banner banner banner
Aya Səyahət
Aya Səyahət
Оценить:
 Рейтинг: 0

Aya Səyahət


Barbikeni «Topçular klubu» nun üzvlərindən fərqləndirən bir cəhət də vardı: əl-ayağı salamat idi! Məsələ bundadır ki, klub üzvlərinin, demək olar, hamısı müharibədə bədəninin bir hissəsini itirmişdi: kimi əlini, kimi qolunu, kimi ayağını, kimi gözlərini və ya qulaqlarını… Barbikenin isə heç burnu da qanamamışdı.

İclas zalından asılmış iri saat, nəhayət, 8-i vurdu. Barbiken bir göz qırpımında ayağa qalxdı. Bayaqdan ətrafı bürümüş uğultu anındaca kəsildi. Sədr bir qədər təntənəli şəkildə sözə başladı:

– Möhtərəm həmkarlar! Bildiyiniz kimi, iş o yerə çatıb ki, «Topçular klubu» nun üzvləri xeyli vaxtdır işsiz qalıblar. Vətəndaş müharibəsinin davam etdiyi bir neçə il ərzində işlərimiz yağ kimi gedirdi. Elə ki müharibə başa çatdı, klubumuz boş-bikar qaldı. Üfüqdə isə heç bir yeni savaş gözlənilmir. Heç nədən çəkinməyərək bəyan edirəm ki, bizim müharibəyə ehtiyacımız var, özü də tez vaxtda! Yalnız belədə biz əvvəlki qızğın iş günlərimizə qayıda bilərik.

– Hə, müharibə! Müharibə vacibdir! – Maston qışqırdı.

– Lakin hazırda bu, mümkün deyil, – Barbiken sözünə davam etdi. – Silahlarımızı döyüş meydanlarında işə salmaq, yeni silahlar icad eləməyə həvəslənmək üçün çox gözləməli olacağıq. Taleyimizin bu acı qisməti ilə barışmalı və fəaliyyətimizi başqa istiqamətdə davam etdirməliyik.

İclasdakılar hiss etdilər ki, sədr, nəhayət, mətləb üstünə gəlir. Odur ki ona daha diqqətlə qulaq asmağa başladılar.

– Əzizlərim, artıq bir neçə aydır, özümə belə bir sual verirəm: görəsən, öz işimizə sadiq qalmaq şərtilə başqa nə iləsə məşğul ola bilərikmi? Bu sual üzərində uzun müddət baş sındırdım, hesablamalar apardım. Axırda belə qənaətə gəldim ki, dünyada hələ heç kimin ağlına gəlməyən, qısa vaxtda şöhrəti bütün yer üzünə yayılacaq bir işə qol qoya bilərik. Əminəm ki, bunu ancaq siz bacararsınız.

– Deyirsiniz şöhrəti bütün yer üzünə yayılacaq? – klub üzvlərindən kimsə soruşdu.

– Bəli! Bu elə bir işdir ki, bütün dünyaya səs salacaq. Özü də sözün həqiqi mənasında! – Barbiken cavab verdi.

– Sədrin sözünü kəsməyin! – yerbəyerdən səslər eşidildi.

– Möhtərəm həmkarlar, – Barbiken sözünə davam etdi, – yəqin ki, hər biriniz Ayı dəfələrlə görmüsünüz. Təəccüblənib soruşa bilərsiniz ki, bəyəm onu görməyən var? Haqlısınız. Sözümün canı başqadır. Ayı siz də, başqaları da dəfələrlə görüb. Ancaq indi söyləyəcəklərim heç də hər kəsin ağlına gələ biləcək iş deyil. Lap gəlsə belə, onu gerçəkləşdirmək çətin ki, bizdən başqa kiməsə qismət olsun. Xahiş edirəm, məni səbirlə dinləyin. Mən Ayın – bu səma cisminin adını boş yerə çəkmədim. Mən sizi onu fəth etməyə aparacağam. Mənə inanın və çağırışıma səs verin. Bəlkə də, qismətimizdə «səma Kolumbu[2 - Kolumb – Amerika qitəsini kəşf edən məşhur səyyah Xristofor Kolumb (1451–1506) nəzərdə tutulur.]» olmaq yazılıb!

– Yaşasın Ay! – «Topçular klubu» nun üzvləri bir ağızdan qışqırdılar.

– Doğrudur, indiyəcən Ay kifayət qədər ətraflı öyrənilib, – Barbiken davam etdi: – Onun kütləsi, sıxlığı, həcmi, tərkibi, hərəkəti, Yerlə arasındakı məsafə və Günəş sistemindəki rolu çoxdan dəqiq müəyyənləşdirilib. Qısası, bizə Ay haqqında hər şey məlumdur, lakin indiyədək onunla birbaşa əlaqə yoxdur.

Auditoriyadan səs çıxmırdı. «Topçular klubu» nun üzvləri səssiz-səmirsiz, heyrət və maraq içində sədrə qulaq asırdılar. Hamının tamamilə ona diqqət kəsildiyini görən Barbiken sözlərinə davam etdi:

– İcazənizlə sizə bir neçə maraqlı əhvalat xatırladım. Hələ on yeddinci yüzillikdə David Fabrisius adlı bir nəfər öyünürdü ki, guya o, Ayda yaşayan varlıqları görüb. Min altı yüz qırx doqquzuncu ildə Sirano de Berjerak adlı başqa birisi isə öz kitabında Aya yola düşən ekspedisiyadan danışırdı. Sonralar məşhur fransız yazar Fontenel bütün bunlardan ilhamlanaraq «Başqa dünyalar» adlı kitab qələmə aldı. Ancaq hazırda elm çox inkişaf edib. Yazıçıların fantaziyaları sürətlə həyata keçir, həqiqətə çevrilir. Min səkkiz yüz otuz beşinci ildə yayılan bir kitabçada məşhur astronom Con Gerşelin mükəmməl teleskop yaratdığı yazılmışdı. O həmin teleskopla Ayı xeyli yaxınlaşdıra bilirdi. Bu zaman Ay sanki səksən yard[3 - Yard – 81 sm-ə bərabər olan ingilis uzunluq ölçüsü] məsafədəymiş kimi görünürdü. Lakin çox keçmədən məlum oldu ki, kitabçada yazılanlar uydurmadan başqa bir şey deyil. Fransada hamı deyilənləri ələ salıb gülməklə məşğul idi.

– Bu, eyni zamanda Con Gerşeli ələ salmaqdır. Con Gerşeli ələ salmaq isə elə amerikanları ələ salmaq deməkdir, çünki o, ingilisdir! – Maston bağırdı. – Bu da sizə müharibə üçün bəhanə…

– Dostum, özünüzü ələ alın! Fransızlar ingilisləri ələ salmazdan öncə özləri gic vəziyyətində qalıblar. Axı onlar əvvəlcə kitabçada yazılanlara inanmışdılar! Nə isə, mətləbdən uzaqlaşmayaq. Tarixə bu qısa ekskursla onu demək istəyirəm ki, əslində, Ayı daha yaxından və dərindən öyrənmək üçün elmi cəhdlər olub; məsələn, bir neçə il əvvəl alman riyaziyyatçılarından biri Sibir çöllərinə elmi ekspedisiya göndərməyi təklif edirdi. Orada reflektorların[4 - Reflektor – İşıq mənbəyindən çıxan şüaları əks etdirən cihaz] sayəsində nəhəng həndəsi fiqurlar çəkmək mümkün idi. Bu fiqurlar o qədər parlaq olacaqdı ki, Aydan belə görünəcəkdi. Belədə selenitlər[5 - Selenit – Ayda yaşayan xəyali adam] eyni şəkildə onlara cavab verəcək, bununla da Ayla birbaşa əlaqə imkanı yaranacaqdı. Lakin riyaziyyatçının bu fikri, deyəsən, ağlabatan görünmədi, elə fikir olaraq da qaldı. Bir sözlə, Yerlə Ay arasında rabitə yaratmaq indiyədək kimsəyə qismət olmayıb. Əminəm ki, biz bunu bacara bilərik. Çünki Aya səyahət etmək üçün asan və etibarlı üsul tapmışam. Sizi də bura elə həmin üsulla tanış etmək üçün toplamışam.

Dinləyicilər bu sözlərdən sonra Barbikeni böyük şövqlə alqışlamağa başladılar. Onlar natiqin söylədiklərinə əməllicə heyran qalmış, möhkəm həyəcanlanmışdılar. Elə ki alqışlar kəsildi, Barbiken bu dəfə daha təntənəli şəkildə danışmağa başladı:

– Ballistika[6 - Ballistika – mərminin silahın lüləsi içərisində və bu lülədən çıxdıqdan sonrakı hərəkət qanunlarını tədqiq edən elm] elminin son illər hansı uğurlara imza atdığı hamınıza məlumdur. Elə bu uğurlardan çıxış edərək özümə belə bir sual verdim: Aya top atmaq olarmı? Buna nail ola biləcək silah icad etmək mümkündürmü?

