banner banner banner
Mirvari
Mirvari
Оценить:
 Рейтинг: 0

Mirvari

– Bəli, ağa, – qulluqçu dedi.

– Onun pulu var? – həkim xəbər aldı. – Hardan olacaq! Onların heç birinin pulu yoxdur. Bircə bu dünyada mən nəyə görəsə müftə işləməliyəm. Lap bezmişəm. Get, öyrən gör onun pulu varmı.

Qulluqçu qayıdıb doqqazı açdı, yarıqdan cavab gözləyən izdihama baxdı. Bu dəfə qədim dildə danışdı:

– Sənin müalicə üçün verməyə pulun var?

Kino əlini adyalın altında cibinə salıb dördqat bükülmüş kağız çıxartdı. Qatları bir-bir açmağa başladı, açdı, açdı, axır ki, orada səkkiz xırda yastı mirvari göründü. Heç bir dəyəri olmayan bu mirvarilər kiçik yaralar kimi biçimsiz və boz rəngdə idi. Qulluqçu onları kağızla birlikdə alıb yenə doqqazı bağladı, amma bu dəfə Kino çox gözləməli olmadı. Qapı kağızın yarıqdan keçə biləcəyi qədər açıldı.

– Həkim getdi, – qulluqçu dedi. – Onu ağır xəstə üstünə apardılar. – Sonra cəld doqqazı bağladı, çünki xəcalət çəkirdi.

Bu xəcalət hissi izdihamı da bürüdü. Hamı dağılışmağa başladı. Dilənçilər kilsənin səkisinə qayıtdılar, avaralar yenə veyillənməyə yollandılar, qonşular isə uzaqlaşdılar ki, hamının gözü qabağında rüsvay edilən Kino onların yanında utanmasın.

Kino uzun müddət Xuana ilə birlikdə həkimin evinə məxsus hasarın yanında dayandı. Xahiş əlaməti olaraq çıxardığı şlyapasını yavaş-yavaş başına qoydu. Birdən qolaylanıb doqqaza zərbə endirdi. Təəccüblə çapılmış oynaqlarına və barmaqlarının arasından axan qana baxdı.

II fəsil

Geniş çay mənsəbində yerləşən şəhərin köhnə, sarı evləri düz Körfəzin sahilinə qədər gedib çıxırdı. Sahildə isə sudan çıxarılmış ağ və mavi Nayarit qayıqları vardı. Onlardan artıq bir neçə nəsil istifadə etmişdi, buna görə də hamısını hazırlanma sirri yalnız mirvari ovçularına məlum olan xüsusi sukeçirməyən tərkiblə qatranlamışdılar. Yanları hündür, qəşəng biçimli, burnu və arxası dəyirmi olan bu qayıqların şpanqoutunda[3 - Şpanqout – gəminin gövdəsinin əsasını təşkil edən köndələn tir] kiçik, üçbucaq yelkənli dor yerləşirdi.

Sarı qum az qala suya çatırdı, orada onu yosunlar və ləpədöyənin xırdaladığı balıqqulağı əvəz edirdi. Qumun üzərində krablar qaynaşır, dayaz yerlərdə, sındırılmış balıqqulağıların arasında isə omarlar[4 - Omar – onayaqlı dəniz xərçəngi] gah atılıb-düşür, gah da öz kiçik yuvalarında gizlənirdilər. Dənizin dibi sürünən, üzən, yuxarı qalxmaq istəyən canlılarla dolu idi. Ləpələr boz yosunları yırğalayır, dənizatlarının yapışdığı yaşıl ilanbalığı otunun uzun yarpaqlarını tərpədirdi. Onun kökləri arasına ləkələrlə örtülmüş zəhərli botete balıqları yığılmışdı, üstündən isə krablar keçib-gedirdi.

Şəhərin ac itləri və donuzları yorulmadan sahildə dolaşır, növbəti çəkilmənin dayaz yerlərə ölü balıq, yaxud dəniz quşu atacağına ümid edirdilər.

