banner banner banner
Şerlok Homs və doktor Vatson
Şerlok Homs və doktor Vatson
Оценить:
 Рейтинг: 0

Şerlok Homs və doktor Vatson

– Məncə, bunu kimsə sizə demişdi…

– Qətiyyən. Bu müşahidəmin nəticəsində gəldiyim qənaət idi. Bəzən başqalarına əhəmiyyətsiz görünən bir detal mənə doğru nəticə çıxarmaq imkanı verir. Sizi ilk dəfə görərkən öz-özümə dedim: “Bu adam, böyük ehtimalla, həkimdir, lakin duruşundan hərbçiyə oxşayır. Deməli, hərbi həkimdir. Tropiklərdən təzəlikcə qayıdıb – sifəti qaralıb, ancaq bu onun dərsinin əsl rəngi deyil, çünki biləkləri ağdır. Əldən düşmüş görünüşü var – ya çox əziyyət çəkib, ya da ağır xəstəlik keçirib. Sol qolundan yaralanıb – çünki həmin qolunu, demək olar, hərəkət etdirmir. Hərəkət etdirərkən isə ağrı çəkir. İndiki vaxtda ingilis hərbi həkimlərinə daha çox harada ehtiyac var? Əlbəttə, Əfqanıstanda!” Bütün bu fikirlər beynimdən cəmi bir neçə saniyədə keçdi. Ona görə də Əfqanıstandan gəldiyinizi deyəndə sizi təəccübləndirdim.

– Maraqlıdır, – gülümsəyərək dedim. – Mənə Edqar Allan Ponun[12 - Edqar Allan Po (1809–1849) – ABŞ yazıçısı, detektiv janrda yazan ilk Amerika yazıçılarından biri. Onun yaratdığı Kavaler Ögüst Düpen isə ədəbiyyatda ilk xəfiyyə obrazı sayılır.] qəhrəmanı Düpeni xatırladırsınız. Mən elə bilirdim, bu cür adamlar ancaq romanlarda olur.

Şerlok Holms qalxıb qəlyanını yandırdı.

– Yəqin, Düpenlə müqayisə edərkən mənə kompliment dediyinizi düşünürsünüz, – ev yoldaşım yenidən sözə başladı. – Məncə, sizin o Düpen çox dardüşüncəli adamdır. On beş dəqiqəlik sükutdan sonra həmsöhbətini “yeri gəlmişkən” ifadəsi ilə çaşdırmağa çalışmaq çox düşük fənddir. Lakin Ponun təqdim etmək istədiyi qədər olmasa belə, onun müəyyən analitik qabiliyyəti var.

– Qaborionun romanını oxumusunuz[13 - Dünyanın ilk detektiv müəlliflərindən sayılan fransız yazıçısı Emil Qaborionun 1866-cı ildə çıxan “Dul qadın Lerujun işi” romanı nəzərdə tutulur.]? Necə bilirsiniz, həmin romanın qəhrəmanı Lekok əsl xəfiyyədir?

Şerlok Holms öncə kinayə ilə gülümsündü, sonra isə acıqla dedi:

– Lekok burnufırtıqlı miskindir. Zəhmətkeşdir, vəssalam. Başqa heç bir bacarığı yoxdur. Ümumiyyətlə isə, Qaborionun romanı ürəyimi bulandırır. Həbsxanaya salınmış cinayətkarın şəxsiyyətini müəyyən eləmək – problemə bax da! Mən bunu vur-tut iyirmi dörd saata bacarardım. Lekok isə budan ötrü, az qala, yarım il eşələnir. Qaborionun kitabını oxuyan kimsə heç vaxt xəfiyyələrlə işləmək istəməz.

Mən ev yoldaşımın sevimli ədəbi qəhrəmanlarımı özündənrazı halda aşağılamağa başladığını görüb əsəblərimi cilovlaya bilmədim. Pəncərəyə yaxınlaşıb arxamı Holmsa çevirərək küçəyə tamaşa etdim. “Yaxşı da, başa düşdük, ağıllı adamsan, – ürəyimdə dedim, – lakin bu qədər də yekəxanalıq olmaz!”

– İndi nə mürəkkəb cinayətlər baş verir, nə də gerçək canilər qalıb, – Holms deyinməyə başladı. – Nə qədər qabiliyyətli olursan ol, bizim peşəmizdə buna dəyər verən yoxdur. Başa düşürəm, hər bir halda şöhrət qazana bilərəm. Dünyada xəfiyyəçilik sarıdan mənim qədər bacarıqlı, çalışqan adam yoxdur və olmayıb. Lakin nə olsun? Üzərində çox baş sındırmalı cinayət yoxdur. Uzaqbaşı hansısa dələduzluq, fırıldaqçılıqla qarşılaşıram. Bunları elə Skotlənd-Yardın[14 - Skotlənd-Yard – London polis idarəsi] əməkdaşları da əlüstü aşkarlaya bilərlər.

Bu cür özündənrazılıq tonu qəti ürəyimdən olmadı. Mövzunu dəyişməyə qərar verdim.

– Maraqlıdır, görəsən, o nə axtarır? – küçənin əks tərəfi ilə tələsmədən addımlayaraq binaların nömrəsinə baxan yekəpər adamı göstərib soruşdum. Adamın əlində iri, mavi zərf vardı, yəqin, qasid idi.

– İstefada olan hərbi dəniz donanması çavuşunu deyirsiniz? – Şerlok Holms sualıma sualla cavab verdi.

“Təkəbbürlü adam! – mən ürəyimdə dedim. – Dəqiq bilirəm ki, bunu öyrənmək mümkün deyil!”

Elə bu zaman həmin adam yaşadığımız evin qapısı üzərindəki nömrəni görüb tələsik küçəni keçərək biz tərəfə gəldi. Öncə bərk tappıltı, ardınca isə kobud bir səs, lap axırda da addım səsi eşidildi. Pilləkənlə ağır-ağır yuxarı, yanımıza qalxan naməlum qonaq əlindəki zərfi ev yoldaşıma uzadıb dedi:

– Cənab Şerlok Holms sizsiniz? Bu məktub sizə çatacaq.

Ev yoldaşımın təkəbbürünü beşiyində boğmaq üçün əlimə yaxşı fürsət düşmüşdü! Axı bir qədər əvvəl o, gələn adamı hərbi dəniz donanmasının istefada olan çavuşu adlandırmışdı. Lakin belə görünür, Holms yanılırdı. Bu çavuş yox, poçt işçisi idi. Hər halda, mən fürsəti fövtə vermək istəmədim və Şerloku pərt eləmək üçün qasiddən mehriban səslə soruşdum:

– Zəhmət olmasa, deyin görək nə işlə məşğul olursunuz?

– Qasidlik eləyirəm, – adam qaşqabaqla cavab verdi. – Formam üzərimdə deyil, çünki dərziyə vermişəm ki, bəzi yerlərinə əl gəzdirsin.

– Bəs əvvəl nə iş görmüsünüz? – mənalı nəzərlərlə Holmsa baxıb yenidən soruşdum.

– Kral ordusunun dəniz qoşunlarında çavuş olmuşam, cənab. – Qasid belə deyib üzünü Holmsa çevirdi. – Cavabı indi yazacaqsınız, yoxsa sonra gəlim? Aydındır, cənab. Sonra gələrəm.

Bundan sonra qasid dabanlarını yerə vurub yüngülcə təzim edərək getdi.

Üçüncü fəsil

Loriston-Qardensin sirri

Ev yoldaşımın nəzəriyyəsi özünü doğrultduqca heyrətim artırdı. Onun istedadı, doğrudan da, hörmətə layiq idi. Amma hərdən də ağlıma gəlirdi ki, bütün bunlar məni təəccübləndirmək üçün əvvəlcədən hazırlanmış bir oyundur…

Şerlok Holms qasidin gətirdiyi məktubu oxuyub bitirdikdən sonra dinməzcə dayandı. Onun dalğın və sönük baxışları gərgin düşüncələrə qərq olmasından xəbər verirdi.

Mən sakitcə soruşdum:

– Necə bildiniz?

Holms qaşqabaqlı halda dilləndi:

– Nəyi?

– Onun istefaya çıxmış hərbi donanma çavuşu olduğunu.

– Boş şeylər barədə danışmağa həvəsim yoxdur, – Holms laqeydliklə cavab verdi. Sonra gülümsəyib əlavə etdi: – Kobudluğuma görə bağışlayın. Fikrimi dağıtdınız, ancaq düz elədiniz… Deməli, bayaqkı adamın keçmişdə çavuş olduğunu anlaya bilmədiniz, doğrudurmu?

– Qətiyyən.

