay içmək üçün yığışdırılmış masanın üstünə qoyaraq:

− Sizi ananız axtarırdı, − deyə əlavə etdi, sonra da dönüb cəld və iti nəzərlə Mityaya baxdı.

Mitya “hamı bilir, hamı şübhələnir!” − deyə düşünərək özünü zorlayıb soruşdu:

− Bəs anam haradadır?

− Öz otağındadır.

Evin yanından ötərək artıq səmanın qərb tərəfinə keçən günəş öz iynəyarpaqlı budaqları ilə eyvana kölgə salan şamağacları ilə ağ şamların diblərinə parlaq işıq saçırdı. Onların altındakı gərməşov kolları da lap yaysayağı şüşə kimi parıldayırdı. Masanın üstünə salınmış ağappaq süfrəyə zəif kölgə, bəzi yerlərinə isə hərarətli işıq ləkələri düşmüşdü. Zənbilə qoyulmuş ağ çörəyin, içində mürəbbə olan tilli vazanın və fincanların üzərində arılar vızıldaşırdı. Bütün bu mənzərə gözəl kənd yayını nümayiş etdirir və necə də xoşbəxt, qayğısız yaşamaq mümkün olduğunu göstərirdi. Onun vəziyyətini, əlbəttə ki, başqalarından az başa düşməyən anasını qabaqlamaq və qəlbində qətiyyən heç bir ağır sirr olmadığını göstərmək üçün Mitya zaldan dəhlizə getdi; onun öz otağının, anasının otağının və Anya ilə Kostyanın yayda yaşadıqları iki başqa otağın qapıları dəhlizə açılırdı. Dəhliz qaranlıq idi, Olqa Petrovnanın otağı göyümtül idi. Bütün otağa evdə mövcud olan qədim mebel – şifonerlər, komodlar, böyük çarpayı ilə ikona üçün şüşəli dolab ağzına qədər sıx və səliqə ilə doldurulmuşdu. Olqa Petrovna heç vaxt bir o qədər dindarlıq göstərməsə də, ikona dolabının qarşısında, adətən, şamdan yanırdı. Açıq pəncərələrin qabağında, baş xiyabanın girəcəyi qarşısında baxımsız qalmış çiçəkliyə kölgə düşürdü, kölgəlikdən o tərəfdə nura qərq olmuş bağ təmtəraqla yaşıl və ağ rəngə boyanırdı. Cüssəli və arıq, qara və ciddi qadın olan qırxyaşlı Olqa Petrovna çoxdan öyrəncəli olduğu bütün bu mənzərəyə fikir vermədən pəncərənin yanındakı kresloda əyləşmişdi; çeşmək taxdığı gözlərini aşağı dikib toxumasına baxır, milləri iti işlədirdi.

Mitya otağa girib qapının ağzında dayanaraq dedi:

− Sən məni soruşmuşdun, ana?

Olqa Petrovna işini dayandırmadan, nəsə xüsusi bir sakitliklə cavab verdi:

− Əşi, yox, mən eləcə səni görmək istəyirdim. Axı mən indi səni nahar vaxtından başqa, demək olar, heç vaxt görmürəm.

Martın doqquzunda Katyanın dediyi sözlər Mityanın yadına düşdü. Onda Katya demişdi ki, nədənsə onun anasından qorxur; Katyanın sözlərində, şübhəsiz, mövcud olan mübhəm füsunkar mənanı xatırladı… Mitya çəkinə-çəkinə burnunun altında dedi:

− Bəlkə, sən mənə bir şey demək istəyirdin?

Olqa Petrovna dedi:

− Heç nə, təkcə onu demək istəyirdim ki, mənə belə gəlir, son günlər sən nəsə qüssələnməyə başlayıbsan. Bəlkə, bir yerə səfər edəydin… Məsələn, Meşşerskilərgilə… Evləri ərgən qızlarla doludur, − Olqa Petrovna gülümsəyərək əlavə etdi, − bir də, ümumiyyətlə, mənə qalırsa, çox mehriban və səmimi ailədir.

Mitya çətinliklə cavab verərək:

− Bu günlərdə birtəhər fürsət tapıb məmnuniyyətlə gedərəm. Lakin gedək çay içməyə, ora, eyvan çox yaxşıdır… Elə oradaca söhbət edərik, − dedi, lakin Mitya çox gözəl bilirdi ki, fərasətli, dərrakəli, təbiətən olduqca təmkinli anası bu səmərəsiz söhbətə bir daha qayıtmayacaqdır.

Eyvanda onlar, demək olar, gün batanadək oturdular. Anası çaydan sonra toxumanı davam etdirərək qonşular haqqında, təsərrüfat haqqında, Anya ilə Kostya barədə danışırdı, – avqust ayında Anyanın yenə təkrar imtahanı olmalıdır! Mitya qulaq asır, bəzən cavab verirdisə də, lakin Moskvadan yola düşməmişdən qabaq daim nə hiss edirdisə, indi də nəsə ona bənzər bir şey hiss edirdi, – elə bil ki o, yenə hansı ağır xəstəlikdənsə məst olmuşdu.