Səhər təzə açılmışdı, amma dumanlı ilğım uzaqdan görünməkdə idi. Körfəzin üzərinə bəzi obyektləri böyüdən, bəzilərini isə tamamilə yox edən titrək hava çökmüşdü və belə bir şəraitdə hər şey şəffaf, aldadıcı görünürdü. Dəniz də, yer də həm aydın, həm də dumanlı mənzərə yaradırdı. Bəlkə, elə buna görə də Körfəzin sahilində yaşayan adamlar təxəyyüllərindən daha çox, içlərindən gələn daxili səsə qulaq asırlar, çünki gözlər adamı aldadır, uzaq məsafələri qısaldır, görüntünü qeyri-dəqiq verir. Şəhər kənarındakı manqr meşəliyinin bir tərəfindəki ağac gövdələri teleskop linzasındakı kimi aydın, o biri tərəfindəkilər isə qara-yaşıl ləkələr kimi görünürdü. Körfəzin uzaq sahilləri suya bənzəyən zərif dumana qərq olmuşdu. Gözə dəyən hər bir şey zərrə qədər də inandırıcı deyildi. Gözlərə etibar edib həqiqətənmi nəsə gördüyünü, yaxud qarşında sadəcə boşluq olduğunu demək qeyri-mümkün idi. Körfəzin sahilində yaşayanlar hesab edirdilər ki, hər yerdə belədir və bu onlara qəribə gəlmirdi. Suyun üzərindən mis rəngli zəif duman asılmışdı, günəş işığı üstünə düşdüyü üçün aydın parıltılar verirdi.

Mirvari ovçularının qamış komaları dayaz yerlərin içərilərində, şəhərdən sağ tərəfdə idi, qayıqlar sahilə elə bu daxmaların yaxınlığında çıxarılırdı.

Kino və Xuana yavaş-yavaş sahilə düşüb qayığa – Kinonun bu dünyadakı ən qiymətli xəzinəsinə yaxınlaşdılar. Qayıq çox köhnə idi, Kinonun babası onu Nayaritdən gətirmişdi, sonra ona Kinonun atası yiyələnmiş, ondan da oğluna qalmışdı. Bu qayıq Kinonun həm nailiyyəti, həm də çörək ağacı idi, çünki qayığı olan kişi arvadının qarnını az-çox doyduracağına söz verə bilərdi. Qayıq aclıqdan qurtuluş vasitəsidir. Kino hər il onu sukeçirməz tərkiblə təzələyirdi, bunun hazırlanma üsulunu da atasından öyrənmişdi. İndi də qayığa yanaşdı, əlini həmişəki kimi nəvazişlə onun burnuna toxundurdu. Dalğıc daşını, səbəti və kəndiri qumun üstünə qoydu.

Xuana Koyotitonu adyala qoyub günəşdən qorumaq üçün şalla örtdü. Koyotito daha ağlamırdı, amma şiş çiynindən boynuna, qulağının ardına qalxmışdı, üzü şişmişdi, yanaqları alışıb-yanırdı. Xuana suya girdi. Boz yosunlardan qopartdı, yumrulayıb yastıladı və təpitmə kimi balacanın şişmiş çiyninə qoydu. Bu, həkimin məsləhət biləcəyi dərmandan heç də pis deyildi. Bu dərmanın çatışmayan bir cəhəti vardı, o da həkim nüfuzu idi, çünki o heç bir hiylə-kələk olmadan düzəldilmiş və havayı başa gəlmişdi. Koyotitonun mədəsi sancılanmamışdı. Görünür, Xuana yaradakı zəhəri vaxtında sora bilmiş, lakin onunla bərabər ilk uşağı üçün keçirdiyi həyəcanı ram edə bilməmişdi. Dualarını uşağın tam sağalması üçün etmirdi, dua edirdi ki, Kino yaxşı bir mirvari tapsın və Koyotitonun müalicə haqqını həkimə ödəyə bilsin, çünki Körfəzin qırağında yaşayan adamların düşüncələri də onun üzərinə çökən ilğım kimi mütərəddiddir.

