banner banner banner
Cenni Herhardt
Cenni Herhardt
Оценить:
 Рейтинг: 0

Cenni Herhardt


– Bass deyir ki, biz oteldə yaşayanların paltarlarını götürüb yuya bilərik.

Oteldəki iş üçün həftədə alacağı üç dollardan əlavə bir şey qazanmaq barədə bütün gecəni əzabla düşünmüş missis Herhardt, Bassın fikrini bəyəndi.

– Yaxşı məsləhətdir, mən kontor xidmətçisindən soruşaram.

Lakin onlar otelə gəldikdən sonra bunu etmək üçün uzun müddət əlverişli təsadüf tapmadılar. Yalnız axşamüstü tale onlara gülümsədi: baş qulluqçu onlara kontor xidmətçisinin əyləşdiyi yerin qabağını yumağı tapşırdı. Bu böyük vəzifəli şəxs onlara açıqcasına xeyirxahlıq göstərirdi. Xoştəbiətli, qayğılı ana və qəşəng qız onun xoşuna gəlmişdi. Missis Herhardt bütün günü başından çıxmayan sualı ona verməyə cəsarət etdikdə, o, iltifatla dilləndi.

– Bəlkə burada qalanlardan birisi paltarlarını mənə yudurtmağa razı olar? Mən çox minnətdar olardım…

Kontor xidmətçisi ona baxdı və bu kədərli simadakı ağır ehtiyac izlərini yenidən gördü. O:

– Baxarıq, – dedi və dərhal senator Brenderi və general Qopkinski düşündü. İkisi də rəhmdildir və zavallı qadına məmnuniyyətlə yardım edərlər. – Yuxarıya, senator Brenderin yanına qalxın. İyirmi ikinci nömrəyə. – O, nömrəni kağıza yazıb: – Alın, – dedi, – gedin və deyin ki, sizi mən göndərmişəm.

Missis Herhardt titrəyən əli ilə kağızı aldı. Onun gözləri sözlə ifadə edə bilmədiyi minnətdarlıqla dolu idi…

Onun həyəcanlandığını görən kontor xidmətçisi: – Eybi yoxdur, eybi yoxdur, – dedi, – elə bu saat gedin. O indi öz otağındadır.

Missis Herhardt iyirmi ikinci nömrənin qapısını ehtiyat və ehtiramla döydü. Cenni səsini çıxarmadan onun yanında durmuşdu.

Bir dəqiqə sonra qapı açıldı, gur işıqlı otağın qapısı ağzında senator göründü. O, zərif smokinq geyinmişdi, ana ilə qızın ilk dəfə gördüklərindən cavan nəzərə çarpırdı.

Senator dərhal onların hər ikisini tanıyaraq missis Herhardtdan soruşdu:

– Mənə dair qulluğunuz, xanım?

Özünü tamamilə itirmiş ana dərhal cavab verə bilmədi.

– Biz soruşmaq istəyirdik ki… bəlkə siz paltar yudurtmaq istəyirsiniz? O, heyrət oyadan gur səslə:

– Paltar yudurtmaq? – deyə soruşdu. – Paltar yudurtmaq? Buyurun içəri. Bu saat baxarıq. O, nəzakətlə kənara çəkilib onları içəri buraxdı və qapını bağladı.

– İndi baxarıq, – deyə qoz ağacından iri şifanerkanın yeşiklərini bir-bir çəkərək təkrar etdi.

Cenni maraqla otağı nəzərdən keçirirdi. O hələ heç bir zaman burada – buxarının və tualet stolunun üstündə olduğu qədər bəzək-düzək və gözəl şeylər görməmişdi. Yumşaq kreslo, onun yanında yaşıl abajurlu lampa, döşəmədə qalın, yumşaq xalça, ora-bura atılmış bir neçə kiçik xalça – hər şey çox bahalı və zəngin idi!

Senator qonşu otağa keçərkən mehribanlıqla:

– Buyurun əyləşin, burada əyləşin – deyə stulları göstərdi.

Ürkək ehtirama qapılmış ana və qız ədəb xatirinə hələ də ayaq üstündə durmuşdular. Lakin senator axtarışı qurtardıqdan sonra onları bir daha əyləşməyə dəvət etdi. Onlar utana-utana və yöndəmsiz halda oturdular.

– Bu sizin qızınızdır? – deyə senator Cenniyə baxıb gülümsəyərək missis Herhardtdan soruşdu.

– Bəli, ser – deyə ana cavab verdi. – Bu mənim böyük qızımdır. Senator dalbadal sual verirdi:

– Əriniz sağdır? Familiyanız nədir? Harada yaşayırsınız?

Missis Herhardt bütün suallara itaətlə cavab verir, senator isə sorğu-sualı davam etdirirdi:

– Neçə uşağınız var?

– Altı.

– Söz yox, böyük ailədir. Siz, şübhəsiz, ölkə qarşısında borcunuzu yerinə yetirmişsiniz.

– Bəli, ser – deyə onun diqqətindən mütəəssir olmuş missis Herhardt cavab verdi.

– Siz deyirsiniz ki, bu sizin böyük qızınızdır?

– Bəli, ser!

– Bəs əriniz nə ilə məşğul olur?

– O, şüşəüfürəndir. Ancaq indi xəstədir.

Onlar söhbət edir, Cenni isə dinləyirdi. Onun iri mavi gözləri heyrət və maraqla baxırdı. Hər dəfə senator ona baxdıqda elə sadəlövh, məsum baxışlarla, elə gözəl təbəssümlə qarşılaşırdı ki, gözlərini ondan çəkməyə çətinlik çəkirdi.

O, rəğbət hissi ilə:

– Bəli, bunlar hamısı çox ağırdır, – dedi. – Burada mənim bir az palarım yığılıb qalıb, siz onları, lütfən, yuyun. Gələn həftə, yəqin, yenə olacaqdır.

O, paltarları üstünə naxış vurulmuş kiçik, göy kisənin içinə qoydu.

– Nə vaxt gətirək? – deyə missis Herhardt soruşdu. O, dalğıncasına cavab verdi:

– Fərqi yoxdur. Gələn həftənin hansı günündə istəsəniz, gətirə bilərsiniz. Ana təvazökarlıqla təşəkkür etdi və onlar çıxmağa hazırlaşdılar.

– Gəlin belə edək. Bazar ertəsi gətirin, – deyə senator qabağa keçərək qapını açdı. Missis Herhardt:

– Baş üstə, ser, – dedi, – sağ olun.

Onlar getdilər, senator isə yenidən mütaliəyə başladı, lakin nədənsə qəribə bir fikir dalğınlığı ona hakim kəsildi.

O, kitabı örtərək:

– Kədərli haldır, – dedi. – Bu adamlarda nə isə çox mütəəssiredici bir şey vardır. Cenninin maraq və heyrət ifadə edən obrazı otaqda dolaşırdı.

Missis Herhardt isə öz qızı ilə yenə qaranlıq küçələrlə evə qayıdırdı. Gözlənilməz müvəffəqiyyət onları dirçəltmişdi.

– Onun otağı necə gözəldir! Düz demirəm? – deyə Cenni pıçıltı ilə soruşdu.

– Bəli, – deyə ana cavab verdi. – O, çox yaxşı adamdır. Qız davam etdi:

– O senatordur, eləmi?

– Bəli.

Qız yavaşcadan: