banner banner banner
Amerika faciəsi
Amerika faciəsi
Оценить:
 Рейтинг: 0

Amerika faciəsi


Meyson, doktor Kreyni və yaxud başqa bir həkimi çağırmaq üçün telefona cumdu və demək olar ki, dərhal missis Uilkoks və onun qızı ilə bərabər qayıdıb gəldi. Sonra onlar uzun müddət qonşuların və nəhayət, doktor Kreynin gəlib çıxmasını gözləməli oldular; Meyson elə bu gün missis Oldenlə, onu bura gətirən mühüm və gizli bir iş haqqında danışmaq mümkün olub-olmayacağı barədə doktorla məsləhətləşdi. Mister Meysonun nüfuzlu və rəsmi davranışı, hərəkətləri doktor Kreynə böyük təsir bağışladığı üçün, o, dərhal qeyd etdi ki, belə bir şey, deyəsən, qadın üçün daha yaxşıdır.

Dərman vasitəsilə, həmçinin, mehriban nəsihətlərlə missis Oldeni huşa gətirdilər. Hamının tez-tez ürək-dirək verməsi onu sakitləşdirdiyi üçün, nəhayət, o əvvəlcə məsələnin nə yerdə olduğuna qulaq asa bildi, sonra isə Robertanın məktubunda adı çəkilən o sirli adam haqqında Meysonun suallarına cavab verdi. Missis Olden qızının yalnız bir adam haqqında, ona xüsusi diqqət yetirən bir gənc haqqında danışdığını xatırladı, – özü də Roberta həmin adam haqqında, yalnız bir dəfə, keçən il Milad bayramında danışmışdı. Bu adam zəngin Likurq fabrikantı Semuel Qrifitsin qardaşı oğlu, Robertanın işlədiyi şöbənin müdiri, – Klayd Qrifits idi.

Lakin həm Meysonun, həm də Oldenin dərhal hiss etdiyi kimi, təbiidir ki, bu heç də o demək deyildi ki, belə böyük bir adamın qardaşı oğlu, Robertanı öldürməkdə ittiham edilə bilər. Qrifitslərin sərvəti! Onların cəmiyyətdə tutduqları mövqe! Aydındır ki, belə bir ittihamla çıxış etməzdən əvvəl, Meyson bu barədə bir az ətraflı düşünməyə və yubanmağa meyil edirdi. Onun fikrincə, ictimai vəziyyət etibarilə, həmin adamla bu qız arasında çox böyük fərq var idi. Amma buna baxmayaraq, məsələ məhz belə də ola bilərdi. Nə üçün də belə olmasın? Əksinə, belə mövqe tutan gənc, bir başqasına nisbətən daha asanlıqla Roberta kimi bir qızla sevişməyə başlaya bilərdi, – axı, Xeyt deyirdi ki, o qız çox qəşəngdir. Demək, Roberta həmin gəncin əmisinin fabrikində işləyirmiş və kasıb bir qız imiş. Bundan başqa, Fred Xeytin verdiyi məlumata görə, Roberta öz ölüm saatında kimlə olmuşdursa, həmin adamla nikahlanmadan qabaq yaşamağa risk edibmiş. Məgər bu zəngin və pozğun bir gəncin kasıb bir qızla necə rəftar etdiyini göstərən xarakterik bir hadisə deyildirmi? Meyson gəncliyində varlı və xoşbəxt gənclərlə üz-üzə gələrkən, taleyin bir çox zərbə və təhqirlərinə məruz qalmışdı, buna görə də indi bu fikir ona çox təbii görünürdü. Alçaq varlılar! Ürəksiz, qansız zənginlər! Anası və atası isə, əlbəttə, qızlarının günahsız və ismətli bir qız olduğuna sarsılmaz bir inam bəsləyirdilər.

Sonrakı sorğu-sualdan məlum oldu ki, missis Olden heç vaxt bu gənci görməmişdir, lakin eyni zamanda da heç vaxt da başqa bir adam haqqında qızından bir söz eşitməmişdir. Missis Olden və onun əri əlavə olaraq, yalnız bunu deyə bildilər ki, Roberta son dəfə bir aylıq evə gələndə, özünü çox da yaxşı hiss etmir, süst bir halda gəzib-dolaşır və tez-tez məktub yazıb, poçtolyona verir, yaxud özü aparıb, yol ayrıcındakı poçta qutusuna salırdı. Nə mister, nə də missis Olden bu məktubların kimə yazıldığını bilmirdilər, lakin Meyson elə buradaca fikrindən keçirdi ki, poçtolyon yəqin ki, məktubların kimə yazılmış olduğunu bilir. Bundan başqa, bu bir ay ərzində Roberta özünə bir neçə paltar, – deyəsən, dörd dəst paltar tikdirmişdir. Son zamanlar isə, mister Beyker adlı birisi Robertanı bir neçə dəfə telefona çağırmışdır, – bunu isə Taytus mister Uilkoksdan eşitmişdir. Roberta çıxıb gedərkən, özü ilə bərabər yalnız buraya gətirdiyi şeyləri, – yəni kiçik bir sandıqça ilə bir çamadan aparmışdır. Sandıqçanı stansiyada Roberta özü baqaja vermişdi, lakin Taytus qızın bu sandıqçanı Likurq şəhərinə, yaxud başqa bir yerə yola saldığını deyə bilmədi.

Meyson çox mühüm bir xəbər hesab etdiyi Beyker haqqında məlumatı düşünürdü. Birdən onun başına belə bir fikir gəldi: “Kliford Qolden – Karl Qreyzem-Klayd Qrifits!” Bu ad və familiyaların baş hərflərinin eyni olması, bu adların bir-birinə oxşar səslənməsi onu heyrətə saldı. Əgər Klayd Qrifits bu cinayətlə əlaqədar deyilsə, bu adların bu cür bir-birinə oxşaması doğrudan da, qəribə bir təsadüf idi! İndi Meyson dərhal poçtolyonu tapıb, onu dindirmək istəyirdi.

Lakin Taytus Olden yalnız Robertanın meyidini tanımaq və Qan-Lodj stansiyasında qalan çamadandakı şeylərin məhz öz qızının şeyləri olduğunu təsdiq etmək üçün bir şahid kimi deyil, həmçinin poçtolyonu da, həqiqəti açıb söyləməyə razı sala biləcək bir adam kimi lazım idi. Buna görə Meyson qocadan, geyinib, onunla bərabər getməsini xahiş etdi və elə sabah onu evə buraxacağını vəd etdi.

Meyson missis Oldenə bərk-bərk tapşırdı ki, bu barədə heç kəsə bir söz deməsin, sonra poçtolyonu dindirmək üçün poçtaya getdi.

Poçtolyon tapılıb gətirildi və qalvanize edilmiş bir meyit kimi prokurorun yanında dayanmış Oldenin hüzurunda dindirildi. Poçtolyon yadına saldı ki, Roberta son dəfə burada olarkən, ona bir neçə məktub vermişdir, – bu məktubların sayı on ikiyə və hətta on beşə qədər olardı, – sonra o, hətta bunu da xatırladı ki, bütün bu məktublar hamısı Likurq şəhərinə, kimə isə… adı nə idi onun?.. hə, özüdür ki, var, – Klayd Qrifitsə göndərilmişdir. Meyson dərhal poçtolyonla bərabər qanunun bütün qaydalarına uyğun olaraq, poçtolyonun verdiyi ifadələri protokola qeyd etdi. Sonra prokuror öz idarəsinə zəng edərək, Robertanın meyidinin artıq Bricburqa gətirilmiş olduğunu öyrəndi və maşınına minib, iti sürətlə yola düşdü.

Axşam saat onda, “Lüts qardaşlarının dəfn bürosunun” qəbul otağında, Berton Berley, Xeyt, Erl Nyukom Robertanın meyidinin yanına toplanmışdılar. Taytus dəli olmaq dərəcəsinə gələrək, qızının üzünə baxırdı. Bu zaman, Meyson, əvvələn, bu qızın doğrudan da Roberta Olden olduğunu yəqin etdi və ikincisi, Qrass gölü yanındakı mehmanxanada edilən qeydlərə əsaslanaraq, bu qızı asanlıqla qeyri-qanuni əlaqəyə yol verən bir qız hesab etmək olarmı? – sualına özü cavab verdi. Yox, deyə Meyson bu qərara gəldi ki, Roberta belə yüngül qiz deyildir. Burada hiyləgər və alçaq bir qəsd – bir qızın pis yola çəkilməsi və sonra öldürülməsi məsələsi vardır. Ax yaramaz! Hələ də ələ keçməmişdir. Bu işin siyasi əhəmiyyəti artıq Meysonun başında, təsəvvüründə arxa plana keçdi, onun yerini – bütün varlılara qarşı qəzəb və nifrət hissi doldurdu.

Lakin qızın meyidi yanında keçən bu dəqiqələr, həmçinin, qızın qarşısında diz çökərək, onun balaca soyuq əllərini ehtirasla dodağına sıxan və gözlərini qırpmadan etiraz ifadə edən qızdırmalı bir nəzərlə onun uzun şabalıd rəngli saçları ilə haşiyələnmiş, mum kimi sarı üzünə baxan Taytus Oldenin görkəmi, – bunlar hamısı göstərirdi ki, cəmiyyət bu işə rəsmi və soyuqqanlı baxmayacaqdır. Burada olanların hamısının gözləri yaşla dolmuşdu.

Bu an Taytus Olden bu səhnənin dramatizmini daha da qüvvətləndirirdi. Lüts qardaşları və onların üç dostu –qonşuluqdakı avtomobil emalatxanasının sahibkarları, həmçinin, “Respublikaçı” qəzetinin nümayəndəsi Everet Biker və “Demokrat” qəzetinin redaktoru Sem Tekson qapı ağzında dayanaraq, qorxu və ehtirasla başı üzərindən boylanaraq, qorxu və ehtiramla otağın içərisinə göz gəzdirərkən, qoca birdən ayağa sıçrayıb, qışqıra-qışqıra, coşqun bir hərəkətlə Meysonun üstünə cumdu:

– Cənab prokuror, mən istəyirəm ki, siz bu işə bais olan o alçaq yaramazı tapasınız! Mən istəyirəm ki, mənim mehriban, ismətli qızımın çəkdiyi əzabı o caniyə də çəkdirsinlər. Mənim qızımı öldürüblər, bəli öldürüblər! Ancaq qatil, qızı bu cür aldadıb, gölə apara bilər və onu bu cür vura bilərdi, – o mənim qızımı vurmuşdur, bu artıq hamıya aydındır! – bunu deyərək, Taytus əli ilə qızının üzünü göstərdi. – Belə bir alçağı məhkəməyə vermək üçün, mənim pulum yoxdur, ancaq mən işləyəcəm… Mən fermamı satacağam…

Taytusun səsi qırıldı. O yenə Robertaya tərəf döndü və az qaldı yerə yıxılsın. Bədbəxt atanın kədərli və intiqam tələb edən coşqun hissindən həyəcana gəlmiş Orvil Meyson, irəli çıxıb dedi:

Gedək buradan, mister Olden. İndi biz bilirik ki, bu sizin qızınızdır. Centlmenlər, hamınız şahid olun: artıq, bu qızın kim olduğu müəyyən edilmişdir. İndi mən nə vaxtımı, nə pulumu, nə də qüvvəmi əsirgəməyəcəm. Əgər Kataraki mahalında ədalət yüksək tutulursa, mən isə əminəm ki, bu belədir, – o zaman siz, bizim yerli məhkəmənin seçəcəyi hər hansı iclasçılar heyətinə bel bağlaya bilərsiniz. Onda sizə fermanızı satmaq da lazım gəlməyəcəkdir.

Birdən-birə duyduğu bu səmimi həyəcan, həmçinin, sarsılmış dinləyicilərin burda olması nəticəsində, mister Meysonun natiqlik istedadı bütün qüvvət və parlaqlığı ilə özünü göstərdi.

Lüts qardaşlarından biri, – dəfn bürosunun qəfildən və ya bir qətl nəticəsində baş verən ölüm hadisələri ilə əlaqədar bütün işlərini yerinə yetirən Ed həyəcanla dedi:

– Doğrudur, Orvil! Bax, bizə belə bir prokuror lazımdır.

Everet Biker isə qışqırdı:

– İşə başlayın, mister Meyson! Lazım gələndə biz hamımız bir nəfər kimi sizin arxanızda dayanacağıq.

Meysonun dramatik çıxışından və onun son dərəcə təntənəli, hətta qəhrəmancasına görkəmindən həyəcanlanmış Fred Xeyt ilə köməkçisi prokurora yaxınlaşdılar. Xeyt dostunun əlini əlinə aldı, Erl isə dedi:

– Müvəffəqiyyət arzulayıram, mister Meyson! Əmin ola bilərsiniz ki, biz əlimizdən gələni edəcəyik. Qızın Qan-Lodj stansiyasında qoyduğu çamadanı yadınızdan çıxarmayın. O çamadan sizin dəftərxananızdadır. Mən onu iki saat əvvəl Bertona verdim.

– Elədir, doğrudur, mən az qala o çamadanı yadımdan çıxarmışdım – deyə Meyson çox sakit və işgüzar bir halda cavab verdi. Bir az əvvəlki bəlağəti və hissi coşqunluq artıq ötüb keçmişdi. İndi o, qeyri-adi təriflərin təsiri altında idi: o öz fəaliyyətinin bütün bu illəri ərzində heç vaxt belə bir hal keçirməmişdi.

V F Ə S İ L

Mister Meyson vəzifəli şəxslərin və Oldenin müşayiətilə dəftərxanasına doğru gedərək, öz-özündən soruşurdu: belə alçaq bir cinayət nədən baş verə bilər? Gəncliyində o, qadın nəvazişindən məhrum olduğu üçün çox iztirab çəkmiş, buna görə də bu cür mühakimələrə, onda bir meyil inkişaf etmişdi. O, Robertanın gözəlliyi və məlahəti haqqında, digər tərəfdən, bu qızın kasıblığı, onun aldığı sərt əxlaqi və dini tərbiyə haqqında fikirləşərək, bu əqidəyə gəlmişdi ki, görünür, həmin gənc və ya ağzından süd iyi gələn oğlan bu qızı yoldan çıxarmış, sonra qız onu təngə gətirdikdə, guya “toy səyahətinə” çıxaraq, bu yol ilə qızdan yaxasını qurtarmışdı. Bunu düşünərkən, Meyson həmin adama qarşı ürəyində hədsiz şəxsi bir nifrət hiss etdi. Alçaq varlılar! Avara varlılar! Pozğun və xəbis varlılar! O gənc Klayd Qrifits də həmin qəbil adamların bir nümayəndəsidir, öz nəslinə layiqdir! İndi nə cür olursa-olsun, onu tutmaq, onu ələ keçirmək lazımdır!

Meyson birdən düşündü ki, bəzi əlamətlərə görə (artıq aydın idi ki, qız həmin adamla yaşayırmış) bəlkə də Roberta hamilə imiş. Bu təxminləri, onda, belə bir aqibətlə nəticələnən bu eşq macərasının bütün təfsilatına xüsusi bir maraq oyatmaqdan başqa, eyni zamanda başına gələn bu şübhələrin nə qədər doğru olub-olmadığını yoxlamaq üçün ürəyində səbirsiz bir arzu doğurdu. Meyson düşünməyə başladı ki, meyidi yarmaq üçün əlverişli bir həkim tapmaq, – əgər Bricburqda belə bir həkim olmasa, Utika və yaxud Olbeni şəhərlərindən çağırmaq lazımdır. Sonra o, öz şübhələrini Xeytə xəbər verməli və nəhayət, Robertanın üzündə izləri qalmış zərbələrin xarakterini təyin etməlidir.