Kino ilə Xuana qayığı qumun üstüylə Körfəzə apardılar, o üzməyə başlayanda Xuana onun içində əyləşdi. Kino isə qayığın yanınca getdi və qayıq bütünlüklə su üzərində qalıb sahilyanı dalğalar üstündə azacıq silkələnənə qədər onu itələdi. Onlar ikitərəfli avarları suya salan kimi qayıq fışıltıyla irəli dartınıb dənizin səthində qırışlar əmələ gətirdi. Başqa mirvari ovçuları çoxdan dənizə çıxmışdılar. Bir neçə dəqiqədən sonra Kino onları mirvari yatağı adlı yerdən qalxan zərif dumanın arasından gördü.

Günəş işığı suyun içindən keçib düz yatağa düşürdü və sındırılmış, açıq balıqqulağılar səpələnən daşlı dibdə naxışlı mirvari molyuskları görünürdü. Bu həmin mirvari yatağı idi ki, keçən əsrlərdə İspaniya kralını Avropada birinci etmiş, müharibə aparmaq üçün ona pul qazandırmış və ruhuna rəhmət oxuyan neçə-neçə kilsələri bəzəmişdi. Üstlərinə kiçik xərçənglər və krablar yapışan, yosunlar dolaşan boz mirvari molyuskları kənarları naxışlı yubkaya bənzəyirdilər. Mirvari molyuskunu hər dəqiqə təhlükə gözləyir, xırda bir qum dənəsi belə mantiya qırışlarına düşüb qıcıq yarada bilər, o zaman bədən qum dənəsindən müdafiə olunmaq üçün onu hamar sədəf maddəsiylə örtəcək. Və yad cismi ya dalğa bayıra atana, ya da molyuskun özü məhv olana qədər örtməkdə davam edəcək. İnsanlar əsrlərboyu suya baş vurub yataqlardan mirvari yığır və onları sədəf maddəsiylə örtülən, qalaqlanmış qum dənələrinin arasında tapırdılar. Bu yerlərin, mirvari ovçularının atdığı balıqqulağıların yaxınlığında sürü-sürü balıqlar dolaşır və parıltılı hamar layların altındakı əti yeyirdilər. Ancaq mirvarinin yaranması təsadüfdür, belə tapıntı nadir xoşbəxtlikdir, allahın, yaxud allahların insana verdiyi bəxtdir.

Kinonun iki kəndiri var idi: biri daşa, biri də səbətə bağlanmışdı. O, köynəyini və şalvarını soyundu, şlyapasını qayığın dibinə qoydu. Su hamar idi, elə bil yağlanmışdı. O, bir əlinə daşı, o birinə səbəti aldı və ayaqlarını irəli uzadıb bortdan suya düşdü. Daş onu dərinə apardı. Başı üzərində hava qabarcıqları yaranıb itdi və suyun dərinlikləri göründü. Yuxarıda, suyun güzgü kimi tərtəmiz səthində üzən qayıqların altını görürdü.

Kino suyu lil, yaxud qumla bulandırmamaq üçün ehtiyatla hərəkət edirdi. Ayağını daşın bağlandığı kəndirə keçirtmişdi, əlləri sürətlə işləyir, laylardan gah bir, gah da bir neçə molyusk qoparıb səbətə doldururdu. Bəzi yerlərdə balıqqulağılar bir-birinə elə bitişmişdi ki, iri parçalar şəklində qopurdu.

