banner banner banner
Qoca Azaflıyam
Qoca Azaflıyam
Оценить:
 Рейтинг: 0

Qoca Azaflıyam


Azaflıyam, məhəbbətim,
Həm sevincim, həm afətim.
Sənsən pirim, ziyarətim,
Bil, başına dolandığım.

QANMADI

Bir nanəcib rəhbər oldu,
Eli qanmadı, qanmadı.
Bir kor nadan zərgər oldu,
Ləli qanmadı, qanmadı.

Hökmü dövran fənd əlində,
Qul yeyəmmir qənd əlində.
Oldu rayon, kənd əlində,
Dəli qanmadı, qanmadı.

Zalım haqnan üzə durdu,
Şər eylədi, tələ qurdu.
Pis yaxşıya ləkə vurdu,
Dili qanmadı, qanmadı.

Yoldaş gördüm yoldaşına,
Güllə atdı qardaşına,
Zəncir saldı yad başına,
Əli qanmadı, qanmadı.

Azaflının dərdi zaman,
Gülü xara verdi zaman.
Namərd etdi mərdi zaman,
Bəli qanmadı, qanmadı.

HƏQİQƏT

Ayılmayıb, a qardaşım,
Hələ gəzdiyin həqiqət.
Olub namərd, tərs əlində,
Kölə gəzdiyin həqiqət.

Keçmişdə də yoxmuş düzü,
Var indiki vaxda sözü,
Gələcəkdə bəlkə özü,
Gələ gəzdiyin həqiqət.

Azaflıynan görəklərdə,
Adı divar, dirəklərdə.
Yatır gücsüz ürəklərdə,
Belə gəzdiyin həqiqət.

AXTARAR

Hər sənətkar el üçündü,
Aşıq şənlik, toy axtarar.
Deyər görün ölən varmı,
Molla ölü, vay axtarar.

Adam var ki, ürək üzər,
Adam var ki, könül düzər.
Yaxşı olan, yaxşı gəzər,
Pis özünə tay axtarar.

Kimi uyar şöhrət-şana,
Kimi özün salar qana.
Azaflı tək yana-yana,
Kimi haqdan pay axtarar.

VAR

Hər insanın bu dünyada,
Həm çiyi, həm bişmişi var.
Hər gecənin, hər gündüzün,
Min hökmü var, min işi var.

Kimi tikər, kimi yıxar,
Kimi yeyər, kimi baxar.
Kimi enər, kimi qalxar,
Fələyi var, gərdişi var.

Hər çəməndə min gül əkən,
Dəryalara sel, su tökən.
Yerə, göyə pərdə çəkən,
Ay Azaflı, bir kişi var.

İNSAN OĞLU

Yaranandan ölənədək,
Nələr edər insan oğlu.
Yaxşı, yaman bilənədək,
Ölər hədər insan oğlu.

Bağlar yanar bar üstündə,
Güllər solar xar üstündə.
Bir-birini var üstündə,
Yeyər, didər insan oğlu.

Azaflı, haqq dürdanədi,
Uyma, dünya əfsanədi.
Gəldi getdi, gəlib gedi,
Gələr, gedər insan oğlu.