banner banner banner
Seçilmiş əsərləri
Seçilmiş əsərləri
Оценить:
 Рейтинг: 0

Seçilmiş əsərləri

Asitanın xakini vermən cəmii-aləmə,
Hər ayağın toprağı mülki-Süleymandır mana.

Ta cəmalın müshəfin gördüm, əya nuri-ilah,
Zikri-eşqin dildə laim virdi-Qurandır mana.

Ey Xətayi, xubların cövri vəfadır aşiqə,
Firqəti mehr nigarın, cövri ehsandır mana.

«Getdi ol məhru yanımdan, yüz cəfa qaldı mana…»

Getdi ol məhru yanımdan, yüz cəfa qaldı mana,
Cövr bilmən kim, bəlayi-müntəha qaldı mana.

Ey pəri, çox işveyi-hüsninə məğrur olma kim,
Mülki-fani sanmagil kim, nə sana qaldı, mana.

Ta kim, ol xurşidrux getdi gözümdən su təki,
Göz yaşım anın yüzündən aşina qaldı mana.

Sən gedəndən bərlu anca zarü əfğan etmişəm,
Yerü gög, insü mələk cümlə baxa qaldı mana.

Dilbərin getdi, Xətayi, sən nedirsən dünyəni?

Çünki can getdi, bu tən, yarəb, niya[1 - Niya – “niyə” sözüdür. Qafiyə xatirinə orijinalda “niya” yazılmışdır. Biz də o cür saxlamağı məsləhət bildik.]
qaldı mana.

«Hər dəm ğəmində naləvü ahim yetər mana…»

Hər dəm ğəmində naləvü ahim yetər mana.
Dünya yüzündə ol yüzi mahim yetər mana.

İsbat qılmışam rüxi-zərdü əşki-sürximi,
Dəviyi-eşqə böylə güvahim yetər mana.

Aləm xəlayiqi mənə cümlə həsud ola,
Ol asitanın iti pənahim yetər mana.

Zahid, ögünmə, taleyi, sədəm deyib yügüş,
Sən var işinə, bəxti-siyahim yetər mana.

Kəsmə ümid rəhməti-həqdən, Xətayi, sən,
Cümlə xətadə lütfi-ilahim yetər mana.

«Dilbəra, ol ay yüzün xurşidi-tabandır mana…»

Dilbəra, ol ay yüzün xurşidi-tabandır mana,
Bağçan içindən axan su abi-heyvandır mana.

Məscidə varmaq nə hacət, dedim, ey zahid, mana
Ruy ilə zülfi anın küfr ilə imandır mana.

Müddəilər tənəsindən sanmanız kim, mən dönəm,
Ol mənim canım içində cani canandır mana.

Mən səninlə söyləşəndə gər zimistan, gər bahar,
Hər nə çağ görsəm səni, aləm gülüstandır mana.

Ey Xətayi, çün sənə həqdən nəzərdir hər zaman,
Eşqin ilə bu həyatım baği-rizvandır mana.

«Xaki-payin, dilbəra, bir taci-dövlətdir mana…»

Xaki-payin, dilbəra, bir taci-dövlətdir mana,
Bəs yüzün görmək sənin bəxtü səadətdir mana.

Çün ğəmi-eşqində ölməkdir həyati-cavidan,
Həq bilür ölmək degil ol, eyni-rahətdir mana.

Munca kim, dərdündə zəhmət çəkmişəm, ey bivəfa,
Çünki səndəndir bu zəhmət, cümlə rahətdir mana.

Gərçi məndən dər hicab olursan, ey arami-can,
Yüzünü görsətdigin eyni-inayətdir mana.

Düşdə gərdü dün Xətayi, yar olubdur həmdəmi,
Ya düşümdür, ya xəyalım, bu nə halətdir mana?

«Ah kim, sən getdin, ey ay üzlü, can qaldı mana…»

Ah kim, sən getdin, ey ay üzlü, can qaldı mana,
Can səninlə getdi, ismi-natəvan qaldı mana.

Taki sən getdin yanımdan, ey dilaramım mənim,
Haləti-vəslin könüldə pasiban qaldı mana.

Gərçi gülzari-cəmalın getdi qarşımdan mənim,
Dildə mehri-qamətin sərvi-rəvan qaldı mana.

Gər nihan oldu gözümdən ol pəri peykər sənəm,
Gögdə mah onun yüzündən bir nişan qaldı mana.

Taki səndən ayrı düşdi bu Xətayi xəstə dil,
Buyi-muyin müşk ilə ənbərfişan qaldı mana.

«Həqq əzəl meyxanəsindən verdi bu cami mana…»

Həqq əzəl meyxanəsindən verdi bu cami mana,
Kainat əhli təəccüb qıldılar qamu mana.