banner banner banner
Gülüstan. Bustan
Gülüstan. Bustan
Оценить:
 Рейтинг: 0

Gülüstan. Bustan

Vəzir şahın sözünü istər-istəməz təsdiq etdi, onun fikrinə afərin deyib əlavə etdi:

– Cahan hökmdarının buyurduqları həqiqətdir, yaramazlar içərisində tərbiyə alan, onların xasiyyətini də mənimsəyər. Lakin bu oğlan hələ uşaqdır və quldurların yaramaz sifətləri onda möhkəm təsir buraxa bilməz. Qulunuz ümid edir ki, əgər o, bundan sonra xeyirxah adamlar arasında tərbiyələnsə, gözəl xasiyyətlər qəbul edib, islah oluna bilər. Bir hədisdə deyilir ki, insan fitrətən pak doğulur, lakin sonra, ata-anasının tərbiyəsi ilə, ya yəhudi, ya xristian, ya da atəşpərəst olur.

Şeir

Pislərə yar oldu Lutun arvadı
Ayrıldı peyğəmbər xanədanından.
İtisə bir zaman Əshabi-kəhfin,
Yaxşılarla getdi oldu bir insan.[21 - Pislərə yar oldu Lutun arvadı,Ayrıldı peyğəmbər xanədanından.İtinə diqqət et Əshabi-kəhfin;Yaxşılarla getdi oldu bir insan.Dini rəvayətə görə qədim Fələstində peyğəmbər olan Lutun arvadı onun dinini qəbul etməyənlərə qoşulub ərindən üz döndərmişdir. «Əshabi-kəhf» isə dini əfsanələrdə adı çəkilən «Mağara sahibləridir» (əshab sahiblər, kəhf – mağara). Hədislərdə nağıl olunur ki, qədim Misirdə Dəqyanus adlı zalım bir hökmdarın 6 nəfər saray xadimi onun zülmündən qaçır, yolda bir çoban da öz iti ilə onlara qoşulur. Gecələdikləri bir mağarada guya Allah onlara qiyamətə qədər əbədi yuxu vermişdir, onların hamısı, o cümlədən çobanın iti də guya behiştə gedəcəkdir və o dünyada Əshabi-kəhfin iti ilə Lutun arvadının dərisini bir-birilə dəyişəcəklər.]

Şahın yaxın adamlarından bir neçəsi də vəzirə qoşulub vasitəçilik etdilər. Nəhayət şah oğlanın günahından keçdi və dedi:

– Məsləhət bilmirəm, lakin bağışlayıram.

Şeir

Zal bir gün söylədi oğlu Rüstəmə: [22 - Zal bir gün söylədi oğlu Rüstəmə…Zal farsların qədim əfsanəvi qəhrəmanı, misilsiz pəhləvan Rüstəmin atasıdır. Onun atası Sam, anadan ağ tüklü doğulmuş, buna görə də ona qoca mənası verən Zal adını vermişdir.]
«Biçarə və zəif sanma düşməni,
Çox gördük balaca çeşmənin suyu,
Güclənib apardı yüklü dəvəni».

Xülasə, oğlanı nazü-nemətə çatdırıb, tərbiyəsini təcrübəli bir müəllimə tapşırdılar. Nəhayət oğlan natiqlik, hazırcavablılıq və saray qaydalarını dərindən öyrənib, hamısının rəğbətini qazandı.

Bir dəfə vəzir şahın hüzurunda oğlanın fəzilətlərindən danışaraq dedi ki, ağıllı mürəbbilərin tərbiyəsi yaxşı nəticə vermiş, köhnə, yaramaz xasiyyətlərdən oğlanda əsər qalmamışdır.

Hökmdar vəzirin sözünə gülümsəyib dedi:

Şeir

İnsanla qalmağa etsə də adət,
Qurd oğlu qurd olar, yenə, nəhayət.

Bu hadisədən bir-iki il keçdi. Oğlan bir dəstə yerli dələ-duzlarla dostlaşıb, onlarla yoldaşlıq etməyə başladı. Əvvəlki quldurluq xasiyyətləri onda yenidən baş qaldırdı. Nəhayət günlərin birində fürsət tapıb həmən vəziri, onun iki oğlunu öldürdü, evini soyub, var-dövlətini yığışdırdı, quldurların mağarasına qaçıb, atasının yerində oturdu və yol kəsməyə başladı. Padşah bu hadisədən xəbərdar olduqda təəssüflənib dedi:

Şeir

İti şəmşir olmaz paslı dəmirdən,
Gözləmə nakəsdən adamlığı sən.
Yağışla sulansa bağ da, şoran da,
Bağda lalə bitər, şoranda tikan.

Şeir

Şoranlıq bitirməz sünbül heç zaman
O yerdə zəhməti eyləmə hədər.
Pisə yaxşılıqla, yaxşıya pislik,
Mənaca bir şeydir, düşünsən əgər.

6. Hekayət

Oğulmuşun [23 - Oğulmuş – Atabəy Özbək ibn Məhəmməd Cahan pəhləvanın yaxın adamlarından və Sultan Əlaəddin Məhəmməd Xarəzm şahın əmirlərindən biridir. Həmədan, Rey və İsfahanın alınmasında Özbəyə kömək etmiş və həmin yerlərə hakim təyin edilmiş, nəhayət 1217-ci ildə İsmaili fədailəri tərəfindən öldürülmüşdür.] sarayında çox ağıllı, düşüncəli və dərrakəli bir sərhəng oğlu var idi. Hələ uşaqlıq vaxtlarından alnında böyüklük nişanəsi parlardı.

Şeir

Kəmalı ulduz tək başı üstə bax.
Parlardı hər yana işıq saçaraq.

Xülasə, oğlan həm yaraşıqlı idi, həm də ağıllı. Ona görə hökmdarın rəğbətini qazanmış və mənsəbə çatmışdır. Atalar doğru demişlər: «Dövlət malda deyil, kamaldadır, ağıl yaşda deyil, başdadır». Bir gün tay-tuşları oğlanın vəzifəsinə həsəd aparıb, onu xəyanətkarlıqda təqsirləndirdilər, öldürülməsi üçün səy göstərdilər.

Misra

Düşmən nəçidir, dost, sənə qəmxar olsa.

Hökmdar oğlanı yanma çağırıb soruşdu: «Bunların sənə qarşı düşmənçiliyinin səbəbi nədir?». Oğlan dedi:

– Böyük hökmdarın mərhəmətilə, paxıllardan başqa hamını razı sala bilmişəm, paxıla gəldikdə o, mənim nemətdən, hökmdarın isə səadətdən məhrum olmasını istəyir.

Beyt

Bacararam bir ürəyə toxunmayım heç zaman,
Nə edim ki, paxıl özü öz qəlbini edir qan.
Öl ey paxıl, bəlkə canın rahat ola büsbütün,
Çünki səni yalnız ölüm qurtarar bu əzabdan.

Şeir

Alçaqlar arzu edər ki, daim,
Dünyada olmasın bəxtəvər insan,
Gündüz yarasalar görmürsə əgər,
Bununçün varımdır günəşdə nöqsan?
Kor olsun minlərlə qoy elə gözlər!
Günəşə çökməsin qaranlıq bir an.

7. Hekayət

Belə rəvayət edirlər ki, Əcəm [24 - Əcəm – Ərəblər ərəb olmayanları, türklər isə iranlıları əcəm yaxud əcəmi (yəni əcnəbi) adlandırmışlar.] hökmdarlarından biri rəiyyətin var-yoxunu əlindən alıb, onlara əziyyət verməyə başladı. İş o yerə çatdı ki, xalq bu zülm və sitəmə davam gətirməyib başqa ölkələrə qaçmağa və qürbətdə yaşamağa məcbur oldu. Əhali əskildikcə ölkədə məhsul da azaldı, xəzinə boş qaldı. Bunu görən düşmənlər təzyiq göstərməyə başladılar.

Beyt

Kim müsibət günü istər ona bir yar olsun,
De ki, xoş gündə özü xalqa havadar olsun.
Qulağı halqalı qul, hörməti görməzsə gedər,
Lütf qıl, lütf sənə yadları da bir qul edər.

Bir gün onun hüzurunda «Şahnamə» [25 - «Şahnamə» – Əbülqasim Firdovsinin (934–1020) məşhur əsəridir. Firdovsi bu ölməz epopeyasında İranın ən qədim dövrlərindən başlamış VII əsrə qədərki hökmdar və qəhrəmanlarını, tarixi-əfsanəvi hadisələri nəzmə çəkmişdir.] kitabından Zöhhakın [26 - Zöhhak – İranın qədim tarixində əfsanəvi hökmdardır. Rəvayətə görə ərəb nəslindəndir. Guya İblis onun hər çiynində bir ilan bitirmiş və bu ilanlara hər gün iki cavanın beyni verilirmiş. Bundan cana doyan xalq Dəmirçi Gavənin başçılığı ilə üsyan edib, Zöhhakı öldürmüş və Cəmşidin oğlu Fridunu taxta oturtmuşdur.] devrilməsi və Fridunun qələbəsi haqqındakı hissəni oxuyurdular.

Vəzir soruşdu:

– Heç bilmək olmur ki, xəzinəsi, mülkü və qüvvəsi olmaya-olmaya Fridun hökmdarlığı necə ələ ala bildi?