Axşam isə Mitya iki saat ara vermədən evdə dala-qabağa var-gəl edir, zaldan, qonaq otağından, istirahət otağından və kitabxanadan keçib onun bağa tərəf açıq olan cənub pəncərəsinə qədər addımlayırdı. Şamağaclarının və ağ şamların budaqları arasından zalın və qonaq otağının pəncərələrinə qürubun mülayim qırmızı şəfəqi yayılırdı, nökər otağının yanında şam yeməyə toplaşan işçilərin səsləri və gülüşləri eşidilirdi. Otaqların arasına, kitabxananın pəncərələrinə üzərində hərəkətsiz çəhrayı ulduz dayanan axşam səmasının mülayim sönük maviliyi çökürdü; ağcaqayının yaşıl zirvəsi ilə bağda çiçəklənən nə var idisə hamısının qar kimi ağ rəngi bu mavilikdə gözəl bir mənzərə yaradırdı. O isə addımladıqca addımlayır, var-gəl edir, evdə onun bu hərəkətini nə cür izah edəcəkləri barədə qətiyyən fikirləşmirdi də. Dişlərini elə qıcamışdı ki, zərbindən başı ağrıyırdı.

XVI

Bu gündən etibarən Mitya başlamaqda olan yay fəslinin onun ətrafında yaratdığı dəyişiklikləri daha müşahidə etmirdi. Bunları, həmin dəyişiklikləri o görür, hətta hiss edirdi, lakin onlar Mityanın nəzərində öz müstəqil əhəmiyyətini itirmişdi. Mitya onlardan ancaq ləzzət alırdı. Lakin iztirab çəkə-çəkə nə qədər yaxınlaşırdısa, ona bir o qədər artıq əzab verirdi. Katya artıq həqiqi bir xəyala çevrilmişdi; Katya artıq hər şeydə, hər məsələdə mənasız dərəcədə təcəssüm etməyə başlamışdı. Katyanın onun üçün, Mitya üçün artıq mövcud olmadığını, onun artıq kiminsə, başqa yad bir adamın hakimiyyəti altında olmasını, özünü və bütünlüklə ona, Mityaya mənsub edilməli olan məhəbbətini kiməsə, başqa bir adama verdiyini hər bir yeni gün daha şiddətlə, daha dəhşətlə sübut etdiyi üçün dünyada hər şey ona lüzumsuz, iztirablı görünürdü.

Gecələr o, demək olar, yatmırdı. Bu aylı gecələrin gözəlliyi misilsiz idi. Süd kimi ağaran bağ dərin sükuta qərq olmuşdu. Nəğmələrin şirinlik və zərifliyinə, onların saflığına, dəqiqliyinə, ahəngdarlığına görə bir-biri ilə yarışan gecə bülbülləri nəşədən halsızlaşaraq ehtiyatla oxuyurdular. Sakit, zərif, tamam solğun ay isə bağın üzərində alçaqda dayanmışdı, həm də mavimtraq buludların xəfif, misilsiz füsunkar titrəyişi onu daim müşayiət edirdi. Mityanın yatdığı otaqda pəncərələrə pərdə salınmamışdı, bağ da, ay da bütün gecə pəncərələrdən görünürdü. Hər dəfə gözünü açaraq aya tamaşa edəndə elə o saat, divanə kimi, fikrən: “Katya!” – deyə səslənirdi. Həm də bu adı elə vəcdlə, elə bir iztirabla çəkirdi ki, özü də dəhşətli heyrətə gəlirdi. Doğrudan da, ay ona Katyanı nəylə xatırlada bilərdi, amma ki xatırlatdı, nəyləsə xatırlatdı, hər şeydən təəccüblüsü isə bu idi ki, nəsə əyani surətdə xatırlatmışdı! Bəzən isə o, sadəcə, heç nə görmürdü: Katyanı arzulaması, Moskvada aralarında baş verən əhvalat onun varlığına elə qüvvətlə hakim kəsilirdi ki, bütün bədəni qızdırmalı kimi tir-tir əsir, özü də Allaha yalvarırdı ki, – heyhat, həmişə də əbəs yerə! – Katyanı özü ilə yanaşı, bax bu yataqda, heç olmasa, yuxuda görsün. Bir dəfə qışda Mitya Katya ilə birlikdə Sobinovla Şalyapinin iştirak etdikləri “Faust”a tamaşa etmək üçün Böyük Teatra getmişdi. Həmin axşam hər şey ayaqlarının altında açılmışdı: adam çox olduğu üçün artıq bürkülü və ətir saçan işıqlı dərin uçurum da, geyinib-kecinmiş, bəzək-düzəkli adamlarla dolu olan lojaların qırmızı məxmərli, zərli mərtəbələri də, bu uçurum üzərindəki nəhəng çilçırağın mirvari kimi parıltısı da, uzaqda, aşağıda, kapelmeysterin yellənən qolları altında süzülən uvertüranın gah dəhşətlə gurlayan, gah da son dərəcə zərif və kədərli sədaları da: “biri var idi, biri yox idi, Fulada rəhmdil bir kral var idi…” – nə üçünsə ona valehedici görünürdü. Bu tamaşadan sonra Mitya aylı gecənin bərk şaxtasında Katyanı Kislovkaya ötürərək Katyagildə xüsusilə çox qaldı, öpüşlərdən xüsusilə yorulmuş, məst olmuşdu. Katyanın gecələr hörüyünə bağladığı ipək lentini özü ilə apardı. İndi, həmin iztirablı may gecələrində Mitya elə bir vəziyyətə düşmüşdü ki, öz yazı masasının siyirməsində saxladığı bu lent haqqında da sarsılmadan düşünə bilmirdi.

