banner banner banner
20000 lyö su altı ilə
20000 lyö su altı ilə
Оценить:
 Рейтинг: 0

20000 lyö su altı ilə

– Bilirsənmi, dostum, bu səfər nəhənglə bağlıdır. “Dəniz dibinin sirləri” əsərinin müəllifi olaraq mən bu səfərdən boyun qaçıra bilmərəm. Bu işdə kapitan Faraqutun yanında olmalıyam. Bu, çox şərəfli, eyni zamanda təhlükəli vəzifədir. Mənimlə getmək istərdinmi?

– Ağam hara gedirsə, mən də ora!

– Yaxşı-yaxşı fikirləş! Biz bu səfərdən qayıtmaya da bilərik.

– Mən ağamla getməyə hazıram.

On beş dəqiqə sonra çamadanlarımız hazır idi.

Fayton bizi Nyu-York küçələrindən keçirib düz Bruklin körpüsü yanında dayanmış gəmiyə aparan pilləkənin yanında dayandı. Sahildəki matrosların birindən kapitan Faraqutu harada görə biləcəyimi soruşdum. O mənə pilləkənin yanında dayanmış ucaboy, gülərüz bir zabiti göstərdi. Biz ona yaxınlaşdıqda zabit əlini mənə uzadaraq:

– Pyer Aronaks cənabları? – deyə soruşdu.

– Bəli. Siz isə kapitan Faraqut olmalısınız.

– Özüdür ki var. Gəmiyə buyurun, cənab professor! Kayutunuz sizi gözləyir.

Beləcə, biz tanış olduq.

Biz vaxt itirmədən göyərtəyə qalxdıq. Elə həmin dəqiqələrdə kapitan gəmini Bruklin körpüsündə saxlayan kəndirləri açmağı əmr etdi. Əgər on beş dəqiqə geciksəydim, bu səfərdə iştirak edə bilməyəcəkdim.

Sahilə yüz minlərlə insan yığışmışdı. Üç dəfə təkrar olunan “ura” səslərinin sədası altında gəmi yola düşdü.

Az sonra freqat sürət yığaraq Atlantik okeanının tutqun sularında üzürdü.

Ned lend

Kapitan Faraqut yaxşı dənizçi idi və öz vəzifəsinin öhdəsindən layiqincə gəlirdi. O, narvalın varlığına şübhə etmirdi. Faraqut and içmişdi ki, dənizçiləri ilə birlikdə onu tapıb məhv edəcək.

Gündüz saatlarında dorağacları nəhəngi arayan matroslarla dolu idi. Halbuki “Abraham Linkoln” Sakit okeanın şübhəli sularından hələ çox uzaqda idi. Hər kəs narvalı görmək, onu çəngəllə[4 - Çəngəl – iri dəniz heyvanlarını ovlamaq üçün nəzərdə tutulmuş xüsusi alət] tutmaq və gəmiyə çək-mək arzusu ilə alışıb-yanırdı. Çünki kapitan narvalı birinci görüb bu xəbəri verən adama mükafat verəcəyini vəd etmişdi.

Gəmidə əl çəngəlindən tutmuş, xüsusi toplar vasitəsilə atılan dişli oxlara qədər balinaovlayan silahlar var idi. Gəminin burnunda isə on altı kilometr məsafəyə sürətlə atan top dururdu.

“Çəngəlçilər kralı” Ned Lend də gəmidə idi. Kanadadan olan Ned Lend bütün dünyada ən usta balina ovçusu kimi tanınmışdı. Onun qırxa yaxın yaşı vardı. Hündürboy, möhkəm və sərt bir adam idi.

Ned Lend Kanadanın Kvebek şəhərindən idi. Bu şəhər isə uzun müddət Fransaya tabe olmuşdu. Ona görə də Ned fransız dilini çox yaxşı bilirdi. Bəlkə də, bu səbəbdən qaradinməz adam olan Ned mənimlə tez bir zamanda dostlaşdı. Görünür, o, fransızca ünsiyyət qurmaq imkanına çox sevinirdi.

