banner banner banner
Beş həftə hava şarında
Beş həftə hava şarında
Оценить:
 Рейтинг: 0

Beş həftə hava şarında

– Bir dayan, əziz dostum, məgər hava şarını idarə etməyin yolunu tapmısan? – Dik soruşdu.

– Yox, bu hələ xəyaldır.

– Bəs onda necə uçacaqsan?

– İstiqaməti həmişə eyni olan passat[6 - Passat – tropiklər arasında bütün il ərzində əsən külək. Passatlar Şimal yarımkürəsində şimal-şərqdən cənub-şərqə, Cənub yarımkürəsində cənub-şərqdən şimal-qərbə doğru əsir. Passatların təsirinə daha çox məruz qalan materiklər Afrika, Cənubi Amerika və Avstraliyadır.] küləklərinin köməyinə bel bağlayıram.

– Belə… – Kennedi fikirli-fikirli mızıldadı. – Passatlar… əlbəttə… ola bilər…

– Ola bilər yox, olar! Bütün məsələ də bundadır, – Fergüson dostunun sözünü kəsdi. – İngiltərə hökuməti mənim ixtiyarıma nəqliyyat gəmisi verib. Razılaşdırılıb ki, Afrikanın qərb sahilinə çatanda orada üç-dörd gəmi olacaq. Üç ay sonra mən Zənzibara çatacağam. Biz orada şara qaz doldurub yola düşəcəyik…

– Biz?! – Dik yenidən heyrətlə səsləndi.

– Hə. Doğrudanmı hələ də nəyəsə iradın var? De, danış, dostum, sözünü ürəyində saxlama.

– İradım çoxdur. Ondan başlayaq ki, daim harasa baxmaq istəyəcəksən, deməli, tez-tez enib-qalxmaq lazım gələcək və kifayət qədər çox qaz işlətməli olacaqsan. Bu da uzun müddət hava ilə səyahət etməyə həmişə maneçilik törədib.

– Əzizim Dik, iradının cavabında onu deyim ki, qa-zın bir atomunu, bir malekulunu da itirməyəcəyəm…

– İstəyəndə aşağı enə biləcəksən?

– Enə biləcəyəm.

– Bunu necə edəcəksən?

– Bu artıq mənim sirrimdir. Mənə güvən, dostum.

– Qoy sən deyən olsun, – ovçu onunla candərdi razılaşdı. Ürəyində isə belə qərara gəldi ki, hələlik bir tamaşaçı kimi kənarda dayansın və bundan sonra işlərin necə gedəcəyini izləməklə kifayətlənsin.

3

Doktor Fergüson səfərə ciddi cəhdlə hazırlaşırdı. Hava şarının inşasına şəxsən özü rəhbərlik edir, hərdən bəzi şeylərə təzədən əl gəzdirirdi. Üstəlik, ərəb dilini, həmçinin zəncilərin müxtəlif ləhcələrini öyrənmişdi.

Bu arada ovçu dostu ondan bir addım da olsun aralanmır, yeri gəldikcə onu fikrindən daşındırmağa çalışırdı. Zavallı şotlandiyalı indi mavi göy qübbəsinə belə, qorxusuz baxa bilmirdi. Hətta yuxuda başı fırlanır, ona elə gəlirdi ki, çox böyük yüksəklikdən aşağı uçur. Bir neçə dəfə çarpayıdan yıxılmış, dərhal da əzilən başını Fergüsona göstərmişdi.

– Vur-tut çarpayıdan düşmüşəm, ancaq şişə bax! İndi özün düşün.

Ancaq bu eyham doktoru təşvişə salmamışdı.

– Biz yıxılmarıq, – Fergüson demişdi.

– Birdən yıxıldıq?

– Deyirəm ki, yıxılmarıq!

Dik dostunu əsəbiləşdirmək istəmir, ona görə də dərinə getmirdi. Əlavə etmək lazımdır ki, o, Edinburqdan xəlvətcə bəzi paltarlarını və ən yaxşı ov tüfənglərini gətizdirmişdi.

