banner banner banner
Əsərləri
Əsərləri
Оценить:
 Рейтинг: 0

Əsərləri

Əsərləri
Molla Pənah Vaqif

Azərbaycan ədəbiyyatının və bədii fikrinin salnaməsində yeni parlaq səhifə Vaqifin adı ilə bağlıdır. O, ədəbiyyatımızda realizm meyillərinin, demokratik əsasların çərçivəsini xeyli genişləndirmiş, ədəbiyyatı xalqın həyatına və arzularına xeyli yaxınlaşdırmışdır. Vaqif lirikası poeziyamızda nikbin bir əhvali-ruhiyyə, həyati və dünyəvi gözəlliyə pərəstiş hisslərini qüvvətləndirir. Kitaba böyük şairin qоşma, təcnis, qəzəl, müxəmməs, müstəzad və s-dən ibarət əsərləri daxil edilmişdir.

Molla Pənah Vaqif

Əsərləri

Molla Pənah Vaqif (1817-1897)

QOŞMALAR

«Sevdiyim, ləblərin yaquta bənzər…»

Sevdiyim, ləblərin yaquta bənzər,
Sərasər dişlərin dürdanədəndir.
Sədəf dəhanından çıxan sözlərin
Hər biri bir qeyri xəzanədəndir.

Nədəndir sözümə cavab verməmək,
Həm camal gizləyib, üz göstərməmək.
Gecələr gözlərim xabı görməmək,
Ol siyah nərgisi-məstanədəndir.

Mən ha səni nuri-ilahi sannam,
Camalının şöləsinə dolannam,
Atəşinə mərdü mərdanə yannam,
Bu xasiyyət mənə pərvanədəndir.

Bir namə yazmışam can üzə-üzə,
Badi-səba, apar sən o gül üzə,
Soruşsa yar ki, bu kimdəndir bizə?
Söyləgilən: – Sizin divanədəndir.

Xumar-xumar baxmaq göz qaydasıdır,
Lalə tək qızarmaq üz qaydasıdır,
Pərişanlıq zülfün öz qaydasıdır,
Nə badi-səbadan, nə şanədəndir.

Müştaqdır üzünə gözü Vaqifin,
Yolunda payəndaz üzü Vaqifin,
Sənsən fikri, zikri, sözü Vaqifin,
Qeyri söz yanında əfsanədəndir.

«Bir zaman havada qanad saxlayın…»

Bir zaman havada qanad saxlayın,
Sözüm vardır mənim sizə, durnalar!
Qatarlaşıb nə diyardan gəlirsiz?
Bir xəbər versəniz bizə, durnalar!

Sizə müştaq durur Bağdad elləri,
Gözləyə-gözləyə qalıb yolları,
Asta qanad çalın, qafil telləri,
Heyifdir, salarsız düzə, durnalar!

Xeyli vaxtdır, yarın fərağındayam,
Pərvanə tək hüsnün çırağındayam,
Bir ala gözlünün sorağındayam,
Görünürmü, görün, gözə, durnalar!

Mən sevmişəm ala gözün sürməsin,
Bədnəzər kəsibən, ziyan verməsin,
Saqın gəzin, laçın gözü görməsin,
Qorxuram səfnizi poza, durnalar!

Nazənin-nazənin edərsiz avaz,
Ruhlar tazələnir, olur sərafraz,
Vaqifin də könlü çox edər pərvaz,
Hərdən sizin ilə gəzə, durnalar!

«Məni qərq eylədin qəm dəryasına…»

Məni qərq eylədin qəm dəryasına,
Ey çeşmi-xumarım, nöşün ağladın?
Ey gözüm, nə dəyib köyrək könlünə?
Ey şirin göftarım, nöşün ağladın?

Gərdənində zülfün tər sünbül kimi,
Sonadan üzülmüş qaratel kimi,
Sən gərək güləsən qızılgül kimi,
Ey lalə rüxsarım, nöşün ağladın?

Olmaya sən məni biiqrar sandın,
Zarafat eylədim, ona inandın,
Nə dəydi könlünə, nədən bulandın,
Dişləri mirvarım, nöşün ağladın?

Bağrım başın şan-şan eylədin, dəldin,
Dönüm gözlərinə, az ağla – öldün;
Deyərdin, gülərdin, belə deyildin,
Mənim cadugərim, nöşün ağladın?

Hər kəs görən dəmdə öz sirdaşını,
Məgər tökər qabağını-qaşını?!
Oda yaxdın ciyərimin başını,
Vaqif der: dildarım, nöşün ağladın?

«Başına döndüyüm, toy adamları…»