Lakin hər şeydən əvvəl Meyson çamadanı və onun içindəki şeyləri gözdən keçirməli idi. O, çamadanı yoxlayarkən son dərəcə mühüm olan yeni bir dəlilə rast gəldi. Çamadanda, Robertanın paltarlarından, şlyapalarından, alt köynəklərindən, bir cüt qırmızı ipək corabından başqa (bunlar, Likurq şəhərində Braunşteynin maqazinindən necə alınmışdısa, eləcə də qutuda qalmışdı), şeylərin içərisində Klaydın milad bayramı münasibətilə Robertaya hədiyyə olaraq aldığı bəzək qutusu da var idi. Qutunun küncündə, boz ipək astarın qatları arasında kiçik, sadə, ağ bir vərəqə qoyulmuşdu. Vərəqənin üstündə: “Klayddan Bertaya. Milad bayramı münasibətilə təbrik edirəm!” sözləri yazılmışdı. Lakin familiya göstərilməmişdi. Həm də bu sözlər çox tələsik bir cızma-qara halında yazılmışdı, çünki Klayd bu sözləri yazarkən heç də Robertaya can atmır, onun yanına getməyə tələsmirdi.

Bu, Meysonu heyrətə saldı: nə cür olmuşdur ki, qatil bu bəzək qutusunun vərəqə ilə bərabər çamadanda olduğunu bilməmişdir? Yox, əgər bilmişsə və bu vərəqəni çıxarıb atmamışsa, o zaman həmin bu Klaydın qatil olması, ağlabatan şeydirmi? Birisini öldürmək istəyən bir adam, öz əlilə yazdığı belə bir kağızı nəzərdən qaçıra bilərdimi? Bu nə qəribə bir cani və qatil idi? Prokuror düşündü ki, bu vərəqənin tapılmasını məhkəmə gününə qədər gizli saxlasa daha yaxşı olar, əgər cani məhkəmədə qızla yaxın olduğunu inkar etsə, yaxud bu bəzək qutusunu ona bağışladığını boynuna almasa, o zaman qəfildən bu kağızı ortaya çıxarmaq olar. Meyson vərəqəni götürüb, cibinə qoydu. Lakin əvvəlcə Erl Nyukom bu vərəqəni diqqətlə gözdən keçirib dedi:

– Mister Meyson, doğrudur, mən lap əmin deyiləm, lakin mənə elə gəlir ki, buradakı xətt, Biq Biterndəki mehmanxananın qeyd dəftərindəki xəttə çox oxşayır.

Meyson cavab verdi:

– Bunu biz tezliklə müəyyən edərik.

Sonra Meyson işarə ilə Xeyti, heç kəsin onları görüb eşidə bilməyəcəyi qonşu otağa çağırdı və dedi:

– Fred hər şey sizin düşündüyünüz kimi deyildir. Robertanın anası, qızının kiminlə getdiyini bilir (Meyson, telefonla Bilts şəhərindən Xeytə xəbər verdiyi məsələni – yəni missis Oldendən, təxmin edilən cani haqqında məlumat aldığını nəzərdə tuturdu). Lakin əgər mən caninin kim olduğunu sizə deməsəm, siz min ildən sonra belə, onun kim olduğunu ağlınıza gətirə bilməzsiniz. Prokuror diqqətlə Xeytin üzünə baxdı.

– Elədir, Orvil. Bu barədə mənim heç bir təsəvvürüm yoxdur.

– Siz Likurq şəhərindəki “Qrifits və Şirkəti” firmasını tanıyırsınızmı?

– Yaxalıq hazırlayan firma deyilmi?

– Özüdür ki, var.

– Olmaya firma sahibinin oğludur?

– Fred Xeytin gözləri elə geniş açıldı ki, bir çox illərdən bəri onun üzündə belə bir heyrət ifadəsi görən olmamışdı. O, günəşdən yanmış böyük əli ilə uzun saqqalından yapışdı.

– Yox, oğlu deyil. Qardaşı oğludur.

– Qardaşı oğlu! Semyuel Qrifitsin qardaşı oğlu?! Ola bilməz!

Dindar, sərt əxlaqa malik olan, siyasət və ticarət işlərilə maraqlanan yaşlı müstəntiq saqqalını əlləşdirərək, çaşqın bir halda Meysonun üzünə baxırdı.

– Hələlik bütün əlamətlər bunu göstərir, Fred. Hər halda mən elə bu gecə Likurq şəhərinə gedirəm və ümidvaram ki, sabah daha çox şey biləcəyəm. Bilirsinizmi, həmin bu Olden fermerdir, çox kasıb adamdır, qızı Likurq şəhərində Qrifitslərin fabrikində işləyirmiş, fabrikantın qardaşı oğlu Klayd Qrifits isə, görünür, qızın işlədiyi şöbənin müdiri imiş.

– Belə de, demək belə… – deyə müstəntiq səsləndi.

– Bu səfərə çıxmamışdan əvvəl, yəni salı gününədək qız bir ay öz evlərində qalmışdır, – o xəstə imiş (prokuror, xəstə sözünü xüsusi bir vurğu ilə tələffüz etdi). Bu müddət ərzində, qız ona ən azı on və bəlkə də daha çox məktub yazmışdır. Bunu mən yerli poçtolyondan öyrəndim. O, and içdi, necə lazımsa eləcə ifadə verdi, onun dedikləri budur, burdadır! – deyə prokuror əlini pencəyinin cibinə vurdu. – Qızın bütün məktubları Likurq şəhərində Klayd Qrifitsin adresinə yazılmışdır. Mən hətta onun yaşadığı evin nömrəsini belə bilirəm. Qızın Likurqda yaşadığı ailənin familiyasını belə bilirəm. Biltsdən oraya zəng etmişdim. Bu gün mən qocanı da özümlə Likurqa aparmaq istəyirəm: birdən ortalığa elə bir məsələ çıxar ki, qocanın bu barədə bizə köməyi dəyə bilər.

– Demək belə, Orvil! Başa düşürəm… başa düşürəm. Qrifitslər!… Çox zor işdir!.. Xeyt dilini marçıldatdı.

– Əsas məsələ budur ki, mən sizinlə tibbi ekspertiza haqqında danışmalıyam, – deyə Meyson tez-tez danışaraq, sərt bir ifadə ilə sözünə davam etdi: – Bilirsinizmi, mən bu fikirdəyəm ki, o adam bu qızı, təkcə evlənmək istəmədiyi üçün öldürməmişdir. Bu, məncə inandırıcı bir səbəb deyil, Meyson onu belə bir nəticəyə gəlməyə, yəni Robertanın hamilə olduğunu düşünməyə vadar edən əsas mülahizələrini Xeytə xəbər verdi.

Xeyt dərhal prokurorla razılaşdı.

– Demək, meyidi yarmaq lazımdır, – deyə Meyson əlavə etdi. – Həmçinin, qızın bədənindəki yaralar və zədələnmiş yerlər haqqında tibbi nəticə çıxarılmalıdır. Bundan başqa qızın meyidi buradan aparılana qədər, biz bir şübhə yeri qoymadan, bir məsələni dəqiq və dürüst surətdə aydınlaşdırmalıyıq: qızı əvvəlcə öldürüb, sonra qayıqdan çölə atmışlar, yoxsa aldığı zərbədən huşunu itirdikdən sonra qayıqdan suya yıxılmışdır və yaxud qayıq çevrilmişdir? Siz özünüz başa düşürsünüz ki, bunun iş üçün çox böyük əhəmiyyəti var. Biz bu məsələni dürüst bilmədən heç bir şey edə bilmərik. Lakin buradakı həkimlər barəsində siz nə fikirdəsiniz? Siz bilən, onlardan birisi bu işin öhdəsindən gələ bilərmi, çünki tibbi nəticə elə tərtib edilməlidir ki, sonra məhkəmədə heç kəs ona irad tuta bilməsin.

Meyson həyəcan içərisində idi; o artıq fikrində ittihamnamənin planını tərtib edirdi.

– Bilmirəm, Orvil – deyə Xeyt ağır-ağır cavab verdi, – qəti bir şey deyə bilmərəm. Bunu siz məndən yaxşı bilərsiniz. Mən artıq doktor Mitçelldən xahiş etmişəm ki, sabah bura gəlib, meyidə baxsın. İndi doktor Betsi də çağırmaq olar. Lakin əgər siz başqa bir həkimin çağırılmasını lazım bilmirsinizsə… məsələn doktor Bevonu, yaxud doktor Linkolnu çağırmaq istəmirsinizsə… Bevo haqqında nə deyirsiniz?