banner banner banner
Qorxu vadisi
Qorxu vadisi
Оценить:
 Рейтинг: 0

Qorxu vadisi

Malikanədə yaşayan ailə iki nəfərdən – Con Duqlas və onun arvadından ibarətdi. Deyilənlərə görə, Duqlas əlli yaşlarında, boy-buxunlu, qətiyyət yağan sifəti, sərt baxışı, ağ saqqalı olan bir adamdı. Hamıyla mehriban münasibət saxlayırdı, ancaq hərəkətləri belə bir təəssürat yaradırdı ki, sanki keçmişdə nisbətən aşağı təbəqənin insanları ilə oturub-durmağa məcbur olub. Onun kifayət qədər qızılı vardı; deyilənə görə, Kaliforniyadakı yataqlardan əldə etmişdi.

Missis Duqlas qapalı həyat tərzi sürürdü. Məlumdu ki, Duqlasla Londonda, o, dul qalandan sonra tanış olmuşdular. Gözəl, qamətli, əsmər, ərindən iyirmi yaş kiçik bir qadındı. Bu yaş fərqi onların xoşbəxtliyinə kölgə salmırdı. Ər-arvad arasında qarşılıqlı etibar olmadığını yalnız ən yaxın adamlar bilirdilər. Buna da səbəb ərinin keçmişi barədə nələrdənsə missis Duqlasın xəbər tutması olmuşdu. Bundan başqa, əri evə gec qayıdanda missis Duqlas açıq-aşkar həyəcanlanırmış.

Faciə baş verdiyi gün malikanədə bir şəxs də olmuşdu. Sesil Berker evin istəkli qonaqlarındandı. Danışırdılar ki, mister Duqlasın sirli keçmişindən yalnız onun xəbəri var. Berkerin dediyinə görə, onlar Amerikada tanış olublar və birlikdə çətin günlərdən keçiblər. Berker varlı adam təsiri bağışlayırdı. O, yaşca Duqlasdan kiçik idi, qırx beş yaşı olardı, təmiz qırxılmış sifəti, qalın, qara qaşları vardı. Vaxtını Duqlas, ya onun arvadı ilə gəzintilərdə keçirirmiş. Duqlasdan savayı, Berker onun arvadı ilə də çox yaxın münasibət saxlayırmış, bu da Duqlasın xoşuna gəlmirmiş. Xidmətçilərdən isə eşikağası Emsin və missis Duqlasa ev işlərində kömək eləyən gülərüz qulluqçu missis Allenin adlarını çəkmək olar.

Serjant Uilsonun rəhbərlik etdiyi yerli polis məntəqəsi baş vermiş cinayət haqqında məlumat alanda yanvarın altısıydı, gecə saat on ikiyə az qalmışdı. Beker son dərəcə həyəcanlanmış halda mister Duqlasın qətl edildiyini xəbər verib dərhal da malikanəyə qayıtmışdı. Tezliklə cinayət yerinə polis serjantı getmişdi. Serjant asma körpünün endirildiyini, pəncərədən gur işıq gəldiyini görüb. Qorxmuş eşikağası qapının ağzında dayanıbmış. Sesil Berker ona arxasınca gəlməyi xahiş edib.

Sonra doktor Vud özünü yetirib. Hər üç kişi hadisə baş verən otağa daxil olub. Duqlas arxası üstə uzanıbmış. Doktorun gəlişinə ehtiyac olmadığı elə ilk baxışdan aydın olub.

Qətlə yetirilən eybəcər hala salınmışdı. Sinəsində lülələri bir fut kəsilmiş qoşalülə ov tüfəngi var idi. Atəş yaxın məsafədən açıldığından güllə qafa tasını parça-parça etmişdi. Eyni vaxtda atəş açmaq üçün tətiklər məftillə bir-birinə bağlanmışdı.

– Burda heç nəyə toxunulmayıb, – Sesil Berker dedi. – Mən güllə səsini eşidəndə saat on ikinin yarısını vurmuşdu. Hələ paltarımı soyunmamışdım, öz yataq otağımda buxarının qarşısında oturmuşdum. Səs boğuq çıxdı. Dərhal aşağı cumdum. Heç otuz saniyə keçməmiş artıq Duqlasın otağındaydım.

– Qapı açıq idi?

– Bəli. Stolun üstündə şam yanırdı.

– Heç kimi görmədiniz?

– Yox. Missis Duqlasın pilləkəndən endiyini eşidib qarşısını kəsməyə tələsdim. Qulluqçu Allen gəlib onu apardı. Sonra Emslə yenə bura qayıtdım.

– Məgər körpü bütün gecə ərzində qaldırılmış olmur?

– Bu gecə də qaldırılmışdı, onu sonra mən endirtdim.

– Onda qatil necə qaçıb gizlənə bilərdi? Yəqin, mister Duqlas intihar eləyib.

– Mən də əvvəl belə fikirləşdim. Ancaq baxın, – Berker pərdəni çəkdi: pəncərə taybatay açıq idi. – Hələ buna da baxın! – Pəncərə altlığındakı çəkmə izinə oxşayan qanlı ləkəni göstərdi: – Kimsə qaçanda ayağını bura qoyub.

