banner banner banner
Dekameron
Dekameron
Оценить:
 Рейтинг: 0

Dekameron


BEŞİNCİ HEKAYƏ

Monferrat markizası toyuqdan hazırlanmış naharla və bir neçə nəzakətli sözlə fransız kralının ona qarşı dəlicəsinə ehtirasını yatırır

Dioneonun danışdığı hekayə əvvəl xanımların qəlbində bir balaca utancaqlıq hissi doğurdu, – onların üzündəki qızartı da bunu göstə-rirdi. Sonra onlar bir-birinə baxa-baxa, özlərini gülməkdən güclə saxlayaraq, pıqqıldaya-pıqqıldaya hekayəyə axıra qədər qulaq asdılar. Hekayə qurtarandan sonra xanımlar bir neçə nəzakətli sözlə Dioneonu məzəmmət elədilər, hiss etdirdilər ki, belə hekayələri xanımlara danışmaq lazım deyil, sonra kraliça, otun üstündə, yanında oturan Fyammettaya sarı dönərək, növbəsi çatdığı üçün, danışmağı ona əmr etdi. Fyammetta zərif və şux bir əda ilə sözə başladı:

– Bizim, öz hekayələrimizdə hazırcavablığın, tez söz tapmağın böyük bir qüvvəyə malik olduğunu sübut etməyə başlamağımız mənim xoşuma gəldi. Kişinin özündən nəcabətli bir qadını sevməsi çox ağıllı hərəkət olduğu kimi, qadının da bacarıb, öz mövqeyi etibarı ilə daha yüksəkdə duran bir kişiyə məhəbbət yetirməkdən çəkinməsi çox böyük ehtiyatkarlıqdır. Mənim gözəl xanımlarım, ağlıma belə bir şey gəldi: indi mən danışacağım bu hekayədə nəcib bir xanımın öz hərəkətləri və sözü ilə yuxarıda dediyim birinci vəziyyətdən necə çəkindiyini, ikinci vəziyyətdən də necə uzaqlaş-dığını göstərəcəyəm.

Çox igid kilsə qonfalonyeri olan Monferrat markizi xristianların ümumi hərbi səfərində çox-çox uzaqlara getmişdi. Bir gün kral taygöz Filippin sarayında (o da Fransadan həmin səfərə getməyə hazırlaşırdı) ondan söz düşəndə bir cəngavər deyir ki, dünyada markizlə arvadı kimi bir-birinə tay olan ikinci ər-arvad tapılmaz, çünki markiz cəngavərlər arasında öz igidliyi ilə məşhur olduğu kimi, arvadı da yer üzündəki bütün qadınların ən gözəli və ləyaqətlisidir. Bu sözlər fransız kralına elə təsir etdi ki, heç görmədiyi halda, o qadına bərk vuruldu; bu qərara gəldi ki, ancaq Genuyada hərbi səfərə hazırlaşan gəmiyə minsin, elə olsun ki, quru yol ilə oraya gedərkən markizanı görmək üçün əlinə yaxşı bir bəhanə düşsün, çünki markiz evdə olmadığından, o öz arzusunu yerinə yetirə bilərdi. Kral düşündüyü kimi də elədi. Hamını qabaqcadan yola salıb özü bir neçə zadəgan məiyyəti ilə yola düşdü, markizin malikanəsinə yaxınlaşırkən, bir gün əvvəl onun arvadına xəbər göndərdi ki, sabah naharı onlarda edəcəkdir. Markiza ağıllı və arif bir qadındı, ona çox nəzakətli cavab göndərərək bildirdi ki, bu, mənim üçün böyük şərəfdir, kral mənim ən əziz qonağım olacaqdır. Sonra fikirləşdi ki, bu nə deməkdir, ərim evdə olmadığı halda belə bir kral mənim yanıma gəlmək istəyir. Markiza öz mülahizələrində yanılmamışdı: onun gözəlliyi haqqın-dakı söz-söhbət kralı çəkib bura gətirirdi. Bununla belə, markiza məharətli bir qadın olduğundan, kralı şərəflə qəbul etmək qərarına gəldi; evdə qalan kübar adamları yanına çağırtdırdı, onlarla məsləhətləşərək, görüləsi işlər barəsində sərəncam verdi; lakin nahar və ərzaq haqqında özü tədbir görəcəyini bildirdi. Elə o saat ətrafda olan bütün toyuqların yığılmasını əmr etdi, kral süfrəsi üçün ancaq toyuqlardan xörək hazırlamağı aşpazlarına tapşırdı. Bəli, kral müəyyən edilən gündə gəldi, xanım onu böyük hörmət və təntənə ilə qəbul etdi. Kral onu, cəngavərin sözünə əsasən təsəvvür etdiyindən daha gözəl, daha mərifətli və nəzakətli gördü. Ona baxdıqca valeh olurdu, onu tərifləyirdi, markiza onun xəyalında yaratdığı qadından yüksək idi, bunu yəqin etdikcə, ona olan ehtirası daha da artırdı. Kral kimi bir adamı qəbul etmək üçün krala layiq bir otaq hazırlanmışdı; bu otaqda o bir az dincəldi, yemək vaxtı çatanda kral ilə markiza bir süfrə başında, o birilər də, rütbələrinə görə, ayrıca oturdular. Bir-birinin ardınca gətirilən dadlı xörəklər, qiymətli şərablar krala çox ləzzət verirdi, o, arabir gözəl markizaya da məmnuniyyətlə baxırdı. Lakin xörəklər gətirildikcə, kral bir şeyə təəccüb edirdi, görürdü ki, xörəklər başqa-başqa olsa da, hamısı ancaq toyuqdan hazırlanmışdır. Kral yaxşı bilirdi ki, bu yerlərdə ov quşları çox olur, bir də ki, gəlişini qabaqcadan markizaya bildirmişdi, bununla da ov üçün ona imkan vermişdi; amma xörəklərin ancaq toyuqdan hazırlanması onu çox təəccübləndirdi. Markiza ilə bu barədə danışmaq istədi; gülərüzlə ona müraciət edərək dedi: «Məgər bu ölkədə ancaq toyuq olur, xoruz olmur?» Markiza sualın mənasını çox gözəl başa düşdü. Ona elə gəldi ki, öz fikrini söyləmək üçün allah özü ona fürsət verdi, dedi ki: «Xeyr, mənim hökmdarım, buranın qadınları öz geyimləri və mərifətləri ilə başqa qadınlardan bir az fərqlənsələr də, başqa yerlərdə yaşayan qadınlar kimi yaranmışlar». Kral bu sözü eşidəndə, naharın ancaq toyuqdan hazırlanmasının səbəbini, deyilən sözün gizlin mənasını yaxşı başa düşdü, yəqin bildi ki, belə qadınla söz güləşdirməyin mənası yoxdur, zorakılıq etməyin də yeri deyil, o düşünmədən bu qadına qarşı odlu bir ehtirasa uymuşdur, bu, yaxşı nəticə verməz; öz şərəfini qorumaq üçün bu ehtiras odunu söndürmək ağıllı bir hərəkət olar. Kral markizanın cavabından qorxaraq, belə zarafatyana söhbəti davam etdirmədi, əvvəlki ümidindən əl çəkərək, naharını elədi. Sonra da bura pis niyyətlə gəldiyinin üstünü basdırmaq üçün markizaya, göstərdiyi hörmətə qarşı, təşəkkür etdi, onu allahın himayəsinə tapşıraraq, tez Genuyaya yola düşdü.