Biz Nedlə tez-tez söhbət edir və mən onun qütb dənizlərində başına gəlmiş əhvalatları dinləməyi xoşlayırdım. Amma etiraf etməliyəm ki, bu cəsur adam bütün freqatda narvalın varlığına inanmayan yeganə adam idi.

Bir dəfə onunla söhbət zamanı soruşdum:

– Axı necə ola bilər ki, siz izlədiyiniz narvalın varlığına şübhə edirsiniz?

– Mən çox balina və narval qovub öldürmüşəm. Onlar nə qədər güclü və iri olsalar da, gəminin dəmir örtüyünü deşmək gücündə deyillər, – deyə Ned cavab verdi.

Mən etiraz etdim:

– Əgər belə bir heyvan bir neçə mil[5 - Mil – təxminən 1600 metrə bərabər ölçü vahidi] dərinlikdə yaşayırsa, deməli, çox qüvvətli bir orqanizmə malik olmalıdır.

Bizim mübahisəmiz uzun sürsə də, mən Nedi nəhəng narvalın mövcudluğuna inandıra bilmədim.

Yola çıxdıqdan üç həftə sonra “Abraham Linkoln” Magellan boğazından yeddi yüz dəniz mili[6 - Dəniz mili – 1852. metr uzunluğunda məsafə ölçüsü] məsafəsində idi. Bu o demək idi ki, biz səkkiz gündən sonra Sakit okean sularında olacaqdıq.

Kor-koranə təqib

İlk günlər hər hansı bir hadisə baş vermədi. Yalnız bircə dəfə Ned öz məharətini göstərə bildi. İyunun 30-da “Abraham Linkoln” Folklend adaları yaxınlığında olarkən Amerikanın balina ovlayan “Monro” gəmisinə rast gəldi. Gəmi kapitanı məşhur Ned Lendin bu gəmidə olduğunu bilib izlədikləri bir balinanı ovlamaqda onlara yardımçı olmağı rica etdi. Kapitan Faraqut onun “Monro”ya keçməsinə izin verdi. Kanadalının bəxti gətirdi. Bir balina əvəzinə ikisini çəngəllədi.

Gəmimiz Cənubi Amerika sahili boyunca Magellan boğazına sarı istiqamətlənmişdi. İyulun 6-da səhərə yaxın Qorn adasının yanından ötüb keçdik. “Abraham Linkoln” artıq Sakit okean sularında üzürdü.

– Diqqətli olun! Diqqətli olun! – bütün matroslar bu sözü təkrar edirdilər. Onlar kapitan Faraqutun vəd etdiyi iki min dollarlıq mükafatın xəyalı ilə gözlərini sulardan çəkmirdilər.

Məni bu mükafat maraqlandırmırdı, amma buna baxmayaraq, mən də gözlərimi sudan çəkmirdim, çünki nəhəng narvalı görmək istəyim çox böyük idi.

Ancaq matrosların verdiyi bütün həyəcan siqnalları nəticəsiz qalırdı. Qaraltılar hər dəfə ya balina, ya da kaşalot olurdu. Ned isə əvvəlki kimi inamsız idi. Hamıdan itigöz olsa da, o, günün çox hissəsini öz kayutunda keçirirdi.

İyulun 27-də biz ekvatoru keçdik və həmin gün Sakit okeanın mərkəzinə istiqamət götürdük. Faraqut nəhəngə bu dərin sularda rast gələcəyinə ümid bəsləyirdi. Gəmi daha sonra Markiz və Sandviç adalarının yanından ötərək Çin dənizinə sarı yönəldi.

Nəhayət, biz nəhəngə son dəfə rast gəlinən yerə çatdıq. Bütün ürəklər şiddətlə döyünürdü. Hamının gözü dənizdə olsa da, qarşımıza çıxan qaraltılar hər dəfə aldadıcı olurdu.

