İsa Hüseynov (Muğanna) zaman-zaman fərqli şəkildə dövrləşdirilən və bu dövrləşdirilmənin ənənə halını aldığı Azərbaycan ədəbiyyatının «„altmışıncılar“» adı ilə qəbul olunan parlaq ədəbi nəslinə mənsubdur. İsa Hüseynovun (Muğannanın) povestlərində həyat roman miqyasında dərin və əhatəli şəkildə göstərilmişdir. Onun əsərləri, xüsusən də hekayələri və povestləri insan və zaman haqqında yanar ürəklə deyilmiş yazıçı monoloqudur. «„Doğma və yad adamlar“» romanında və digər povestlərində İsa Hüseynovun (Muğannanın) oxucunu (dinləyicini) oxumağa vadar edən başlıca məziyyətlərdən biri də onun bədii dilidir. Demək olar ki, bütün əsərlərin mövzusu kənd həyatından, sadə adamların məişətindən gəldiyindən dili də o həyatın sadəliyi ilə uzlaşır. Ancaq bu sadəlik heç də bəsitlik demək deyil. Çünki nasirin təhkiyə dili bədii təsvir və ifadə vasitələri ilə o qədər zəngindir ki, bunlar əsərin dilinin canlı, axıcı olmasını təmin edir, oxucu hekayənin, povestin, hətta irihəcmli romanın belə bir cümləsini ötürmək istəmir. Sanki əsər oxucunun dilində su kimi axıb gedir. Bu dil zənginliyi ilə yanaşı, dinamikliyi, oynaqlığı ilə insanı cəlb edir. Sanki yazıçı özü sözlə oynayır, onu əlində «„xəmir kimi yoğurub“» öz istədiyi formaya sala bilir. Maraqlıdır ki, bunun özü belə heç bir yerdə sünilik, qeyri-təbiilik yaratmır. “Doğma və yad adamlar” romanında yazıçı povestlərində müəyyən cəhətləri ilə təsvir edilmiş obrazlarını tam, bütöv halda təqdim etmişdir. “Doğma və yad adamlar”la yanaşı digər əsərlərində də İsa Hüseynov povest həcmində və roman qavrayışında düşünmək və əks etdirmək imkanlarını ümumiləşmiş şəkildə nəzərə çarpdırır.