ALTINCI HEKAYƏ

Birisi tutarlı sözlə rahiblərin riyakarlığını ifşa edir

Hamı markizanın yaxşı əxlaq sahibi olduğunu, onun fransız kralına verdiyi gözəl ibrət dərsini təqdir etdikdən sonra, Fyammet-tanın yanında oturan Yemiliya, kraliçanın arzusu ilə, cəsarətlə sözə başladı: – Mən də susmayıb. sizə, hörmətli bir adamın, gülməli olduğu qədər də tərifəlayiq sözlə xəsis bir rahibi sancdığından danışacağam.

Sevimli qızlar, bir qədər bundan əvvəl bizim şəhərdə bir minorit, dinsizlik bidəti inkvizitoru yaşayırdı. O da özünü, bütün inkvizitorlar kimi, xristian dininin təəcübünü çəkən müqəddəs bir adam kimi gös-tərməyə çalışır, eyni zamanda cibi dolu olan adamları, dini gözdən salan adamlar kimi, çox diqqətlə istintaq edirdi. O öz təəssübkeşli-yində, ağlından çox pulu olan abırlı bir adama rast gəldi. Bir gün bu adam imanının azlığından deyil, yəqin ki, içdiyi şərabın təsirindən, kefinin çox kök olmasından öz yoldaşları arasında ağzından belə bir söz qaçırır: deyir, mənim elə yaxşı şərabım var ki, onu lap İsa özü də içə bilər. Bunu gedib inkvizitora, xəbər verirlər. İnkvizitor biləndə ki, onun böyük mülkləri və çoxlu pulu var, cum gladüs et fustibus ona qarşı tezliklə çox ciddi istintaqa başlayır: fikri də onu imanının azlığı üstündə müqəssir etmək deyil, öz cibini florinlə doldurmaq olur, iş elə bununla nəticələnir. O adamı çağırtdırıb soruşur ki, Deyilən söz doğrudurmu? O sadəlövh adam da cavab verir ki, Doğrudur; məsələ-nin necə olduğunu da açıb danışır. Müqəddəs İoann Zlatousta xüsusi pərəstiş göstərən bu cənabı əqdəs inkvizitor deyir: «Bu qayda ilə sən İsanı yaxşı şərabları xoşlayan bir əyyaş eləmisən, sanki o Çinçilyo-nedir, ya da sizin yoldaşlarımız kimi meyxanadan çıxmayan, həmişə sərxoş olan bir adamdır. İndi də başlayıb mülayim sözlər danışırsan, demək istəyirsən ki, bu, əhəmiyyətsiz bir şeydir. Amma bu sənin anladığın kimi deyil: əgər biz səninlə lazım olduğu kimi rəftar etmək istəsək, bunun üstündə sən tonqalda yandırılmağa layiqsən». İnkvizi-tor onu hədələyə-hədələyə bu cür və buna oxşar sözlər dedi, sanki o, ruhun əbədiliyini inkar edən Epikurun özü idi. Az vaxtda bu adamı elə qorxutdu ki, inkvizitorun mərhəmət göstərməsi üçün, bir başqa-sının vasitəsi ilə onun əllərinə çoxlu müqəddəs İoann Zlatoust yağı sürtdürdü (bu yağ kilsə xadimlərini, xüsusilə pula toxunmaları qadağan edilən minoritləri yoluxucu pulpərəstlik xəstəliyindən sağaltmağa çox kömək edirdi). Halen tibbi əsərlərində bu yağdan bəhs etməsə də, o sadəlövh adam, yaxşı təsir göstərən yağı elə çox işə saldı ki, tonqalda yandırılmaq məsələsi xaç şəklinə çevrildi, həm də bayrağın gözəl görünməsi üçün onun qara paltarına sarı xaç şəkli tikdilər, sanki tövbə edən adam səlib müharibəsinə gedirdi. Bundan başqa, inkvizitor pul aldıqdan sonra onu bir neçə gün öz yanında saxladı, həm də, cəza tədbiri kimi, hər səhər Santa Kroça ibadətə getməsini, sonra da nahar vaxtı onun yanına gəlməsini tapşırdı. Günün qalan vaxtını o hər nə istəsə edə bilərdi. Bunları o çox səylə yerinə yetirirdi. Bir gün də səhər ibadətində incildən oxunan bu sözləri eşitdi: «Sizə yüz qat əvəzi veriləcək və siz əbədi bir həyat kəsb edəcəksiniz». Bu sözü eynən yadında saxlayıb, əmrə görə, nahar vaxtı inkvizitorun hüzuruna gəldi, gördü ki, o, nahar edir. İnkvizitor ondan səhər ibadətində olub-olmadığını soruşdu. O tez cavab verdi: «Bəli, messere, olmuşam». İnkvizitor bunun qabağında dedi: «Sən orada səndə şübhə oyadan bir şey eşitdinmi və məndən nə soruşmaq istəyirsən?» Sadəlövh adam ona belə cavab verdi: «Doğrudan da, eşitdiyim şeylərdən heç birinə şübhə etmirəm, onun hamısının həqiqət olduğuna möhkəm inanıram. Hərçənd mən bəzi şeylər də eşitdim, onda sizin və sizin rahiblərin axirət dünyasında necə müsibətə düşəcəyinizi fikirləşdim, sizə də, rahiblərə da yaman yazığım gəldi». İnkvizitor soruşdu: «Bu necə sözdür ki, onu, eşidən-də sənin bizə yazığın gəldi?» Sadəlövh adam dedi: «Messere, bu, incildə yazılmış söz idi, deyirdi ki, sizə yüz qat əvəzi veriləcək». İnkvizitor: «Doğrudan da belədir, – dedi, – bu sözlər axı, niyə sənin qanını qaraltdı?» Sadəlövh adam cavab verdi: «Messere, bu saat deyim. Mən bura gələndən bəri görürəm ki, hər gün buradan yoxsul camaata bir çən, hərdən də iki böyük çən şorba verirlər, bu da bu monastırda sizdən və sizin rahiblərdən artıq qalan yeməkdir. Axirət dünyasında hər çənin yüz qat əvəzi verilsə, sizin o qədər şorbanız olacaq ki, hamınız onun içində batıb boğulacaqsınız». Süfrə başında oturub nahar edən başqa adamlar gülsələr də, inkvizitor hiss etdi ki, onların şorba riyakarlığı istehza olunur, yaman pərt oldu; sadəlövh adamın başına gətirdiyi işdən utanmasaydı, həm onu, həm də başqa müftəxorları gülməli sözlə ələ salan sadəlövh adamın başına ayrı iş açardı. Acığından ona icazə verdi ki, get, nəyi münasib görürsən elə, daha mənim yanıma gəlmə.

YEDDİNCİ HEKAYƏ

Primas və abbat Klunyi haqqında Berhaminonun söylədiyi sözlər Kane della Skalanın çox xəsis olduğunu ifşa edir

Emiliyanın məzəli sözləri və hekayəsi kraliçanı və bütün məclisdə olanları güldürdü, hamı o sadəlövh adamın qəribə hərəkətini təriflədi. Gülüş qurtardıqdan və hamı sakitləşdikdən sonra Filostrato, danışmaq növbəsi çatdığı üçün, sözə başladı: – Ləyaqətli xanımlar, tərpənmə-yən hədəfi vurmaq asandır, lakin qəribə bir şey qəfildən meydana çıxanda, atıcı da qəfildən onu vuranda, bu bir möcüzə kimi görünə bilər. Bir çox hallarda pozğunluğa misal ola bilən kilsə ruhanilərinin günahkar və çirkin həyatı hər kəsə bu barədə danışmağa, onu pisləməyə, məzəmmət etməyə asanlıqla imkan verir. Rahiblərin qabağından qalan, donuzlara töküləsi ya atılası olan şorbanı yoxsul-lara verməklə riyakarcasına mərhəmət göstərən inkvizitoru ifşa edən o insaflı adam yaxşı iş tutur, lakin mənim fikrimcə, tərifə o adam daha artıq layiqdir ki, indi mən onun barəsində öz hekayəmdə danı-şacağam. Bundan əvvəl söylənilən hekayə məni bu məsələ üstünə gətirdi; bu adam messer Kane della Skalanı, səxavətli hökmdarı, bir hekayə söyləməklə, özü haqqında və onun barəsində demək istədiyi şeyləri başqa bir simada təsvir etməklə, birdən, heç gözlənilmədiyi halda, varlığında yaranan xəsisliyin üstünü açır. Hekayə budur:

Messer Kane della Skalanın şan-şöhrəti bütün dünyaya yayılmışdı; bəxti həmişə ona yar olmuşdu. O, İtaliyada, imperator II Fridrixin vaxtından ta indiyə qədər adı çəkilən ən gözəl, ən səxavətli hökmdar-lardan biri idi. Messer Kane Veronada dəbdəbəli, gözəl bir şənlik düzəltmək fikrinə düşür. Bu şənliyə hər yerdən çoxlu camaat, xüsu-silə məzəli adamlar gəlməli imiş. Lakin nədənsə, birdən o, fikrindən dönür, gələnlərdən bəzilərinə ənam verib yola salır, yalnız Berqami-noya nə ənam verir, nə də onu yola salır. O da elə güman edir ki, bəlkə messer Kane onun xeyri üçün belə edir. Berqamino məşhur və hazırcavab bir nağılçı idi, ona qulaq asmayınca, onun necə nağılçı olduğunu təsəvvür etmək olmazdı. Lakin Kane bu fikirdə idi ki, ona bir şey vermək pulu oda atmaqdan da pisdir. Bu barədə özü ona bir söz demirdi, başqalarına da tapşırmırdı ki, desin. Bir neçə gün keçdi, Berqamino gördü ki, onu çağırmırlar, onun sənətindən bir şey tələb etmirlər. O öz xidmətçiləri ilə mehmanxanada yaşayırdı, atları da mehmanxana tövləsində idi. Onu fikir götürdü. Lakin o hələ də gözlə-yirdi, elə güman edirdi ki, çıxıb getsə, yaxşı olmaz. O, şənlikdə ləyaqətli görünmək üçün üç dəst gözəl, bahalı kostyum gətirmişdi; kostyumları ona başqa sinyorlar bağışlamışdı. Lakin mehmanxana sahibi kirayə pulunu tələb etdikdə, əvvəl kostyumunun birini, sonra da uzun zaman qaldığı üçün, ikincisini ona verdi. Daha sonra o biri kostyumunun hesabına yaşamağa başladı, bu qərara gəldi ki, üçüncü kostyumun pulu çatana kimi qalıb gözləsin, sonra çıxıb getsin. Üçün-cü kostyumun hesabına yaşamağa başlayanda, bir gün qəmgin halda messer Kanenin yanına gəldi. Kane nahar edirdi. Kane onun məzəli bir sözündən həzz almaq üçün deyil, onu incitmək üçün dedi: «Ber-qamino, sənə nə olub? Çox qəmginsən. Bizə bir şey danış görək». Berqamino çox düşünmədən, bu barədə çoxdan fikirləşmiş kimi, öz işini yoluna qoymaq üçün belə bir hekayə danışdı:

Hökmdarım, sizə məlumdur ki, Primas latın dilinin ustası idi, hər şeydən artıq, çox gözəl, hazırcavab şair idi. Bu keyfiyyətlər onu elə məşhur, elə adlı-sanlı adam etmişdi ki, hər yerdə onu şəxsən tanıma-salar da, Primasın kim olduğunu bilməyən, onun şan-şöhrətini, adını eşitməyən yox idi. Bir gün. elə olur ki, o, dilənçi paltarında Parisə gəlir, – çox vaxt o belə gəzərdi, çünki varlı adamlar onun şan-şöhrətinə az qiymət verirdilər; burada abbat Klunyi haqqında danı-şılan sözləri eşidir. Abbat Klunyi öz gəlirinə görə papadan başqa bütün kilsələrdə olan ruhanilərin ən dövlətlisi hesab olunurdu. Primas onun səxavəti haqqında qəribə şeylər eşidir; eşidir ki, abbatın sarayında həmişə şənlik olur, kim onun yaşadığı yerə gəlsə, yemək-içməyə söz yoxdur, ancaq abbat nahar edəndə gərək gəlib ondan xahiş etsin. Primas adlı-sanlı adamlarla, sinyorlarla durub-oturmağı xoşladığından, bu qərara gəlir ki, abbatın yanına getsin, onun səxavə-tini öz gözü ilə görsün. Abbatın Parisdən çoxmu uzaqda yaşadığını soruşur. Ona cavab verirlər ki, abbat Klünyi Parisdən altı mil kənar-da, öz malikanəsində yaşayır. Primas düşünür ki, səhər tezdən çıxsa, nahara kimi ora çatar. Abbatın malikanəsinə gedən yolu öyrənir, lakin ora gedən başqa bir adam tapmadığından, qorxur ki, birdən işi pis gətirər, yolu azar, elə yerə gedib çıxar ki, orada yeməyə şey tapmaz. Başına belə iş gəlsə, yemək sarıdan çətinlik çəkməmək üçün bu qərara gəlir ki, özü ilə üç çörək götürsün, suyu hər yerdə tapa bilər (əslində su onun çox da xoşuna gəlmirdi). Primas çörəkləri qoltuğuna vurub yola düşür, işi də elə yaxşı gətirir ki, nahar vaxtı abbat olan yerə gəlib çatır. İçəri girib ətrafına göz gəzdirir, süfrə salınmış stolları, mətbəxdəki böyük hazırlığı, nahar üçün lazım olan başqa şeyləri görüb, öz-özünə deyir: doğrudan da bu abbat səxavətli adamdır. O, ətrafını gözdən keçirəndə, abbatın yavəri buyruq verir ki, əl yumaq üçün su verilsin, çünki yemək vaxtı gəlib çatmışdı. Əllər yuyulduqdan sonra yavər hamıya stol arxasında yer göstərir. İş elə gətirir ki, Priması düz qapının qabağında oturdurlar, – abbat bu qapıdan yemək otağına gələcəkdi. Onun evində belə bir adət vardı: abbat özü gəlib oturmayınca, süfrəyə nə şərab, nə çörək, nə də xörək gətirərdilər. Yavər süfrələri salandan sonra adam göndərib abbata bildirir ki, sizin buyruğunuzu gözləyirəm, nahar hazırdır. Abbat otağın qapısını açdırır, – zala bu qapıdan gəlirmiş; içəri girəndə təsadüfən ilk gözünə dəyən adam – pis geyimli Primas olur; o belə adam tanımırdı. Onu görən kimi ağlına pis bir fikir gəlir, – hələ indiyə qədər onun ağlına belə fikir gəlməmişdi: «Gör mən öz pulum-la kimləri yedirib bəsləyirəm!» Abbat öz otağına qayıdıb, qapını örtür, yanında olan adamlardan soruşur ki, düz mənim otağımın qapısı qabağında oturan o səfili tanıyan varmı? Hamı cavab verir ki, tanıyan yoxdur. Primas yol gəldiyindən və uzun zaman aç qalmağa vərdiş etmədiyindən, əziyyət çəkirdi. O bir az gözləyir, abbatın gəlmədiyini görüb, qoltuğundakı çörəklərdən birini çıxarıb yeməyə başlayır. Abbat bir qədər gözlədikdən sonra yaxın adamlarından birini göndərir ki, get gör Primas gedib ya yox. O adam qayıdıb deyir ki: «Xeyr, messere, getməyib, oturub çörək yeyir, bu sübut edir ki, o özü ilə çörək gətirmişdir». Abbat: «Çörəyi ki var, qoy öz çörəyini yesin, bu gün o bizim çörəyimizi yeməyəcək». Abbat istəyirdi ki, Primas özü durub getsin, onu otaqdan çıxartmağı özünə layiq gör-mürdü. Primas çörəyin birini yeyib qurtarır, abbat gəlmir. O biri çörəyi yeməyə başlayır. Primasın öz xoşu ilə getmədiyini xəbər aparan adam bunu da abbata söyləyir. Primas ikinci çörəyi də yeyib qurtarır, yenə də abbatın gəlmədiyini görüb, üçüncü çörəyə əl atır. Bunu da abbata xəbər verəndə, o fikirləşərək öz-özünə deyir: «Bu gün bu qəribə fikir haradan mənim ağlıma gəldi? Bu nə xəsislikdir, bu nə ədavətdir, özü də kimə qarşı? Neçə ildir mən öz süfrəmdə hamını yedirib-içirirəm, baxmıram ki, o zadəgandır ya kəndlidir, kasıbdır ya dövlətlidir, adlı-sanlı adamdır, ya da yalançıdır. Saysız-hesabsız səfillərin mənim verdiyim yeməkləri acgözlüklə ötürdüyünü öz gözümlə görmüşəm. İndi bu adama qarşı duyduğum xəsislik heç vaxt məndə olmayıb. Yəqin bu xəsislik məndə başqa səbəbə görə əmələ gəlmişdir. İndi mənim ki qəlbim bu adama qarşı belə amansız olmuşdur, yəqin mənə səfil görünən bu adam başqa cür adamdır». Abbat bunu deyib o adamın kim olduğunu bilmək istəyir. Məlum olur ki, o, Primasdır, abbatın səxavətli olduğunu çox eşitdiyindən, onun bu səxavətini görməyə gəlmişdir. Abbat Primasın ləyaqətli şəxs olduğunu çoxdan eşitmişdi, buna görə utanıb xəcalət çəkir, öz günahını yumaq üçün cürbəcür sözlərlə onun könlünü almaq istəyir. Nahardan sonra tapşırır ki, Primasa yaxşı paltar versinlər; həm də ona at və çoxlu pul bağışlayıb deyir: «İndi özün bil, istəyirsən mənim yanımda qal, istəyirsən get». Primas öz razılığını bildirib, ona çox-çox təşəkkür edir, Parisdən piyada gəldiyi halda, ora atla qayıdır.

Messer Kane ağıllı adamdı, Berqaminonun nə demək istədiyini izahatsız başa düşür, gülümsəyərək deyir: «Berqamino, sən öz incikliyini, məharətini, mənim xəsisliyimi və məndən nə istədiyini çox ustalıqla göstərdin; doğrudan da, hələ indiyə qədər mən xəsislik etməmişdim, ancaq sənin barəndə xəsislik elədim. Mən də bu xəsisliyi sənin kəşf etdiyin ağacla qovacağam…» Messer Kane buyruq verir ki, mehmanxana sahibinin kirayə haqqını ödəyib, Berqaminonun bahalı kostyumlarını özünə qaytarsınlar; bundan başqa ona bir at, çoxlu da pul verir, onun çıxıb getməsini, ya burada qalmasını öz ixtiyarına buraxır.

SƏKKİZİNCİ HEKAYƏ

Gvilyelmo Borsere messer Ermino de Qrimaldini xəsisliyi üstündə çox incə ifadələrlə məzəmmət edir

Lauretta Filostratonun yanında oturmuşdu; Berqaminonun bacarığını hamı təriflədikdən sonra o, bir şey söyləyəcəyini bildiyi üçün, kraliçanın əmrini gözləməyərək, sözə başladı: – Əziz dostlar, Filostratonun söylədiyi hekayə məni, məzəli bir adamın elə bu qayda ilə çox varlı bir taciri xəsisliyi üstündə məzəmmət etməsindən danışmağa vadar edir. Bu hekayə öz məzmunu ilə əvvəlki hekayəyə oxşasa da, onun yaxşı nəticə ilə qurtardığını hesaba alsanız, bu hekayə də sizin xoşunuza gələr.

Bəli, çox-çox illər bundan əvvəl Genuyada messer Ermino de Qrimaldi adlı bir zadəgan yaşayırdı. Hamının dediyinə görə, o, iri mülkləri və pulu ilə İtaliyanın ən varlı vətəndaşlarından çox-çox varlı idi. O öz dövləti ilə bütün İtaliya varlılarını vurub ötdüyü kimi, öz xəsisliyi və tamahkarlığı ilə də bütün dünyada olan xəsisləri və tamahkarları ötmüşdü; belə ki, başqalarına xeyir vermək üçün pul kisəsinin ağzını açmadığı bir yana dursun, yaxşı geyinməyə adət edən genuyalıların əksinə olaraq, pul xərcləməmək üçün hər şeydə, hətta yeyib-içməkdə də özünə yaman korluq verərdi. Buna görə, özü də lap yerində olaraq, onun familiyasını (de Qrimaldi) yaddan çıxar-mışdılar; hamı ona messer Tamahkar Ermino deyirdi. O zaman ki bu adam pul xərcləməyərək öz dövlətini artırırdı, Genuyaya Gvilyelmo Borsyere adlı mərifətli, xoş danışıqlı, çox məzəli bir adam gəldi, o indiki məzəli adamlara oxşamırdı; indiki məzəli adamlar (qoy pozğun və mənfur adamlar utanıb xəcalət çəksinlər!) istəyirlər ki, onlara nəcib desinlər, əslinə qalanda, sarayda deyil, əxlaqsız, iyrənc qara camaat içərisində tərbiyə almış bu adamlara eşşək demək lazımdır. O zaman məzəli adamların işi və sənəti bu idi ki, ağalar arasında olan çəkişmələri, narazılıqları sülh ilə yoluna qoysunlar, evlənmək işlərində, dostluq əlaqələrinə kömək etsinlər, gözəl, xoş sözlərlə ruhən yorğun adamların kefini açsınlar, saray adamlarını əyləndirsinlər, qəbahəti olanları bu qəbahət üstündə, bir ata kimi, bərk məzəmmət etsinlər, – bunun da qabağında onlar ənam alardılar. Amma indi bu adamlar vaxtlarını nəyə sərf edirlər: bir adamdan o birisinə ədavətli sözlər aparırlar, arada söz gəzdirirlər, iyrənc və nalayiq şeylər danışmaqla adamların arasına düşmənçilik toxumu səpirlər; məsələnin ən pis cəhəti də burasıdır ki, bu iyrənc və nalayiq şeyləri adamların yanında edirlər, doğru oldu, olmadı, bütün pis, abırsız, iyrənc şeyləri bir-birinin üstə qalayırlar. Alçaq və əxlaqsız sinyorlar da onlardan da iyrənc söz danışanları, iyrənc iş görənləri daha çox istəyirlər, onlara daha çox hörmət edirlər, daha böyük ənam verirlər. Hal-hazırda məzəmmətə layiq olan bu acınacaqlı şeylər aydınca sübut edir ki, yaxşı adamlar zavallı bəşəriyyəti qəbahətlər çirkabı içində qoyaraq, buradan çəkilib getmişlər.

Mən duyduğum haqlı qəzəb hissi nəticəsində heç gözlənilmədiyi halda mətləbdən bir az kənara çıxdım, indi yenə başladığım sözə qayıdıram. Genuyanın adlı-sanlı adamları, yuxarıda adını çəkdiyimiz Gvilyelmonu hörmətlə qarşıladılar, onu məmnuniyyətlə qəbul etdilər. Gvilyelmo bir neçə gün şəhərdə qalaraq, messer Erminonun xəsis-liyini, tamahkarlığını eşidib, onu görmək həvəsinə düşdü. Messer Ermino eşitmişdi ki, Gvilyelmo Borsyere ləyaqətli adamdır. Ermino xəsis olsa da, azca nəcibliyi vardı; Gvilyelmonu dostcasına, gülərüzlə qəbul etdi, onunla çoxlu söhbət elədi, danışa-danışa onu, onunla gələn genuyalıları özü üçün tikdirdiyi yeni, qəşəng bir evə apardı; evi göstərərək dedi: «Messer Gvilyelmo, siz çox şey görmüsünüz, çox şey eşitmisiniz, mənə elə bir şey söyləyə bilərsinizmi ki, o heç yerdə söylənilməmiş olsun, mən də onu bu evin salonuna yazdıra bilim?» Gvilyelmo bu yersiz sözü eşidib dedi: «Messer, güman etmirəm ki, mən eşidilməmiş bir şey söyləyə biləm, ancaq asqırmağı və ya buna oxşar bir şeyi göstərə bilərəm; amma siz ki bunu istəyirsiniz, onda bir şeyi sizə deyə bilərəm, zənnimcə siz onu heç eşitməmisiniz». Messer Ermino dedi: «Xahiş edirəm, deyin görüm bu nədir?» Ermino heç gözləmirdi ki, Gvilyelmo ona aşağıdakı cavabı verəcəkdir. Messer Gvilyelmo birdən dedi: «Deyin yazsınlar: «Nəciblik», Messer Ermino bu sözü eşidəndə birdən elə utandı ki, halı tamam dəyişdi. Dedi ki: «Messer Gvilyelmo, mən onu elə yazdıracağam ki, bunu mənim görmədiyimi, bilmədiyimi mənə deməyə daha nə sizin, nə də bir başqasının əsası olsun». Gvilyelmonun sözü ona yaman təsir etdi, bundan sonra o elə səxavətli, elə mehriban bir, zadəgan oldu ki, Genuyada, onun vaxtında xaricilərə və şəhər camaatına onun kimi hörmət edən olmadı.

DOQQUZUNCU HEKAYƏ

Bir qaskonlu xanım Kiprin qorxaq kralını elə utandırır ki, o, cəsarətli olur.

Kraliçanın əmrini almaq üçün ancaq Yeliza qalmışdı. O gözləmədən gülərüzlə sözə başladı: – Cavan xanımlar, çox vaxt elə olur ki, cürbə-cür danlaqların, cəzaların edə bilmədiyini, qəsdən deyil, təsadüfən söylənilən bir söz edir; Laurettanın söylədiyi hekayədə bu çox aydın göründü. Mən də balaca bir hekayədə bunu sizə sübut etmək istəyi-rəm, çünki yaxşı hekayələr həmişə xeyir gətirir, belə hekayələri kim söyləsə, ona diqqətlə qulaq asmaq lazımdır.

Bəli, Kiprin ilk kralı zamanında Bulonlu Qotfrid müqəddəs torpağı fəth etdikdən sonra, adlı-sanlı bir qaskonlu xanım İsanın qəbrini ziyarətə gedir, qayıdanda da Kiprdə düşür, burada bir neçə alçaq adam onu biabırçı halda təhqir edir. O, şikayətinə əhəmiyyət verilmədiyini görüb, kralın yanına getmək istəyir, ancaq kim isə ona deyir ki, nahaq yerə zəhmət çəkirsiniz, kral elə qorxaq, elə miskin adamdır ki, təhqir üstündə heç kəsi cəzalandırmır, hətta onun özünə qarşı edilən təhqirlərə də iyrənc bir qorxaqlıqla dözür; buna görə bir şeydən narazı qalaraq qəzəblənən adamlar gedib acığını onun üstünə tökür, onu təhqir edir, utandırırlar. Qadın bunu eşidəndə, onu təhqir edənləri cəzalandırmaq məsələsində ümidini itirdiyindən, belə bir qərara gəlir: öz acığını soyutmaq üçün kralı qorxaqlığı üstündə məzəmmət eləsin. Buna görə kralın yanına gedib ağlaya-ağlaya deyir: «Padşahım, məni təhqir edənləri cəzalandırmaq ümidi ilə sənin yanına gəlməmişəm, gəlmişəm ki, səndən xahiş edim, bunun əvə-zində, sənin kimi, deyilənə görə, həqarətə dözməyi öyrənim, mən də edilən təhqirə səbirlə dözə bilim, allah özü şahiddir, bacara bilsəy-dim, bu təhqiri də məmnuniyyətlə sənə verərdim, axı sən yaman dözümlüsən!» Kral ağır hərəkətli, tənbəl bir adamdı, o sanki yuxudan ayıldı; əvvəl ondan başladı ki, qadını təhqir edənləri bərk cəzalan-dırdı, həm də o gündən onun şahlıq şərəfinə toxunanları amansızca təqib etdi.

ONUNCU HEKAYƏ

Bir qadın bolonyalı maestro Albertonu, ona olan sevgisi üstündə utandırmaq istəyir, lakin Alberto çox nəzakətlə qadının özünü utandırır

Yeliza sözünü qurtarıb susdu; indi də son hekayəni, kraliça söyləməli idi; o, qadınlıq məlahəti ilə sözə başladı: – Ləyaqətli qızlar, gecə, açıq havada ulduzlar göyü, yazda çiçəklər çölü bəzədiyi kimi, tutarlı sözlər də xoş xasiyyətləri, ürəkaçan söhbətləri bəzəyir. Bu tutarlı sözlər öz qısalığı ilə kişilərdən çox qadınlara yaraşan sözlərdir, çünki, lazım olmadığı halda, çox və uzun danışmaq kişilərdən çox qadınlara yaraşmayan şeydir. Amma indi sözün incəliyini başa düşən və ya başa düşüb də ona cavab verməyi bacaran qadınlar azdır, ya heç yoxdur, – biz də, bütün qadınlar da gərək bundan xəcalət çəkək! Bu ona görədir ki, əvvəlki qadınların varlığını fərqləndirən bacarığı indiki qadınlar bədənin zinətinə sərf edirlər, həm də paltarı daha çox alabula, üstündə daha çox zolağı, bəzəyi olan qadın elə güman edir ki, onu gərək başqa qadınlardan daha yüksək tutsunlar, ona daha artıq hörmət etsinlər; daha düşünmür ki, bir adam bu şeyləri eşşəyə yükləsə, ya eşşəyin üstündən assa, – eşşək hər bir qadından daha çox yük götürə bilsə də, – yenə eşşək olub qalır. Bunu söyləmək mənim üçün ayıbdır, ona görə ki, özüm haq-qında demədiyim bir şeyi başqaları haqqında da deyə bilmərəm; bu bərli-bəzəkli, ənlikli-kirşanlı, ala-bəzək paltarlı qadınlar dinib-danışmayan, duyğusuz mərmər heykəl kimi dayanıb dururlar, bir söz də soruşanda elə cavab verirlər ki, heç dinməsələr ondan yaxşıdır. Onlar öz-özlərini inandırırlar ki, qadınların, ləyaqətli kişilərin məclisində söhbət etməyi bacarmaması qəlbin təmizliyindən mey-dana gəlir, onlar öz axmaqlıqlarını təvazökarlıq adlandırırlar, sanki ancaq öz qulluqçusu ilə ya paltaryuyan, ya da bulkaçı qadınla danı-şan qadınlar namusludurlar. Əgər təbiət bu qadınların öz-özlərini inandırdığını eləmək istəsəydi, onların boşboğazlığını başqa yolla məhdudlaşdırardı. Doğrudur, bu məsələdə də, başqa məsələlərdə olduğu kimi, vaxtı, yeri söhbət etdiyin adamı hesaba almaq lazımdır, çünki bəzən elə olur ki, qadın ya kişi tutarlı bir sözlə başqasını utandırmaq istəyir, lakin öz gücü ilə bu adamın gücünü lazımınca ölçüb-biçmədiyindən, utandırmaq istədiyi adamın yerinə özü utanıb qızarır. Buna görə, biz həm qorunmağı bacarmaq üçün, həm də «hər işdə ən çox ziyan çəkən qadınlar olur» zərbi-məsəlinin bizim sima-mızda özünə haqq qazandırmaması üçün, mən istəyirəm bu günün son hekayəsi ilə ibrətli bir söz danışam, belə ki, siz qəlbinizin nəcib-liyi ilə fərqləndiyiniz kimi, hərəkət tərzinin üstünlüyü ilə də özünüzü göstərəsiniz.

Bir neçə il bundan əvvəl Bolonyada maestro Alberto adlı çox məşhur, bəlkə də bütün dünyada hörmət qazanmış bir həkim yaşa-yırdı, bəlkə elə indi də yaşayır. Albertonun yaşı yetmişi haqlasa da, onun elə nəcib qəlbi vardı ki, təbii qızğınlıq odu az qala onu tərk etsə də, o, sevgi odundan çəkinmirdi. Deyilənə görə, Alberto bir şənlikdə Malgerita de Gizolyeri adlı çox gözəl bir dul qadın görür; qadın onun çox xoşuna gəlir; o, cavan bir oğlan kimi, bu sev gi oduna qocaman qəlbində yer verir. Ona elə gəlirdi ki, bu gözəlin zərif üzünə baxma-sa, gecə rahat yata bilməz. Buna görə, imkan düşdükcə, gah piyada, gah da atla o qadının evi qabağından keçirdi. Axırda elə oldu ki, qadın da, başqaları da maestro Albertonun oradan keçib getməsinin səbəbini başa düşdü. Onlar belə yetkin yaşlı, yetkin ağıllı bir adamın sevməsini öz aralarında tez-tez zarafata qoyub gülürdülər, elə güman edirdilər ki, gözəl sevgi ehtirası ancaq ağılsız gənclərin qəlbində özünə məskən salır. Bir dəfə bayram günü maestro Alberto yenə də bu qadının evi qabağından keçirdi; Malgerita və başqa qadınlar evin qapısı qabağında oturmuşdular. Maestro Albertonun uzaqdan onlara sarı gəldiyini görüb bu qərara gəldilər ki, onu öz yanlarına çağırıb hörmət etsinlər, sonra da sevgisini lağa qoysunlar. Belə də elədilər: ayağa qalxıb onu dəvət etdilər, sonra da həyətə apardılar, bu sərin həyətə yaxşı şərab və dadlı yeməklər gətirtdilər; axırda da xoş və məzəli şəkildə ona belə bir sual verdilər: «Necə oldu ki, siz, bir çox qəşəng, nəcib, gözəl cavanların bu gözələ vurulduğunu bilə-bilə ona eşq yetirdiniz?» Maestro bu incə kinayəni başa düşərək gülə-gülə dedi: «Madonna, mənim sevməyim, xüsusilə sizi sevməyim ağıllı adamı gərək təəc-cübləndirməsin, çünki siz belə bir sevgiyə layiqsi-niz. Təbii ki, sevgi məşqində qocaların gücü azlıq eləsə də, sevilmək arzusunu və anlayışını onların əlindən almamışlar; qocalar bunu daha çox ona görə anlayırlar ki, onların dərrakəsi də cavanların dərrakəsindən çoxdur. Madonna, sizi ki bu qədər cavanlar sevir, məni də sizi sevməyə təhrik edən ümid bundan ibarətdir: mən qadınların axşamlar acı paxla və prasa yediyini çox görmüşəm. Prasanın heç yeri dadlı olmasa da, başı bir az yeməlidir, azca da tamlıdır, amma, ümumiy-yətlə, siz qadınlarda iştah pozğunluğu olduğundan, prasanın başını əlinizdə tutur, yarpaqlarını yeyirsiniz, onun yarpaqları heç şeyə yaramır, tamı da pisdir. Madonna, mən nə bilim ki, siz də özünüzə aşiq seçəndə belə hərəkət etmirsiniz? Belə olmasaydı, siz məni seçər, başqalarını rədd edərdiniz». Malgerita, o biri qadınlar kimi, bir az utanaraq dedi: «Maestro, siz bizə təkəbbürlü niyyətimiz üstündə yaxşı tənbeh verdiniz, hər halda sizin sevginiz, ağıllı və ləyaqətli bir adamın sevgisi kimi, mənim üçün çox qiymətlidir, buna görə də mənimlə, öz kəniziniz kimi, sərbəstcə rəftar edin, ancaq bunu heç kəs bilməsin, adım ləkələnməsin». Maestro hamı ilə bərabər ayağa qalxaraq, gülə-gülə, fərəhlə qadınla vidalaşıb getdi. Bu qayda ilə Malgerita, kimi lağa qoymaq istədiyinin fərqinə varmadan, özü məğlub oldu. Siz ağıllı hərəkət etsəniz, bundan özünüzü çox gözəl qoruya bilərsiniz.

