banner banner banner
İskəndərnamə
İskəndərnamə
Оценить:
 Рейтинг: 0

İskəndərnamə

Ağıllı, tədbirli Nüşabə cavab verdi:

– Niyə məni aldatmağa çalışırsan? Əgər sən, həqiqətən, elçi olsaydın, hüzura gələrkən mənə boyun əyərdin. Lakin sən bunu etmədin. Sən bizimlə hökmlə rəftar edirsən və belə rəftar ancaq hökmdarlara məxsusdur.

İskəndər cavab verdi:

– Mən İskəndər deyiləm, elçiyəm. Sizinlə hökmlə danışmağımın səbəbi də məni göndərənin belə əmr etməsidir.

Bu səfər Nüşabə kəskin bir cavab verir:

– Sənin bu davranışın yersizdir, gəl özünü bu qədər çaşdırma.

Nüşabə bu sözləri deyərək üstündə İskəndərin şəkli olan ipək parçanı ona göstərir və böyük bir məğrurluqla dilləndi:

– Bu şəklə diqqətlə bax. Bu sima kimindir? İndi inad etməyin yeri qalırmı?

İskəndər parça üzərində öz şəklini görüb ağıllı Nüşabəyə cavab verməkdə aciz qaldı. Böyük İskəndər Nüşabənin qarşısında qorxudan saraldı və ikiqat qaldı. Onu böyük bir təlaş aldı və Allaha sığındı. Nüşabə onun bu vəziyyətini görüb dedi:

– Ey uğurlu, böyük tacidar bunu bil ki, mən qadın olsam da, heç də kişilərdən geri qalmaram, dünyanın hər işi mənə yaxşı bəllidir. Mən sənə şəklini ona görə göstərdim ki, sən də mənim kim olduğumu yaxşı dərk edəsən. Amma indi bil ki, mən sənə hörmət edəcəyəm və səni adına layiq qarşılayacağam.

Bu sözlər qarşısında pərt olan İskəndər Nüşabənin ağlına, cəsarətinə və mərdliyinə heyran qaldı və heç bir söz deyə bilmədi.

Bundan sonra Nüşabə İskəndərin şərəfinə süfrə düzəltdirdi. O süfrəyə içində dörd cür ləl-cəvahirat olan xonça qoydurdu.

Nüşabə dedi:

– Ey böyük hökmran yeyiniz ən dadlı xuruşlardan.

İskəndər heyrətlə dedi:

– Ey sadə dilbər, heç daş-qaş da yeyilərmi?

Nüşabə gülərək cavab verdi:

– Madam ki, bunlar yeyilməz onda nə üçün sən daş-qaş üçün dünyanı fəth edirsən, əgər daş-qaş yeyilmirsə, onda nə üçün bunlardan ötrü bu qədər qan tökürsən?

İskəndər dedi:

– Ey xanımlar xanımı, doğru söyləyirsən. Eşq olsun belə sağlam fikirli gözələ. Sən mənə mərdliyin yolunu göstərdin. Doğrudan da, sənin adın ucadır.

Beləliklə, dünyanı fəth edən böyük fatehə Azərbaycan qadını, uzaqgörən və mərd hökmdar olan Nüşabə çox ibrətamiz bir dərs verdi.

Bundan sonra İskəndər Nüşabəylə əhd-peyman bağlayaraq Bərdəni tərk etdi.

İSKƏNDƏRİN DƏRBƏND QALASINI ALMASI

Çox qədim rəvayətlərin birində deyilir ki, böyük İskəndər daim faydalı işlər görər, yaxşı insanlarla ünsiyyət qurar, şahlarla yanaşı məzlumlarla da maraqlanarmış. O, zahidlərə, hikmətli insanlara hörmət edər, onlarla məsləhətləşərmiş. Elə bir vaxt gəlir ki, onun ordusundakı əsgərlər bu işdən inciyir. Onlar İskəndərə deyir:

– Ey dünyaları sarsıdan hökmran! Sənin zəfər qazanmağının səbəbi sənin ordundur. Bəs niyə sən bizə yox, zahidlərə nəzər salırsan, dara düşəndə bizimlə yox, onlarla məsləhətləşirsən?

İskəndər bu sözlərə təəssüflənsə də əsgərlərə bir cavab vermir.

Bu əhvalatdan bir neçə vaxt keçir. İskəndər və ordusu çox yollar aşaraq Dərbəndə gəlib çatırlar. Bu vaxt görürlər ki, burada bir mötəbər qala var. Bu qalada quldurlar məskən salmışdır və yoldan keçəni talan edir, incidirlər.

İskəndər orduya bu qalanı almağı əmr edir. Ordu nə qədər çalışıb vuruşsa da bir nəticə hasil olmur. Nəhayət, onlar yorulub İskəndərin yanına gəlib ona deyirlər:

– Ey qüdrətli hökmdar, biz nə qədər çalışsaq da, qalanı ala bilmədik. Yaxşısı budur, geri dönək.

