banner banner banner
Yeddi gözəl
Yeddi gözəl
Оценить:
 Рейтинг: 0

Yeddi gözəl

– Niyə bəs dediyin kimi tikməmisən?

Neman şah xəyal eylədi ki, onun zəhməti hədərə getdi. Madam ki, Simnar bundan da yaxşı qəsr tikməyə qadirdir. Xəyal etdi ki, başqa padşahlar bu qəsrdən xəbər tutsalar, Simnarı aparıb bundan da yaxşı bir qəsr tikdirəcəklər. Neman əmr elədi, Simnarı qaldırdılar tikdiyi qəsrin başına və o biçarəni qəsrin başından aşağı atdılar.

Simnarın məsələsi həll olunduqdan sonra Neman şah əmr etdi şahzadə Bəhram Ərdəşiri anası ilə birlikdə həmən qəsrə gətirdilər.

Şahzadə Bəhram altı yaşına çatanda Xəvərnəq qəsri hər yerdə şöhrət tapmış, bütün məmləkətlərdə məşhur olmuşdu. Qəsri görən hər kəsi heyrət bürüyürdü. Simnarın hünərinə hamı afərin söyləyirdi. Belə zirək və qabil bənnanı öldürdüyü üçün qəsrin ətrafında gül-çiçək, reyhan və nəbatat əkmiş, behişt kimi baxçalar salmışdılar. Güllərin iyi uzaqdan-uzağa adamı bihuş eləyirdi, xüsusən, sübhün yeli əsəndə gül və reyhanın ətri ətraf şəhərləri cənnətə döndərirdi.

NEMAN ŞAHIN SƏHRAYA ÜZ TUTMASI

Xülasə, tikilmiş bu qəsrdə Bəhrama tərbiyə verirdilər. Neman şah bir saatını da Bəhramı görmədən keçirməzdi. Bu qərarla bir neçə zaman keçdi.

Bir gün Neman şah öz vəziri ilə həmən qəsrdə əyləşmişdi. Onlar qəsrin xoş ab-havasından, tamam yer üzərində belə bir qəsrin və imarətin misli bərabəri olmadığından və insanın burada keçirdiyi bir saatın yüz ilə bərabər tutula biləcəyindən danışırdılar. Bu söhbəti eşidən vəzir dedi:

– Doğrudan, sizin buyurduğunuz kimidir. Amma həyatının bir saatını Allahın qüdrəti haqqında düşünərək keçirsən, yüz il burada yaşamaqdan daha yaxşıdır. Dünyada hər nə varsa, onun zahiridir, amma Allahın neməti və rəhməti axirətdə həqiqidir və əbədidir.

Neman şah vəzirin bu sözündən mütəəssir oldu, rəngi üzündən uçdu. Sifəti getdikcə saraldı. Çox qorxu və vəhşət içində yerindən qalxdı, ağlar gözlə qəsrdən aşağı düşdü, ah və fəğanla səhra tərəfə üz tutub getdi. Vəzir öz dediyindən peşman oldu, lakin gec idi. Vəzir və vəkillər Neman şahın dalınca səhraya üz tutdular. Nə qədər gəzdilərsə, Neman şahdan bir soraq verən olmadı. Münzir ah-zarla ağlamağa başladı. Nəhayət, atasının tapılacağına ümidini itirdi, padşahlıq taxtına çıxıb, hökmranlığa başladı. Münzirin də Neman adlı bir oğlu var idi, o, Bəhramla yaşıd idi. Bir-biri ilə oturub-durar, oynayar, bir yerdə məktəbə gedər, bir yerdə oxuyar və tərbiyə alardılar.

