banner banner banner
Keçmişdən gələn səslər
Keçmişdən gələn səslər
Оценить:
 Рейтинг: 0

Keçmişdən gələn səslər

Keçmişdən gələn səslər
Boleslav Prus

Boleslav Prus (1847-1912) polyak ədəbiyyatının görkəmli xadimlərindən biridir.

Yoxsullaşmış şaxtaçı ailəsində doğulub. Valideynlərini tez itirdiyindən 1863-1864-cü illər üsyanının iştirakçısı olan qardaşının himayəsində böyüyüb. 1863-cü ildə gimnaziyada oxuyan Prus üsyançılara qoşulub, döyüşdə yaralanıb, sonra da çar qoşunları tərəfindən həbs edilib. 1866-1868-ci illərdə Varşavadakı Baş məktəbin fizika-riyaziyyat fakültəsində təhsil alıb. Evlərdə dərs verib və zavodda işləyib. Ədəbi fəaliyyətə 1872-ci ildə başlayıb. Varşava qəzetlərində felyetonlarla çıxış edib və ilk yazıları oxucuların rəğbətini qazanıb. Bədii yaradıcılığa yumoristik hekayələrlə başlayan Prus sonralar ictimai novellaya keçib. O, polyak ədəbiyyatında ilk dəfə fəhlə mövzusunda əsər yazıb.

Boleslav Prus “Forpost” povestinin, “Kukla” və “Firon” kimi geniş yayılmış romanların və başqa əsərlərin müəllifidir.

“Keçmişdən gələn səslər” kitabında B.Prusun ən yaxşı hekayələri seçilərək toplanmışdır.

Boleslav Prus

Keçmişdən gələn səslər

ANELKA

BIRINCI FƏSIL

Müəllif, belə daha yaxşı olacağına qəti əminliklə, oxucunu, hər şeydən əvvəl, iştirak edən şəxslərlə tanış edir

Anelka qəşəng qızdır, üstəlik də yetim və kasıb deyil. Xoşbəxtlik üçün lazım olan hər şeyi – valideynləri, elmli mürəbbiyəsi, öz küçüyü var və kənddə yaşayır.

Kənd isə, xüsusən də yayda, uşaqlar üçün ən münasib yerdir. Orda sərbəstlikdə, sağlam yaşayırlar və məşğuliyyətləri şəhərdəkindən daha çoxdur.

Gənc ruhları parlaq və dinc təəssüratlarla dolduran mənzərələrin böyük müxtəlifliyi bir neçə yüz morq (yarım hektar – tərc) ərazidə onları əhatə edir. Şəhər kənarındakı səma evlər arasındakı zolaq deyil, mərhəmətli allah tərəfindən dünya üzərində açılmış hüdudsuz qübbədir və dalğalanan tarlalara söykənir. Burda ətirli çəmənlər, balıq sürülərinin üzdüyü şəfaf və soyuq çaylar var. Külək sakitcə zümzümə edərək, usanmaz dayə kimi al-qırmızı lalələr və göy peyğəmbərçiçəyilərlə əyləndirməklə, açıq-yaşıl zəmilərə layla çalır.

Kətan köynəkli bir uşaq tarlaların arası ilə burulan cığırda tələsmədən gedir və atasına bardaqlarda hələ isti olan nahar aparır. Uzaqda, uzun müddət uzanmaqdan usanmış qumunun zaman-zaman burumlarla yuxarı qalxdığı və tarlada işləyən adamları aldatmaqdan ötrü yolçu görkəmi aldığı kənd yolu var. Daha uzaqda kartof tarlaları uzanır, orda qorxaq dovşan mürgüləyir. Mal-qara dincə qoyulmuş boz sahələrdə qulaqlarını tərpədərək, asayişlə otlayır, lap uzaqda, dağda isə görünüşdən qaranlıq, sərt, dərinliyində isə şən səs-küylə dolu meşələr var.