Bu sözlər zalda uğultuya səbəb oldu. Dərhal da uğultu kəsildi və ortalığa dərin sükut çökdü. Bu lap fırtına öncəsi səssizliyə bənzəyirdi. Həqiqətən də, bir neçə saniyə zalı güclü alqış səsi bürüdü. Alqışlar o qədər güclü idi ki, az qala divarlar silkələnəcəkdi. Barbiken nitqini davam etdirməyə çalışdı, ancaq bu, mümkün olmadı. O yalnız on dəqiqədən sonra yenidən danışa bildi.

– İmkan verin, sözümü bitirim, – təmkinini itirməyən Barbiken dedi. – Mən bu barədə dərindən düşünmüşəm, ciddi hesablamalar aparmışam. Axırda belə qənaətə gəlmişəm ki, dəqiq nişan alınaraq atılmış və saniyədə on iki min yard sürəti olan mərmi Aya çata bilər. Əziz klub üzvləri, sizi bu mühüm təcrübəni həyata keçirməyə dəvət edirəm. Hə, nə deyirsiniz?

3

Barbiken çıxışını tamamladıqdan sonra hər tərəfdən «Ura!» sədaları ucaldı. Sanki yer-göy yenidən lərzəyə gəldi.

Barbiken təmkinini pozmadan yoldaşlarına yenə nəsə demək istədi. Lakin klub üzvləri ona ağzını açmağa imkan vermədilər. Onlar sədri qolları üstə qaldırıb küçəyə apardılar. Orada Barbikeni coşqun kütlə qamarladı. «Ura!», «Əhsən!» səsləri daha da yüksəldi.

Bu vurhavurda sanki söhbətin ondan getdiyini anlayan Ay zülmət gecəni işıqlandırırdı. İndi bütün gözlər ona tuşlanmışdı: bəziləri əl yelləyərək Ayı salamlayır, digərləri gözəl sözlərlə bu səma cisminə səslənirdilər. Bəziləri isə onu yumruğu ilə hədələyib «Darıxma, səni fəth etməyimizə çox qalmayıb» deyirdilər. Bir qədər sonra isə yankilər artıq özlərini Ayın sahibi kimi aparırdılar. Adama elə gəlirdi ki, Ay indi Birləşmiş Ştatların bir parçasına çevrilib.

Bütün bu hay-küy düz gecə saat 2-dək davam etdi. Barbiken, nəhayət, izdihamın əlindən qurtulub evinə qayıda bildi. O özünü hədsiz dərəcədə əzgin hiss edirdi. Hərçənd onun yerinə lap Herakl[7 - Herakl – qədim yunan mifologiyasında qəhrəman. Haqqındakı ən məşhur rəvayət «Heraklın on iki qoçaqlığı» hekayəsidir.] da olsaydı, çoxdan yorulub əldən düşmüşdü.

Səhəri gün Barbikenin təklifi ABŞ-ın bütün böyük şəhərlərinə yayıldı. «Topçular klubu» nun başda Nyu-York, Boston, Vaşinqton, San-Fransisko olmaqla iri şəhərlərdəki üzvləri teleqraf vasitəsilə məsələdən xəbər tutdular. Birləşmiş Ştatların dörd bir yanında klubun 30 mindən çox üzvü vardı. Onların hamısı Barbikendən dəvət məktubu alsa da, çoxu iclasa gedə bilməmişdi. Odur ki dünən axşamdan intizar içində idilər. Bilmək istəyirdilər ki, sədri təcili şəkildə belə bir iclas çağırmağa hansı vacib məsələ məcbur edib. Budur, indi onlar hər şeydən məlumatlıdırlar və Barbikenin niyyətini öyrəndikdən sonra bərk həyəcanlanıblar.

Növbəti gün isə Birləşmiş Ştatların, demək olar, bütün qəzet və jurnalları «Topçular klubu» sədrinin Ayı fəth etmək fikrinə düşməsindən yazırdı. Bu yazılanları bir-birindən maraqlı suallar müşayiət edirdi: Ayda həyat əlamətləri varmı? Ayın Yerdən görünməyən hissəsində nə var? Ayda hər şey sabitdir, yoxsa orada tez-tez hansısa dəyişikliklər baş verir?

Hələlik söhbət bu göy cisminə top atmaqdan gedirdi. Lakin hər kəs başa düşürdü ki, qarşıda onları çox möhtəşəm bir təcrübə gözləyir. Bəzi yankilər qəti əmin idilər, bəziləri isə, sadəcə, ümid edirdilər ki, Ayın sirlərini açmaq amerikalılara qismət olacaq.

Qəzet və jurnalların az qala hamısı Yerin peyki ilə bağlı bütün suallara tezliklə cavab tapılacağına ürəkdən inanırdılar. Hətta Boston Təbiətşünaslıq Cəmiyyəti, Albani Elm və İncəsənət Assosiasiyası, Nyu-York Coğrafiya və Statistika Cəmiyyəti, Filadelfiya Fəlsəfə Cəmiyyəti bu işdə «Topçular klubu» na maddi dəstək belə təklif etdilər.

Gərək düzünü deyəsən: o zamanadək hələ heç bir elmi ideya bu qədər dəstək görməmişdi. Barbikenin təklifinə kimsə nə şübhə, nə də əndişə ilə yanaşırdı. Halbuki Avropada bu cür təklifləri məsxərəyə qoyan, ələ salan xeyli insan tapılardı. Amerikada isə bir nəfər də belə adam tapa bilməzdin. Çünki elə şeylər var ki, Yeni dünyada onları ələ salmaq qadağandır…

4

Hər tərəfdən Barbikenin təklifinə dəstək və alqış yağırdı. Lakin bunların heç biri onda başgicəllənməsi yaratmadı. O, tezliklə «Topçular klubu» nun üzvlərini yenidən bir araya yığdı. İclasda irəli sürülən təkliflə bağlı alimlərin rəyini öyrənmək qərara alındı. Bu məqsədlə onlara müxtəlif suallar göndəriləcəkdi. Suallara alınacaq cavablardan sonra təklifin həyata keçirilməsinə başlanılacaqdı.

Beləliklə, hazırlanan suallar dərhal Massaçusets ştatındakı Kembric şəhər rəsədxanasına göndərildi. Bunun da səbəbi vardı: orada Şimali Amerikanın ən yaxşı alimləri çalışırdı. «Topçular klubu» nun üzvləri belə bir ciddi məsələdə ancaq onlara etibar edə bilərdilər.

Səbirsizliklə gözlənilən cavab məktubu cəmi iki gün sonra artıq Barbikenin əlində idi. O, rəsədxanadan gələn məktubu böyük bir həyəcanla açıb oxumağa başladı.

«Kembric rəsədxanasının direktorundan «Topçular klubu» nun sədrinə.

Kembric şəhəri, 7 oktyabr.

Cənab sədr!

Rəsədxanamıza ünvanladığınız sualları aldıqdan dərhal sonra təcili iclas çağırdıq. İclasda aşağıdakı suallar müzakirəyə qoyuldu:

1. Top mərmisinin Aya çatması mümkündürmü?

2. Yerdən Ayadək olan dəqiq məsafə nə qədərdir?

3. Başlanğıc sürəti kifayət qədər yüksək olan bir mərmi Aya nə qədər müddətə çata bilər?

4. Mərminin hədəfə çata bilməsi üçün Ay nə zaman daha əlverişli vəziyyətdə olacaq?

5. Topu göy cisminin hansı nöqtəsinə tuşlamaq lazımdır?

6. Topdan atəş açılarkən Ay göy qübbəsinin hansı nöqtəsində yerləşəcək?

Birinci sualın cavabı: Əgər mərmiyə saniyədə on iki min yard sürət verə bilərsinizsə, o, Aya çatacaqdır.

İkinci sualın cavabı: Ay Yer ətrafında dairə deyil, ellips cızır, odur ki müxtəlif vaxtlarda müxtəlif uzaqlıqda olur. Beləliklə, o, Yerdən ən çox 247.552 mil[8 - Mil – 1609 metrə bərabər uzunluq ölçüsü], ən az 218.657 mil məsafədə yerləşə bilir».

Üçüncü sualın cavabı: Əgər mərmi saniyədə on iki min yard sürəti qoruyub saxlasaydı, o, təxminən 9 saata Aya çatardı. Lakin mərminin sürəti tədricən azalacağı üçün onun hədəfinə yetişməsindən ötrü 83 saat 20 dəqiqə lazım gələcək. Həm Yerin, həm də Ayın mərmini cəzb edəcəyini nəzərə alsaq, onu müəyyənləşdirilmiş vaxtdan 97 saat 13 dəqiqə 20 saniyə öncə atmaq lazımdır.

Dördüncü sualın cavabı: Astronomik hesablamalara görə, mərmini atmaq üçün ən uyğun tarix gələn il dekabrın 4-dür. Həmin vaxt Ay perigeydə[9 - Perigey – Günəş orbitinin Yerə ən yaxın nöqtəsi]olacaqdır.

Beşinci sualın cavabı: Mərmi 00və 280 şimal və ya cənub en dairəsinə tuşlanmalıdır.