– Mənim üçün isə bunu müəyyənləşdirmək su içimi kimi asandır, izah eləmək isə çox çətin! Təsəvvür eləyin ki, iki dəfə ikinin dörd olduğunu sübut etmək istəyirsiniz. Əslində, sübuta ehtiyac yoxdur, lakin qarşınızdakı adamı inandırmaq üçün xeyli əziyyət çəkməlisiniz. Deməli belə… Qasidə baxarkən onun qolundakı döyməni – iri, göy lövbəri gördüm. Üstəlik, o, hərbçi qaməti ilə gəzirdi, bundan başqa, hərbçilərə xas bakenbardı vardı. Bəyəm bundan sonra hər şey aydın deyilmi!

– Möcüzədir! – mən ucadan səsləndim.

– Eh, boş şeydir, – Holms əlini yellədi. Lakin üz-gözündən aydın hiss olunurdu ki, mənim heyrətim onun ürəyincədir. – Bir az əvvəl dedim ki, indi həqiqi, mahir cinayətkarlar yoxdur. Deyəsən, yanılmışam. Alın oxuyun!

Şerlok Holms belə deyib qasidin gətirdiyi məktubu mənə uzatdı. Mən onu oxuduqdan sonra:

– Qulaq asın, bu ki dəhşətdir! – deyib köks ötürdüm.

– Hə, deyəsən, adi cinayət hadisəsi deyil, – Holms soyuqqanlılıqla söylədi. – Zəhmət olmasa, məktubu bir daha və ucadan oxuyun.

Mən məktubu yüksək səslə oxumağa başladım, orada yazılmışdı:

“Hörmətli, cənab Şerlok Holms!

Bu gecə Brikstoun-rouddakı Loriston-Qardens, 3 ünvanında iyrənc bir cinayət hadisəsi baş verib. Gecə saat iki radələrində polis işçilərimizdən biri növbədə ikən həmin ünvandakı evdə işıq görüb. Binada yaşayış olmadığından bu onu şübhələndirib. Qapı açıq imiş. Əməkdaşımız içəri daxil olduqda ilk olaraq yaxşı geyinib-kecinmiş bir kişinin cəsədini aşkarlayıb. Onun cibindən vizit kart tapıb: “Enox C.Drebber, Klivlend, Ohayo, Birləşmiş Ştatlar”. Cəsədin üzərində heç bir soyğunçuluq, ya da zorakılıq əlaməti aşkar edilməyib. Döşəmədə qan ləkəsi olub, intəhası meyitin üzərində heç bir yara yoxdur. Böyük ehtimalla, cəsəd həmin evə başqa yerdən gətirilib. Lakin başa düşə bilmirik ki, bu necə ola bilər… Bir sözlə, əməlli-başlı ilişmişik. Saat 12-yə qədər gəlsəniz, sizinlə hadisə yerində görüşə bilərik. Gələ bilməsəniz, onda mən işin gedişatı barədə sizə xəbər verərəm. Hər bir halda, fikirlərinizi mənimlə bölüşsəniz, çox şad olaram.

Sizə hörmətlə, Tobias Qreqson”.

Mən məktubu oxuyub bitirdikdən sonra dostum dedi:

– Qreqson Skotlənd-Yarddakı ən bacarıqlı xəfiyyələrdən biridir. O da, Lestreyd də digərlərindən fərqlənirlər. İkisi də diribaş və enerjili adamlardır, lakin heyrət doğuracaq qədər bayağıdırlar. Gözəllik yarışına çıxan qızlar kimi bir-birilərinin paxıllığını çəkir, yola getmirlər. İkisi də eyni vaxtda izə düşsə, bax bu çox maraqlı olardı.

Holms təəccüb doğuracaq şəkildə mızıldanaraq danışırdı. Lakin mən buna bir o qədər də əhəmiyyət verməyib dedim:

– Zənnimcə, bir dəqiqə də vaxt itirmək olmaz. Gedib sizə fayton çağırım?

– Hələ gedib-getməyəcəyimə qərar verməmişəm. Mənim kimi tənbəl yer üzünə gəlməyib. Buna baxmayaraq, tənbəllik üstümə hücum çəkəndə ondan qurtulmağın da yolunu bilirəm.

– Siz ki belə bir mürəkkəb cinayət hadisəsini çoxdan arzulayırdınız!

– Əzizim, bunun mənə xeyri var? Tutaq ki, mən həmin qətlin üstünü açdım. Axı faydasını Qreqsonla Lestreyd görəcəklər, onların şan-şöhrəti artacaq. Mənim məsləhətlərimin həlledici rol oynaması isə kimsənin vecinə olmayacaq.