banner banner banner
Qoca Azaflıyam
Qoca Azaflıyam
Оценить:
 Рейтинг: 0

Qoca Azaflıyam

Qoca Azaflıyam
Mikayıl Azaflı

Kitabda XX əsr Azərbaycan aşıq poeziyasının inkişafında xüsusi yeri və çəkisi olan, çağdaş aşıq sənətinin memarlarından biri, sağlığında klassikləşən ustad aşıq Mikayıl Azaflının (Mikayıl Cabbar oğlu Zeynalov) əsərlərinin bir hissəsi toplanmışdır.

Kitab geniş oxucu kütləsi və tədqiqatçılar üçün nəzərdə tutulur.

Mikayıl Azaflı

Qoca Azaflıyam

GƏRAYLILAR

QOCA QARTAL

Qoca qartal, nə gəzirsən,
Dağlar qoynunda, qoynunda.
Bala gördüm anasının,
Ağlar qoynunda, qoynunda.

Niyə qəlbin qaralıbdı,
Gül üstünü xar alıbdı.
Şamamalar saralıbdı,
Tağlar qoynunda, qoynunda.

Bir həkim yara bağlayır,
Bir hakim sinə dağlayır.
Bağban gördüm, qan ağlayır,
Bağlar qoynunda, qoynunda.

Azaflı, yaz, dilə gəlməz,
Uçdu sonan, gölə gəlməz.
Keçən keçdi, ələ gəlməz,
Çağlar qoynunda, qoynunda.

BU DÜNYADAN

Ömür-günlər asta-asta,
Gələr, gedər bu dünyadan.
Kimi canı qurban dosta
Elər gedər bu dünyadan.

Ayrılmayın kef-damaqdan,
Döndərməyin qəlbi haqdan.
Şahlar enər tacı-taxtdan,
Ölər gedər bu dünyadan.

Ay Azaflı, pis tez ölməz,
Gələn qalmaz, gedən gəlməz.
Milyon sayçı saya bilməz,
Nələr gedər bu dünyadan.

KEÇƏN GÜNLƏR

Gəncliyimi apardınız,
Keçən günlər, keçən günlər.
Ürəyimi qopardınız,
Keçən günlər, keçən günlər.

Gəldi gedər, getdi gəlməz,
Cavanlığım itdi, gəlməz.
Dövranları bitdi, gəlməz,
Keçən günlər, keçən günlər.

Azaflıyam, bir hal kimi,
Dağlar aşdım qartal kimi.
Gələr keçər xəyal kimi,
Keçən günlər, keçən günlər.

MƏNİM DÜNYAM

Bir dünyamın dünyasıdı,
Mənim dünyam, mənim dünyam.
Yanar eşqin ziyasıdı,
Mənim dünyam, mənim dünyam.

Ülvi-ülvi ülviyyətdi,
Mətin-mətin mətanətdi,
Mehri-mehri məhəbbətdi,
Mənim dünyam, mənim dünyam.

Min mənalı bayatımdı,
Yerim, göyüm, hər qatımdı.
Ömür-ömür həyatımdı,
Mənim dünyam, mənim dünyam.

Öz vətənim, öz dinimdi,
Öz məkanım, öz elimdi.
Öz türkümdür, öz dilimdi,
Mənim dünyam, mənim dünyam.

Azaflıynan qoşa səni,
Toxunmaynan daşa səni.
Mən ölsəm də yaşa səni,
Mənim dünyam, mənim dünyam.

İNSAN OĞLU, İNSAN SƏSİ

Gəzər dünya, bəşəriyyət,
İnsan oğlu insan səsi.