banner banner banner
Qoca Azaflıyam
Qoca Azaflıyam
Оценить:
 Рейтинг: 0

Qoca Azaflıyam


MƏHƏBBƏTDƏN

Bu dünyaya gələn kimsə,
Arzu dilər məhəbbətdən.
Eşqi sevda bilən kimsə,
Çəkər nələr məhəbbətdən.

O sehrkar bir afətdir,
O sevgidir, müsibətdir.
O həyatdır, təbiətdir,
Bəşər gələr məhəbbətdən.

Vurğunların odur himi,
Aşıqların sınar simi.
Gah ağlayar yetim kimi,
Gah da gülər məhəbbətdən.

Su, od olar, daş qaynadar,
Ürək yanar baş qaynadar.
Gözlərində yaş qaynadar,
Aşiq ölər məhəbbətdən.

Kimin yarı halal haqdır,
Bu dünyada o xoşbaxtdır.
Azaflı da ən bədbaxtdır,
Fəryad elər məhəbbətdən.

O DAĞLARDAN, BU DAĞLARDAN

(Qoşa yarpaq gəraylı)

Maral qaçar, kəklik uçar,
O dağlardan, bu dağlardan.
Ellər köçər, karvan keçər,
O dağlardan, bu dağlardan,
Yaylaqlardan, oylaqlardan.

Sürü otlar qatar-qatar,
Gahı yatar, gahı qaçar.
Qız gül atar, oğlan tutar,
O dağlardan, bu dağlardan,
Yaylaqlardan, oylaqlardan.

Bulud oynar, şimşək çaxar,
Bulaq qaynar, sular axar.
Qartal qalxar, cüyür baxar,
O dağlardan, bu dağlardan,
Yaylaqlardan, oylaqlardan.

Koroğlular gəzdi Nigar,
Tarix sayar hər nəyi var.
Könül duyar, ilham alar,
O dağlardan, bu dağlardan,
Yaylaqlardan, oylaqlardan.

Naxır enər, buzov mələr,
At kişnəyər, qulun gələr.
Azaflı söz, dastan deyər,
O dağlardan, bu dağlardan,
Yaylaqlardan, oylaqlardan.

ÇALA-ÇALA

(Qoşayarpaq iki ayaqlı gəraylı)

Məhəbbətin, sədaqətin,
Cəsarətin, siyasətin,
Güc-qüvvətin, pul-sərvətin,
Ola-ola, bala-bala,
Gəz dünyanı çala-çala.

Dosta hayın, dalda dayın,
Haqqı-sayın, yazın, yayın,
Qismət payın, çörək, çayın,
Ola-ola, sağa-sola,
Gəz dünyanı çala-çala.

Etibarın, namus, arın,
Yaxşı yarın, çoxlu varın,
İxtiyarın, mərd dostların,
Ola-ola qalma dala,
Gəz dünyanı çala-çala.

Canda sağın, gözəl çağın,
Ətin-yağın, aran-dağın,
Güllü bağın, kef-damağın,
Ola-ola düşmə qala,
Gəz dünyanı çala-çala.

Azaflı, düz şeirlə söz,
Ömrü yüz-yüz şən, gülərüz,
Gecə-gündüz şad könlümüz,
Ola-ola düz get yola,
Gəz dünyanı çala-çala.

DÜNYA

Yoxuşundan çıxammıram,
Belimdə bir şələ dünya.