Kinonun xalqı öz başına gələn və dünyada baş verən hər şeyə mahnı qoşmuşdu. Balıqlar, qəzəbli və sakit dəniz, işıq və zülmət, ay və günəş haqqında olan bu nəğmələrin hamısı, hətta unudulmuşları belə Kino və xalqının yaddaşında qalmışdı. İndi balıqqulağıları öz səbətinə yığanda da daxilində mahnı səslənirdi və bu mahnının ahəngi onun içinə çəkib saxladığı nəfəsinin verdiyi oksigenlə qidalanan ürəyinin döyüntüləri, sözləri isə gah bir yerə toplaşan, gah da yoxa çıxan balıq sürüləri, bir də boz-yaşıl su və onun xırda canlıları idi. Ancaq bu mahnının dərinliklərində, lap özəyində güclə eşidilən, mehriban, inadkar və əsas melodiyanın arxasında gizlənən başqa bir səs duyulurdu. O, Mirvarinin, həmin an tapıla biləcək Mirvarinin şəninə səslənirdi, çünki mirvarini səbətə atılan hər bir balıqqulağı hədiyyə edə bilərdi. Uğur və uğursuzluq təsadüf məsələsidir, uğur tanrılar insanın tərəfində olanda qazanılır. Kino bilirdi ki, qayıqda oturmuş arvadı Xuana duaların möcüzəsinə inanır, üzü donub-qalmış, əzələləri gərginləşmişdir: uğuru zorla da olsa tanrıların əlindən qoparmağa hazırdır; bu bəxt ona o səbəbdən lazımdır ki, Koyotitonun çiynindəki şiş çəkilsin. Ona görə də uğura ehtiyac və həvəs böyük olduğu üçün tapıla biləcək mirvarinin incə musiqisi bu səhər daha ucadan səslənirdi. Onun bütün notları öz aydınlığı və zərifliyi ilə sualtı aləmin Mahnısına qarışmışdı.

Qürur, gənclik və güc Kinoya su altında iki dəqiqədən artıq maneəsiz qalmağa imkan verir və o tələsmədən ən iri balıqqulağıları seçirdi. Qıcıqlandırılmış molyusklar sıx bükülmüş laylarda yerləşmişdilər. Kinodan azacıq sağda başdan-başa cavan, hələ yararsız mirvarilərlə örtülmüş daş qalağı vardı. Kino bu daşlara tərəf üzdü və orada, kiçik bir çıxıntının altında tənha, çox böyük bir balıqqulağı gördü. Bu qədim mirvari molyuskunun qatları açılmışdı, çünki onu daş çıxıntı qoruyurdu. Dodaqlara bənzəyən dəri qırışlarının arasında nəsə şəffaf parıltı verirdi, lakin mirvarinin qatları yığıldığı üçün parıltı dərhal yoxa çıxdı. Kinonun ürəyi bərk-bərk döyündü, qulaqlarında tapılacaq dəfinənin mahnısı yenə də ucadan səsləndi. O, yavaş hərəkətlə mirvarini yatağından qoparıb sinəsinə sıxdı. Ayaqlarını daşa bağlanmış kəndirdən çıxartdı, bədəni suyun səthinə qalxdı, qara saçları günəş işığında parladı. Əlini borta tərəf uzadıb balıqqulağını qayığın içinə qoydu.

Xuana sağ borta tərəf əyilib onun qayığa çıxa bilməsinə kömək etdi. Kinonun gözləri alışıb-yanırdı, ancaq özünü ləyaqətli aparmağa çalışaraq sudan əvvəlcə daşı, ardınca da balıqqulağı dolu səbəti çıxartdı. Xuana onun həyəcanını hiss edib baxışlarını kənara çəkdi. Bir şeyi həddindən çox arzulamaq heç nəyə yaramır, bəzən uğursuzluğa da gətirib çıxarır. Arzu edirsənsə, gərək inadla istəməyəsən, bu, tanrıya, yaxud tanrılara qarşı ədəbsizlikdir. Xuana nəfəsini içinə çəkdi. Kino tələsmədən öz gödək, iti bıçağını çıxartdı. Səbətə fikirli-fikirli baxdı. Bəlkə, həmin balıqqulağını lap axırda açsın. Səbətdən kiçik bir molyusk çıxartdı, yığılan əzələlərini kəsdi, barmağıyla mantiya qırışlarını yoxladı və molyusku suya tulladı. Elə bu zaman böyük mirvarini sanki birinci dəfə gördü. Dizi üstə çöküb onu əlinə götürdü və hərtərəfli gözdən keçirməyə başladı. Balıqqulağının qırışları işıqda parlayır, qara rəngdən qəhvəyi rəngə çalırdı, üstündə yalnız iki-üç balaca xərçəng var idi. Kino onu açmadı. Gördüyü sədəf qatının adi parıltısı, ya da təxəyyülün təmiz oyunu ola bilərdi. Bu Körfəzin düzgün olmayan işığı reallıqdan çox, illüziya yaradır.

Amma Xuana baxışlarını Kinodan çəkmirdi. Daha gözləyə bilmədi. Əlini Koyotitonun şalla örtülmüş başına qoydu. Güclə eşidiləcək səslə:

– Aç, – dedi.

Kino cəld hərəkətlə bıçağı balıqqulağının layları arasına soxdu. Molyuskun əzələlərinin necə gərildiyini hiss etdi. Bıçağın sapını dəstək kimi aşağı dartdı; hər iki qatı birləşdirən əzələ partladı və yuxarı lay qopub düşdü. Dodağa bənzəyən molyusk büzüşdü və yumşaldı. Kino dəri qırışını qaldırdı – parlaqlıqda ayın özündən belə geri qalmayan mirvari orada idi. O, işığı özündə toplayır, sanki təmizləyir və gümüşü şüalar şəklində geri verirdi. Təxminən dəniz qağayısının yumurtası boyda olardı. Bu, dünyanın ən böyük mirvarisiydi.

Xuananın nəfəsi kəsildi, az qaldı ki, inildəsin. Kinonun qulaqlarında təmiz, gözəl, şirin, zəfərlə dolu Mirvari nəğməsi səslənirdi. Bu böyük mirvarinin içində onun arzuları, xəyalları yatırdı. O, mirvarini ölən molyuskdan aralayıb ovcuna qoydu və ovcunun içində diyirləməyə başladı. Gördü ki, onun forması da mükəmməldir. Xuana gözlərini Kinonun əlindəki mirvaridən çəkmədən ona tərəf gəldi. Bu həmin əl idi ki, həkimin evinə məxsus hasarın doqqazını sındırmışdı və sümüklərinin çapılmış dərisi duzlu dəniz suyundan boz rəngə çalırdı.

Xuana qeyri-şüuri olaraq atasının adyalında yatan Koyotitoya tərəf əyildi. Yosunlardan hazırlanan təpitməni çıxarıb oğlunun çiyninə baxdı. Qulaqbatırıcı səslə:

– Kino! – deyə qışqırdı.

Kino gözlərini mirvaridən çəkib gördü ki, uşağın şişi çəkilir, bədəni zəhərə üstün gəlməyə başlayır. Mirvarini əlində sıxdı və özünü saxlaya bilməyərək başını dala atıb qalibanə səslə uzun-uzadı bağırdı. Gözləri bərəlmiş, boğazına güc vermiş, bədəni qıc olmuşdu.

O biri qayıqlardakı adamlar qorxu içində onlara baxdılar, dərhal da avar çəkə-çəkə bir-birinin ardınca Xuana və Kinonun qayığına tərəf yönəldilər.

III fəsil

Hər şəhər bir canlı orqanizmə bənzəyir. Hər orqanizmin öz əsəb sistemi, başı, çiyinləri, ayaqları var. Şəhərlərin hamısı bir-birindən fərqlənir, iki eyni şəhər yoxdur. Bu şəhərlər hiss-həyəcanla doludur. Hər hansı xəbərin şəhərə yayılması isə həlli çətin olan tapmacadır. Xəbərlər hətta oğlan uşaqlarının qaçıb onları aləmə car çəkməsindən, qadınların hasarlardan bir-birinə ötürməsindən də tez yayılır.

