banner banner banner
Beynəlxalq Münasibətlər üzrə bələdçi
Beynəlxalq Münasibətlər üzrə bələdçi
Оценить:
 Рейтинг: 0

Beynəlxalq Münasibətlər üzrə bələdçi

Bu, BM-də elmin hər tərəfini sarmış çoxlu sayda cari ziddiyyətləri aydınlaşdırmağa da kömək edir, çünki aydın deyil ki, bu imtina edilmiş şey həqiqi elm, məntiqi pozitivist variant, yoxsa digər, daha mülayim pozitivist variantdır. Bu problem bir şərhçinin 12 variantını gətirdiyi (Halfpenny, 1982) pozitivizmin özü barədə razılığın olmaması ilə daha da mürəkkəbləşir (Halfpenny, 1982). Bundan başqa, elm fəlsəfəsinin özü tez bir zamanda pozitivizmi rədd etməli, və alimlərin praktikasının pozitivist modelə uyğun olmadığını bəyan etməli idi. Bu, daha çox paradoksal görünən belə bir baxışa gətirirdi ki, pozitivist modelin surətini çıxarmağa çalışmış bütün yanaşmalar əslində elmi prosedurlara riayət etmirmiş. Hər halda, problemlərin məntiqi pozitivizmlə fəlsəfənin özünün mübahisəsi zəminində meydana çıxmasına baxmayaraq, davranışçılar fəlsəfəyə üz tutduqda, elmin fəlsəfəsi daxilində pozitivizmin doğruluğu ilə əlaqədar konsensus əmələ gəlmişdi, və ona görə də fənnin bu modeli qəbul etməsi tamamilə düzgün idi. Əslində məntiqi fəlsəfənin daxilində pozitivizmi (pozitivizmlə əlaqədar mövcud olan konsensusun səviyyəsini) nəzərə aldıqda, onu qəbul etməmək anormallıq olardı (Chalmers, 1992).

BM daxilində poztivizmin qəbul edilməsinin tədqiqinə keçməzdən əvvəl onun adından edilmiş və BM-ə mühüm təsir göstərmiş bəyanatlardan bəzilərini nəzərdən keçirmək vacibdir. Onlardan ikisi xüsusi yer tutur: operasionalizm və instrumentalizm «davranışçı qiyamın» lap qəlbində idi, və hər ikisi məntiqi pozitivizm/pozitivizmin daxilinə hörülmüşdü (Gunnell, 1975). Operasi-onalizmə sədaqət ümumiyyətlə yaxşı başa düşüləndir: nəzəriyyənin doğruluğu son nəticədə «faktlara» dayandığından, elmi və ya empirik (təcrübi) hesab edilən bütün anlayışlar operasional olaraq təyin edilməlidir. Ümumiyyətlə bu, davranışçılıqda müşahidə dilini göstərmək mənasında qəbul edilə bilər (Gunnell, 1975; Nicholson. 1996a). Daha az başa düşüləni operasionalizmlə sıx bağlı olan və məntiqi pozitivizmə/pozitivizmə nüfuz etmiş instrumentalizmdir.

İnstrumentalizm nəzəriyyələrdə müşahidə edilə bilməyən terminlərin statusu ilə bağlı bəzi dolaşıq suallardan yan keçmək üçün pozitivistlər tərəfindən işlədilən alətdir. İnstrumentalist baxışa əsasən, nəzəri konsepsiyalar düzgün və ya yalan olmasına yox, nəzəri faydalılığına görə qiymətləndirilirdi. (Singer, 1969: 76; Waltz, 1979: 8; Wasby, 1970: 66). İnstrumentalistə görə nəzəriyyələr dünyanın mövcud olması yolları haqqında fərziyyələr kimi götürülə bilməz. Müşahidə edilə bilən vəziyyətlərə gətirilə bilməyən şəraitlərə mövcud «olan» kimi baxmaq lazımdır. Əhəmiyyətə malik olan faktlardır, nəzəriyyə isə sadəcə olaraq onları toplamağın ən yaxşı üsuludur (Gunnell, 1975: 26-7). Bu yeni başlayan instrumentalizm, müşahidə vasitəsilə doğruluq haqqında tələblərin daxilində möhkəm yerləşdirilmiş fəlsəfənin modelləri, xüsusən də sistemin modellərini qurmaq məsələsində niyə belə səriştəli və təkidli olduğunu izah etməyə kömək edir.

Bu instrumentalist mövqeyə görə, «həqiqət» nə pozitivizm lügətinin bir hissəsi, nə də təməldə duran səbəblərin axtarılması üçün hansısa bir tədqiqat idi (Kenneth Waltz-un həqiqətlə niyə məşğul olmadığı barədə bax Griffiths, 1992:96-8,). Doğrudan da Comte-dən bu yana pozitivizm, ontoloji statusuna uyğun olaraq, hadisə və ya həqiqətin axtarışından kənarda olan hər bir şeydən uzun müddət imtina etmişdi (Comte, [1854] 2000: 28). Comte-yə görə:

Son nəticədə, pozitiv hal, Mütləq anlayışlardan sonra səmərəsiz axtarışlara sərf edilmiş şüur, kainatın mənşəyi və təyinatı, hadisələrin səbəbləri və qanunlarının öyrənilməsinə onlarıntətbiqinin özü, yəni onların daimi varislik əlaqələri və oxşarlığı… Mən sadəcə olaraq, anlayışlarda artıq mütləq bir şeyin qalmadığı qorxusu ilə, bütün pozitiv biliklərimizin nisbi olduğunu nəzərdə saxlamağı arzu edirəm … (Comte, [1854] 2000: 68, 190).

Bu, eləcə də pozitivizmlə bağlı müəyyən müasir anlaşılmazlıqların necə meydana çıxdığına işıq salmağa yardım edir. Məsələn, pozitivizmin hadisələrin əsasında duran səbəblərin axtrışını rədd etdiyi nəzərə alınarsa, Hollis və Smith-in realizmin Morgenthau variantı «hadisələri təhlil etməyin əsil pozitivist üsuludur, çünki davranışı doğuran təməl qüvvələr anlayışına söykənir» (Hollis və Smith, 1990: 23) fikri problemlidir.

Məntiqi pozitivizmin dəstək verdiyi daha açıq elmi yanaşma fənndə möhkəm yer almışdı. (Alker, 1965; Dunne, 1998; Hollis və Smith, 1990; Hoole və Zinnes, 1976; Rosenau, 1971). Sosiologiyanın fəlsəfəsi mövqeyindən baxdıqda dörd fərqli cəhət nəzərə çarpır. Birincisi, məntiqi pozitivizmin xidmətlərinin nədən ibarət olmasından asılı olmayaraq, BM-də davranışçılıq ən azı onun fundamental prinsiplərinə üyğun idi, və onun «elmilik» mandatını sadəcə olaraq əzəldən verilmiş kimi qəbul etmək əvəzinə əsaslandırmağa çalışırdı. Bu baxımdan Abraham Kaplan-ın The Conduct of Inquiry (1964) əsəri güman ki, ən əhəmiyyətli işdir, lakin bundan əvvəl digərləri də olmuşdur (Brecht, 1959; Van Dyke, 1960; bax habelə Meehan, 1968). Görünür ki, davranışçılar fəlsəfəni anlamış və ardıcıl olaraq tətbiq etmişlər; onların qarasına danışanların çoxu haqqında bunu nə o vaxt, nə də indi demək mümkün deyildir.

İkincisi onların realizmin kifayət qədər elmi olmaması barədə tənqidi, realizmin pozitivist olmasını bəyan etməyə çalışan sonrakı hesabatlara həqiqi gərginlik gətirir (George, 1994; Smith, 1996). Davranışçılar klassik realizmdə dəqiqliyin çatışmamasından narazı idilər (Hollis və Smith, 1990: 28). Onların məntiqi pozitivizminin ardıcıl tətbiqi göstərdi ki, insan təbiəti haqqında fərziyyələr metafizik, müşahidə edilə bilməyən və deməli qeyri-elmidir. Realizm və pozitivizmdəki dəyişiklikləri nəzərə alsaq, realizmin pozitivist olması haqqında əsaslandırıl-mamış bəyanatın tərəfində durulacağı ehtimalı çox azdır.

Üçüncüsü, bu yanaşmanın BM-ə idxal edilməsi müqavimətsiz olmamışdır. Bu müqavimətin ön cəbhəsində Hedley Bull-un elmi yanaşma adlandırdığı şeyə polemik hücumu dayanmışdı (Bull, 1969: 361). Bull məntiqi pozitivizmin daxilinə hörülmüş olduğunu aydın gördüyü bu elmi yanaşmaya qarşı Zimmern, Carr və Morgenthau-nun işlərində təsvir edilmiş «klassik» yanaşmanı qoyurdu (debatların müfəssəl və mürəkkəb təsviri üçün bax, Dunne, 1998). Bull-un hücumunun və Morton Kaplan-ın (1969) buna etirazının polemik xarakterinə görə, fənndə bu «debatlara» Amerika sosiologiyası ilə dünyanın qalan hissəsinin akademik icmaları arasında sədd yaratmaq kimi baxmaq meyli vardır (Hoffman, 1977; Smith, 1987; bax habelə Schmidt, bu kitabda Fəsil 1).

Lakin Donald J. Puchala, bildirir ki, davranışçılar tərəfindən pərakəndə satılan bu yeni elm variantı Amerikan BM-i daxilində belə, sahənin əsas amerikalı fiqurları tərəfindən rədd edilmişdir (Ferguson və Mansbach, 1988; Puchala, 1991). Stanley Hoffmann, «qəza-xilasetmə əməliyyatı» kimi xarakterizə edilən erkən tənqidində, Kaplan-ın təklif etmiş olduğu BƏ elmi barədə sarkazm dolu fikirlər söyləmişdi (Hoffman, 1961). Lakin artıq Leo Strauss da (1953) «politologiyada «elmə bənzərlik» yürüşünün» yüksələn hərəkatına hücum etmişdi. Michael Haas (1969) isə çoxlu miqdarda belə Amerikan tənqidçiləri olduğunu müəyyən etmişdir. Artıq qeyd edildiyi kimi, bu debatın ən vacib cəhəti bütün tənqidçilərin elmilik yarlığını davranışçıların nəzarətə götürməsinə yol verməsi tərzi idi. Buradan o yana elm pozitivizmlə qırılmaz şəkildə bağlanmiş oldu, və elmə hər bir iqtibas pozitivizmi nəzərdə tutmağa başladı.

Dördüncüsü, başlanğıcda behaviorizmin daxil edilməsi «elmi» BM yaradılması mənasında dramatik böyük addım kimi alqışlansa da (Lijphart, 1974a, 1974b), sonrakı hesabatlar bu debatların təməl fərziyyələri köklü surətdə dəyişmədiyini, və yalnız metodologiya haqqında çox məhdud debatdan ibarət olduğunu sübut etməyə başladı (Guzzini, 1998; Hollis və Smith, 1990; Holsti, 1985, 1998; Vasquez, 1998). Bu, problemli bəyanatdır (Dunne, 1998: 124; bax habelə Schmidt, bu kitabda Fəsil 1); elm haqqında debat heç vaxt sadəcə olaraq «metodoloji» ola bilməz. Pozitivizm elmin fəlsəfəsi və elm üçün fəlsəfədir, və onun qəbulu bir sıra ontoloji və epistemoloji, habelə metodoloji fərziyyələrin qeyri-aşkar qəbul edilməsini tələb edir. Qismən də bu səbəbə görə, pozitivizmin epistemologiya olması haqqında müasir fikirlər geniş yayılmışdır. (Nicholson, 1996a).

Pozitivizm müəyyən epistemoloji öhdəlikləri gerçəkləşdirir, lakin özü, əgər kimsə epistemologiya termininin istifadəsini onu mənasız edənə qədər dartıb uzatmırsa[18 - Məntiqi pozitivizmin yalnız elmi biliklərə gerçək biliklər kimi baxıla «bilər» (bu gün yalnız bir neçə pozitivistin tuta biləcəyi mövqe; Nicholson, 1996a) tələbini irəli sürmək tərzini başa düşəndən sonra, pozitivizmə niyə epistemologiya kimi iqtibas edilməyə başlandığını anlamaq asandır. Epistemologiya və pozitivizmin belə birləşdirilməsinin rədd edilməsi üçün iki mühüm səbəb var. Birincisi BM daxilində elmin fəlsəfəsi ilə bağlı məslələrlə məşğul olanlar daha təkmil yanaşmadan istifadə etmək qabiliyyətində olmalıdırlar, ikincisi, artıq pozitivizmə elmin malik olduğu bilik (epistemologiya) yarlığını mənimsəməyə icazə verilməməlidir.], epistemologiya deyildir (Smith, 1996: 17). Lakin tək Bull-un arqumentlərinin məğzini tədqiq etmək onların metodoloji deyil, hər şeydən əvvəl ontoloji olduğunu görmək üçün kifayətdir. Onun tənqidinin məğzi dəqiq olaraq ondan ibarət idi ki, elmi yanaşmanın metodoloji çərçivəsinə dəqiq riayət edilməsi geniş və mühüm beynəlxalq siyasət sahəsini tədqiq edilməmiş qoymuşdur. Belə ki, onun məqsədinin yeni elmi proseduralar təklif etməkdən ibarət olduğunu güman etsək belə, onlar ontoloji fərziyyələrə söykənəcəkdilər. Bundan əlavə, elmin səbəb, izah, qanun və dünyanın xarakteri kimi düzgün formalaşdırılmış əsaslara malik fəlsəfəsi kimi pozitivizmə sadəcə metodologiya kimi baxmaq da düzgün deyildir.

BM-də davranışçı inqilabın yaddan çıxarılmış digər cəhəti onun tərəfdarlarının özlərini sosiologiyadan kənara çıxmış və «davranışçı elm» təsis etmiş hesab etmələrinin dərəcəsi idi (Easton, 1965: 18). «Davranışçı qiyam» təkcə BM-i daha elmi əsaslar üzərinə qoymaq deyil, həm də bütün bəşər elmlərini tikişsiz bütöv halında birləşdirmək kimi iddialı cəhddə iştirak etmək üçün idi. David Easton qəbul edirdi ki, ictimai elmlər «davranışçı qiyama» qədər də elm yarlığına layiq idilər (Easton, 1965: 22). O, habelə etiraf edirdi ki, «davranışçı qiyam» təkcə daha artıq elmi dəqiqlik daxil etmək üçün edilə bilməzdi. Doğrudan da, o göstərirdi ki, «onun ənənəvi mövqedən tənqidçiləri o qədər cəld və dəqiq olmuşdular ki,» daha çox dəqiqlik «meyidin qıc olması» mənasını daşıya bilərdi (Easton, 1965: 22). Əsil Comte üslubunda Easton davranışçı hərəkatın insan biliklərinin inkişafında növbəti, humanitar elmlərin mərkəzində davranış anlayışının dayandığı vahid tədqiqat proqramında birləşdirilə biləcəyi mərhələ olduğunu görürdü. Bu elmin vəhdəti tezisinin çox güclü variantı idi.

«Davranışçı qiyamın» fənnə ümumi təsirinin dərəcəsindən asılı olmayaraq, o, sosiologiyanın və elmin fəlsəfəsinə dönüşü legitimləşdirdi. Hempel, Nagel, Popper, Kuhn, Feyerabend və Lakatos-a iqtibas banal bir şeyə çevrildi. Waltz özünün Theory of International Politics (1979) kitabının bir fəslini elmin fəlsəfəsinə həsr etdi, və nəzəri terminlərin instrumentalist emalını güclü müdafiə etdi (Griffiths, 1992: 93). Və, əlbəttə ki, Thomas Kuhn fənni fundamental üsullarla formalaşdırdı. Bundan əlavə, Kuhn-ın strukturu, istifadə edilən dil artıq paradiqmlər olmasa belə, bu gün də dolayısıyla fənni formlaşdırmağı davam edir. Lakin Kuhn-un özünün ictimai elmlərin paradiqmatikdən əvvəlki vəziyyətdə olması barədə fikirlərini, və onların nə vaxtsa «yetişmiş elmə» çevriləcəyinə şübhələrini yada saldıqda, Kuhn-un strukturunun fənn boyu belə universal qaydada qəbul edilməsi bir qədər tapmaca kimi görünür. (Kuhn, 1962:164-5; bax, habelə Kuhn, 1970: 245; Kuhn-u BM-də tətbiq etmək cəhdlərinin tənqidi üçün bax, Ferguson və Mansbach, 1988).

İstənilən halda, ictimai elmlərdə Kuhn-un uğuru üçün səbəblər tapmaq çətin deyildir. Politoloqlar, sosioloqlar və antropoloqlar öz praktikalarında və fənni münaqişələrdə Kuhn-un paradiqm mənzərəsini tanıdılar. Əvvəlcə sədd olduğu fikirləşilən bir şeyin nüfuzlu elmlərdə işlənib-hazırlanmış üsul olduğunu eşitmək onlara ləzzət edirdi. İndi ənənəçilər özlərini onları elmçilərin tənqidindən müdafiə edəcək başqa bir paradiqmdə işləyən kimi göstərə bilərdilər. Faktik olaraq normal elm siması altında biliklərin artmasına kömək etdikləri zənnindən özlərini təhlükəszlikdə hiss edən elmçilər də işlərini çəkinmədən davam etdirə bilərdilər. Dissidentlər isə özlərini indi yeni paradiqmin inqilabi qəhrəmanları kimi qələmə verə bilərdilər. Burada sanki təkcə elmi layiq olduğu yerə qoyan yox, həm də sosioloqların artıq etmiş olduqlarını legitimləşdirən və onu dəyişmək mənasında az bir şey tələb edən elm fəlsəfəsi var idi. Kuhn-ın birmənalı olmayan terminologiyası da həlledici amil olmuşdu. Xüsusilə də onun aparıcı konsepsiyası, yəni paradiqm, müxtəlif yozumların predmeti olmuşdu; Margaret Masterman (Masterman, 1970) Kuhn-ın bu ifadəni iyirmi bir müxtəlif üsulla istifadə etdiyini müəyyən etmişdi – Kuhn bu tənqidi qəbul etmişdi (Kuhn, 1970). Bu çoxmənalılıq struktura böyük elastiklik vermiş və onun təyinedici debatları özlərinin tədqiqat praktikasının həlledici tərkib hissəsinə çevirmiş fənnlər tərəfindən qəbul edilməsini təmin etmişdi.

Kuhn-ın strukturu demək olar ki, universal uyğunlaşdırılmışdı. Arend Lijphart fənnin «böyük debatlarını» paradiqmlər terminlərində görürdü (Lijphart, 1974a, 1974b). 1980-ci illərdən bu yana BM cücü keçirilmiş qarmağa elə möhkəm ilişmişdir ki, paradiqmlər və Kuhn fənnin qeyri-reflektiv, təhtəlşüur bir hissəsinə çevrilmişlər.

Dərsliklər paradiqmlərə uyğun tərtib edilirdi, və güman ki, Kuhn-na yerli fənn fiqurlarından çox iqtibas edilirdi (Banks, 1984; Hollis və Smith, 1990; Little və Smith, 1991; Viotti və Kauppi, 1987). Lakin Kuhn strukturu iki bir-biri ilə əlaqəli və mühüm problemlə üzləşirdi.

Birincisi yaranmağa başlayan konservatizm idi (Guzzini, 1993: 446; Smith, 1992: 494; Wight, 1996). Kuhn əsaslandırırdı ki, elm normal elm dövrlərində inkişaf edir (Kuhn, 1962; tənqid üçün bax Toulmin, 1970). Bu bəyanat normativ gücə malik idi. Bu, o demək idi ki, bilik yaradılması terminlərində inkişaf əldə edilməli idisə, BM tədqiqatçıları özləri üçün üstün paradiqm tapmalı idilər. Realizm şəksiz namizəd kimi görünürdü, lakin bu, sürətlə meydana çıxan rəqibləri görmək məsələsində Kuhn üçün sürpriz olmamalıydı. BM-də gedən paradiqmlərarası debatlar Kuhn-ın ictimai elmlərin paradiqmatikdən əvvəlki vəziyyətdə olması haqqında fərziyyəsini təsdiq edirdi (Kuhn, 1962:164-5). Lakin BM tədqiqatçıları inkişaf əldə etməli və normal elmə doğru hərəkət etməli idilərsə, fənnin dominant paradiqmə ehtiyacı yaranmalıydı. Bu, plüralizmə inkişafa təhlükə kimi baxıla bilər mənasını verirdi. Lakin Kuhn bu struktura, inkişafın olmayacağı halda belə, paradiqmlərin çiçəklənməsi mexanizmini artıq hörmüşdü.

Bu, müqayisə edilməzlik məsləsi idi (BM-də bax, Guzzini, 1993; Neufeld, 1995; Nicholson, 1996a; Rengger, 1989; Waever, 1996; Wight, 1996; habelə bax, Sankey, 1994, 1997). Belə görünür ki, bir paradiqmdən digərinə hərəkəti Kuhn inqilabi proses kimi fərz edir və paradiqmləri müqayisə etmək üçün heç bir üsulun olmadığını təklif edirdi (Kuhn, 1962, 1970). Kuhn-un təklif etdiyi Paradiqm seçimi sanki inam məsələsi, və ya o şey idi ki, Imre Lakatos onu «kütlə psixologiyası» adlandırardı (Lakatos, 1970: 178). Bu, paradiqmlərarası «debatlar» barədə istənilən ideyanı oksimoron (əks mənalı sözlərin birləşməsi) edirdi (Nicholson, 1996a: 82). Əlbəttə bu, insanları sanki burada mübahisə varmış kimi davam etməkdən çəkindirə bilmirdi. Lakin müqayisəedilməzlik əsas cərəyana məxsus olmayan yanaşmalara Kuhn-ın sanki müəyyən sığınacaq təklif edən digər ağıllı sözünə çevrildi. Son nəticədə dünyanı tənqidi nəzəriyyəyə sağ-salamat ötürən müqayisəedilməzlik deyildimi?

Lakin müxalif səslər müqayisəedilməzlik tezisindəki təhlükəni çox tez görməli idilər (Guzzini, 1993; Waever, 1996; Wight, 1996). Müqayisəedilməzlik təkcə tənqidi nəzəriyyə üçün deyil, həm də hakim meyl üçün təhlükəsiz sığınacaq təmin edirdi (Guzzini, 1993). Müqayisəedilməzlik paradiqmalar arası söhbətlərin prinsipcə mümkün olmaması mənasını daşıyırsa, tənqidçilər hökmran meyli (artıq müəyyən edilmiş) necə tənqid edəcəklər? Müqayisə edilməzlik üçün ontoloji təməllər istəyən Steve Smith deyirdi ki, bu, müxtəlif paradiqmlərin tərəfdarlarının tamamilə müxtəlif dünyalarda yaşaması mənasını daşıyır (Smith, 1992, 1996). Bu belədirsə, əsas cərəyan dünyasını digər dünyadan tənqid etməyə çalışmağın çox az yeri var. Lakin müqayisəedilməzliyin Smith oxunuşunun Kuhn yozumu ilə üst-üstə düşməyinə böyük şübhə vardır. Kuhn müqayisəedilməzliyin nəzəriyyələrin bir-birinə çevrilə bilməməsi mənası verməsini aradan qaldırmaq üçün uzun yol keçmişdi (Kuhn, 1970, 1982, 1990). Fənnin daxilində də bəziləri müqayisəedilməzlik tezisinin bilavasitə özünün fəlsəfi əsaslarını şübhə altına almağa başlamışdı (Wight, 1996).

Hər halda, Kuhn-ın işinin fənni fundumental olaraq formalaşdırdığına şübhə çox az idi. Lakin fənn ənənəvi olaraq, buna özünün ideyalarının mürəkkəbliyinin başa düşülməsinin nümayişinə, ya da özünün mövqeyinin kəskin tənqidinə qarşı qoyulacaq bir resurs kimi baxırdı. Çətinliklərin mövcud olduğunun qəbul edildiyi yerlərdə belə, onlar strukturu tətbiq etmək xatirinə kənara qoyulmuşdur (Vasquez, 1998; Lakatos-un oxşar cəhdi üçün bax Katzenstein və başq., 1998). Kuhn-ın paradiqmlər anlayışı çox vaxt nəzəriyyə seçimi üçün belə tətbiqin düzgünlüyünü yetərincə əsaslandırmadan, Lakatos strukturuna köçürülmüşdü (Christensen və Snyder, 1997; Elman və Elman, 1997; Vasquez, 1997; tənqid üçün bax Waltz, 1997). Artıq elmin fəlsəfəsi BM-in daxilindədir, və o, bu qədər mühüm rol oynamalıdırsa, fənnin onu daha diqqətlə nəzərdən keçirməsi tələb olunur. Təəssüf ki, fənn üzünü elmin fəlsəfəsinə çevirmək barədə düşünənə qədər alternativ fəlsəfi ilham mənbələrinin partlayışı baş verdi.

MÜASİR BM: FƏLSƏFƏ, BAŞLANĞIC VƏ SON?