Kənd yol boyunca iki əyri daxma sırası ilə uzanıb; bir qədər uzaqda böyük bağla əhatə olunmuş geniş və zəngin malikanə görünür.

Evin bir qanadında Anelka mürəbbiyənin nəzarəti altında məşğul olur, bağa çıxan şüşəli terrasda isə onun qardaşı Yuzek anasının yanında oynayır. O hamının çalışdığı saatlarda hələ oynaya bilər, çünki hələ balacadır: Yuzekin yalnız yeddi yaşı var.

Anelkanın yaşadığı kənddə olmaq xoşdur! Tarlaların üzərində torağaylar ötür, çəmənlərdən dəryazların sakit cingilti səsi gəlir, gündə qaralmış uşaqlar qışqırıqla yol boyu qaçışırlar. Dərslərdən sonra ana və Yuzeklə birlikdə bağa çıxmaq və təpədən tarlalara, çəmənlərə, çaylara, yola və uzaq meşəyə baxmaq xoşdur.

Bəlkə də bu uşaqlar qanuni qürurla belə deyərlər: burda, göz işlədikcə, ətrafdakı hər şey bizimdir, atamızın fikir və iradəsilə yaradılıb; əgər o olmasaydı, burda bu cür bolluq və gözəllik olmazdı!..

Bəlkə də, onlardan heç biri meşənin satıldığının və tezliklə doğranacağının, çəmənlərdə biçinçilərin az olduğunun, dincə qoyulmuş sahələrdə mal-qara üçün yemin olmadığının, tarlaların isə pis becərildiyinin bir daha xatırlanmamasından ötrü bütün mülkün göründüyü təpəyə qalxmaz.

Mülkədar çovdarlığında orda-burda kəndli heyvanları avaralanır. Heç kəsin qorumadığı meşəyə yad arabalar girir. Dərz anbarları boşdur, xidmət yerləri köhnəlib, anbardakı çürümüş döşəmədə bir neçə ovuc da taxıl tapmaq mümkün deyil. Boş axurların üzərindəki burdaqlarda qoşqu atları kişnəyir; muzdurlar həyətdə işsiz-gücsüz veyllənir, mətbəxdə söyüşmə var. Mehtərlərdən kimsə şam yeməyinə sıyıq yeməyəcəyini qışqırır, bu gün onu iki dəfə yediyi bəsidir. Digəri çörəyi gərəkəndən az verdiklərindən, onun da yarısının xamır olmasından şikayətlənir.

Axı anbardar qadın hardadır, niyə mətbəxdəki qalmaqalı bitirmir? Deyəsən, qonşu şəhərciyə dişinin müalicəsinə gedib, bəlkə də özünə təzə yer axtarır. Bəs darğa, ya da müdir hardadır, niyə tarlada işə nəzarət etmir, ağanın nemətini qorumurlar? Idarəçi, bir ildir ki, haqq-hesabını alıb, amir öz işləri üçün şəhərə gedib.

Bəs mülkün sahibinin özü hanı?

Bu heç kəsə məlum deyil. Hətta qonşularının günlərlə tarlada olduğu, ilin bu vaxtında o öz evində nadir qonaqdır. Anelkanın atası sonuncu dəfə on gün bundan əvvəl işləri sahmanlamağa getmişdi. Bu yaxınlarda meşənin satılması barədə razılaşmış və üç min manat beh almışdı. Amma bu meşəyə servitutlar (kəndlilərə verilmiş və dəqiq göstərilmiş ölçülərdə mülkədar meşəsindən, örüşündən də digər mülklərdən faydalanmaq hüququ. Mülkədar öz mülklərini servitutlardan yalnız kəndlilərin razılığı ilə azad edə bilərdi – tərc.) müəyyən edilmişdi, mülkədar da hesabını müqəddəs Yan günündə ondan azad olmağa götürmüşdü. Əgər kəndlilər meşəyə olan haqlarından imtina etməsələr, onu sata bilməyəcək və onda – sözün düzü, qədərincə borcla yüklənmiş – mülkdən məhrum olacaq. Almanlar yarım il əvvəl onunla sazişi bağlamışdı və o hər şeyin necəsə yoluna düşəcəyinə əminliklə qayğısızcasına gülərək, onu öz imzası ilə möhkəmlətmişdi.

“Bəlkə” yaxşı sözdür! Amma Anelka hələ sözləri də, işləri də az anlayır.

Bax, indi də atası meşə barəsindəki işi kəndli səlahiyyətliləri ilə bitirməyə getmişdi. Hər şeyi də qaydasına qoydu: müqəddəs Yan günündə kəndlilərlə yekun razılaşmada iştirak etməkdən ötrü məmur gəlməlidir. Elə bil, kəndlilər meşəyə olan hüquqlarından imtinaya görə hər həyətə üç morq torpaq almağa razıdır, beləcə, hər şey qaydasında olacaq.

Bu səbəbdən mülkədar, pan Yan evə tələsmirdi. Iyunun qızğın çağı idi; onsuz da, təsərrüfatda artıq belə gec vaxtda heç nəyi yoluna qoya bilməzsən. O əvvəlcə meşə ilə üzülüşmək, artıq sonra qalanlarından yapışmaq qərarına gəldi. Hələlik isə, nəyin bahasına olursa olsun, xaricə gedən qohumla görüşmək və evlənməyə hazırlaşan tanışına bir neçə məsləhət vermək lazım idi.

Mülkədar səhlənkar adam idi. Ən azından, yerli pedantlar belə iddia edirdilər.O, xoş bir cəmiyyət xatirinə istənilən vacib işi tullamağa hazır idi, özünü rahatsızlıqdan qorumaq üçün isə dünyadakı hər şeyini verərdi. Hansısa daxili səs hər şeyin onun iştirakı olmadan “düzələcəyini” pıçıldayırdı: onun dairəsinin adamlarının əməyə və gündəlik işlərə bulaşmalı olmadığı fikrinə uşaqlıqdan öyrəşmişdi.

Əylənmək, cəmiyyət istedadları ilə parlamaq, hazırcavablıq etmək və zadəgan əlaqələrini saxlamaq – həyatın mənasını bunda görürdü. Başqa bir şey bilmirdi və ola bilsin, bu səbəbdən də on beşcə ildə öz mülkiyyətini göyə sovurmuş, indi isə arvadının cehizindən yapışmışdı.

Zamanında (laxlamış ictimai dayaqlar möhkəmlənəndə) hər şeyi qaytarmağa ümid edirdi. Hansı şəkildə? Ondan bu barədə soruşanda, cavabında yalnız gülümsəyir və başqa söhbətə keçirdi.

Göründüyü kimi, bu onun dairəsinin adamlarına anlaşılan, qalanlarına isə, onsuz da, əlçatmaz idi. Elə isə, onlarla boş danışığa girmək nəyə lazımdır?

Tərbiyələri və cəmiyyətdəki mövqeləri səbəbindən ərlərin heç vaxt prozaik işlərə enmədiyi, lakin enerjili və ağıllı arvadlarının onları xilas etdiyi ailələr olur. Bədbəxtçilikdən, pan Yanın arvadı bu keyfiyyətə malik deyildi.

