banner banner banner
Şerlok Homs və doktor Vatson
Şerlok Homs və doktor Vatson
Оценить:
 Рейтинг: 0

Şerlok Homs və doktor Vatson

Şerlok Homs və doktor Vatson
Artur Konan Doyl

Dünya ədəbiyyatından seçmələr
Roman məşhur xəfiyyə Şerlok Holmsun doktor Vatsonla tanışlığı ilə başlayır. Londondakı iki müəmmalı ölüm isə bu tanışlığı dostluğa çevirir. Məlum olur ki, hər iki ölüm əslində qətldir…

Artur Konan Doyl

Şerlok Holms və doktor Vatson

© Altun kitab MMC – 2022

www.altunkitab.az (http://www.altunkitab.az/)

Hissə I

Birinci fəsil

Cənab Şerlok Holms

1878-ci ildə London universitetini bitirib həkim ixtisasına yiyələndikdən sonra xüsusi hərbi cərrahlıq kursu keçdim. Kursu başa vuran kimi məni İngiltərə ordusunun beşinci atıcı alayına cərrah assistenti təyin etdilər. Həmin vaxt alay Hindistanda idi. Odur ki mən oraya yollandım. Elə bu vaxt İngiltərə ilə Əfqanıstan arasında ikinci müharibə başladı. Hindistana çatdıqda isə alayımızın düşmən mövqelərinə doğru artıq xeyli irəlilədiyini eşitdim. Ona görə də digər yeni zabitlərlə birgə alayımızın arxasınca yollandıq. Nəhayət, Qəndəharda hərbçi yoldaşlarımıza qoşulduq. Bundan sonra dərhal yeni vəzifəmin başına keçdim.

İntəhası işlər arzuladığım kimi getmədi. Çoxuna yüksəliş və hörmət gətirən yeni vəzifəm mənə uğursuzluq və bədbəxtlikdən savayı heç nə vermədi. Müharibənin taleyində həlledici rol oynayan Mayvand döyüşü[1 - Mayvand döyüşü – İkinci İngiltərə-Əfqan müharibəsi (1878–1880) zamanı baş vermiş döyüş. Həmin döyüşdə ingilislər məğlub olmuşdular.] zamanı kürəyimdən güllə yarası aldım. Əgər çaparımız Mürrey özünü vaxtında yetirib məni atın tərkində aradan çıxartmasaydı, yəqin ki, əsir düşəcəkdim. Əsirlikdə başıma gələcəkləri isə təsəvvür belə etmək istəmirəm…

Uzun sürən məşəqqətli yolçuluq məni tamam əldən salmışdı. Üstəlik, kürəyimdəki yaranın ağrıları azalmaq bilmirdi, odur ki digər yaralılarla birgə əsas hospitala göndərildim. Müalicədən sonra tədricən özümə gəlməyə başladım. Hətta qalxıb gəzişir, arabir havamı dəyişmək üçün eyvana çıxırdım. Bu zaman növbəti bədbəxtlik baş verdi: Hindistanda tüğyan edən yatalaq xəstəliyi məni də yaxaladı. Vəziyyətim o qədər ağır idi ki, hətta həkimlər sağalacağıma inanmırdılar. Bununla belə, ölümün cəngindən qurtula bildim. Bu müddətdə lap zəiflədim, ayaq üstə zorla dayanırdım. Ona görə də həkimlər mənim təcili İngiltərəyə qayıtmağımı məsləhət bildilər. “Orontes” adlı hərbi gəmi ilə yola düşdüm və bir ay sonra mənzilbaşına – İngiltərənin bir əyalət şəhərinə çatdım. Sağlamlığımı itirmişdim, ancaq ingilis hökumətinin qayğısı altında təxminən doqquz ay sonra tamamilə özümə gəldim.

Həmin şəhərdə yaxın dostum, yaxud qohumum yox idi, gündəlik on bir şillinq[2 - Şillinq – Böyük Britaniya Birləşmiş Krallığında milli pul vahidi olan funt-sterlinqin 1/20-nə bərabər ingilis pulu] altı penslə[3 - Pens – bəzi ölkələrdə xırda pul vahidi] dolanmaq məcburiyyətində qalmışdım. Düşdüyüm girdabdan qurtulmaq üçün ölkədəki bütün avaraların, səfillərin can atdığı nəhəng “zibil yeşiyinə” – Londona getdim. Bir müddət paytaxtda, Strend yaxınlığındakı mehmanxanada yaşayaraq cibimdəki pulları xərcləyib qurtardım. Axırda maddi vəziyyətim lap ağırlaşdı. Seçim qarşısında qalmışdım – ya paytaxtdan qaçıb kəndlərin birində başımı girləməli, ya da həyat tərzimi kökündən dəyişməli idim. Axırda ikinci variant üzərində dayandım. Əvvəlcə mehmanxanadan çıxıb özümə münasib qiymətə kirayə ev tapmalı idim.