İskəndər onlardan soruşur:

– Burada yaxınlıqda bir zahid varmı?

Bir nəfər deyir:

– Bu yaxın köhüldə qoca bir zahid yaşayır. Heç kimlə ünsiyyət etmir, bir çəngə otla keçinir. Böyük hökmran bu sözləri eşidib dərhal qocanın olduğu yerə gəlir. İskəndər qocanı ehtiramla salamladıqdan sonra ona vəziyyətini izah edir. Qoca deyir:

– Zənnimcə, siz cahangir İskəndərsiniz?

İskəndər təəccüblənərək soruşur:

– Sən məni necə tanıdın?

Qoca cavab verir:

– Elə bilmə ki, dünyada tək sənin güzgün var. Mənim də qəlbim güzgüdür, ona görə də insanları tanıya bilirəm.

İskəndər qocanın müdrik, ağıllı adam olduğunu görüb deyir.

– Ey sınaqlı qoca, gəlmişəm səndən çarə istəməyə. O dağ başındakı qalanı azğın quldurlar tutub və mən də bu qalanı ələ keçirmək, quldurlardan azad etmək istəyirəm.

Vəziyyəti anlayan qoca dərindən bir ah çəkir. Onun ahından uca dağ yerindən oynayır. Qoca İskəndərə deyir:

– İndi sən qayıt. Uca dağ yerindən oynayıb. İskəndər qərargahına geri dönəndə görür ki, qalabəyi hüzura gəlib. Qalabəyi İskəndərə bildirir ki, qalanın hasarı dağılıb. Beləliklə, qala İskəndərə tabe olur. İskəndər üzünü ordusuna tutub deyir:

– Görürsünüzmü, qırx gündə daş-qalaqla ala bilmədiyiniz qala bir qocanın ahından yerlə-yeksan oldu.

Əsgərlər bu sözlərdən sonra öz səhvlərini anlayır və bir daha İskəndərin ağlı, zəkası qarşısında baş əyirlər. Bu vaxt həmin qaladan bir neçə nəfər gəlib İskəndərə şikayət edirlər:

– Bu qıpçaq xalqı dəhşətdir. Bizim əkin-biçinimizi məhv edib, qalanı da uçurub.

İskəndər əmr edir ki, qala təmir edilsin və əhaliyə əkin- biçin üçün şərait yatradılsın. Belə yorucu gündən sonra İskəndər istirahət etmək üçün bir məclis qurur və əmr edir ki, bir neçə nəfər gəlib əfsanə söyləsin. Aralarından bir nəfər deyir:

– Burada bir qala var. Deyilənə görə, bu qala həm gözəl, həm də mübarək bir qaladır. Rəvayətə görə, bu qalada Keyxosrovun taxtı, camı var. Həm də burada Keyxosrovun nəslindən bir məlikzadə padşahlıq edir və Keyxosrovun qəbrini gecə-gündüz düşməndən qoruyur.

Bu söhbəti eşidən İskəndərin əhvalı açılır və onda bu qalaya getmək həvəsi yaranır.

İSKƏNDƏRİN SƏRİR QALASINA GETMƏSİ VƏ KEYXOSROVUN QƏBRİNİ ZİYARƏT ETMƏSİ

Bir gün İskəndər qoşununu Sərir şəhərinə çəkdi. O, Keyxosrovun qəbrini görmək istəyirdi. Sərir əhalisi bunu eşidib onu çox yaxşı qarşıladılar. Çünki əhali bilirdi ki, İskəndər qüdrətli və ədalətli bir padşahdır onlara zərər verməyəcək. Beləliklə, İskəndər gəlib şəhərə yetişdi. Bütün xalq onun hüzuruna gəlib hörmətlə baş əydilər. Böyük İskəndər sərirlilərdən xahiş edir ki, onu Keyxosrovun qəbri olan yerə aparsınlar. Sərirlilər onun bu sözünə görə bir neçə qulu yoldaş olsun deyə İskəndərin əmrinə verib yola salırlar. İskəndər bu ağır yolda yorulmadan irəliləyir və nəhayət, gəlib qalaya çatır. Əhali onu Keyxosrovun taxtında əyləşdirir. İskəndər Keyxosrovun taxtında özünü çox bəxtiyar hiss edir, lakin ehtiram əlaməti olaraq taxtda çox oturmayıb və oradan tez düşür. Nəhayət, uzun məclislərdən, söhbətlərdən sonra böyük İskəndər əsl məqsədi üçün yola düzəlir. O, Keyxosrovun yatdığı yerə gəlib çatmaq üçün çox qayalar, dağlar keçir. Bir vaxt atlar yorulur və artıq gedə bilmirlər. İskəndərin yanınadakılardan biri deyir: