banner banner banner
Həqq Məndədir
Həqq Məndədir
Оценить:
 Рейтинг: 0

Həqq Məndədir

Həqq Məndədir
İmadəddin Nəsimi

İ.Nəsimi Azərbaycan şerinin şəkli xüsusiyyətlərinin təkmilləşməsində çox mühüm rol oynamış, əruz vəzninin bəhrlərini Azərbaycan dilinin xüsusiyyətlərinə uyğunlaşdırmağa çalışmışdır. O, əsərlərini 3 dildə yazmışdır.

Nəsimi Azərbaycan ədəbiyyatında ana dilində ilk dəfə müstəzad, mürəbbe və tərcibəndlər yazmışdır. Onun rübailəri, tüyuğları bədii quruluş və məzmunca orijinal və qiymətlidir. Rübailərində hürufiliyin müddəaları, şairin fəlsəfi görüşləri, Həyat və Kainat haqqında düşüncələri yığcam və məntiqi bir dildə ifadə olunmuşdur.

Nəsiminin əsərləri hələ sağlığında Azərbaycan, Yaxın Şərq, İraq, Kiçik Asiya və Suriyada, eləcə də Orta Asiyada və uyğurlar içərisində geniş şöhrət tapmışdı. Nəsiminin ana dilində yazdığı əsərlər Azərbaycan şerinin inkişafına, o cümlədən Şah İsmayıl Xətai , Füzuli, Vaqif kimi böyük sənətkarların yaradıcılığına qüvvətli təsir göstərmişdir.

Kitabımıza şairin şeirləri, qəzəlləri, müstəzadları, tərcibəndləri, tuyuğları, məsnəviləri daxil edilmişdir.

İmadəddin Nəsimi

Həqq Məndədir. Seçilmiş əsərləri

ŞEİRLƏR

«Məndə sığar iki cahan, mən bu cahana sığmazam…»

Məndə sığar iki cahan, mən bu cahana sığmazam,
Gövhəri-laməkan mənəm, kövnü məkana sığmazam.

Ərşlə fərşü kafü nun məndə bulundu cümlə çün,
Kəs sözünüvü əbsəm ol, şərhi-bəyana sığmazam.

Kövni-məkandır ayətim, zatidürür bidayətim,
Sən bu nişanla bil məni, bil ki, nişana sığmazam.

Kimsə gümanü zənn ilə olmadı həqq ilə biliş,
Həqqi bilən bilir ki, mən zənnü gümana sığmazam.

Surətə baxü mə’nini surət içində tanı kim,
Cism ilə can mənəm, vəli cism ilə cana sığmazam.

Həm sədəfəm, həm inciyəm, həşrü sirat əsinciyəm,
Bunca qumaşü rəxt ilə mən bu dükana sığmazam.

Gənci-nihan mənəm mən uş, eyni-əyan mənəm, mən uş,
Gövhəri-kan mənəm, mən uş, bəhrəvü kana sığmazam.

Gərçi mühiti-ə’zəməm, adəm adımdır, adəməm,
Tur ilə künfəkan mənəm, mən bu məkana sığmazam.

Can ilə həm cahan mənəm, dəhrilə həm zaman mənəm,
Gör bu lətifəyi ki, mən dəhrü zamanə sığmazam.

Zərrə mənəm, günəş mənəm, çar ilə pəncü şeş mənəm,
Surəti gör bəyan ilə, çünki bəyana sığmazam.

Zat iləyəm, sifat ilə, gülşəkərəm nabat ilə,
Qədr iləyəm bərat ilə, bəstə dəhana sığmazam.

Nara yanan şəcər mənəm, çərxə çıxan həcər mənəm,
Gör bu odun zəbanəsin, mən bu zəbana sığmazam.

Şəhd ilə həm şəkər mənəm, şəms mənəm, qəmər mənəm,
Ruhi-rəvan bağışlaram, ruhi-rəvana sığmazam.

Tir mənəm, kaman mənəm, pir mənəm, cavan mənəm,
Dövləti-cavidan mənəm, ayinədana sığmazam.

Gərçi bu gün Nəsimiyəm, haşimiyəm, qureyşiyəm,
Məndən uludur ayətim, ayətə, şana sığmazam.

«Sirri-ənəlhəq söylərəm aləmdə, pünhan gəlmişəm…»

Sirri-ənəlhəq söylərəm aləmdə, pünhan gəlmişəm,
Həm həq derəm, həq məndədir, həm xətmi-insan gəlmişəm.

Həm Lövhü Tovratü Zəbur, İncilü Qur’anü Sühəf,
Həm mən kəlami-natiqəm, həm cəm’i-Qur’an gəlmişəm.

Həm ayəti-rəhman mənəm, həm rəhməti-rəhman mənəm,
Həm vəhyi-mütləq söylərəm, həm nuri-yəzdən gəlmişəm.

Musa kimi didarına müştaqsan, gəl üştə gör,
Anəstünaram, həm şəcər, Musi-bin-İmran gəlmişəm.

Sevdan ilə məst olmuşam, həm içmişəm qəmdən müdam,
Məsti-ələstin camıyam niçün ki, tüğyan gəlmişəm.

Həm mən qələndərsurətəm, fərdəm, mücərrəd təcridəm,
Oldum fəqirü həm gəda, həm mülkə sultan gəlmişəm.

La-reybə-illa vəchəhu gəldi anın vəchində uş,
Aləmdə hüsnün vəchinə mən vəchi-bürhan gəlmişəm.

Hüsnü camalın nəqşini gördü əzəldə gözlərim,
Bu hüsnə heyran olmuşam, mən nəqşə heyran gəlmişəm.

Mişkin saçın zülmatına yol bulmaq istər, Xızrı gör,
Lə’lin şərabın içmişəm, mən abi-heyvan gəlmişəm.

Gəlmiş cahana şərh edər şimdi Nəsimi həq sözün,
Ani kim idrak eyləsin, mən sirri-pünhan gəlmişəm?!

«Kövsərin eynindən axır çeşmeyi-abi-həyat…»

Kövsərin eynindən axır çeşmeyi-abi-həyat,
Zülmətin dövranı keçdi, aradan getdi məmat.