banner banner banner
Əsərləri
Əsərləri
Оценить:
 Рейтинг: 0

Əsərləri


Başına döndüyüm, toy adamları,
Siz də deyin: toya gələn oynasın,
Adını demərəm, eldən ayıbdır,
Filankəsin qızı, filan oynasın.

Nə müddətdi ona güvənən bizik,
Həsrətin çəkməkdən canımız üzük,
Hər əlinə alıb bir danə üzük,
Üzüyü dəstinə alan oynasın.

Bir tuba boyludur; boyu novrəstə,
Həsrətin çəkməkdən olmuşam xəstə,
İşarət eylərəm anlayan dosta,
Dostunun qədrini bilən oynasın.

Mən Molla Vaqifəm, eylərəm əfğan,
Gözlərim də yaş yerinə tökər qan,
Uzun boylu, yeniyetmə, novcavan, –
Məni bu dərdlərə salan oynasın.

«Çox zamandır, yarın həsrətindəyəm…»

Çox zamandır, yarın həsrətindəyəm,
Gələydi, bir onu barı görəydim,
Bülbül tək fəryadım çıxdı fələkə,
Cənnət iyli gülüzarı görəydim.

Basaydı üzümə gül ayağını,
Öpəydim üzünü, həm dodağını,
Gah açaydım ağ sinənin bağını,
Qoynundakı qoşa narı görəydim.

Gah alaydım gərdənini qucağa,
Gah üzüm sürtəydim zülfə, buxağa,
Gah da oturaydım qabaq-qabağa,
Danışaydı, xoş göftarı görəydim.

Bilirmola bağrımdakı yaranı,
Necə yaxmış mən tək günü qaranı,
Yar məndən kəsməzdi belə aranı,
Bu qoymayan kimdir, barı, görəydim.

Vaqifəm, hicrandır mənim məhşərim,
Gecə-gündüz canan olmuş əzbərim,
Kərəm eyləyibən gəlsə dilbərim,
Kəsilirmi ahu zarı görəydim?

«Bulud zülflü, ay qabaqlı gözəlin…»

Bulud zülflü, ay qabaqlı gözəlin,
Duruban başına dolanmaq gərək.
Bir evdə ki, belə gözəl olmaya,
O ev bərbad olub talanmaq gərək.

Əndamı ağ gərək, sinəsi mərmər,
Siyah zülfü qamətinə bərabər,
Qoynu içi guya müşklə ənbər,
Basdığı torpağı yalanmaq gərək.

Sərxoş durub sarayından baxanda,
Ağ gərdənə həmayillər taxanda,
Gözə sürmə, qaşa vəsmə yaxanda,
Canım eşq oduna qalanmaq gərək.

Çıxa sarayından canlar alan tək,
Xişmə gələ gəh-gəh qəhri olan tək,
Şahmar zülfü dal gərdəndə ilan tək,
Hərdəm tərpənəndə bulanmaq gərək.

Vaqif, sənin işin müdam ah olsun,
Səg rəqibin ömrü qoyu kütah olsun.
Həmdəmsiz kimsənə əgər şah olsun,
Gədadır o kimsə, dilənmək gərək.

«O şux qəmzələrin, xəncər kirpiyin…»

O şux qəmzələrin, xəncər kirpiyin
Gündə olur yüz min qan qabağında,
Xumar-xumar baxan ala gözlərin
Gərəkdir verəsən can qabağında.

Qaşın qabağında sığallı birçək,
Sayə salmış üzə şölə mübarək,
Amma iki dəstə tər bənövşə tək
Qoymuş al yanağın yan qabağında.

Zülfündən qoxuşar gülü reyhanlar,
Qurban hər muyinə yüz min cavanlar,
Pişvazına gəlir huri qılmanlar,
Məlayik durmuşlar san qabağında.

Vaqif qurban zənəxdanın çahinə,
Şirin gülüşünə, xoş nigahinə,
Qul olasan belə xublar şahinə,
Durasan hər axşam, dan qabağında.

«Xublar arığından yarımaq olmaz…»

Xublar arığından yarımaq olmaz,