banner banner banner
Dahi
Dahi
Оценить:
 Рейтинг: 0

Dahi

Dahi
Teodor Drayzer

Məşhur Amerika yazıçısı T.Drayzerin (1871-1945) "Dahi" (1915) əsəri istedadlı şəxsiyyət, Amerikada keçən əsrin sonunda yaşamış rəssamın taleyi, qəhrəmanın yaradıcılığı və mənəvi axtarışları haqqındadır.

Teodor Drayzer

Dahi

GƏNCLİK

Birinci kitab

BİRİNCİ FƏSİL

Bu hekayədəki əhvalat 1884-1889-cu illər arasında İllinoys ştatının balaca inzibati mərkəzində, o vaxtlar on minə qədər əhalisi olan Aleksandriya şəhərində başlanır. Aleksandriyanı ancaq ona görə şəhər adlandırmaq olardı ki, o, kəndlikdən çıxmışdı. Təsvir edilən dövrdə bu şəhərdə bir konka xətti, “Opera” adını daşıyan teatr (bunun nə üçün belə adlandırıldığı məlum deyildi, çünki burada heç bir zaman opera tamaşaya qoyulmamışdı), buradan keçən dəmir yollarının sayına görə iki vağzal, bir də, necə deyərlər, işgüzar mərkəz var idi ki, əslində bu, baş meydan ətrafında daim camaatla dolu olan dörd səkidən ibarət idi. Şəhərin işgüzar mərkəzində dairə məhkəməsi və dörd qəzet redaksiyası yerləşmişdi. Bunlardan ikisi səhər və ikisi axşam qəzeti idi. Bu qəzetlər müvəffəqiyyətlə oxuyucuların şüuruna çatdırmağa cəhd edirdilər ki, dünyada həm yerli, həm də ümumi dövlət miqyasında bir çox müxtəlif məsələlər var və həyat insanın üzərinə bir çox maraqlı və müxtəlif vəzifələr qoyur.

Şəhər kənarında olan bir neçə göl və gözəl balaca çay – ətraf mənzərənin, demək olar ki, ən çox xoşagələn bu xüsusiyyəti – Aleksandriyaya ucuz kurort xarakteri verirdi. Şəhərdəki binalar yeni deyildi. O zaman Amerika ucqarlarında olduğu kimi, onlar, demək olar ki, tamamilə taxtadan idi, lakin bəzi məhəllələr hətta bəzəkli görünürdü. Burada evlər yaşıl bağçalar içərisində idi və onları əhatə edən yaşıl çəpərlər, hər həyətdə olan gül ləkləri, kərpic döşənmiş yollar onların sahiblərinin bolluq və rahatlıq içərisində yaşadığına dəlalət edirdi. Aleksandriya gənc amerikalıların şəhəri idi. Onun ruhu gənc idi. Hər kəsin qarşısında əsrarəngiz genişlik açılırdı. Burada yaşamaq və həyatdan zövq almaq olardı.

Bu şəhərdə öz vəziyyəti və tərkibi ilə Amerika üçün, xüsusən onun Orta qərb hissəsi üçün səciyyəvi hesab edilə bilən bir ailə yaşayırdı. Bu ailəni yoxsul adlandırmaq olmazdı, – hər halda o özünü yoxsul hesab etmirdi, ancaq varlı da deyildi. Ata tikiş maşınları satışı üzrə agent olan Tomas Ceferson Vitla, vilayətdə ən çox məşhur olan və işə gedən maşın markalarından birini yaymaqla məşğul idi. Qiyməti iyirmi, otuz beş və altmış dollar olan hər bir maşının satışı ona otuz beş faiz komissiya pulu gətirirdi. Maşın az satılırdı, lakin bu, agentin belə əməliyyatdan ildə iki min dollara qədər qazanması üçün kifayət idi. Mister Vitla bu vəsaitə yer sahəsi və ev almağa, bu evi gözəl düzəltməyə və baş meydanda tikiş maşınlarının son modelləri qoyulmuş bir dükan açmağa müvəffəq olmuşdu. O, həmçinin, yeni maşınların satış qiymətindən on dollardan – on beş dollara qədər güzəştlə başqa markalı köhnə maşınları mübadilə edir, təmirlə məşğul olur və bütün bu işlərdən əlavə, əsl amerikalı təşəbbüskarlığı ilə sığorta işlərində də öz qüvvəsini sınayırdı. O bu işə başlayarkən onu nəzərə almışdı ki, oğlu, Yucin Tennison Vitla böyüyər, sığorta işləri kifayət qədər genişlənər, o zaman işinin bu hissəsini oğluna verər. Əlbəttə, onun oğlunun necə biri olacağını demək hələ çətin idi. Lakin ehtiyatda bir şey saxlamaq həmişə yaxşıdır.

