banner banner banner
Əsərləri
Əsərləri
Оценить:
 Рейтинг: 0

Əsərləri

Valeh oldu könül həvadən sənə.
Əlim yetməz – namə yazıb dərdimi
Göndərirəm badi-səbadən sənə.

Oturuşun gözəl, duruşun gözəl,
Sallanışın gözəl, yerişin gözəl,
Xoyun, xülqün gözəl, hər işin gözəl,
Bəxş olub bu xubluq xudadən sənə.

Dodaqların oxşar ləli-Yəmənə,
Yada düşdü, bağrım qan oldu yenə,
Siyah tel düzürsən bəyaz gərdənə,
Düşübdür bu qayda sonadən sənə.

Fikrü xəyalındır könlüm ziynəti,
Şirin sözlərindir ağzım ləzzəti,
Sənsən mənim ömrüm, günüm vəhdəti,
Yetişməsin, ya rəb, bəladən sənə.

Qəm evində saldın küncə Vaqifi,
Eylədin muyindən incə Vaqifi,
Neçün incidirsən munca Vaqifi,
Nə hasil bu cövrü cəfadən sənə?

«Sığallanıb-sığallanıb siyah zülf…»

Sığallanıb-sığallanıb siyah zülf,
Nə gözəl düşübdür üzə, Fatimə!
Can alırsan yenə, bu nə sürmədir
Çəkibsən ol xumar gözə, Fatimə!

Mən mayiləm sənin zənəxdanına,
Həlqə-həlqə zülfi-pərişanına,
Cəvahirlər xərc eylərəm şanına,
Əgər müştaq olsan sözə, Fatimə!

Can mülkünə verməm saçının dəngin,
At canıma kirpiklərin xədəngin,
Ta ki, gördüm yanağının mən rəngin,
Düşmüşəm bir oda, közə, Fatimə!

Yay kimi nə gözəl çəkibsən qaşı,
Ona söz yox, hər nə desəm yaraşı,
Sənə peşkəş etmənəmmi can-başı;
Neçün bir gəlməzsən bizə, Fatimə?

Eşqin atəşidir məni əridən,
Can üzüldü baxa-baxa geridən,
Dönmüşəm mələkdən, tamam pəridən,
Vaqifəm, sevmişəm təzə Fatimə!

«Saçın zəncirinə könül bağladım…»

Saçın zəncirinə könül bağladım,
Məcnun kimi düşdüm dağa, Fatimə!
Neçün məni görcək sərxoş ötürsən,
Bir baxmazsan sola-sağa, Fatimə!

Özün pəri, xülqü xoyun fəriştə,
Harda olsan ora dönər behiştə,
Sən gərəkdir gündə çıxasan gəştə,
Gül düzəsən gül buxağa, Fatimə!

Haçanacan canım odlara yaxım,
Hər tərəfə daşqın sellər tək axım.
Çox müştaqəm aç üzünü, qoy baxım
Ənbər zülfə, gül yanağa, Fatimə!

Layiq deyil sənə nakəsü biqəm,
Adam gərək ola adama həmdəm.
Canım çıxar səni görməsəm bir dəm,
Getmə məndən sən uzağa, Fatimə!

Vaqif səni sevdi xublar içində,
Bir təzə qönçəsən gülzar içində,
Söz danışmaq olmaz əğyar içində,
Gəl çəkilək bir qırağa, Fatimə!

«Bir üzü gül, rəngi lalə, zülfü tər…»

Bir üzü gül, rəngi lalə, zülfü tər,
Gəştə çıxıb, dərər taza bənəfşə.
Dəstə-dəstə sancıb buxaq yanına,
Yaraşıbdır o şahbaza bənəfşə.

Cismi mərmər, həlqə zülfləri qara,
Onu görən məcnun olur – avara,
Hörüb saçlarını, salıb qatara,
Düzüb telə, həm qotaza bənəfşə.

Yaşı on səkkizə yenicə yetmiş,
Gözəllikdə tamam xəlqi mat etmiş,
Gəştə çıxmış – yar gəldiyin eşitmiş,
Dağa salıb bir avaza bənəfşə.

Göysün açıb, ağ qolların çırmasın,
Elə gəzsin, onu rəqib görməsin,
Əğyar ilən çıxıb seyrə, dərməsin,
Layiq olmaz anlamaza bənəfşə.