Anelkanın anası, pani Matilda çiçəklənən gəncliyi zamanlarında qeyri-adi gözəlliyilə, mülayim xasiyyətilə və ali cəmiyyətdə qiymətləndirilən hər şeyilə fərqlənirdi. O geyinməyi, qonaq qəbul etməyi, fortepiano çalmağı, rəqs etməti bacarır və fransızca doğma dilindən daha yaxşı laqqırtı vururdu. Evliliyin birinci illərində o, cənnətdəki kimi yaşayır, əri onu ilahiləşdirirdi. Sonradan, pan Yanın arvadına olan “qanunla müqəddəsləşdirilmiş” məhəbbəti soyuyanda pani Matilda özünü nümunəvi arvad kimi apardı. Mövcudluğunu bütün əl çatan, ancaq, şübhəsiz, ləyaqətli vasitələrlə rənginləşdirməyə çalışaraq, günlərlə evdə əyləşir və darıxırdı. Sonunda xəstələnməyə başladı və budur, artıq üç ildir, özünü dərman şüşələrilə əhatə edərək, yaşayırdı.

Bu arada dəmdəməki ər evdə oturmurdu. Bəzən evə baş çəkir və arvadından hansısa kağızı imzalamağı xahiş edirdi. Qadın öz tənhalığından, şəraitin olmamasından ona şikayət edir, əri isə hər dəfə müqəddəs Yandan sonra hər şeyin yaxşılığa doğru dəyişəcəyini vəd edirdi və qadın bundan rahatlanaraq, onun istədiyi hər şeyi imzalayırdı.

Kəndlilər mülkədar qadını yalnız kostyolda (polyak katolik kilsəsi – tərc.) görürdülər. Mətbəxdə heç vaxt görünmürdü. Kiçik dünyası evin divarları və nadir hallarda çıxdığı parkla məhdudlaşırdı. Pani Matilda dərman qəbul edir, özünü soyuqlamadan qoruyur, keçmiş cah-cəlalı xatırlayır və darıxırdı, – onun həyatı bax, bunlarla dolmuşdu. O, özündənimtinadan daha çox, apatiyadan dolayı bu cür mövcudluqla barışmışdı.

O, ailəsinin düşdüyü vəziyyəti anlamır, mülkün itirilməsinin mümkünlüyünü sezmirdi. Iş ərinin onun daş-qaşını girov qoymağa başlamasına çatanda isə yalnız ağladı və onu qınadı. Amma bu onun əvvəlki qulluqçu ştatına malik olmamasına təəccüblənməsinə, eləcə də keçmiş, daha yaxşı zamanlardakı istəkləri bildirməsinə mane olmadı: “Mənə bunu al”, “Onu gətir”, “Filankəsi dəvət et”. Əri bunu etməyəndə isə hiddətlənmir və xoş olmayan ürəyədammadan həyəcanlanmırdı.

“Yas bunu mənim üçün etmək istəmir” – deyə, hətta Yas iflasa yaxın olduğuna görə onun istəklərini yerinə yetirə bilmədiyini ehtimal etməyərək, fikirləşirdi.

Yuzek bilavasitə anasının təsiri altında böyüyürdü. Altı yaşına kimi onu saqo (palma özəyindən, ya da kartof unundan hazırlanan nişasta surroqatı tərc.), manna sıyığı və qəndlə tıxayıb doldurdular, tərləməməsi və soyuqlamaması üçün tez-tez küçəyə çıxmasına imkan vermədilər, əzilməsindən ehtiyatlanaraq, qaçmasını qadağan etdilər.

Belə tərbiyə sistemi sayəsində uşaq zəif böyüyür, anası məhz həmin vaxt müalicəyə başladığına görə, onları bir yerdə müalicə edirdilər. Oğlan üç ildə fransızca çərənləməyi birtəhər öyrəndi, həyatının yeddinci ilində artıq bir çox dərmanın dadını bilir, xəstə sayılır və özü də özünü xəstə sanırdı. Təbiətən xüsusi zərif və elə də küt olmayan uşaq darıxdırıcı, qorxaq, ləng varlığa çevrildi və ağıldankəmə bənzəyirdi.

O ya susur, ya da, yaşlı ipoxondrik (xəstələnməkdən qorxma nəticəsindəbaş verən ruh düşgünlüyü xəstəsi – tərc.) kimi, öz nasazlıqlarından danışırdı. Yuzek kənar şəxslərdə qəribə təəssürat yaradırdı, evdəkilər isə ona öyrəşmişdi.

Onun böyük bacısı Anelkanın on üç yaşı vardı. Hələ anasının çölə-bayıra çıxdığı vaxtlarda dünyaya gəlmişdi. Buna görə də qızı dayə və bonnaların (mürəbbiyələrin – tərc.) himayəsinə vermişdilər. Amma onlardan heç biri malikanədə bir ildən artıq xidmət etməmişdi. Hansı səbəbdən? Bu yalnız evin sahibinə məlum idi.

Bonnalar və onları əvəz etmiş mürəbbiyələr Anelkanın tərbiyəsilə az məşğul olurdular və o öz xoşuna buraxılmışdı.

Qız böyük bağda yüyürür, ağaclara dırmaşır, itlərlə, bəzən isə, ciddi qadağan olunsa da, muzdurların uşaqları ilə oynayırdı. Bəzən tövləyə girir və ali dərəcədə xeyirxah və aşkardır ki, buna görə ev sahibinin iltifatından faydalanan müəllimlərini ümidsizliyə uğradaraq, oğlan kimi, at sürürdü.

Əvəzində qızın elmi və “yaxşı davranmalar” adlananları öyrənməsi tam biganəlik halında idi. Bu şeylərdə tamamilə məlumatsız idi, çünki onları heç kəs öyrətməmişdi.

Bütün bu cəhətlər sayəsində Anelka elə də adi olmayan, ancaq cazibədar qız kimi böyüyürdü. Valideynlərndən gözəllik və təəssüratlılığı miras almışdı və onun yaşındakı uşaqların əksəriyyəti kimi, civə kimi canlı idi. Sərbəstlikdə böyüyür, buna görə də təbiəti sevir və anlayırdı.

Tez-tez öz davranışı ilə onu əhatə edənləri təəccübləndirirdi. Hər cür güclü təəssürata tamamilə uşaq kimi cavab verirdi: gülür, ağlayır, tullanıb-düşür, ya da oxuyurdu. Bütün gözəl olan, yaxud hətta yaraşıqlı olan onu heyran edirdi; özgə dərdinə kömək etməkdən ötrü əsl fədakarlığa qadir idi. Düşünməyə vaxtı olanda isə tamamən yetkin, bir qədər sentimental, lakin həmişə nəcib mühakimələr yürüdürdü.

Nəhayət, günlərin birində valideynləri Anelkanın bilgilərinin olduqca az, demək olar, əhəmiyyətsiz olduğunu kəşf etdilər və onda onun üçün elmli mürəbbiyəni, panna Valentinanı dəvət etdilər.

Panna Valentina, mahiyyətcə, mehriban və yetəri qədər təhsilli, amma qəribəlikləri olan qadın idi. Kifir qoca qarımış qız, bir qədər demokrat, bir az filosof, bir balaca isterikalı və böyük pedant. Dərs vaxtı onu müşahidə edərək, insan deyil, mumiya olduğunu fikirləşmək olardı. Ancaq buz kimi zahirinin altında panna Valentinanı ya cəsur Yudifin (doğma şəhərini assuriyalıların hücumundan xilas etmiş yəhudi dul qadın – tərc.) tərəfdarı, ya da güclü cinsin hansısa xain nümayəndəsinin qurbanı edə bilən ən təzadlı hisslər alovlanırdı. Həm o, həm də bu, əlbəttə, kiçik miqyasda.

Bu hekayənin əsas iştirakçı şəxslərinin ötəri xarakteristikası belədir. Onların hamısı vulkanın üstündəki kimi, yəni, sadəcə deyilərsə, müflislik təhlükəsi altında yaşayır.

İKİNCİ FƏSİL

Oxucu qəhrəmanı, onun mürəbbiyəsini, eləcə də Karus ləqəbli iti yaxından tanıyır