Əgər Kuhn-ın fənn daxilindəki təcrübəsi elmin fəlsəfəsinə dönüşü bir daha sübut edirdisə, deməli sosiologiyanın fəlsəfəsi hər yerdə mövcud olmalı idi. Təəssüf ki, bu belə deyildi. Sosiologiyanın fəlsəfəsi haqqında nəhəng miqdarda ədəbiyyatın olmasına baxmayaraq, bu məsələ ilə, xüsusilə də BM sahəsi ilə, bağlı olan işlərin sayı azdır. (George, 1994; Hollis və Smith, 1990; Neufeld 1995; Mackenzie, 1967, 1971; Nicholson, 1983, 1996a; Reynolds, 1973; Sylvester, 1993). Əlbəttə sosiologiyanın fəlsəfəsinə çoxlu sayda iqtibaslar vardır, lakin onlar fənnin ətrafında ayrı-ayrı fraqmentlər şəklində paylanmışlar (Alker, 1996; Campbell, 1988; Carlsnaes, 1992; Dessler, 1989; George və Campbell, 1990; Wendt, 1987). Hollis və Smith öz arqumentlərinin BM daxilində himayə edilmiş ilk davamlı təqdimatında bildirirdi ki, fənn elmin fəlsəfəsinə dönməkdən daha böyük uğur qazana bilərdi, və burada təbiət elmlərinə əsaslanmayan, və daha uyğun ola biləcək sosial modellər mövcud idi (Hollis və Smith, 1990: 68-91). Onların arqumentləri üçün fəlsəfi ilham mənbəyi Peter Winch-dir, hərçənd ki, onlar yozumçu mütəfəkkirlərin müəyyən qrupunu, xüsusi halda Weber-i də işə cəlb edirlər (Weber, 1949; Winch, 1958).

BM elminin əleyhinə arqument gətirənlər öz arqumentlərini heç vaxt konkret olaraq sosiologiyanın fəlsəfəsi ilə davamlı təmas vəziyyətinə qoymasalar da, əslində Hollis və Smith-in arqumenti fənnin strukturlaşmasında özünün fundamental rolunu artıq oynayırdı. Ola bilsin ki, Reynolds (1973) diqqətəlayiq istisna kimi kənarda dayanır, lakin onun işi elm və yozumçuluq arasındakı fərqə müxalif kimi elm və tarix arasındakı fərqlə maraqlanır. Bundan əlavə Reynolds öz nəticələrini ciddi olaraq elmin fəlsəfəsi əsasında çıxarmaqda davam edir, və, kitabı onun ədəbiyyat siyahısında verilsə də, Winch-ə konkret iqtibas etmir (Reynolds, 1973). Daha vacib, və Hollis və Smith-ə müxalif olan, Reynolds-un ənənəçilər və elmçilər «güman ki, onların müdafiəçilərinin təsəvvür etdiyindən daha çox ümumi şeyə malikdirlər» (Reynolds, 1973: 15) fikrini bildirməsidir.

W.J.M. Mackenzie-yə (1967, 1971) də erkən payçı kimi baxmaq olar, lakin o, elmi BM-i tədqiqatın daha ənənəvi formaları ilə birləşdirmək cəhdində heç bir fundamental ziddiyyət görmürdü. «Elmi» BM-ə Bull-un hücumları belə fəlsəfi cəhətdən təbiət elmləri modelindən imtina edilməsi barədə tövsiyyələrin qıtlığı ilə diqqəti cəlb edir, hərçənd ki, onun dəlilləri problemin sanki başa düşülmüş olduğunu göstərir (Bull, 1969).

Hollis və Smith-in kitabı sonradan post-pozitivist dönüş (Biersteker, 1989; George, 1989, 1994; Holsti, 1989; Lapid, 1989) adlandırılmış şeyin kontekstində meydana çıxdı, və fənnin anti-elmi qanadına (nəticələrini) çıxarmaq üçün böyük arqumentlər dəsti verdi. Hollis və Smith hesab edirdilər ki, ya izah etmə hesabatına (elmi prinsiplərə əsaslanan), ya da anlama hesabatına (yozumçuluq prinsiplərinə əsaslanan) malik olmaq mümkündür, mümkün olmayan şey isə bu ikisinin müəyyən kombinasiyasıdır (Hollis və Smith, 1990, 1994). Əslində Hollis və Smith-in «iki hekayət» tezisisi nə Winch, nə də Weber-inki ilə tam uyğun gəlmirdi (Hollis və Smith, 1990, 1991, 1992, 1994, 1996). Winch (1958) sosialın elmini yaratmaq cəhdlərinin hamısını rədd edir, Weber (1949) isə təhlilin hər iki növünün zəruri olduğunda təkid edirdi.


Вы ознакомились с фрагментом книги.
Для бесплатного чтения открыта только часть текста.
Приобретайте полный текст книги у нашего партнера:
Полная версия книги
(всего 680 форматов)