Elə ki Münzir atasının yerində əyləşdi, xalqla son dərəcə ədalətlə rəftar etməyə başladı. Bəhrama atasından da artıq qayğı göstərirdi. Bir saat Bəhramı görməsəydi, aram ola bilməzdi. Bəhram yeddi yaşına çatanda Münzir onun dərs və təlimindən, məşqindən ötəri xüsusi müəllimlər ayırdı, elm və mərifət hasil eləməkdən, hünər göstərməkdən ötrü çox səy göstərdi. Müəllimlərlə mükalimə və mübahisə edərdi və sual-cavabda məharət göstərirdi. Bu minval ilə üç ilin ərzində bütün elmlərlə yanaşı ərəb, fars və hindu dilinə də bələd olmuşdu. Tezliklə riyaziyyat, həndəsə və digər elmlərə yiyələndi. Münzirin Bəhrama məhəbbəti günbəgün artırdı. Bəhramın başına pərvanə kimi dolanırdı. Bəhram zəmanəsinin bilicisi olmuşdu. Kimsə bir dəfə Bəhramın hüsncamalını görürdüsə, məhəbbəti ona qarşı artırdı. Elə ki Bəhram on iki yaşına çatdı, bütün elmlərə və fənlərə yiyələndi, ox atmaq və qılınc oynatmaq məşqinə başladı. Bütün elmlərdə və hünərdə misilsiz olan Münzir şah da hər gün geniş bir meydanda Bəhramın tərbiyəsi ilə məşğul olurdu, ona ox atmaq və qılınc oynatmaq öyrədirdi. Beləliklə, Bəhram üç il müddətində bütün döyüş fənlərinə bələd oldu.

BƏHRAMIN GURU OVLAMASI

Ata minib meydanda çövlan edə-edə bir neçə oxu eyni nöqtəyə atardı. Sonra meydanda Münziri səsləyib atdığı oxları ona nişan verərdi. Balaca Bəhramın atdığı səkkiz oxun hamısı bir-birinə elə yapışırdı ki, sanki onlar ceyranın və ya dovşanın dırnağı idilər. Bəhramda bu cür məharət, hünər və mərifətlər müşahidə olunurdu. O, hər gün ova gedər və dağ eşşəyi şikar edərdi. Bəhramın gur ovlamağa çox meyli olduğu üçün tamam aləmdə Bəhram-Gur kimi məşhurlaşdı. Təəccüb burasındadır ki, o, şikarda dağ eşşəyini kəmənd ilə diri tutardı. Sinni dörd yaşından az olanı azad, yaşı dörddən keçəni şikar edərdi. Bəhram azad etdiyi şikarların sağ buduna öz möhürünü vurardı. O, belə elan etmişdi ki, hər kəs mənim şikarımı ovlasa, onun özü mənim əlimdə şikar olacaqdır. Buna görə də dağ eşşəyinin budunda möhürün yerindən öpüb onu azad edərdi.

Günlərin birində Münzir dövlət əyanları ilə şikara çıxmışdı, səhrada gəzib ov ovlayırdılar. Qəfildən biyabanın bir tərəfindən toz qalxdı. Bəhram bunun səbəbini bilmək məqsədi ilə atını çapıb o tərəfə getdi. Münzir və sair atlılar da onun dalınca yola düşdülər. Amma Bəhrama yetişə bilmədilər.

BƏHRAMIN ŞİRİ OVLAMASI

Bəhram özünü tozanaq yerə yetirib gördü ki, bir aslan bir dağ eşşəyinin kürəyinə minib belini sındırmaq istəyir. Bəhram bunu görən kimi şiri şikarı ilə birlikdə nişan aldı. Bəhramın atdığı ox şirin arxasından dəyib qarnından çıxdı, torpağa sancıldı. O əsnada Münzir şah öz atlıları ilə birlikdə çatıb Bəhramdakı bu məharətə təəccüb elədilər.

Ovdan qayıdan hər kəs öz mənzilinə getdi. Bəhramın bugünkü şöhrəti şəhərə yayıldı. Münzir əmr verdi Xəvərnəq qəsrində həmən şir ilə şikarının və şahzadə Bəhramın atın üstündə şikar elədiyi vəziyyətdə şəklini divara kəsb etdilər.

Bir gün yenə həmən qaydada ova çıxmışdılar. Səhranın hər tərəfinə at salıb ov etməyə məşğul idilər. Bəhram özü səhranın bir tərəfinə təkcə keçmişdi. Münzir və onun atlıları başqa tərəfdə şikarda idilər. Təsadüfən o səhrada bir dağ eşşəyi göründü. Onun qarnının altı qar kimi ağ, beli ləl kimi qırmızı, digər hissələri başdan-ayağa naxışlı və bəzəkli idi. Bəhram onu diri tutmaq fikri ilə kəməndi əlinə alıb dalınca at saldı. Heyvan öz ovçusunu görəndə əl-ayağını yığışdırıb üz qoydu qaçmağa. Gurun gözəlliyindən vəcdəyə gəlmiş Bəhram öz-özünə dedi: “Bu şikarı ovlamayınca qayıtmaram”.

Bu arzu ilə ovun dalınca dörd ağaca qədər at çapdı. Bəhram günün qüruba endiyini və ovun da ələ gəlmədiyini görəndə çox məlul və məhzun oldu. O, gurun bu cür rəftarından təəccüb etdi. Düşündü ki, əcəba, bu sehrdir və ya ki bir başqa şeydir? Bəhram da, gur da yorulmuşdu. Onlar böyük bir dağa yetişdilər. Dağın döşündə bir mağara var idi. Bəhram o mağaraya nəzər salan vaxt gur qeyb oldu. Əlli qədəm qalmışdı ki, mağaraya yetişsin, Bəhramı bir hərarət bürüdü, atı qulaqlarını şəklədi. O, çox fikirləşdi, sonra atdan düşüb özünü mağaranın qapısına yetirdi. Mağaranın içinə baxanda gördü ki, qatran kimi qara və böyük bir əjdaha dal pəncələri üstə oturub gözləri od şöləsi kimi işıq saçır, ağzından tüstü kimi buxar qalxır. Elə ki Bəhram qəfildən bu bəlanı gördü, qəlbinə vahimə düşdü. Qaçmağı şəninə sığışdırmayıb cəsarətləndi və öz-özünə düşündü: “Bu bəlanı mən necə dəf edim, bu nə qəribə vəziyyətdir ki, mən tamaşa eləyirəm, gur haraya getdi, yoxsa bu əjdaha bir tilsimdir?”

Fərasətinin çoxluğundan xeyli götür-qoy elədi və belə qərara gəldi:

– Əlbəttə, bu gur öz gözəlliyi ilə məni aldadıb və qabağıma düşüb bu yerə gətirdi. Ola bilsin ki, əjdaha o heyvana əziyyət verib. Çox güman ki, əjdaha onun balasını tələf eləyib, hər halda bu əjdahadan intiqam almalıyam və bu bəlanı o heyvanın başından dəf etməliyəm.

BƏHRAMIN ƏJDAHANI ÖLDÜRMƏSİ

Sonra Bəhram kamanı əlinə aldı və bir ox çilləyini kamana qoyub, əjdahanın hər iki gözünü nişan aldı. Ox çilləyi kamandan çıxdı, düz gəlib əjdahanın gözünə dəydi. Əjdaha oxun zərbindən elə bir nərə çəkdi ki, mağara lərzəyə gəldi. Qılıncını qınından çıxarıb mağaranın içinə daxil oldu. Var gücü ilə qılıncı əjdahanın boynundan burub başını bədənindən ayırdı. Bəhram əjdahanın başını bədənindən ayırandan sonra onun qarnını cırdı və gurun iki balasını əjdahanın qarnında gördü. Gurun intiqamını aldığına görə Bəhram şad oldu. O, əjdahanın işini bitirəndən sonra mağaradan eşiyə çıxdı, atını minib qayıdanda yenə də o guru gördü. Gur gəlib mağaraya daxil oldu. Bəhram Gurun dalınca mağaraya girdi. “Əcaba, yenə nə isə başqa bir sirr vardır, bu gur yenə intiqam almaq istəyir?” – deyə düşündü. Bu fikirlə mağaranın içərilərinə, bir yerə yetişdi, gördü ki, burada çoxlu cavahirat var. Məlum oldu ki, gur o cavahiratı Bəhrama göstərmək üçün mağaraya daxil olmuşdur. Bu mətləbi anlayan kimi Bəhram şad oldu. Cavahiratın hamısını gözdən keçirdi, mağaradan eşiyə çıxıb öz atına mindi. Mağaranın yerini itirməsin deyə oraya bir nişan qoyan əsnada Münzir şah öz atlıları ilə yetişdi. Hamısı Allah-taalaya çox şükür eylədi. Bəhram da Münziri görüb çox xoşhal oldu. Hər ikisi atdan düşüb mağaraya daxil oldu. Bundan sonra Bəhram bütün cavahiratın yerini Münzirə nişan verdi və əhvalatı əvvəldən-axıra kimi ona danışdı. Münzir ürək dolusu Bəhramın şücaət və qüdrətinə, “Afərin” – dedi. Gecədən çox getmişdi. Onlar qərara aldılar ki, elə orada gecəni səhər eləsinlər və günəş çıxan vaxtı hərəkətə başlasınlar. Səhərə yaxın bir neçə atlı göndərib şəhərdən dəvə və qatır gətirtdilər. Cavahiratı dəvələrə yükləyib şəhərə yola düşdülər. Vilayətin bütün camaatı bu əhvalatı eşitdikdə böyükdən-kiçiyə – hamı şəhərdən çıxıb o əjdahanın tamaşasına getdi. Münzir əmr elədi bir qabiliyyətli şəkilçəkən gətirdilər. Bəhram və əjdahanın əksini çəkdilər və gətirib imarətin bir guşəsindən asdılar. Bəhram qayıdıb imarətə daxil olan kimi oranı gəzməyə başladı. Bu otaqdan o otağa, bu mərtəbədən o mərtəbəyə keçdi. Bir otağa yetişib gördü ki, onun qapısını möhkəm bağlayıblar. Bilmirdi ki, orada nə var. Saraydardan sual eylədi ki, bu otağın qapısını nəyə görə bağlamısınız, burada nə var?

BƏHRAMIN QIZLARIN ŞƏKLİNİ GÖRMƏSİ

Saraydar dua və səna edəndən sonra ərz elədi ki, bu imarət tikilib qurtarandan sonra bu otağın qapısına qıfıl vurublar. Amma tapşırıblar ki, bu otağın açarını səndən başqa heç kəsə verməyim. Neman şah və Simnardan başqa heç kəs bu otağın içini görməyib və məlum deyil ki, onun içərisində nə vardır! Bəhram saraydarın sözündən təəccübləndi. “Əlbəttə, bu otaqda bir sirr var: ona görə belə möhkəm tapşırıblar ki, açarı məndən savayı kimsəyə verməsin” – deyə düşündü. Açarı saraydarın əlindən alıb, qapını açdı. Elə ki otağın içərisinə qədəm qoydu, Bəhramın qəlbini bir dəhşət sardı, çünki otaqda yeddi bəzəkli taxt qoyulmuşdu. Taxtlardan hər birinin üstündə tayı-bərabəri olmayan bir məhliqa bir qız əyləşmişdi.

BƏHRAMIN YEDDİ QIZA AŞİQ OLMASI

Elə ki Bəhramın gözləri o qızların camalına sataşdı, cani-dildən aşiq olub taqətini itirdi. Bir saata qədər otağın divarına söykənib heyran-heyran baxdı. Nəhayət, özünə toxtaqlıq verib irəli getdi və gördü ki, o qızlar heykəlidir. Lakin adama elə gəlirdi ki, onlar həqiqi insandırlar, taxtın üstündə əyləşib söhbət eləyirlər. Bəhram diqqətlə və heyrətli baxışlarla o qızlara baxıb gördü ki, onlar bir-birindən gözəldilər, heç birində eyib yoxdur. Qızların məhəbbəti Bəhramın qəlbində özünə yurd saldı. Biçarə Bəhram birdən-birə yeddi qıza aşıq oldu. Bəhram onlara elə vuruldu ki, səbir və qərarı əlindən getdi, bihuş olub yerə yıxıldı. Bir saatdan sonra huşa gəlib heykəllərə heyran-heyran baxdı. Baxışlarını qaldırıb yuxarı baxanda gördü ki, hərəsinin başının üstündə bir lövhə asılıb. Qabağa gedib əvvəlinci lövhəni əlinə aldı, oxuyanda gördü ki, qızın adı Nurəkdi. O, hind padşahının qızıdır. İkinci qız Yəqmənazdır və o Çin xaqanının qızıdır. Üçüncünün adını Nazpəri yazıblar ki, o, Xarəzm padşahının qızıdır. Dördüncüdə Nəsrinnuş yazılıb, Dəslab şahının qızıdır. Beşinci lövhədə və Dürrüəstə yazılıb, Kəsra padşahının qızıdır. Altıncı lövhədə Humay yazılıb, Rum Qeysərinin qızıdır. Yeddinci lövhə Azəryuna aiddir, Məğrib padşahının qızıdır.

Bəhram o qızların və atalarının adlarını biləndə heyrəti artdı; ətrafına baxanda gördü bir böyük lövhə də otağın başqa tərəfində vardır və burada yazılıb ki, zirək və elmi çox olan münnəcimlər və ulduzşünaslar xəbər veriblər ki, Bəhramın bəxti xoşbəxtdır. Bəhram-Gur Allahın təqdiri və yeddi ulduzun hökmü ilə yeddi iqlimə malik və yeddi padşahın yeddi qızına sahib olacaqdır. Bəhram həmən lövhədən xəbərdar olduqdan sonra özündə bir şadlıq və xoşbəxtlik, tərifəgəlməz bir məğrurluq və özündənrazılıq hiss etdi. Allahın dərgahına şükür etdi, ondan köməklik istədi ki, öz arzusuna yetişsin. Ondan sonra yenə bir-bir o qızlara tamaşa etməyə başladı. Onlardan birini seçmək istədi, ancaq gördü ki, bu mümkün deyil. Xülasə, o yeddi qızın hamısını bəyəndi. Onların məhəbbəti Bəhramın ürəyinə elə əsər elədi ki, o, şəkillərə büt kimi sitayiş elədi və heykəllərin yanında əyləşib ahu-zara məşğul oldu. Çox ağlayandan sonra bunun faydasız olduğunu düşündü. “Gərək ağıllı tədbir tökəsən ki, məqsədə çatasan” – deyə qərarlaşdırdı. Sonra otaqdan eşiyə gəldi. Qapıları qıfılladı, açarı cibinə qoydu. Bu sirri bir kəsə açmadı.

YƏZDİGÜRDÜN ÖLMƏSİ

Öz adəti üzrə atına minib şikara gedib və eyş-işrətə məşğul olurdu. Bəzi vaxtlarda kimsənin xəbəri olmadan tək və tənha o otağa gələr və heykəllərin qənşərində durub deyərdi:

– Ey şux şəkillər, sizin camalınızın vüsalı nə vaxt mənə qismət olacaq? Taqətim, səbri-qərarım əlimdən getdi axı!

Xülasə, bu cür sözlərdən deyib gah şad və gah da kədərli olardı. Elə ki on beş yaşına çatdı, günlərin birində Münzirlə söhbət əsnasında Bəhram dedi:

– Çoxdandır ki, atamın əhvalından xəbərim yoxdur, bilmirəm məni unudub, yoxsa başqa bir səbəb vardır.

Münzir şah onun cavabında dedi:

– Yox, belə deyil, olsun ki, işlərinin çoxluğundan və səltənət işinə başı qarışdığından belədi.

Bəhram Münzirin bu sözlərini qəbul etmədi, həmən saat bir nəfər qasid müəyyən eləyib İran tərəfə yola saldı. Qasid biz az zamanda özünü İrana yetirib Bəhramın hüzuruna qayıtdı. O, çox qəmgin və pərişanhal idi. Bəhram onun əhvalını belə görəndə çox məyus və məhzun oldu. Qasid nə bilirdisə, nə eşitmişdisə, söyləməkdən başqa bir çarə tapmadı. Qasid dedi:

– İrana getdim, şəhərə daxil olmamışdan bir nəfər öküz otaran gördüm və şəhərin vəziyyətini ondan soruşdum. Öküz otaran məni görüb dedi:

– Sən qəribsən, mən sənə deyim, gəl bu şəhərə daxil olma, şəhərə daxil olan hər qəribi tutub həbs eləyirlər və bir də buraxmırlar. Mən bunun səbəbini öküz otarandan soruşdum, dedi ki, daha bundan sonra söz deməyə haqqım yoxdur. Mən onun sözündən götür-qoy eləyib qərar qoydum ki, yaxşısı budur, gedim bir guşədə gizlənim. Kimsə məni görməsin, axşam düşəndə şəhərə daxil olum və bu mətləbi öyrənim. Xülasə, bu məqsədlə gedib bir guşədə gizləndim. Gecə özümü bir kəsə nişan verməmiş daxil oldum. Qəriblər kimi deyil, şəhər əhli kimi saymazyana şəhərdə dolandım. Qədimdən o şəhərdə bir dostum var idi. O dostumla görüşməyə getdim. Elə ki qarşısında məni gördü, şadlıqla salam verdi, evinə apardı, şəhərə necə girdiyimi soruşdu. Onların hamısını ona danışdım və nə üçün şəhərə daxil olmağa mane olduqlarını soruşdum. Dostum ah çəkib dedi:

– Ay qardaş, bunun səbəbini sənə deməyə ixtiyarım yoxdur. İndi beş ildir ki, yol bağlanıb, bu şəhərə daxil olan hər qəribi sual-cavabsız tutub həbs eləyirlər. Səbəbi də budur ki, bizim padşahımız Yezdəgürd beş il bundan qabaq naxoş olanda vəzir, vəkillərə əmr elədi ki, Bəhrama məktub yazsınlar, tezliklə gəlsin. Padşah öz diriliyində səltənət tacını onun başına qoymaq istəyirdi. Vəzir, vəkillər padşahdan razı deyildilər, ona görə Yəzdigürddən olan bir övladın ölkədə padşahlıq eləməsini istəmirdilər. Vaxtı yalan ilə keçirdilər, padşah vəfat elədi. Onu dəfn edəndən sonra vəzir, vəkillər hamısı bir yerə cəm olub məclis qurdular və qərar qoydular ki, bu yerdə Yezdəgürd övladı padşahlıq eləməsin. İndi Xosrov adlı bir nəfəri gətirib özlərinə padşah eləyiblər. Bu xəbər ətrafa yayılmasın deyə beş ildir ki, harada bir qərib görsələr, həbs edirlər. Buna görə də indi sizin şəhərə gəlməyinizdən mən qorxuram.

Elə ki öz rəfiqimdən bu sözü eşitdim, həmən gecə gecikmədən, tələsik şəhərdən çıxdım və sürətlə özümü sizin xidmətinizə yetirdim.

Bəhram atasının vəfatı xəbərini eşidəndə gözlərindən ixtiyarsız yaş tökdü, rəngi saraldı, yerə yıxıldı. Atasının yerində səltənət taxtına otura bilməyəcəyindən rəngi boğulub qaraldı və çox məyus olub ah-zar eləməyə başladı. Bəhramı bu halda görən Münzir də başladı ağlamağa. Lakin Bəhrama təsəlli verməkdən ötrü yerindən qalxdı, onun ətəyini öpüb dedi:

– Xahiş edirəm ki, məhzun və məlul olmayasınız, çünki bu dünya fanidir və heç kəsdən ötrü əbədi deyildir. Həzrəti Şəhriyar Yəzdigürd şah vəfat eləyibsə, xudavəndi-aləm sizin ömrünüzü artırsın. Əgər buna görə qəmgin olubsunuzsa, söz verirəm, nə qədər canım və malım var, sizin xidmətinizdə hazıram və canımı sizə fəda elərəm.

Bəhram özü də qəm-qüssənin faydasız olduğunu başa düşüb, özünə təssəli verib belə düşündü ki, bu işdə tələsmək olmaz. Yəqin ki, onlar belə güman ediblər ki, mən də atam kimi zalım və qəddaram. Bir tərəfdən onların belə düşünməyə haqları da vardır, çünki məni görməyiblər. Hər halda səbir və soyuqqanlılıq etmək lazımdır! Əgər mən ağılla rəftar etsəm, onlar mənə meyl edərlər.

BƏHRAMIN YƏMƏNDƏN HƏRƏKƏT ETMƏSİ

Xülasə, Bəhram bütün bu fikirlərini Münzirə bildirdi və əmr etdi ki, səfərə çıxmaq üçün hazırlıq görsünlər. Münzir piyada və atlı ordusu ilə İran tərəfinə hərəkət etdilər. Elə ki İran sərhədinə yetişdilər, bu xəbər İran əhlinə və Xosrov şahın qulağına çatdı, Xosrov şah öz-özünə dedi: “Böyük bir fitnə baş verəcək”.

O, çox qorxuya düşdü. Dövlət adamlarını topladı və üzünü onlara tutub dedi:

– Madam ki, bu əjdahaxasiyyət Bəhram bu taxt-tacın varisidir, məni niyə bu təhlükəyə saldınız?

– Çünki bizim Bəhrama meylimiz yoxdur. Çalışarıq ki, onu dəf edək. Bəhram uşaqdır, elə ki bizim naməmiz ona çatacaq, o qorxub öz yerinə qayıdacaq.

XOSROVUN BƏHRAMA NAMƏ YAZMASI

Xülasə, hamısı Bəhrama namə yazmağı məsləhət gördü. Məktubu bu məzmunda yazdılar: “Əvvəl Allah-taalya şükür-səna olsun. Ey bəxti uca və ey taleyi cavan şahzadə! Əvvəla, sizə dua və salam olsun. İkinci budur ki, sənin atan vəfat edəndən sonra rəhmli Allah məni padşahlığa layiq bilib və bu səltənət taxtını mənə əta eyləyib. İndi mən İran məmləkətinin sahibi olmuşam. Lakin əsl həqiqətdə İran məmləkətinin taxt-tacına o qədər də meylim yoxdur. Məni padşahlığa layiq biliblər və özlərinə padşah ediblər. Məsəl var, deyirlər: “İnsanın düşməni öz nəfsidir, öz arzusudur”. Sizin üçün dövlət idarə etməkdənsə, eyş-işrət yaxşıdır. Sizə şikara getmək min dəfə bu zəhərli nemətdən yaxşıdır. Öz meyliniz ilə nə vaxt istəsəniz, şikara gedin; niyə özünüzü möhnət və zəhmətə salırsınız? Əgər həqiqəti bilmək istəsəniz, dünyanın padşahlığı sizin eyş-işrətinizdir, heç bir kəsin fikrini çəkməzsiniz. Lakin mən bədbəxt, sizin əksinizə gündüzlər və gecələr qəm, qüssə içində fikir edirəm, eyş-işrətdən məhrum olmuşam. Belə surətdə, ey şahzadə, kaş mən sizin yerinizə olaydım. Həmişə xoşhal gəzib-dolanardım.Yox, mən demirəm ki, siz padşahlığa və tac-taxta layiq deyilsiniz! Hər nə olubsa, sizin atanızdan olub. Çünki bütün rəislər, ordu, vəzirlər və rəiyyət atanızdan razı deyildilər. O zülm və cəfanı ki sizin atanız Yəzdigürd rəiyyətinə eləmişdi, xalq sizin padşahlığınıza razı deyil. Hamısı sizdən incikdirlər. Bunların hamısını özünüz fikirləşin”.

VƏZİRLƏRİN BƏHRAMIN YANINA GƏLMƏSİ