banner banner banner
Azər
Azər
Оценить:
 Рейтинг: 0

Azər


Gecə aydınlığı və gün doğuşu

“Ə”

İştə aydın və sərin yaz gecəsi
Veriyor Azərə uçmaq həvəsi,
Asmalıqdan yürüyor rəqs edərək,
Hər bəyaz kölgə birər canlı çiçək…
Nəşədən səndələyən hər yapraq
Sallanır sanki gümüş bir leylaq.
İncə, yaldızlı, sədəf qumlardan
Keçiyorkən… Ona heyran-heyran
Busələr ərz edərək baqdı gülər
Ta uzaqdan çökən atəşkədələr.
Daldı röyalara etdikcə məraq -
Əski məbudları xatırlayaraq.

Yürüyor, həp yürüyorkən Azər
Duydu sahildə dərin zümzümələr.
Sanki hər zümzümə eylər ilham,
Gecənin ruhuna bir tatlı pəyam.
Bütün əşya hərəkətsiz, səssiz,
Yalnız inlər kibi sevdalı dəniz.
Dalğacıqlar öpüşüb titrərkən
Baqışırlardı göyün gözləri şən,
Yol uzun… yolçu yorulmuş artıq,
Dinlənib durdu saatlarca… yazıq!
O dəmin gördüyü dilbər mehtab,
Xasta bir çöhrəyə bənzərdi xərab.
Ona dan yıldızı bakir bir qız
Kibi heyrətlə gülümsər yalınız.
İştə üstün gəliyor zülmətə nur;
Bəlli, bəsbəlli – səhər yaqlaşıyor.
Sönüyor can çəkişən yıldızlar.
Azər açmış da qanat sanki uçar,
O, Günəşdən daha əvvəl oyanan,
Canlanan şəhrə yanaşmış əlan.
Bir yeşil bağça ki, sahil boyuna
Nəşə sərpərdi, həmən qoşdu ona.
Seyr edib bağçayı dinləndi bir az,
Serçələr, gördü, edər razü niyaz.
Həpsi birdən ötüşüb qaynaşaraq
Ninnilər söylədilər oynaşaraq.
Qopdu bir ləhzədə çığlıq, tufan,
Hər ağac dalğası bir başqa cihan…
Bunca alqışlara bais yalnız
Şu dənizdən doğan altın bir qız.
… İştə dalmış duruyor bir rəssam,
O da almaqda Günəşdən ilham,
Durmadan yalvarıyor fırçasına,
Yazıyor, həp pozuyor… Sanki ona
Gəldi yorğunluğa bənzər bir hal,
Süzərək Azəri zənn etdi xəyal:
Bət-bəniz yoq, gözü düşmüş çuqura,
Bəlkə vurğun kibi bir şey… Olur a!
Xayır, alnında zəka şöləsi var,
Bəlli, ilhamını bir eşq oyalar.
Sordu: “Kimsin, nerədənsin, əhbab!?”
Ona Azər gülərək verdi cavab.

Azərin cavabı

“H”

Bən yetişdim atəşlə su
Öpüşdüyü bir ölkədən.
İzliyorkən sevgi yolu
Acı duydum hər kölgədən.

Bir yoqsulum, hər diləyim
Diz çökdürür zənginləri.
Bir arifim, bilmədiyim,
Aşar durur ənginləri.

Bən mülayim bir dənizim,
Atəşlidir dalğalarım.
Sülhə qoşan bir acizim,
Əskik olmaz qavğalarım.

Bir avcıyım, eşq umarım
Hər ahunun gözlərindən.
Dərd əhliyim, rəmz anlarım
Hər şairin sözlərindən.

Bir aşiqim, feyz alırlar
Bəndən irfan çobanları.
Bir çobanım, qaval çalar,
İnlətirim vicdanları.

Bən əbədi hürriyyətin
Sevdalı bir cilvəsiyim.
Anlaşılmaz bir xilqətin
Parlar, sönər şöləsiyim.

 ***

“Ə”

Süzərək Azəri heyran-heyran,