banner banner banner
Bəhlul Danəndə lətifələri
Bəhlul Danəndə lətifələri
Оценить:
 Рейтинг: 0

Bəhlul Danəndə lətifələri

Bəhlul deyir:

– Bəs səndən böyük kim var?

Padşah deyir:

– Heç kim. Bəhlul fürsəti əldən verməyib deyir:

– Deməli, mən səndən böyüyəm.

Padşah deyir:

– Mən nə əmr eləsəm, sözsüz-söhbətsiz hamı onu qəbul eləyir, kimi istəsəm asdıraram, haranı istəsəm darmadağın etdirərəm. Adımı eşidəndə hamı tir-tir əsir.

Bəhlulun oturduğu yerdə çoxlu milçək varmış, ona rahatlıq vermirmiş. Odur ki, deyir:

– İndi ki belə böyük adamsan, əmr elə bu milçəklər məni incitməsinlər.

Padşah pərt olub yoluna davam edir.

HEÇ ÖLÜ DƏ DİRİLƏRMİ?

Xəlifənin məmurlarından biri camaata çox zülm edirmiş. Cana döymüş adamlar bir gün onu tutub öldürürlər. Bu hadisədən qəzəblənən xəlifə həmin adamların yaşadığı kəndin əhalisinə olmazın divan tutur. Sonra onlara qırx gün möhlət verir ki, məmuru diriltsinlər.

Camaat bilmir nə etsin. Axırda Bəhlulun yanına bir neçə adam göndərib ondan kömək istəyirlər.

Bəhlul gələn adamlara deyir:

– Gedin evinizə, mən tədbir görərəm.

Səhər açılan kimi Bəhlul durub xəlifənin yanına gedir. Xəlifə, Bəhlulu görən kimi soruşur:

– Qardaş, çoxdandır mənim yanıma gəlmirsən, xeyir ola, nə xəbər var?

Bəhlul gülə-gülə deyir:

– Qardaş, sənə şad xəbər gətirmişəm. Xəlifə sevincək deyir:

– Bəhlul, nə olub, nə xəbər gətirmisən?

Bəhlul deyir:

– Qardaş, ata-anamız dirilib gəlirlər.

Xəlifənin kefi pozulur, qardaşının yenə də ağıllanmadığına təəssüflənir. Bəhlul isə halını pozmadan deyir:

– Qardaş, kefin niyə pozuldu?

Xəlifə deyir:

– Ay divanə, heç ölən adam da dirilərmi?

Bəhlul deyir:

– Ey Bağdadın "ağıllı" xəlifəsi, bəs onda camaata niyə əmr vermisən ki, sənin ölmüş darğanı diriltsinlər?

GÖR SƏNİ NƏ QƏDƏR DÖYƏCƏKLƏR

Xəlifə bir gün başqa otaqda vəzir ilə söhbət eləyəndə Bəhlul onun taxtına çıxıb yerində oturur. Xəlifənin saray xidmətçiləri başlayırlar onu döyə-döyə taxtdan düşürtməyə. Bəhlul başlayır ağlamağa. Xəlifə gəlib görür ki, Bəhlul ağlayır, soruşur ki, qardaş, niyə ağlayırsan?

Bəhlul deyir:

– Sənin taxtında cəmisi beşcə dəqiqə oturduğum üçün məni belə döydülər. İndi sənin halına ağlayıram ki, neçə illərdir bu taxtda oturursan, vaxtı çatanda gör səni necə döyəcəklər!

MOLLANIN TAMAHI

Molla bir qoca qarıdan on tümən borc alır. Aylar keçir, il ötür, borcu qaytarmır. Qarı nə qədər yalvarır ki, pulumu ver, molla müxtəlif bəhanələr gətirir ki, bəs bilmirəm səndən pul almışam, ya almamışam. Qarının əlacı kəsilir, mollanı da götürüb qazının yanına şikayətə gedir. Yolda Bəhlula rast gəlirlər. Qarı başına gələn əhvalatı ona söyləyir.

Bəhlul üzünü mollaya tutub deyir:

– Molla əmi, görürsən ki, qarının heç kimi yoxdur, yazıq adamdır, on tümən nədir ki, onu vermirsən? Gəl sənə elə bir xəzinə göstərim ki, ömrünün axırına kimi yesən, qurtarmasın.

Molla deyir:

– Haradadır o xəzinə?

Bəhlul əli ilə bir təpəni göstərib deyir:

– O təpəni görürsənmi? Onun dibində bir mağara var, içində də qırx küp qızıl. Gir içəri, nə qədər istəyirsən götür.

Molla qızıl adını eşidən kimi qarının on tümənini verib tez təpəyə tərəf qaçır. Bəhlul da qarğı atını minib "Ah, tamah, ah, tamah!" deyə-deyə gedir.

Molla təngnəfəs gəlib təpənin dörd tərəfini nə qədər axtarırsa, heç nə tapmır. Özünün aldadıldığını bilib kor-peşman evinə qayıdır.

BƏHLULUN YUXUSU

Günlərin birində Bəhlul yolla gedərkən ona bir kişi rast gəlir. Kişi deyir:

– Ay Bəhlul, mənim bir qədər pulum var, özüm də uzaq yerə səfərə gedirəm, pulu da evdə qoymağa ürəyim gəlmir. Səndən məsləhət istəyirəm, pulu kimin yanında qoyum?

Bəhlul deyir:

– Pulu elə adama tapşır ki, nə kor olsun, nə də çolaq.

Kişi Bəhluldan ayrılıb şəhəri gəzə-gəzə gəlib çıxır bir dükana, görür ki, dükanda bir nəfər oturub. Kişi öz-özünə deyir: "Yaxşı oldu, pulu verərəm saxlasın, yaxşı adama oxşayır".

Kişi içəri girib ədəb-ərkanla dükançıya salam verir, dərdini ona söyləyir. Tacir kişini dilə tutub pulları alır. Kişi fikirləşir ki, bu nə kordur, nə də topal, əsl Bəhlul deyəndir, yaxşı oldu ki, pulu buna verdim. Kişi bu fikirlə qapıdan çıxanda piştaxtanın böyründən görür ki, bunun bir qıçı yoxdur, tez qayıdıb pulunu geri istəyir, tacir deyir:

– Kişi, nə pul, nə zad, çıx get burdan.