Kürənə çalan, sarışın, ortaboylu, sıx qaşları altından mehribanlıqla baxan mavigözlü, qartalburunlu, hiyləgər, xoş təbəssümlü mister Vitla çevik və çalışqan adam idi. İnadcıl yaşlı qadınlara və onların laqeyd yaxud atil ərlərinə yeni tikiş maşını olmadan keçinmək mümkün olmadığı fikrini təlqin etmək zərurəti onda ehtiyatkarlıq və nəzakət, həmçinin müəyyən dərəcədə zirəklik əmələ gətirmişdi. O, insanlara isnişməyi bacarırdı. Arvadı ondakı bu bacarığı həddən artıq hesab edirdi. Hər halda, mister Vitla namuslu, əməksevən, qənaətcil insan idi. Arvadı ilə bərabər o, şəxsi evləri olduğunu və istirahət günləri üçün biraz pul əldə etdiklərini deyə bilmək üçün uzun müddət gözləmişdilər. Bu vaxt gəlib çatdıqda isə Vitla ailəsinin taledən şikayət etməyə əsası yox idi.

Onların yaşıl pəncərə qapaqları olan gözəl ağ evləri uca sıx ağacların kölgəsinə sığınmışdı. Evin qarşısında səliqə ilə ləklərə ayrılmış, səliqəli biçilmiş çəmənlik uzanırdı. Eyvanda yellənən oturacaqlar var idi, bir ağacın altında yelləncək, digərinin altında beşik asılmışdı. Anbarda isə araba və bir neçə furqon yerləşirdi ki, bunlarla Vitla öz mallarını daşıyırdı. O, itləri sevir və iki şotland iti saxlayırdı. Mrs. Vitla bütün canlıları sevirdi: onun yalançı bülbülü, pişiyi, toyuqları var idi. Yüksək dirəyə bərkidilmiş quş yuvasında isə bir neçə qaratoyuq yaşayırdı. Bir sözlə, bu ev gözəl bir guşə idi və Vitla ailəsi haqlı olaraq bununla fəxr edirdi.

Miriem Vitla yaxşı evdar qadın idi. Aleksandriya yaxınlığında Mak-Lin vilayətindəki kiçik Vuster şəhərciyində bir yem dükanı sahibinin qızı olan Miriem, Sprinqfilddən və Çikaqodan kənara çıxmamışdı. O, Sprinqfilddə Linkolnun dəfni münasibətilə hələ ilk gəncliyində, Çikaqoda isə əri ilə birlikdə yarmarkada, yaxud ştatın hər il şəhər kənarında keçirdiyi sərgidə olmuşdu. Missis Vitla cavan qalmışdı, o hələ də gözəl idi. Onun zahiri təmkinliyi altında şairanə bir təbiət gizlənmişdi. Onların yeganə oğullarının Yucin Tennison adlandırılmasını o təkid etmişdi. Bu adı o təkcə öz qardaşı Yucinin şərəfinə deyil, həm də məşhur şairin – ona çox qüvvətli təsir bağışlayan, “Kralın idilliyası”nın müəllifinin şərəfinə qoymuşdu.

Orta Qərb ştatlarından olan bir amerikalı uşağı üçün Yucin Tennison adı Vitla ataya qəribə gəlirdi, lakin o, arvadını sevir və adətən onun arzuları ilə hesablaşırdı. Arvadının qızları üçün seçdiyi Silviya və Mirtl adları ona hətta xoş gəlirdi. Uşaqların hamısı gözəl idi. Qarasaçlı, qaragözlü, çevik, sağlam, həmişə gülümsəyən Silviya iyirmi bir yaşında ikən çiçək kimi açılmışdı. Bədəncə daha incə olan, zərif, solğun, utancaq Mirtl olduqca sevimli idi, anasının dediyi kimi, lap adını daşıdığı çiçəyə oxşayırdı. Mirtl çalışqan, xəyalpərvər, tənhalığa meyl edən bir qız idi. O, şer oxumağı sevirdi. Yuxarı siniflərin bütün dəbli gəncləri bu qızla gəzməklə fəxr edirdilər, lakin onun yanında iki kəlmə söz belə deyə bilməzdilər. O da bu oğlanlarla nə barədə danışacağını bilməzdi.

Mirtldən iki yaş kiçik olan Yucin Vitla ailəsinin sevimlisi idi. Onun düz qara saçları, qara badamı gözləri, düz burnu, gözəl cizgili ancaq iradəsizlik ifadə edən çənəsi vardı. Onun təbəssümü hamının çox xoşuna gəlirdi. Bu zaman düz ağ dişləri görünür və o, sanki bunlarla fəxr edirdi. O, bədəncə çox sağlam deyildi. Dəyişkən əhval-ruhiyyəyə malik idi, istedadlı və incə bir təbiətə malik olduğu tez nəzərə çarpırdı. Həzm pozğunluğu və bir qədər də qan azlığı onu olduğundan zəif göstərirdi. Onda təmkinlik zirehi altında alovlu, ehtiraslı qəlb gizlənir, coşqun arzular qaynayırdı. O, utancaq, eqoist, son dərəcə həssas və hədsiz özünə inamsız idi.

O, evdə boş-boş gəzər, Dikkensin, Tekkereyin, Skottun, Ponun mütaliəsinə dalar və kitabı kitab ardınca oxuyaraq həyat haqqında düşünərdi. Onu böyük şəhərlər cəzb edirdi. O, ecazkar bir şey kimi, səyahətlər haqqında xəyala dalardı. Məktəbdə tənəffüs zamanı Ten və Hibbonu oxuyar, onların təsvir etdiyi kral saraylarının dəbdəbə və gözəlliyinə heyrətlənərdi. Dil, riyaziyyat, biologiya və fizika dərsləri ona darıxdırıcı gəlirdi. Onda hərdənbir o da qısa müddətə, bu dərslərə maraq oyanardı. Bəzən qəflətən bir maraqlı məsələ – buludların quruluşu, suyun və yerin kimyəvi tərkibi onu cəlb edirdi. Lakin hər şeydən çox, məmnuniyyətlə tor yelləncəkdə uzanar və istər yaz, istər yay, yaxud payız olsun, ağacların təpəsindən görünən mavi səmaya baxardı. Səmada süzən və sanki yüksəkdə yeri seyr edərək, uçuşda donub qalmış çalağan uzun müddət onun diqqətini özünə cəlb edərdi. Küləyin pəncəsində üzən adalar kimi topa-topa axan ağappaq buludların gözəl mənzərəsi onun üçün mahnı kimi idi. O, yumordan məhrum deyildi. Onda yumor hissi də, pafos hissi də vardı. Bəzən ona elə gəlirdi ki, rəssamlıqla məşğul olacaq, bəzən də elə gəlirdi ki, şer yazacaqdır. O özündə həm buna, həm də ona meyl duyurdu, əslində isə heç biri ilə məşğul olmurdu. Bəzən o, eskiz çəkirdi, lakin bunların hamısı natamam olurdu: damın bir küncü, burularaq bacadan çıxan tüstü və uçan quşlar, suyun üzərinə əyilmiş bir söyüd, görünən çay döngəsi, buradaca sahilə bağlanmış qayıq, dəyirman bəndi yanında dəstə ilə üzən ördəklər, sahildə dayanmış oğlan, yaxud qız. O vaxtlar onda hələ təbiəti təsvir etmək istedadı yox idi, o yalnız gözəlliyi çox kəskin dərk etmək qabiliyyətinə malik idi. Uçan quşun, açılmış gözəl güllərin, külək altında yırğalanan ağacların cazibədarlığı – hər şey onu valeh edirdi. O, axşamlar doğma şəhərin küçələrində gəzərək, parlaq vitrinlərə tamaşa etməyi, izdihamdan gələn gənclik və ruh yüksəkliyini, sıx ağaclar arasından görünən işıqlı pəncərələrin şahidlik etdiyi ruhu oxşayan rahatlığı duyub, zövq almağı sevirdi.

O, qızlara valeh olurdu, qızlar onu cəlb edirdilər, əlbəttə, ancaq həqiqətən gözəl olanları. Məktəbdə iki-üç qız var idi ki, onları görəndə onun xəyalına kitablarda oxuduğu şairanə təşbehlər gəlirdi: “gözəllik – kamandan buraxılmış oxdur”, “qızıl hörüklər, zərif boy-buxun”, “qəşəng sima, pəri yerişi”. Lakin qızların yanında o özünü itirər və utanardı. Qızlar ona çox gözəl, lakin elə uzaq görünərdilər ki, onun təsəvvürü onlara əslində olduğundan artıq gözəllik verərdi. Gözəllik onun qəlbində yaşayırdı, amma o hələ bunu bilmirdi. Yetişmiş sünbül kimi qızıla çalan qalın saçları sıx hörüklərlə arxasına sallanmış bir qız daim onun fikirlərini məşğul edərdi. O, uzaqdan bu qıza pərəstiş edər, qız isə üzünü çevirən kimi bu ciddi yanan gözlərin ondan ayrılmadığını heç bilmirdi. Bir az sonra onun valideyni başqa şəhərə köçdüyündən o qız getdi və zaman Yucinin yarasını sağaltdı – axı dünyada gözəllik çoxdur. Lakin o qızın saçlarının rəngi, boynunun gözəl cizgiləri həmişəlik onun xəyalında qaldı.