Günlərin bir günü Dik özünü elə göstərdi ki, guya dostunun təkidi ilə güzəştə gedib və onunla birlikdə səfərə çıxmağı qərara alıb. Ancaq o saat da səfəri təxirə salmaq üçün müxtəlif bəhanələr gətirməyə başladı.

– Nilin mənbəyini kəşf etmək bəşəriyyət üçün o qədər vacibdir? – Dik soruşdu. – Afrika qəbilələri bundan xoşbəxt olacaq? Axı nə vaxtsa kimsə daha az risklə Afrikanın üstündən keçib gedəcək…

Ancaq bu sözlər Fergüsonu özündən çıxardı:

– Sən nə istəyirsən, zavallı Dik? İstəyirsən, şan-şöhrət başqasına qismət olsun? Səncə, özümüzə xəyanət etməliyik, xırda maneələrin qarşısından geri çəkilməliyik? İngilis hökumətinin və London Coğrafiya Cəmiyyətinin mənim üçün elədiklərinin əvəzində onlara bu cür təşəkkür etməliyəm? Sən, yəqin, bilmirsən ki, başqa ölkələrdən olan yeni tədqiqatçılar hazırda Afrikanın mərkəzinə yaxınlaşırlar. Məlumun olsun: London Coğrafiya Cəmiyyəti leytenant Spikin kəşf etdiyi gölü tədqiq etməyi qərara alıb. Spik bu cəmiyyətin himayəsi altında əvvəllər Hindistanda xidmət eləyən kapitan Qrantla birləşərək ekspedisiya yaradıb. Onlara Ukereve[7 - Ukereve gölü – Şərqi Afrikada göl, indiki Viktoriya gölü] gölünü tədqiq eləyib Qondokoroya[8 - Qondokoro – İsmaliyə adı ilə də tanınır. Nilin qolu olan Ağ Nilin şərq sahilində ticarət məntəqəsi olub. Sudanın paytaxtı Xartum şəhərindən 1200 km cənubda yerləşir.] çatmaq tapşırılıb. Dik, başa düşürsən, bu ekspedisiyada iştirak etmək istəyiriksə, tələsmək lazımdır. Bu hələ hamısı deyil: bəzi tədqiqatçılar Nilin mənbəyini kəşf etməyə nə qədər yaxındırlarsa, başqaları da eyni cəsarətlə Afrikanın mərkəzinə can atırlar. Nəhayət, – Fergüson boğazını arıtlayıb sözünə davam etdi, – Avstriyanın Xartumdakı vitse-konsulu doktor Heyqlin bu günlərdə yaxşı bir ekspedisiya hazırlayıb. Onlar 1853-cü ildə Sudana göndərilən səyyah Fogeli axtarmağa gedirlər. Fogel Çad gölü ilə Darfur arasındakı naməlum ölkəni tədqiq etmək üçün yollanmışdı. Həmin vaxtdan isə yazıq səyyahdan xəbər-ətər yoxdur. Deyilənə görə, kimlərinsə əmri ilə qətlə yetirilib. Doktor Heyqlin artıq iyunda yola düşüb. Fogeli axtarmaqla yanaşı, həm də Nillə Çad gölünün arasındakı ərazini tədqiq etməlidir. Görürsən, Afrika şərqdən qərbə hamı tərəfindən keçilməyə başlanır. Biz niyə geri qalmalıyıq?

– Lap gözəl! – şotlandiyalı səsləndi. – Əgər onların işləri yolunda gedirsə, bizim orada nə işimiz var?

Doktor Fergüson heç nə deməyib yalnız çiyinlərini çəkdi.

4

Fergüsonun Co adlı nökəri vardı. Co sahibinin dediyi hər şeyə qeydsiz-şərtsiz inanırdı və doktora çox sadiq idi. Bu adam Samuelin bütün tapşırıqlarını bacarıqla yerinə yetirmək bir yana, hətta onun nə tapşırıq verəcəyini belə əvvəlcədən bilirdi. Həmişə yüksək əhvali-ruhiyyəli, daim mehriban biri idi, bir sözlə, ondan yaxşı nökər təsəvvür etmək olmazdı.