Gündüz isə yatırdı, sonra da atlanıb dəmiryol stansiyası ilə poçt olan kəndə yollanırdı. Havalar xoş keçirdi. Yağışlar yağır, tufanlar baş verir və leysan olurdusa da, sonra yenə də bağlarda, zəmilərdə və meşələrdə öz təcili işini fasiləsiz surətdə icra edən qızmar günəş parlayırdı. Bağda ağacların çiçəkləri soluxub tökülürdüsə də, yaşıllıq olduqca sıxlaşır və qalınlaşırdı. Meşələri artıq saysız-hesabsız çiçəklər, hündür ot bürüyürdü; meşənin yaşıl don geymiş dərinliklərində bülbüllərlə ququ quşları ara vermədən oxuyurdu. Tarlalar daha çılpaq deyildi – onları taxılların müxtəlif zəngin cücərtiləri örtmüşdü. Mitya bütün gün vaxtını bu meşələrdə və tarlalarda keçirirdi.

Hər səhər eyvanda, yaxud da həyətin ortasında bikar dayanıb kovxanın, ya da işçinin poçtdan qayıtmasını əbəs yerə gözləməkdən həddən artıq xəcalət çəkməyə başlamışdı. Bir də ki kovxanın və işçinin boş şey üçün səkkiz verst yol getməyə həmişə vaxtı olmurdu. Ona görə də poçta özü getməyə başlamışdı. Lakin o özü də daim evə Orlovda nəşr edilən bir qəzet nömrəsi, yaxud da Anyadan, Kostyadan gələn məktubla qayıdırdı. Onun iztirabları artıq son həddə çatmağa başlamışdı. Yollandığı tarlalarda meşələrin gözəlliyi, səadət bəxş edən mənzərəsi onu elə sarsıdırdı ki, sinəsinin harasındasa hətta cismani ağrı duymağa başlamışdı.

Bir dəfə ikindiçağı, poçtdan qayıdanda qonşunun köhnə parkdakı boş malikanəsindən keçirdi; park onu əhatə edən tozağacı meşəsi ilə birləşirdi. Mujiklər bu malikanənin əsas xiyabanına bayram prospekti deyirdilər. Mitya həmin xiyabanla gedirdi. Xiyaban iki cərgə nəhəng qara küknarlardan əmələ gəlmişdi. Başdan-başa qalın, sarı, sürüşkən iynəyarpaqla örtülmüş olan çox gözəl, qaranlıq enli xiyaban onun koridorunun lap qurtaracağındakı köhnə evə qədər uzanırdı. Sol tərəfdə parkın və meşənin arxasına enən günəşin qırmızı, quru və sakit şüaları bu koridorun alt tərəfinə gövdələrin arasından çəpəki işıq saçır, onun qızılaçalan iynəyarpaq döşənəyinə parlaq ziya səpələyirdi. Həm də ətrafda valehedici dərin sükut hökm sürürdü, – parkın bir başından o biri başınadək yalnız bülbüllər cəh-cəh vururdu, – hər tərəfdən evi dövrələyən küknar və jasmin kollarının qoxusu yayılmışdı, həm də Mitya bütün bunlarda kiminsə elə böyük, çoxdankı yad səadətini hiss etdi, qəflətən, çox böyük, köhnəlmiş eyvanda, jasmin kollarının arasında Katyanı öz gənc arvadı surətində elə dəhşətli, aydın şəkildə təsəvvürünə gətirdi ki, bütün sifətinin kağız kimi ağarmasını özü də duyaraq qətiyyətlə, bütün xiyabanı ağzına alan uca səslə dedi:

− Bir həftədən sonra məktub gəlməsə, özümü güllə ilə vuracağam!

XVII

Ertəsi gün yuxudan çox gec oyandı. Nahardan sonra eyvanda oturmuşdu, dizlərinin üstündə kitab var idi, səhifələrə baxa-baxa, aciz halda fikirləşirdi: “Poçta yollanım, yoxsa yox?”