Hələ Kino və Xuana başqa mirvari ovçularıyla qamış daxmalara çatmamış alınan heyrətamiz xəbərdən şəhərin əsəbləri gərilmiş və titrəməyə başlamışdı: Kino dünyanın ən böyük mirvarisini tutub. Uşaqlar güclə nəfəslərini dərib xəbəri çatdırmağa macal tapmamış analar hər şeydən xəbərdar olmuşdular. Heyrətamiz xəbər qamışlı daxmaları ötüb coşqun dalğa kimi daşlı-kərpicli evləri olan şəhərə çatmışdı. Öz bağında gəzməyə çıxan keşiş bunu eşidən kimi fikrə getdi və kilsənin təmirə ehtiyacı olduğu yadına düşdü. Fikirləşdi ki, belə bir mirvarinin dəyəri nə qədər ola bilər və yadına salmağa çalışdı ki, balaca Kinonu xaç suyuna salıbmı, Kino ilə arvadının kəbinini kəsibmi? Xəbər dükan sahiblərinin də qulağına çatanda onlar rəflərdə qalmış kişi paltarlarını gözdən keçirdilər.

Həkim xəbəri eşidəndə xəstəlikdən yox, qocalıqdan əziyyət çəkən bir qadını qəbul etməkdəydi, hərçənd bunu nə onun özü, də həkim etiraf etmək istəyirdi. Kinonun kim olduğu məlum olan kimi həkim ciddi, lakin ağıllı görkəm aldı.

– Bu uşaq mənim xəstəmdir, – dedi. – Mən onu əqrəb sancmasından müalicə edirəm.

Və piylənmiş gözlərini axıdıb Parisi yadına saldı. Parisdə kirayələdiyi otaq ona dəbdəbəli, girdəsifət məşuqəsi gözəl, xeyirxah qız kimi göründü, lakin bu keyfiyyətlərin heç biri o qadında yox idi. Həkim baxışlarını yaşlı xəstəsindən kənara, boşluğa zillədi və özünü Paris restoranında gördü: ofisiant onun üçün araq butulkası açırdı.

Xəbər ən birinci kilsə səkisindəki dilənçilərin qulağına çatmışdı, bunu eşidib məmnuniyyətlə hırıldamışdılar. Çünki bilirdilər ki, gözlənilmədən xoşbəxtliyə qovuşmuş yoxsuldan səxavətli sədəqə verən yoxdur.

Bəli, Kino dünyanın ən böyük mirvarisini tapmışdı. Şəhərin kiçik kontorlarında mirvari alan agentlər oturmuşdu. Hər biri öz kontorunda əyləşib mirvari gətirənləri gözləyirdi, satıcılar gəlib çıxanda isə dil boğaza qoymadan ticarət etməyə, qışqırmağa və hədələməyə başlayırdılar. Bu o vaxtacan davam edirdi ki, mirvari ovçusu bundan aşağı qiymətə razılaşmırdı. Aşağı qiymətin də öz həddi vardı, mirvari alanlar bu həddi keçməyə cürət eləmirdilər, çünki elə hallar da olurdu ki, ümidsizliyə qapılmış insan çıxıb gedir və öz mirvarilərini kilsəyə verirdi. Sövdələşmə baş tutanda isə mirvari alanlar kontorda tək qalır, mirvariləri əsəbi şəkildə barmaqları arasında oynadır, bu qiymətli əşyaların onlara məxsus olmadığına təəssüf edirdilər. Çünki mirvari alan əslində yalnız bir nəfər idi: o, rəqabət görüntüsü yaratmaq üçün öz agentlərini müxtəlif kontorlarda oturtmuşdu. Heyrətamiz xəbər alıcı kontoruna çatan kimi mirvari alıcılarının gözləri axdı, barmaqlarının ucu sızıldadı, hər biri düşündü ki, sahibləri əbədi yaşaya bilməz, əvvəl-axır kimsə onun yerini tutmalıdır. Fikirləşirdilər ki, o, müəyyən qədər kapital əldə edən kimi öz yeni işinə başlayacaq.


Вы ознакомились с фрагментом книги.
Для бесплатного чтения открыта только часть текста.
Приобретайте полный текст книги у нашего партнера:
Полная версия книги
(всего 600 форматов)