banner banner banner
Əlvida silah
Əlvida silah
Оценить:
 Рейтинг: 0

Əlvida silah

Əlvida silah
Ernest Miller Heminquey

Roman avtobioqrafik sayılır. Yazıçı birinci Dünya Müharibəsində italyan cəbhəsində Qızıl Xaçın könüllüsü kimi iştirak edib. Milanda yaralanıb hospitala düşən Heminquey tibb bacısına aşiq olub.

""Əlvida, silah!"" üslub gözəlliyi və ifadəliliyi baхımından Heminqueyin ən yaхşı əsəri sayılır. Romanın adına gəlincə, yazıçı onu əvvəlcə «Savaşda eşq», «Gözoxşayan», «Vaxt da yetər, sülh də», ""Silahlara əlvida"" adlandırmaq istəyib. Ən sonda, «Əlvida, silah! » (1929) adının üstündə dayanıb.

Ernest Heminquey

«Əlvida, silah!» (roman)

BİRİNCİ KİTAB

BİRİNCİ FƏSİL

O il yayın axırlarında biz kənddə dayanmışdıq, qaldığımız balaca evdən çay və düzəngah görünür, bunlardan o yanda isə dağlar ucalırdı. Çayın yatağına günün altında quru və ağ görünən qənbər və çınqıl döşənmişdi, su isə şəffaf və iti idi, axarlarda göm-göy olurdu. Evin yanındakı yolun yanından qoşunlar keçirdi, onların qaldırdıqları toz ağacların yarpaqlarına yatırdı. Ağacların gövdələri, də toz ilə örtülmüşdü və həmin il yarpaqlar tez tökülməyə başlamışdı, biz də qoşunların yol ilə necə getməyinə, tozun burularaq havaya qalxmağına, küləyin tökülən yarpaqları qabağına qatıb aparmağına, sonra isə ağaran boş yolda ancaq yarpaqların tökülüb qalxmağına baxırdıq.

Düzən məhsuldar idi, orada çoxlu meyvə bağları vardı. Düzəndən o yandakı dağlar isə boz və çılpaq idi. Dağlarda vuruşma gedirdi və gecələr partlayışların alovları görünürdü. Qaranlıqda bunu şimşəyə oxşatmaq olardı; amma gecələr sərin keçirdi, havada tufan olacağı sezilmirdi.

Bəzən qaranlıqda pəncərələrimizin altından qoşunların keçdiyini və yedəyə alınmış topların yanımızdan ötdüyünü eşidirdik. Gecələr yolda hərəkət güclənirdi, yəhərlərinin hər iki tərəfinə döyüş sursatı ilə dolu yeşiklər yüklənmiş çoxlu qatır gedirdi, əsgərlərin əyləşdiyi boz yük maşınları ötüb keçirdi, yük vurularaq üstünə brezent çəkilmiş və çox da sürətli olmayan maşınlar irəliləyirdi. Gündüzlər də yedəyə alınmış ağır toplar keçib gedirdi, uzun toplar yaşıl budaqlarla örtülü olurdu, yedəkçi maşınların üstünə sıx yaşıl budaqlar və tənək yığılırdı. Bizim dayandığımız yerdən şimalda vadi var idi, onun arxasında şabalıd meşəsi başlayırdı, daha sonra çayın biz tərəfdə olan sahilində bir dağ da ucalırdı. O dağı da almaq istədilər, amma bir şey çıxmadı, payız düşəndə, yağışlar başlarkən şabalıdın bütün yarpaqları töküldü, budaqlar çılpaq qaldı, ağacların gövdələri yağışdan qaraldı. Meynələr də seyrəldi, çılpaqlaşdı və hər yer su içində, bomboz payıza xas halda ölgün idi. Çayın üstünü duman bürüyürdü, buludlar dağlara doğru sürünürdü, yük maşınları yolda palçığı ətrafa sıçradırdı, kirli və su içində olan əsgərlər öz plaşlarına bürünüb gedirdilər; onların tüfəngləri yaş idi, kəmərlərindəki iki dəri patron çantası, nazik 6,5 millimetrlik patron daraqlarından ağırlaşmış boz dəri çantalar qabaq tərəfdən plaşın altından elə çıxmışdı ki, elə bil yol ilə gedən əsgərlər altı aylıq hamilə idilər.

Çox iti gedən balaca boz minik maşınları ötüb keçirdi; adətən şoferin yanında zabit əyləşirdi, arxada da zabitlər oturardılar. Bu maşınlar yük maşınlarından daha çox palçıq sıçradardı, əgər zabitlərdən birinin boyu lap balaca idisə və arxada iki generalın arasında otururdusa, çox balaca olduğundan üzü görünmürdüsə, ancaq kepisinin təpəsi və ensiz kürəkləri nəzərə çarpırdısa, həm də maşın lap iti gedirdisə, onda bu ehtimal ki, kral idi. O, Udinedə yaşayırdı və demək olar, hər gün bu yol ilə keçirdi ki, görsün işlər necə gedir, işlər isə çox pis gedirdi.

Qışın girməsi ilə fasiləsiz yağışlar başladı, yağışların yağması ilə isə vəba başladı. Amma onun yayılmasına imkan vermədilər, odur ki, bütün dövr ərzində bundan orduda cəmi yeddi min adam öldü.

İKİNCİ FƏSİL

O biri il çoxlu qələbə oldu. Vadinin o tərəfindəki dağ və şabalıd meşəliyinin olduğu yamac alındı və düzəndən cənubdakı yaylada da qələbələr oldu və avqust ayında biz çayı keçib Qorisiyada, divarlarına al-qırmızı liana sarmaşan evdə yerləşdik, hündür hasarlı bağda isə fəvvarə və sıx kölgəli çoxlu ağac var idi. İndi döyüşlər yaxındakı dağlarda, bizdən cəmi bir mildən az olan məsafədə gedirdi. Çox yaxşı şəhər idi, bizim ev isə çox gözəl idi. Çay bizim evin arxa tərəfindən axırdı, şəhər də çox asanlıqla tutulmuşdu, lakin şəhərin dalındakı dağları almaq mümkün olmadı, mən də sevinirdim ki, müharibə qurtararsa, görünür, avstriyalılar bir vaxt bura qayıtmaq fikrindədirlər, çünki onlar şəhəri elə bombardman etmirdilər ki, onu dağıtsınlar, elə-belə, qayda-qanun xatirinə edirdilər. Əhali şəhərdə qalmışdı və orada hospitallar, kafelər var idi, döngələrdə toplar qoyulmuşdu, iki fahişəxana da var idi – biri əsgərlərdən ötrü, digəri zabitlərdən ötrü; yay çıxarkən gecələrin sərin keçməsi, döyüşlərin yaxın dağlarda getməsi, mərmilərin körpünün dəmirini əzməsi, çay kənarında döyüş meydanı olmuş yerdə dağıdılmış tunel, meydanın ətrafındakı ağaclar və meydana gedən küçələr boyu iki cərgə uzanan ağaclar, – bütün bunlar və bir də şəhərdə qızların olması, kralın öz boz maşınında yanımızdan ötüb keçməsi, indi onun üzünü və boynu uzun balaca fiqurunu görməyin mümkün olması, – bütün bunlar bir də divarları mərmi ilə dağıdılmış və içərisi gözlənilmədən boşalmış evlər, bağlarda və bəzən də küçələrdə mala və xırda daş yığını, bir də Karsoda işlərin yaxşı getməsi bu ilin payızını keçən ilin kənddə durduğumuz payızından əsaslı surətdə fərqləndirirdi. İndi müharibə də başqa cür olmuşdu.

Şəhər kənarında olan dağın üstündəki palıd meşəsi məhv edilmişdi. Yayda biz şəhərə gələrkən bu meşə yaşıl idi, indi isə ondan kötüklər və parçalanmış ağacların gövdələri qalmışdı, bütün torpaq alt-üst olmuşdu və bir dəfə, payızın axırında, əvvəllər palıd, meşəsi olan həmin yerdən baxarkən gördüm ki, dağın arxasından bulud gəlir. Bulud sürətlə gəlirdi və günün üzü tutqun sarı rəng aldı, sonra da hər tərəf bozardı, səma tutuldu və bulud dağın üstünə yatdı, birdən bizi də bürüdü, bu, qar idi. Küləyin səmti ilə qar çəpəki yağırdı, çılpaq yer qarın altında qalırdı, ancaq ağacların kötükləri görünürdü, qar topların üstünə yatırdı və səngərlərin arxasından ayaqyoluna tərəf gedən yerlərdə qarın üstünə izlər düşmüşdü.

Axşam şəhərə enib zabitlərin fahişəxanasında pəncərənin qarşısında, dostumun yanında oturmuşdum, qabağımızda bir şüşə asti və iki stəkan var idi. Bayırda qar yağırdı, pəncərədən qarın yavaş-yavaş və topa-topa yağmasına baxıb başa düşürdük ki, bu ilimiz batdı. Çayın yuxarı axarındakı dağlar alınmamışdı; çayın o biri sahilində də heç bir dağ alınmamışdı. Bütün bunlar gələn ilə qalmışdı. Dostum küçədə palçığın içi ilə ehtiyatla addımlayan bizim polk keşişini gördü və onun diqqətini cəlb etmək üçün şüşəni döyməyə başladı. Keşiş başını qaldırdı. O, bizi görüb gülümsündü. Dostum onu barmağı ilə çağırdı. Keşiş başını tərpədərək ötüb keçdi. Axşam zabitlər yeməkxanasında hamı oturub ciddi tərzdə və tələsə-tələsə spagetti yeyirdi, spagettini çəngələ batırıb elə qaldırırdıq ki, ucları havadan sallansın və ağıza aparmaq mümkün olsun, a da spagettini çəngələ keçirib azca qaldıran kimi ara vermədən ağzımıza soxurduq, üstündən isə səbətə geydirilmiş mətərədən şərab içirdik, – mətərə dəmir piştaxtanın üstündə ləngər vururdu, şəhadət barmağı ilə mətərənin boğazını əyən kimi, elə həmin əlində tutduğun stəkana al-qırmızı, ağızı qamaşdıran və ləzzətli şərab axırdı. Spagettini yeyəndən sonra kapitan keşişə sataşmağa başladı.

Keşiş cavan idi və tez qızarırdı, geydiyi forma da bizimki kimiydi, ancaq boz frençinin sol döş cibinin üstünə tünd qırmızı məxmərdən xaç tikilmişdi. Kapitan ancaq mənim xatirimə pozuq italyan dilində danışırdı, nədənsə belə hesab edirdi ki, bu cür hər şeyi daha yaxşı başa düşə bilərəm və heç bir şeyi ötürmərəm.

– Bu gün keşiş qız yanın gəlir deyərək kapitan keşişə və mənə baxdı.

Keşiş gülümsündü və qızardı. Başını tərpətdi. Kapitan tez-tez onu lağa qoyardı.

– Belə deyil? – kapitan soruşdu. – Mən bu gün keşiş qız yanında gördü.

– Yox, – keşiş cavab verdi. Qalan zabitlər kapitanın lağlağısı ilə əylənirdilər.

– Keşiş qız yox, – kapitan davam etdi. – Keşiş heç vaxt qız yox, – o, məni başa saldı. O, gözlərimin içinə baxa-baxa və keşişi də nəzərdən qaçırmadan stəkanımı götürüb doldurdu.

– Keşiş hər gecə öz-özünə, – ətrafdakıların hamısı gülüşdü. – Başa düşürsünüz? Keşiş hər gecə öz-özünə, – kapitan əli ilə göstərdi və ucadan qəhqəhə çəkdi. Keşiş buna zarafat kimi baxırdı.