– Fikirləşirsiniz ki, xəndəkdən adlayıb?

– Başqa cür mümkün deyil.

– Əgər siz qətldən yarım dəqiqə sonra otağa gəlmisinizsə, qatil həmin vaxt suda olmalıydı.

– Mən buna əminəm. Təəssüf ki, pəncərəyə tərəf qaçıb pərdələri çəkmək ağlıma gəlmədi. Sonra missis Duqlasın addım səslərini eşitdim; onun içəri girib bu dəhşəti görməsinə imkan verə bilməzdim.

– Bəs körpü qaldırılmışdısa, qatil evə necə girib?

– Bu suala cavab verməkdə acizəm, – Berker dedi.

– Körpü saat neçədə qaldırılıb?

– Təxminən saat altıda, – Ems cavab verdi. – Mister Duqlasın qonaqları vardı. Onlar gedənə qədər körpünü qaldıra bilməzdim.

– Demək, qatil kənardan gəlib körpünü saat altıya qədər keçməliydi, mister Duqlas saat on birdən sonra öz otağına gələnə qədər isə pusquda gözləməliydi… – Birdən serjant meyitin yanındakı kağızı gördü. Kağızda “V.V.”, onun altında isə “341” yazılmışdı. – Bu nə olan şeydir?

– Mən də indi görürəm, – Berker maraqla kağıza baxdı. – Yəqin, qatil əlindən salıb.

– “V.V. 341”? Heç nə başa düşmürəm. – Serjant kağızı əlində fırladı. – Özgə nə tapılıb?

Berker xalçanın üstünə atılmış ağır çəkici göstərdi.

– Mister Duqlas dünən tabloların yerini dəyişirdi.

– Heç nəyə toxunmayın, – serjant əmr etdi. Sonra pərdəni çəkib həyəcanla dedi. – Pərdələr saat neçədə salınıb?

– İşıqlar yandırılanda, – eşikağası dedi, – saat dörddən sonra.

– Kimsə burda gözləyib, – serjant küncdəki çirkli çəkmə izini göstərdi. – Mister Berker, belə çıxır ki, qatil evə pərdələr salınanda, ancaq hələ körpü qaldırılmamış, saat dördlə altı arasında girib. Otaqda gizlənməyə yer olmadığından pərdənin arxasında daldalanıb.

– Biz vaxt itirmirik? – Berker soruşdu. – Qatil gizlənməyə macal tapmamış ətrafı axtarsaq, yaxşı olmazmı?

Serjant bir az fikrə getdi:

– Burdan altıdan tez gedən qatar yoxdur, deməli, qatarla gedə bilməz. Əgər yolla getsə, çirkli çəkməsi diqqət çəkərdi.

Doktor diqqətlə cəsədi gözdən keçirirdi.

– Bu işarə nə deməkdir? – soruşdu. – Bunun cinayətlə bir əlaqəsi ola bilərmi? – Öldürülən adamın xalatdan çıxan sağ qolunda qəribə işarə vardı: dairənin içində üçbucaq. – Bu, döymə deyil. Heyvanlara vurulan damğa kimi bir şeydir.

– Bu işarədən Duqlasın da qolunda var idi, – Berker dilləndi.

– Mən də görmüşəm, – eşikağası onun sözünü təsdiqlədi. – Ağa hər dəfə qolunu çırmalayanda bu qəribə damğa gözümə sataşırdı.

– Deməli, bu işarənin qətllə heç bir əlaqəsi yoxdur, – serjant Uilson dedi. – Daha nə var?

– Qatil onun nişan üzüyünü çıxarıb, – eşikağası öldürülən adamın əlini göstərdi. – Mister Duqlas nişan üzüyünü sol əlinin çeçələ barmağında gəzdirirdi. Bax bu qızıl üzüyü isə onun üstündən taxırdı.

– Onda qatil əvvəl qızıl üzüyü, sonra nişan üzüyünü çıxarıb, sonra da qızıl üzüyü təzədən onun barmağına taxıb?

– Elə görünür, – Berker dedi.

Uilson başını buladı:

– Bu işi Londona nə qədər tez ötürsək, bizim üçün bir o qədər yaxşı olar. Bu qəliz iş bizim qüvvəmiz xaricindədir.

4

Bizi Birlstounda yerli polis zabiti mister Uayt Meyson qarşıladı. Artıq on dəqiqə sonra vəziyyəti müzakirə etmək üçün otelin qonaq otağında yığışmışdıq.

– Əla! – Meysonun ətraflı məlumatına qulaq asandan sonra Holms bərkdən dedi. – Sizi inandırım ki, çoxillik təcrübəmdə hələ bu qədər maraq oyadan hadisəyə rast gəlməmişəm.

– Sizin belə deyəcəyinizi gözləyirdim, mister Holms, – Meyson gülümsədi. – Uilson faktları toplayıb, mənsə onları yoxlayıb öz gəldiyim nəticələrlə tamamlamışam.

– Hansı nəticələrlə? – Holms tezcə maraqlandı.

– Birincisi, mən çəkicdə heç bir izə rast gəlmədim. Əgər mister Duqlas müdafiə olunsaydı, çəkicdə hökmən qan ləkəsi qalardı.