Vitla uşaqlarına ali təhsil vermək fikrində idi, lakin onlardan heç biri elmə həvəs göstərmirdi. Onlar, olsun ki, kitablardan daha müdrik idilər, çünki xəyal və hiss aləmində yaşayırdılar. Silviya analıq arzusunda idi. O, iyirmi bir yaşında ikən “Morninq Eppil” qəzetinin naşiri Bencamin Bercesin oğlu Henri Berceslə evləndi və elə birinci il onların uşağı oldu. Cəbrin və triqonometriyanın hikmətlərinə qapılan Mirtl artıq ərə getmək, yaxud müəllimə olmaq barəsində də düşünürdü, çünki ailənin gəlirinin az olması ondan bir şeylə məşğul olmağı tələb edirdi. Yucin şirin xəyal içərisində yaşayaraq təhsil alsa da əməli bilik qazanmaq üçün qayğı göstərmirdi. O az-maz yazırdı, lakin on altı yaşlı oğlanın bu təşəbbüsləri uşaqlıq idi. O, şəkil çəkirdi, lakin onun çəkdiklərinin bir qiyməti olduğunu ona deyəcək kimsə tapılmırdı. Bir qayda olaraq, bütün məişət məsələlərinin onun üçün əhəmiyyəti yox idi, eyni zamanda bir məsələ onu qorxudurdu ki, həyat insanın qarşısında – onun atası kimi – almaq və satmaq, ticarət kitabları aparmaq, müəssisəni idarə etmək kimi əməli məsələlər qoyur. Bütün bunlar Yucini karıxdırırdı və o, gələcək həyat haqqında çox tez düşünməyə başlamışdı. Atasının onun üçün seçdiyi işə etiraz etməsə də, bu iş onu maraqlandırmırdı. O düşünürdü ki, bu onun üçün bir tikə çörək ardınca mənasız və darıxdırıcı sürüklənmək olacaqdır, sığorta işi də bundan yaxşı deyildir. O yəqin ki, sığorta vərəqəsini təşkil edən intəhasız axmaq paraqraflardan heç bir zaman baş çıxara bilməyəcəkdir. Axşamlar, yaxud şənbə günü dükanda atasına kömək etmək lazım gəldiyi zaman bu, ona cəza kimi gəlirdi. Çünki iş onun ürəyinə yatmırdı.

Yucin on üç yaşına girdiyi zaman mister Vitla anlamağa başladı ki, onun oğlu ticarət işləri üçün doğulmamışdır. Yucinin on beş yaşı tamam olduqda isə buna tamamilə əmin oldu. Uşağın qapıldığı kitablardan, onun məktəbdə aldığı qiymətlərdən ata görürdü ki, Yucini məktəb məşğələləri də maraqlandırmır. Qardaşından iki yaş böyük olan, lakin məktəbdə bəzən eyni müəllimdən dərs alan Mirtl danışırdı ki,Yucin dərslərinə çox az fikir verir, gözünü pəncərədən çəkmir.

Yucinin məhəbbət aləmində təcrübəsi də zəngin deyildi. Onun nəsibinə ancaq bizim ilk gənclikdə duyduğumuz ötəri təəssürat düşürdü; bu zaman biz qızları gizlində öpürük, yaxud onlar bizi gizlincə öpürlər, – Yucinə axırıncısı aid idi. O müəyyən bir qıza bağlanmamışdı. O, on dörd yaşında ikən bir gənc məktəbli qız onu axşam əyləncəsinə yoldaş seçmişdi, “poçt” oyunu zamanı qaranlıq otaqda qız əlləri onun boynuna sarıldığı və qız dodaqları onun dodaqlarına toxunduğu zaman o unudulmaz bir duyğu hiss etmişdi; lakin onlar bir daha görüşməmişdilər. Bu ilk təəssüratı xatırlayarkən Yucin məhəbbət xülyasına düşür, lakin həmişə cəsarətsiz olurdu. O, qızlardan qorxurdu, düzünü desək, qızlar da ondan çəkinirdilər. Onlar Yucini başa düşə bilmirdilər.