Fergüsonun Afrikanın üstündən uçmaq ideyası fikrinə düşəndə Co artıq səfər hazırlığına başlamışdı. Əgər doktor getməyi qərarlaşdırıbsa, deməli, öz məqsədinə sadiq Co ilə çatacaqdı. Buna şübhə yox idi! Ağası Coya səfərə getmək barədə heç nə deməsə də, təbii ki, səfər onsuz baş tuta bilməzdi.

Co öz ağasını bir çox səyahətlərdə müşayiət eləmişdi, bunun sayəsində müəyyən elmi biliklərə də yiyələnmişdi. Onun öz fəlsəfəsi var idi, bu fəlsəfənin təməlində isə iki prinsip dayanırdı – sakitlik və nikbinlik! Co heç vaxt heç nədən şikayətlənmir, heç nədən çəkinmirdi. Bu adamın məziyyətlərindən biri də yaxşı görmə qabiliyyətinin olması idi. Böyüdücü şüşədən istifadə etməyərək belə, Yupiterin peyklərini görə bilirdi. Co bununla öyünmürdü, ancaq yeri gələndə həmin nadir bacarığından gözəl istifadə eləyirdi. O öz ağasına çox inandığı üçün ekspedisiyaya hazırlıq zamanı bu səfərə şübhə ilə yanaşan Kennedi ilə aralarında mübahisə yaranırdı.

– Hə, mister Kennedi, artıq hər şey hazırdır, tezliklə yola düşürük, – Co bir dəfə böyük həvəslə dedi.

– Əzizim Co, səni məyus etmək istəmirəm, ancaq doktorun təşəbbüsü ağılsızlıqdır. O heç yerə uçmayacaq.

– Uçmayacaq? Siz onun hava şarını görmüsünüz? Əla şardır! Səbətin içində necə rahat oturacağımızı təsəvvür edirəm!

– Belə çıxır ki, öz doktorunla, doğrudan da, səfərə getmək niyyətindəsən.

– Doktorla dünyanın o biri başına da gedərəm, – Co qətiyyətlə dedi. – Onu heç tək buraxaram?! Yorulanda ona kim yardım edəcək? Uçurumdan keçmək lazım olanda kim ona öz qüvvətli əlini uzadacaq? Xəstələnsə, kim ona qulluq eləyəcək? Yox, mister Dik, Co həmişə doktor Fergüsonun yanında olacaq.

– Sən yaxşı insansan, Co.

– Axı siz də bizimlə gedirsiniz…

– Əlbəttə. Daha doğrusu, Samueli bu ağılsız təşəbbüsündən daşındırmaq üçün sizi Zənzibara qədər müşayiət edəcəyəm.

– Mister Kennedi, siz onu fikrindən daşındıra bilməzsiniz! Doktor bir işə başlamazdan əvvəl onu yüz dəfə ölçüb-biçir. Qərar qəbul olunandan sonra isə hətta şeytan da onu yolundan döndərə bilməz.

– Buna hələ baxarıq, – şotlandiyalı mızıldadı.

– Boş yerə özünüzə ümid verməyin. Lakin ən vacibi sizin getməyinizdir. Sizin kimi ovçu üçün Afrika möcüzələr diyarıdır. Ora getməyinizə peşman olmayacaqsınız. Yeri gəlmişkən, bilirsiniz, bu gün tərəzidə çəkiləcəyik.

– Nə tərəzi?

– Xəbəriniz yoxdur? Sizinlə birlikdə tərəzidə çəkilməliyik. Ancaq narahat olmayın, nə qədər ağır olsanız da, sizi arıqlamağa məcbur eləməyəcəklər. Necə varsınızsa, elə də aparacaqlar.

– Mən çəkilməyəcəyəm… – Kennedi inamla dedi.

– Bax bu olmadı! Axı dəqiq hesablama aparılmasa, şar havaya qalxmaya bilər.

– Lənət şeytana! Mənə də elə bu lazımdır.