banner banner banner
Cenni Herhardt
Cenni Herhardt
Оценить:
 Рейтинг: 0

Cenni Herhardt


– Bəli, – deyə anası təsdiq etdi.

– Ağacının dəstəyi qızıldandı. Anası nəsihətamiz tərzdə:

– Gözlərini adamlara zilləmə. Yaxşı deyil, – dedi. Cenni sadəlövhlüklə etiraz etdi:

– Mən gözümü ona zilləməmişdim, o özü mənə baş əydi. Ana dedi:

– Sənin adamlara baxmağın yaxşı deyil. Bəlkə bu onların xoşuna gəlmir.

Cenni yenə dinməz-söyləməz işə girişdi, lakin bu heyrət oyadan dünyanın parıltısı onu məşğul etməyə bilməzdi. O, qeyri-ixtiyari olaraq ətrafdakı qaynar həyata, söhbətlərə və gülüşlərə qulaq asırdı: bu səslər birləşir, şən uğultuya çevrilirdi. Birinci mərtəbənin bir qurtaracağında restoran var idi. Oradan qabların cingiltisi eşidilirdi, şam yeməyi üçün stol hazırladıqlarını başa düşmək çətin deyildi. O biri tərəfdə qonaq otağı var idi – orada kim isə royal çalırdı. Adətən, şam qabağı adamlar dirçəlib ruhlandıqları kimi, indi də ətrafda bir şənlik, sərbəstlik hiss olunurdu. Bu şənlik zavallı qızın ürəyini ümidlə döyünməyə məcbur etdi, çünki o, cavan idi, ehtiyac hələ bütün ağırlığı ilə onun qəlbini əzə bilməmişdi. O, can-başla yuyur və təmizləyir, yanında işləyən, mərhəmətli gözlərini qırışıq toru bürümüş, dodaqları tükənməz gündəlik qayğıları səssiz-səmirsiz təkrar edən yorğun anasını bəzən unudurdu. Qız ancaq ətrafda hər şeyin necə cəzbedici olduğunu düşünə bilirdi, o istəyirdi ki, bu şan-şöhrətdən və şənlikdən bir az da onun payına düşsün.

Saat altının yarısında baş qulluqçu onları xatırlayıb, buraxmaq üçün gəldi. Pilləkənlərdə iş qurtarmışdı, onlar üstlərindən dağ götürülmüş kimi yüngüllüklə nəfəs alaraq vedrəni və əskini yerinə qoyub evə tələsdilər. Ana, nəhayət, iş tapdığı üçün çox razı idi.

Onlar böyük, gözəl binaların yanı ilə gedirdilər. Cenni oteldə gördüyü qeyri-adi və yeni şeylərin oyatdığı tutqun həyəcanı yenidən hiss etdi.

O dedi:

– Varlı olmaq yaxşıdır, düz demirəm?

– Bəli, – deyə ana xəstə Veronikanı düşünə-düşünə cavab verdi.

– Sən gördün onların necə böyük aşxanaları var?

– Gördüm.

İndi onlar miskin, görkəmsiz evlərin yanından keçib gedirdilər, payız yarpaqları ayaqlarının altında ölgüncəsinə xışıldayırdı.

– Kaş biz də varlı olaydıq – deyə, Cenni, demək olar ki, öz-özünə pıçıldadı. Ana köksünü dərindən ötürərək:

– Heç bilmirəm neyləyim, – dedi. – Yəqin evdə yeməyə heç nə yoxdur. Anasının səsindəki ümidsizlikdən mütəəssir olmuş Cenni ürəyi yana-yana dedi:

– Biz ona deyərik ki, iş tapmışıq. Mən özüm deyərəm.

– Yaxşı, – deyə ana yorulmuş halda razılaşdı.

Evlərinə iki kvartal qalmış onlar tutqun işıqlanmış kiçik baqqal dükanına bir sıxıntı içində girdilər. Missis Herhardt danışmaq istədi, lakin Cenni onu qabaqladı:

– Siz bu gün bizə çörək və bir az donuz yağı nisyə verməzsiniz? Biz "Kolumbus-Xauz"da iş tapmışıq, şənbə günü mütləq borcunuzu qaytararıq.

– Bəli, – deyə missis Herhardt əlavə etdi, – indi mən işləyirəm.

Onlar hələ bütün bədbəxtlik və xəstəliklərin başlanmasına qədər Baumenin daimi müştəriləri idilər və o bilirdi ki, onlar düz deyirlər.

– Siz orada çoxdanmı işləyirsiniz? – deyə o soruşdu.

– Bu gün birinci gündür. Baumen dedi:

– Missis Herhardt, siz məni tanıyırsınız, mən sizə borc verməkdən imtina etmək istəməzdim. Mister Herhardt etibarlı adamdır, ancaq bir şey var ki, mən də varlı deyiləm. İndi zəmanə ağırdır, – deyə o əlavə etdi, – mənim də ailəm var. Missis Herhardt yavaşdan dedi:

– Elədir, mən başa düşürəm.

O, işdən kobudlaşmış, qızarmış əllərini köhnə şalının altında gizlədərək nigarançılıqla, həyəcanla onları sıxır, əzişdirirdi. Cenni gərgin sükut içərisində onun yanında dayanmışdı. Nəhayət, Baumen dedi:

– Yaxşı, qoy olsun, bu dəfə də borc verirəm. Şənbə günü nə qədər bacarsanız, verərsiniz. Baumen çörək və yağ bükdü, onları Cenniyə uzadaraq təbəssümlə dedi:

– Yenidən pullananda siz, yəqin, başqa dükandan şey-şüy alacaqsınız.

– Düz demirsiniz, – deyə missis Herhardt etiraz etdi, – siz bilirsiniz ki, belə şey ola bilməz.

Missis Herhardt elə üzülmüşdü ki, uzun izahata girişmək iqtidarında deyildi. Onlar döngədən burulub, yoxsul, miskin evləri olan qaranlıq küçə ilə getdilər. Evə bir neçə addım qalmış missis Herhardt yorğun-yorğun dedi:

– Görəsən, uşaqlar kömür tapıblarmı?

– Narahat olma, – deyə Cenni cavab verdi. – Əgər tapmayıblarsa, mən özüm gedib gətirərəm.

Ana kömür gətirib-gətirmədiklərini soruşan kimi Corc salamlaşmadan tələsə-tələsə dedi:

– Bir kişi bizi qovdu. Ancaq mən yenə bir az gətirdim. Platformadan yerə atdım. Missis Herhardt gülümsədi, Cenni isə ucadan qəhqəhə çəkdi.

– Veronika necədir? – deyə o soruşdu.

– Deyəsən, yatır. Saat beşdə mən ona bir də dərman verdim, – deyə ata söhbətə qarışdı. Ana yoxsul şam yeməyi hazırladı, xəstə qızın yatağı önündə oturaraq həmişəki kimi bütün gecəni onun yanında oyaq keçirməyə hazırlaşdı.

Şam yeyiləndə Sebastyan səmərəli bir təklif irəli sürdü, hamı bu təklifə diqqətlə qulaq asdı, çünki o, işgüzar adamdı, bütün yaşayış məsələlərində başqalarından daha təcrübəli idi. Sebastyan vaqonqayırma emalatxanasında usta şagirdi vəzifəsində işləyirdi və heç bir təhsil almamışdı. Ona yalnız qətiyyən xoşlamadığı Lüter dininin ehkamlarını öyrətmişdilər, lakin o, sırf Amerika enerjisi və coşqunluğu ilə dolu idi. Ucaboylu, pəhləvan bədənli, yaşına görə çox möhkəm olan Sebastyan tipik şəhər uşağı idi. Artıq onun özünəməxsus həyat fəlsəfəsi yaranmışdı: müvəffəqiyyət qazanmaq istəyirsənsə, fürsəti əldən vermə. Bunun üçün isə bu dünyada, xarici görünüş və zahiri bəzək hər şeydən üstün olan bu dünyada, görkəmli yer tutanlara yaxınlaşmaq, yaxud heç olmazsa, özünü onlara yaxın göstərmək lazımdır.

Məhz, buna görə Bass "Kolumbus-Xauz"un yanında avara-avara dolaşmağı xoşlayırdı. Ona elə gəlirdi ki, bu otel dünyanın bütün güclü, nüfuzlu adamlarının toplandığı yerdir. Abırlı bir kostyum almaq üçün pul yığandan sonra o, axşamlar şəhərin mərkəzinə getməyə başlayır, dostları ilə otelin qarşısında saatlarla boş-bekar dururdu. Dabanlarını şaqqıldadır, ikisi beş sentə olan siqar çəkir, özünü varlı, müstəqil adam kimi göstərərək qızlara baxırdı. Burada başqa gənclər də, otelə üzlərini qırxdırmağa, yaxud bir stəkan viski içməyə gələn şəhər ədabazları və avaraları da olurdu. Bass bu oğlanlara heyrət edir, özünü onlara oxşatmağa çalışırdı. Burada adamları, hər şeydən əvvəl, paltarlarına görə qiymətləndirirdilər. Madam ki, adamlar yaxşı geyinmişlər, üzük və sancaq taxmışlar, nə edirlərsə etsinlər, hamısı yaxşıdır. Bass onlara oxşamaq, onlar kimi hərəkət etmək istəyir, boş və mənasız vaxt keçirmə sahəsində onun təcrübəsi sürətlə artırdı.

O, Cenninin bugünkü əhvalatlar haqqında danışdıqlarını dinlədikdən sonra qıza dedi:

– Sən niyə oteldə qalanların paltarlarını yumağa götürməyəsən? Bu, pilləkən yumaqdan çox yaxşıdır.

– Bunu necə etmək olar? – deyə Cenni soruşdu.

– Kontor xidmətçisinə müraciət et.

Bu məsləhət Cenniyə çox ağıllı göründü.

Onlar tək qaldıqları zaman Bass Cenniyə xəbərdarlıq etdi:

– Otelin yanında mənə rast gəlsən, mənimlə danışma. Özünü elə göstərmə ki, məni tanıyırsan.

– Nə üçün? – deyə qız sadəlövhlüklə soruşdu.

– Sən çox gözəl bilirsən, nə üçün, – deyə qardaşı cavab verdi, o artıq bir neçə dəfə demişdi ki, onların hamısının miskin görkəmləri vardır, belə qohumların üzündən adam biabır olar. – Bir-birimizə rast gəlsək, yanımdan öt, vəssalam. Eşitdin?

– Yaxşı, – deyə Cenni çəkinə-çəkinə cavab verdi. Qardaşı ondan bircə yaş böyük idi, buna baxmayaraq, Cenni həmişə ona tabe olurdu.

Ertəsi günü otelə gedərkən o, qardaşının məsləhətini anasına söylədi.