Cavan xanımların və üç gəncin söylədiyi hekayələr qurtaranda günəş üfüqə sarı əyilirdi, isti xeyli azalmışdı. Kraliça zarafatla dedi: «Əziz dostlar, hökmranlıq etdiyim bu gündə sizə yeni bir kraliça verməkdən başqa ayrı bir işim qalmadı. Qoy yeni kraliça, ləyaqətlə əylən-mək məqsədi ilə, özünün həyatını və bizim həyatımızı, öz mülahizəsinə əsasən, sabahkı gün üçün təşkil etsin. Belə baxanda, axşama hələ çox qalmışdır, lakin vaxtında binagüzarlıq etməyən adam yaxşı dolanacaq düzəldə bilməz; bir də ki, yeni kraliçanın öz mülahizəsinə görə işə başlaması üçün, hər şeyi hazırlamaq, məqsədi ilə, mən bu qərara gəlirəm: sonrakı məclislərimiz bu vaxtdan başlan-sın. Buna görə hamını öz pənahında saxlayan allahın naminə, həm də bizim əylənməyimiz üçün bu çöl səltənətinin sabahkı gününə cavan və ağıllı Filomena rəhbərlik eləsin». O belə deyəndən sonra yerindən qalxdı, dəfnə çələngini başından götürüb hörmətlə Filomenanın başına qoydu, əvvəl özü, kraliçaya təzim edən kimi, onun qarşısında baş əydi, sonra da o biri xanımlar və cavanlar, özlərini onun ixtiya-rına verərək, təzim etdilər. Filomena hökmranlıq çələnginin başına qoyulduğunu görüb qızardı, Pampineyanın bu yaxında söylədiyi sözləri xatırladı, sadəlövh görünməmək üçün özünü ələ alıb, əvvəl, Pampineyanın təyin etdiyi adamların vəzifəsini yenidən təsdiq elədi, sabah səhərə və axşama, bu günkü yerdə hansı yeməklərin hazırlan-ması haqqında sərəncam verdi, sonra da belə bir nitq söylədi: «Əziz dostlar, Pampineya məni ləyaqətli olduğum üçün deyil, öz lütfkarlığı sayəsində sizin kraliçanız təyin etsə də, mən bizim dolanacağımızı ancaq özüm istədiyim kimi qurmaq fikrində deyiləm, öz fikrimlə bərabər sizin də rəyinizi nəzərə alacağam. Buna görə mənim nə edə-cəyimi bildikdən sonra, sizin fikrinizcə, buna bir şey artırmaq ya əskiltmək məsələsini bir neçə sözlə izah etmək istəyirəm. Bu gün mən Pampineyanın verdiyi sərəncamlara diqqət yetirdim, bunlar mənə həm tərifəlayiq, həm də əylənməyə kömək edən bir sərəncam kimi göründü; bu tədbirlər çox təkrar edildiyindən, ya başqa bir səbəbdən bizi darıxdırmayınca, mən onları dəyişməyi lazım görmü-rəm. İndi biz, verilən sərəncamı həyata keçirməyə başlayaraq, günəş qürub edəndən sonra fərəhlə gəzərik, sərində şam edərik, bir neçə nəğmə oxuyarıq, əylənərik, sonra da gedib yatarıq. Sabah da hava sərinkən ayağa qalxarıq, kimin könlü necə istərsə, elə də gedib əylənər. Sonra da, bu günkü kimi, müəyyən edilmiş vaxtda nahara gələrik. Nahardan sonra bir az rəqs edərik. Yuxudan qalxıb bu günkü kimi, bura hekayə söyləməyə gələrik, məncə, ən böyük, ləzzət də, fayda da bundadır. Mən bir şeyi də başlamaq fikrindəyəm. Pampineya kraliçalığa geç seçildiyindən, bunu edə bilmədi: bizim danışacağımız şeylərin mövzusunu bir qədər məhdudlaşdırmaq fikrindəyəm, bunu da qabaqcadan sizə bildirmək istəyirəm, qoy hamının bu mövzuda yaxşı bir hekayə düşünməyə vaxtı olsun. Bu, sizin xoşunuza gəlirsə, məsələ bundan ibarət olacaq: dünya yaranan-dan bəri qəza-qədərin təsadüfləri nəticəsində insanların başına çox müsibətlər gəlmişdir, dünyanın sonuna qədər də belə müsibətlər gələcəkdir, qoy hər kəs elə adamlardan danışsın ki, onlar bir çox çətinliklərdən sonra, heç gözlənilmədiyi halda, öz məqsədlərinə çatırlar». Qadınlar da, kişilər də eyni dərəcədə bu tədbiri bəyəndilər, ona əməl edəcəklərini söylədilər. Hamı susduqdan sonra Dioneo sözə başladı: «Madonna, o birilər deyən kimi, mən də deməliyəm ki, sizin bu tədbiriniz çox yaxşı və tərifəlayiq tədbirdir; ancaq mən sizin yüksək iltifatınızdan bir töhfə istərdim; nə qədər ki bizim bu cəmiy-yətimiz var, qoy o mənim əlimdən alınmasın. Dediyim töhfə də budur: sizin bu tədbiriniz məni həmin mövzuda hekayə söyləməyə məcbur etməsin, mən könlüm istədiyi şeyi öz hekayəmdə nəql edə bilim. Qoy elə güman edilməsin ki, ehtiyatda hekayəm olmadığı üçün mən belə bir mərhəmətin təmənnasındayam, bunu sübut etmək üçün həmişə ən axırda hekayə söyləməyə hazıram». Kraliça onun məzəli və güşad bir adam olduğunu bilirdi, həm də bu xahişi nə məqsədlə etdiyini başa düşürdü: o istəyirdi ki, cəmiyyət düşün-məkdən yorulanda, gülməli bir hekayə ilə onun kefini açsın. Buna görə həvəslə, həm də hamının razılığı ilə bu mərhəməti ondan əsirgəmədi. Sonra onlar qalxıb, ağacların kölgəsi altından, iri daşlar, yaşıl otlar arasından axan duru sulu çaya sarı yavaş-yavaş getdilər. Çay bir tənədən enərək dərəyə axırdı. Xanımlar burada ayaqqabı-larını çıxartdılar, qollarını çırmalayıb, suya girdilər. Suyun içində gəzə-gəzə əylənməyə başladılar. Axşam yeməyindən sonra musiqi alətlərini gətirtdilər. Kraliça əmr etdi ki, rəqsə başlanılsın. Rəqsi Lauretta idarə etməli, Yemiliya nəğmə oxumalı, Dioneo da rübab çalaraq, onunla həmsaz olmalı idi, Lauretta əmrə əsasən dərhal rəqsi idarə etməyə başladı, Yemiliya da gözəl səslə bu nəğməni oxudu:

Mən o qədər məftunam öz gözəlliyimə.
Heç də mənə gərək deyil başqa məhəbbət.
Könül vermərəm mən daha heç kimə.

Mən baxıram özümə, bu lətafətimdə
Bir məlahət duyuram ki, könüllər oxşar.
Bu sevinci, bu nəşəni məlahətimdən
Nə təsadüf, nə də köhnə fikirlər qovar.
Xəyalıma gətirmirəm, bilmirəm varmı,–
Yoxdur məncə bu dünyada elə başqa bir varlıq,
Ürəyimi məftun edən cazibədarlıq.

Nə vaxt ki istəsəm özümü sakit edəm,
O saatca ürəyimin duyur səsini.
O gəlir, qəlbimi nəşə bürüyür o dəm.
Ürəyin bu sevincini, bu nəşəsini
Sözlə ifadəyə acizəm, mən acizəm.
Bir də bunu, mən desəm də, anlaya bilməz
O məftunluq anlarını yaşamayan kəs.

Fikrim mənim ayrılmayır ondan nə qədər,
O qədər də çox alışıb-yanıram, ancaq
Deyirəm ki, sevincim də böyük olacaq.
Elə nəşə istəyirəm, ona bərabər
Sevinc hissi bir ürəkdə olmasın heç vaxt.

Oyun nəğməsini hamı həvəslə oxudu. Lakin nəğmənin sözləri bəzilərini düşündürdü. Sonra yenə rəqs etdilər. Qısa gecənin bir hissəsi keçmişdi, kraliça birinci günə son verməyi lazım bildi; buyruq verdi, məşəlləri yandırdılar. Hamının gedib sabaha kimi dincəlməsini əmr etdi, qızlar və oğlanlar əmrə itaət etdilər, hər kəs öz otağına qayıtdı.

İKİNCİ GÜN

Dekameronun birinci günü qurtarır, ikinci günü başlanır; bu gün Filomenanın rəhbərliyi altında, bir çox ağır müsibətlərdən sonra, heç gözlənilmədiyi halda öz məqsədinə çatan adamlardan bəhs olunur

Günəş hər yerə öz işığını saçmışdı, quşlar da yaşıl budaqlarda şən nəğmələr oxuya-oxuya bunu hamıya xəbər verirdi; bu zaman xanım-lar, üç də cavan oğlan qalxıb bağa getdilər. Onlar şehli ot üstündə gəzə-gəzə, çiçəklərdən qəşang çələnglər hörə-hörə xeyli vaxt bağda o baş-bu başa gəzdilər. İndi də, dünənki kimi, hava sərinkən səhər çörəyini yedilər, rəqs etdikdən sonra dincəlməyə getdilər. Saat doq-quzda ayağa qalxıb, kraliçanın sərəncamına əsasən, sərin çəmənə yollandılar. Halay vurub oturdular. Başına dəfnə çələngi qoyulmuş gözəl və füsunkar Filomena bir az dalğın halda durdu, sonra hamını gözdən keçirib, Neifilaya əmr etdi ki, hekayə söyləməyə başlasın. Neifila da qeyd şərtsiz, gülərüzlə sözə başladı.

BİRİNCİ HEKAYƏ

Martellino özünü yalandan çolaqlığa qoyur, sonra da özünü elə göstərir ki, guya müqəddəs Arriqonun meyitinə toxunmaqla qıçı yaxşı olur. Yalanın üstü açılanda onu döyürlər, asmaq istəyirlər, axırda təhlükədən xilas olur.

Əziz xanımlar, çox vaxt elə olur ki, başqalarını, xüsusilə hörmətə layiq olan şeyləri ələ salmaq istəyən adamlar özləri pis vəziyyətə düşür, bəzən bundan zərər də çəkirlər. İndi mən, kraliçanın buy-ruğuna əməl edərək, qarşıya qoyulan məsələ üzrə öz hekayəmə başlayıram. Bununla da bizim bir vətəndaşın başına gələn əhvalatdan danışmaq fikrindəyəm: əvvəl o, bədbəxtliyə düçar olur, sonra da, heç gözlənilmədiyi halda, yaman xoşbəxt olur.

Bir az bundan əvvəl Trevizoda Arriqo adlı bir alman yaşayırdı. O, yoxsul olduğundan, kim istəsəydi, ona kirayəsi ilə yük daşıyardı. O həm də çox vicdanlı, mömin bir adamdı. Buna görə, öləndə, lap can ağzından çıxanda (doğrumu, yalanmı) trevizolular deyir ki, Trevizo baş kilsəsinin bütün zəngləri, heç kəsin əli dəymədən, çalınmağa başladı. Bu, bir möcüzə hesab edildi, hamı dedi ki, Arriqo müqəddəs adamdır. Bütün şəhər camaatı yüyürə-yüyürə onun meyiti olan evə gəldi, onu müqəddəs bir şəxs kimi baş kilsəyə apardılar; çolaqları, şikəstləri, korları və xəstəliyə tutulan bütün adamları ora gətirdilər, sanki hamı bu meyitə toxunmaqla sağalacaqdı.