Mayor:

– Papa istəyir ki, müharibəni avstriyalılar udsunlar, – dedi. – O, Frans-İosifi sevir. Bir baxın, görün avstriyalılar pulu hardan əldə edirlər. Mən ateistəm.

– Siz heç «Qara donuz»u oxumusuz? – leytenant soruşdu. – Mən sizdən ötrü taparam. Mənim inamımı sarsıdan bax bu kitabdır.

Keşiş:

– Bu murdar və pis kitabdır, – dedi. – Ola bilməz ki, bu doğrudan da sizin xoşunuza gəlsin.

– Çox faydalı kitabdır, – leytenant söylədi. – Orada keşişlər barədə hər şey deyilir. Sizin xoşunuza gələr, – o mənə dedi.

Mən keşişə baxıb gülümsündüm, o da şamın şöləsi üstündən mənə gülümsündü.

– Onu oxumayın, – dedi.

– Mən sizin üçün taparam, – leytenant söylədi.

Mayor:

– Bütün düşünən adamlar ateistdirlər, – dedi. – Amma mən masonluğu da qəbul etmirəm.

– Mən isə masonluğu qəbul edirəm. Bu xeyirxah təşkilatdır.

Kim isə içəri girdi və mən qapının arasından qarın neçə yağdığını gördüm.

– Madam ki, qar yağır, onda hücum olmayacaq, – dedim.

Mayor:

– Əlbəttə, olmayacaq, – dedi. – İndi məzuniyyət alsanız pis olmaz. Romaya, Neapola, Siciliyaya gedərsiz…

– Qoy o, Amalfiyə getsin, – leytenant dedi. – Mən Amalfidə-ki qohumlarıma məktub yazıb sizə verərəm. Onlar sizi öz oğul-ları kimi sevərlər.

– Qoy o, Palermoya getsin.

– Kapriyə getsə, daha yaxşıdır.

Keşiş dedi:

– Mən istərdim ki, siz Abrutssıya gedib Kaprakottada mənim qohumlarımın qonağı olaydız.

– Abrutssıya getmək ona çox da lazımmış. Orada qar buradakından da çoxdur. Kəndlilərə baxıb ləzzət alacaq? Qoy mədəniyyət və sivilizasiya mərkəzlərinə getsin.

– Elə yerə getsin ki, orada gözəl qızlar var. Mən sizə Neapoldakı adresləri verərəm. Qəşəng cavan qızlar – hamısı da analarının yanında. Ha-ha-ha!

Kapitan yumruğunu açdı, baş barmağını qaldırıb, qalanlarını Çin kölgələri göstərənlər kimi araladı. Divara onun əlinin kölgəsi düşmüşdü. O, yenə pozuq dildə danışmağa başladı.

– Siz bu cür getdi, – o, baş barmağını göstərdi, – bu cür isə qayıtdı, – o, çeçələ barmağına toxundu. Hamı güldü.

– Baxın, – deyə kapitan onlara müraciət etdi. O, yenə barmaqlarını araladı. Şamın şöləsi barmaqların kölgəsini yenə divara saldı. O, baş barmağından başlayaraq beş barmağının beşini də bir-bir saydı: sotto tenente[1 - Kiçik leytenant (italyanca).] (baş barmaq), tenente[2 - Leytenant (italyanca).] (şəhadət barmağı), capitano[3 - Kapitan (italyanca).] (orta barmaq), maggiore[4 - Mayor (italyanca).] (adsız barmaq) və tenente-colonello[5 - Podpolkovnik (italyanca).] (çeçələ barmaq). – Siz sotto-tenente kimi gedirsiniz! Siz tenente-colonello kimi qayıdırsınız.

Hamı güldü. Kapitanın Çin kölgələri çox müvəffəqiyyətli keçdi. O keşişə baxıb çığırdı.