Lakin həyatının on yeddinci ilində, payızda, Yucin ona dərin təsir bağışlayan bir qıza rast gəldi. Onun özü yaşda olan Stella Eplton əsl gözəl idi. Sarışınsaçlı, tünd mavi gözlü, incə, düzgün fiquralı bu qız elə şən, elə sadə məlahətə malik idi ki, bu məlahət sahibi özü də adi, müdafiəsiz kişi qəlbi üçün nə qədər təhlükəli olduğunu bilmirdi. O, oğlanlara naz edirdi, lakin bunu oğlanlardan kiminsə onun çox xoşuna gəldiyi üçün deyil, əylənmək üçün edirdi. Bu naz etməklə o, xırda məqsədlər güdmürdü, sadəcə belə hesab edirdi ki, oğlanların hamısı çox sevimlidir, həm də daha təvazökar olanlar özlərini ağıllı təsvir edənlərdən daha artıq onu cəlb edirdi. Yucin öz utancaqlığı ilə qızın xoşuna gəlmişdi.

Yucin onu ilk dəfə son sinifdə olduğu zaman görmüşdü. Stella bir az əvvəl onların şəhərinə gəlmiş və orta məktəbin sonuncudan əvvəlki sinfinə daxil olmuşdu. Onun atası İllinoys ştatının Molin şəhərindən gəlmiş və burada təzəcə açılan intial qayışları fabrikində müdir vəzifəsini almışdı. Qız tezliklə Mirtl ilə dostlaşdı – görünür, Mirtlın yumşaq təbiəti onu cəlb etdiyi kimi, Stellanın da şənliyi Mirtlı cəlb edirdi.

Bir dəfə gündüz rəfiqələr poçtdan evə qayıtdıqları zaman Baş küçə ilə gedərkən, öz yoldaşının yanına gedən Yucinlə qarşılaşdılar. Yucin çox utancaq olduğundan onları uzaqdan görərkən qaçmaq istədi, lakin onu artıq görmüşdülər və Stella maraqla onu başdan-ayağa kimi süzdü. Mirtl qəşəng rəfiqəsini qardaşına təqdim etmək məqsədilə Yucini saxlayaraq:

– Evdən gəlirsən? – deyə soruşdu. Bu zaman Stellanı qardaşı ilə tanış etməyə imkan verirdi, – indi o heç cür qaça bilməzdi.

– Miss Eplton, bu mənim qardaşım Yucindir.

Stella ona şən, təqdiredici gülümsədi və əlini uzatdı. O qızın əlini qorxa qorxa sıxdı.Yucin özünü tamamilə itirmişdi.

O, üzr istəyirmiş kimi:

– Mənim dəhşətli görünüşüm vardır, – deyə mızıldandı. – Mən şarabanı təmir etmək üçün kömək edirdim.

Mirtl:

– Bunun əhəmiyyəti yoxdur, – dedi. – Sən hara gedirsən?

– Harri Morrisgilə.

– Niyə gedirsən?

– Fındıq yığmağa gedəcəyik.

Stella:

– Mən də bu fındıqdan imtina etməzdim, – dedi.

Yucin nəzakətlə:

– Mən sizin üçün gətirərəm, – dedi.

Stella yenə gülümsədi.

– Çox şad olaram.

Stella təklif etmək istəyirdi ki, Yucin onları özü ilə aparsın, lakin cəsarət etmədi.

Yucin dərhal onun füsünkarlığına məftun oldu. Stella əvvəllər də onun üfüqündə zahir olmuş əlçatmaz məxluqlardan birinə oxşayırdı. Stella da yenicə yetişmiş sünbül rəngli saçları olan qızı xatırladırdı, ancaq o qızda bəşərilik, dünyəvilik daha artıq idi. Stella qəşəng idi. Kiçik mərmər heykəl kimi zərif və çəhrayı olan bu qız çox zəif görünürdü, halbuki əslində sağlam və qüvvətli idi. Yucinin nəfəsi tutuldu, qızın qarşısında o nə isə bir qorxu duyurdu. Buna baxmayaraq qızın onun haqqında nə düşündüyünü bilmək istəyirdi.

Mirtl:

– Hə, gedək evə, vaxtdır, – dedi.

– Mən Harri ilə sözləşməsəydim, sizinlə gedərdim.

– Yaxşı, – deyə Mirtl cavab verdi. – Biz incimirik.

Yucin yaxşı təsir buraxmadığını hiss edərək vidalaşdı. Stella sualedici nəzərlərlə onu süzdü. O getdiyi zaman Stella arxasınca baxdı.

O, Mirtla

– O nə qədər sevimlidir, – dedi.

– Bəli, ancaq çox adamsevməzdir.

– Elə niyə?