Nəhəng narvalı tapmaq ümidi ilə biz Sakit okeanın bütün şimal hissəsini eninə-uzununa ölçdük. Yaponiya sahillərindən Amerikaya qədər hər yeri axtardıq. Lakin nəhəng narvala bənzəyən heç bir şey tapılmadı!

Artıq freqatda həyəcan başlamışdı. Hamı aldandığını zənn edirdi. Evə dönməkdən başqa bir yol görünmürdü. Kapitan Faraqut vaxtilə Kolumbun[7 - Xristofor Kolumb (1451–1506) – 1492-ci ildə Amerika qitəsini kəşf etmiş ispan dəniz səyyahı] etdiyi kimi, ekipajdan üç gün səbir etməyi xahiş etdi. Əgər bu üç gündə bir nəticə hasil olmasa, gəminin burnunu evə sarı döndərəcəkdilər.

Vəd noyabrın 2-də verilmişdi. Adamların ovqatı yaxşılaşdı, onlar yenə də dalğalı sulara baxmağa davam etdilər. İki gün beləcə keçdi.

Mənimlə Konsel də bu qədər vaxtımızın boşuna getdiyinə görə təəssüf edirdik. Axşam kayutda oturub etdiyimiz səyahət barəsində Konsellə söhbət edirdik. Mən peşmanlıqla dedim:

– Konsel, adamlar bizə nə qədər güləcəklər…

– Böyük bir alim olan ağam gərək bu səfərə çıxmayaydı…

Konsel sözünü bitirə bilmədi. Qüvvətli bir səs cingilti ilə səssizliyi yardı. Bu, Ned Lendin səsi idi. O qışqırırdı:

– Ey! O buradadır. Bizim önümüzdədir!

Tam sürətlə

Bu çağırışla bütün ekipaj: kapitan, zabitlər, matroslar, bir sözlə, hamı çəngəlçinin yanına yüyürdü. Kapitan freqatı dayandırmağı əmr etdi.

Zil qaranlıq bir gecə idi. Gəmidən iki kabeltov[8 - Kabeltov -185,2 metrə bərabər dənizçilikdə istifadə olunan beynəlxalq ölçü vahidi] məsafədə sular sanki içəridən işıqlanırdı. Bu, adi bir fosfor işıltısı ola bilməzdi. Suya bir az çökmüş nəhəng ətrafa parlaq işıq buraxmışdı. İşıqlanmış sahə uzunsov yumurta şəklində idi. Qəflətən o bizə tərəf gəlməyə başladı. Göyərtədə hay-küy qopdu.

– Susun! – deyə kapitan komanda verdi. – Sükanı sola!.. Tam sürətlə irəli!

Freqat parlaq işıq mənbəyindən uzaqlaşmağa başladı.

Çox qəribə idi ki, bu qeyri-adi heyvan bizdən ikiqat artıq bir sürətlə üzürdü. O bizə yaxınlaşmaqda idi. Hamımız heyrətdən donub qalmışdıq. Heyvan sanki bizimlə zarafatlaşırmış kimi gəmini qovurdu. Freqatın ətrafında dairə cızaraq onu elektrik şüalarına qərq edirdi. Sonra o, iki-üç mil geriyə uzaqlaşdı və dəhşət saçan bir sürətlə gəminin üstünə cumdu. Gözlənilməyən bir anda o, gəmiyə iyirmi fut[9 - Fut – təxminən 30 santimetrə bərabər beynəlxalq ölçü vahidi] qalmış dayandı və yoxa çıxdı. Birdən nəhəng, freqatın o biri tərəfində üzə çıxdı. Deyəsən, freqatın altından üzüb keçmişdi.

Freqat qaçmaqla canını qurtarmağa çalışırdı. Dənizə çıxdığı andan bəri nəhəngin izinə düşməyə can atan freqat indi özü təqib edilən vəziyyətə düşmüşdü. Kapitan Faraqutun üzündə böyük bir heyrət və qətiyyətsizlik oxunurdu.