Bu qərara gəldiyim gün gözlənilməz hadisə baş verdi: Kriterion barında kimsə əlini qəfildən kürəyimə vurdu. Geri çevrildim. Qarşımda bir vaxtlar yanımda feldşer işləmiş gənc Stemford dayanmışdı. Tənhalığa məhkum olmuş birinin ucsuz-bucaqsız Londonda tanış sima görməsi necə də xoşdur! Əvvəllər Stemfordla düz-əməlli yoldaşlıq etməmişdik. Buna baxmayaraq, onunla qarşılaşdığıma görə çox sevindim; elə o da mənə hədsiz mehribanlıq göstərdi. Mən onu qəhvəaltıya dəvət etdim və biz vaxt itirmədən faytona minərək restorana getdik.

– Bu nə kökdür düşmüsünüz, cənab Vatson? – fayton London küçələri ilə şütüməyə başlayan kimi Stemford marağını gizlədə bilməyərək soruşdu. – Arıqlayıb çöpə dönmüsünüz, rənginiz isə limon kimi saralıb!

Mənzilbaşına çatdığımızdan mən başıma gələnləri danışmağa macal tapmadım. Bununla belə, Stemford çox çətin günlər yaşadığımı anlamışdı. Odur ki halıma acıyaraq dedi:

– Təəssüf! Bəs indi neyləmək fikrindəsiniz?

Cavab verdim:

– Kirayə ev axtarıram. Ucuz qiymətə mənzil tapacağıma ümid eləyirəm.

– Qəribədir, eyni sözləri bu gün ikinci dəfədir ki, eşidirəm.

– Birinci kimdən eşitmisiniz?

– O, xəstəxanamızın kimya laboratoriyasında işləyən cavan bir kişidir. Bu səhər gileylənirdi ki, özünə münasib mənzil tapıb, lakin ev yoldaşı olmadığından kirayə haqqını ödəməkdə çətinlik çəkir. Ona görə də həmin mənzildən çıxıb ucuz qiymətə kirayə ev tapmaq istəyir.

– Əladır ki! – sevincək səsləndim. – Əgər, doğrudan da, kirayəpuluna və digər xərclərə şərik axtarırsa, mən hazır! Tək yaşamaqdan bir şey çıxmaz!

Söhbətimizi qəhvəaltıda davam etdirdik. Gənc Stemford şərab stəkanını qaldırıb təəccüblə üzü-mə baxdı.

– Axı siz heç Şerlok Holmsun kim olduğunu soruşmadınız, – o dedi, – bəlkə, onunla eyni mənzildə yaşamaq istəməyəcəksiniz!

– Niyə? Yəni o qədər pis adamdır?

– Pis deyə bilmərəm. Bir az qəribəlikləri var, vəssalam! Kimya ilə yanaşı, başqa elmlərə də ciddi maraq göstərir. İnsaf naminə deməliyəm ki, qəribə olduğu qədər də alicənab adamdır.

– Elmlərə maraq göstərməyin nəyi pisdir ki? Görəsən, hansı elmlər onun maraq dairəsindədir?

– Bunu demək çətindir. Əslində, onun nə istədiyindən baş açmıram. Çox gözəl kimyaçıdır. Zənnimcə, anatomiyanı da yaxşı bilir, Ümumiyyətlə, onun elmə marağı sistemsiz və anlaşılmazdır. Bununla belə, öz zəngin bilikləri ilə hətta professorları da heyrətə gətirir!

– Bəs soruşmamısınız ki, elmdə başlıca məqsədi nədir? – mən eşitdiklərimdən hədsiz təəccüblənərək xəbər aldım.

– Soruşmamışam, çünki ondan nəsə qoparmaq asan deyil. Üstəlik, əgər bir şeyə maraq göstərirsə, bunun qarşısını almaq çətin məsələdir.

– Onunla tanışlığa çox şad olardım. Başını aşağı salıb öz işi ilə məşğul olan adamla bir mənzildə yaşamaqdan gözəl nə var?! Hələ o qədər sağalmamışam ki, səs-küyə laqeyd qalım. Əfqanıstanda başıma elə şeylər gəlib ki, ömrümün axırına qədər bəsimdir. Tanışınızla necə görüşə bilərəm?

– Yəqin, indi laboratoriyada olar, – həmsöhbətim dedi. – Bəzən həftələrlə ayağı ora dəymir, bəzən isə günlərlə səhərdən axşama qədər laboratoriyada eşələnir. İstəsəniz, qəhvəaltıdan sonra ora gedə bilərik.

– Əlbəttə, istəyirəm, – mən bunu deyib rahat bir nəfəs aldım. Sonra söhbətin mövzusunu dəyişdik. Lakin qəhvəaltını bitirib laboratoriyaya getmək üçün yola düzələrkən söhbət yenə də Şerlok Holmsun üzərinə gəldi.

– Birdən yola getməsəniz, məndən inciməyin ha, – Stemford dedi, – mən onu ancaq laboratoriyada işləyərkən təsadüfən görüb tanmışam. Ona görə də Şerlok Holmsla ev yoldaşı olub-olmayacağınıza özünüz qərar verin ki, sonra arada mən pis olmayım.

– Yola getməsək, papağımı götürüb evdən çıxaram, heç bir problem yoxdur, – sakitcə dedim. – Stemford, belə görürəm, siz nədənsə ehtiyat eləyib indidən özünüzü sığortalamaq istəyirsiniz. Yoxsa, həmin cavan oğlanın xasiyyəti sizi narahat eləyir? Tanrı xatirinə, açıq danışın.

– Siz məndən izaholunmaz bir şeyin izahını tələb edirsiniz, – deyə Stemford gülümsündü. – Neynək, çalışaram daha açıq danışım. Məsələ burasındadır ki, Şerlok Holms elmlə həddən çox maraqlanır, hətta bu artıq onun ağlını başından alıb. Bir də baxırsan ki, bir dostuna təzə kəşf edilmiş bitki tərkibli alkaloid[4 - Alkaloid – güclü fizioloji təsiri olan azot tərkibli üzvi maddə] vurur, lakin bunu pis məqsədlə eləmir. Sadəcə, onun davranışlarını müşahidə edib hansısa nəticəyə gəlmək istəyir. Ədalət xatirinə deməliyəm ki, məncə, o özünə də həmin iynədən vurur.

– Nə deyim, doğrudan, qəribədir… – mən eşitdiklərimə çox təəccübləndim.

– Hə, bir məsələ də var… Hərdən anatomiya otağındakı cəsədləri çubuqla döyəcləyir. Yəqin, mənimlə razılaşarsınız ki, bunun özü də normal hərəkət deyil.

– Cəsədləri döyəcləyir? – mən daha da təəccübləndim.

– Hə… Guya bununla bilmək istəyir ki, insan öləndən sonra bədəndə qançır yerləri qalır, ya yox.

– Bəs deyirsiniz, o, həkim olmaq fikrində deyil? Elə isə, bütün bunları bilmək onun nəyinə lazımdır?

– Bəli, məncə, Şerlok Holmsun həkimlik niyyəti yoxdur. Bütün bu hoqqaların həkimliklə nə əlaqəsi? Düzü, cavab vermək çətindir. Hər halda, onun ağlından keçənləri təkcə Tanrı bilir. Nə isə, gəlib çatdıq. Qalanını öz aranızda danışıb ayırd eləyərsiniz.

Dar dalanı keçib balaca qapıdan nəhəng xəstəxana binasına bitişik tikiliyə girdik. Burada hər şey mənə tanış olduğundan bələdçiyə ehtiyac duymadım. Alaqaranlıq daş pillələri qalxıb hər iki tərəfində qəhvəyi taxta qapılar olan uzun dəhlizlə addımladıq. Lap axıra çatanda alçaq tağlı başqa bir dəhlizə keçdik – bura bizi kimya laboratoriyasına aparırdı.

Bu hündür tavanlı otaqdakı rəflər müxtəlif dərman şüşələri və məhlullarla dolu idi. Hər tərəfə alçaq, lakin uzun stollar qoyulmuşdu. Sıx-sıx düzülmüş distillə[5 - Distillə – mayeləri qaynadaraq əsas tərkib hissələrinə ayırmaqla təmizləmə, saflaşdırma] cihazları, tıxaclar[6 - Tıxac – şüşə və s. bu kimi boğazlı qabların ağzını və ya müxtəlif cihazların deşiklərini qapamaq üçün dairəvi mantar, yaxud başqa şey; probka], yanarkən mavi alov dilimləri çıxaran spirt lampaları diqqət çəkirdi.

Laboratoriyanın uzaq küncündə cavan bir oğlanın başı diqqətlə gördüyü işə qarışmışdı. İçəridə ondan başqa kimsə yox idi. Oğlan addım səslərimizi eşidən kimi başını qaldırıb yerindən qalxdı. Sevincək çığırıb əlindəki tıxacla üstümüzə gələ-gələ dedi:

– Tapdım ey, tapdım! Axır ki, təkcə hemoqlobinlə çökdürülə bilən reaktivi[7 - Reaktiv – burada: başqa maddə ilə birləşəndə xüsusi reaksiya əmələ gətirən və bununla da onun tərkibini müəyyənləşdirməyə imkan verən maddə] tapdım!

Oğlan o qədər xoşbəxt idi ki, məncə, istənilən başqa bir adam hətta qızıl yatağı tapsaydı belə, sifəti sevincdən bu qədər alışıb-yanmazdı!

Stemford bizi bir-birimizə təqdim etdi: