banner banner banner
20000 lyö su altı ilə
20000 lyö su altı ilə
Оценить:
 Рейтинг: 0

20000 lyö su altı ilə

O, paltarımı başdan-ayağa cib bıçağı ilə cıraraq mənə soyunmağa kömək etdi. Mən də onun paltarını kəsməyə kömək etdim. Biz yanaşı üzməyə başladıq.

Sükanı qırılmış gəmi küləyin əksinə üzə bilməzdi. Biz Faraqutun bizə qayıq göndərəcəyinə ümid edə bilərdik. Bunu anlayıb mümkün olduqca su üstündə qalmağa qərar verdik. Qüvvə sərf etməmək üçün növbə ilə qollarımızı çarpazlayıb su üstündə qalacaq, digəri üzərək onu irəliyə itələyəcəkdi. Bu halda günəş çıxanadək su üstündə qala bilərdik.

Sular sakit və ləpəsiz idi. Lakin gecə saat birə yaxın özümdə ölümcül bir yorğunluq hiss etdim. Qollarım və ayaqlarım tamam keyləşmişdi.

Konsel məni də çəkib aparmalı olurdu. Zavallı gənc çox çəkmədən ağır-ağır nəfəs almağa başladı.

– Məni burax!.. Burax məni!.. – deyə əmr etdim.

– Ağamı tərk edim? Heç vaxt!

Bu anda küləyin şərqə tərəf qovduğu buludların arasından Ay göründü. Okeanın səthi işıqlandı. Mən başımı qaldırıb freqatı gördüm. O bizdən beş mil qədər aralı idi. Bağırmaq istədim. Lakin bu məsafədən səsimizin eşidiləcəyinə heç inanmırdım.

Konsel isə bir neçə dəfə:

– Kömək edin!.. Kömək edin!.. – deyə qışqırdı.

Biz bir saniyə dayanıb qulaq asdıq. Bu nədir?.. Sanki qulağımıza bir səs gəldi.

– Eşitdinmi?

– Bəli, bəli!

Konsel yenə bağırdı. Artıq heç bir şübhə yox idi. Konselin bağırtısına bir insan səsi cavab verdi.

Konsel mənim çiynimə söykənərək yarıya qədər qalxıb sudan boylandı və yenidən suya yıxıldı.

– Mən… – deyə pıçıldadı. – Mən… gördüm… Yaxşısı budur ki, səsimizi kəsək.

Axı Konsel nə görmüşdü? Nədənsə bu an ağlıma nəhəng gəldi.

Konsel məni yenə suyun üzərində irəliyə itələyirdi. Mən get-gedə gücdən düşürdüm. Həyat ilə vidalaşmaq üçün son dəfə başımı qaldırdım.

Elə bu əsnada bərk bir şeyə toxundum və ondan yapışdım. Sonra sudan çıxarıldığımı hiss etdim. Elə bu an huşumu itirdim.

Görünür, məni ovduqları üçün tez özümə gəlmişəm.

– Konsel…

– Ağam məni çağırdı?

Konselin səsi gəlsə də, mən Ay işığında onun deyil, mənə tanış olan başqa bir adamın üzünü gördüm.

– Ned! – deyə mən səsləndim.

– Özüdür ki var, professor. Qazandığım mükafatın belinə minib gəzirəm. Mən ancaq burada anladım ki, çəngəlim niyə ona batmadı. Bu heyvan polad təbəqə ilə örtülüb…

Kanadalının sözü mənim fikrimdə ani bir dəyişiklik etdi. Mən qalxıb yarıdan çox hissəsi suda olan bu varlığın kürəyində özümü tarazladım. Onun üzərini ayaqlarımla taqqıldadıb döydüm. Yox, bunun gövdəsi heyvan gövdəsi deyildi… Artıq anladım. Biz polad gövdəli sualtı qayığın üstündə idik. Konsellə mənim gedəcək başqa yerimiz yox idi.

– Əgər belədirsə, – mən sözə başladım, – bu gəmi mühərrik və mexanizmlərə malik olmalıdır. Deməli, içərisində onu idarə edən adamlar da var.

– Əlbəttə, – deyə çəngəlçi cavab verdi. – Lakin bu üç saat ərzində mən bu üzən adada heç bir həyat əlaməti görməmişəm.

Elə bu an gəmidə bir qaynama qurultusu eşidildi və gəmi hərəkət etməyə başladı. Xoşbəxtlikdən sualtı gəmi yavaş sürətlə gedirdi. Biz cəld tərpənib onun burun tərəfində olan səksən santimetrlik dikdirdən tutan kimi Ned dedi:

– Onun dənizin üstü ilə üzməsinə etirazım yoxdur. Lakin bu cənab suya cummaq fikrinə düşsə, o zaman başımıza nə gələcəyini təsəvvür etmək çətin deyil.

Mən sualtı gəminin üstündə bir qapı, ya dəlik tapmaq ümidi ilə onun üzərini axtarmağa başladım, lakin heç nə tapa bilmədim. Səhərin açılmasını gözləmək lazım idi.

Hava, nəhayət, işıqlaşanda mən gəminin üzərini yenidən nəzərdən keçirmək istəyirdim ki, birdən o, sürətini artıraraq suya cummağa başladı.

– Sizi lənətə gələsiniz, şeytanlar!.. – deyə Ned gövdəni var gücü ilə təpikləməyə başladı. – Bizi içəri buraxın!..

Lakin onun səsi qulaqbatırıcı gurultuda itirdi. Bəxtimizdən gəmi qəflətən dayandı.

Gəminin içərisindən bir qapaq cırıltısı eşidildi və oradan bir adam baxaraq nə isə qışqırdı və yox oldu. İçəridən səkkiz nəfər çıxaraq heç bir söz demədən bizi gəminin içərisinə apardı.

“Hərəkətdə olan mühit daxilində hərəkət”

Hər şey elə sürətlə baş verdi ki, bir-birimizə bir kəlmə deməyə belə fürsət tapa bilmədik.

Ensiz qapaq örtüləndə qatı qaranlıqda qaldıq. Bizi bir otağa salıb qapını arxamızca cingilti ilə örtdülər.

Ned bu kobud rəftardan qəzəblənmişdi:

– Lənətə gəlmişlər! Bunların rəftarına bir baxın! Bəlkə də, adamyeyəndirlər. İndidən deyirəm ki, məni yemələrinə imkan vermərəm.

– Sakit olun, Ned, – Konsel sakitcə dedi. – Biz hələ tavada deyilik.

– Düz deyirsən, tavada deyilik, lakin sobadayıq. Yaxşı ki, bıçağım üstümdədir. Biri mənə toxunmaq istəsə…

Mən qaranlıqda ehtiyatla bir neçə addım atdım. Nə bir qapı, nə bir pəncərə tapdım.

Yarım saat keçdi. Lakin vəziyyət dəyişmədi. Birdən parlaq bir işıq yandı. Bu, elektrik işığı idi.

Ned bıçağı əlində sıxaraq müdafiə vəziyyəti aldı.

Bu sirli gəmidə işığın yanmasının səbəbi aydın idi. Qapı açıldı. Kayuta iki adam girdi. Hər ikisinin başında susamuru[10 - Susamuru – tünd-qonur rəngli qiymətli xəzi olan yırtıcı su heyvanı] xəzindən papaq, ayaqlarında suiti dərisindən uzunboğaz dəniz çəkmələri, əyinlərində mənə bəlli olmayan parça növündən rahat geyimləri vardı. Onlardan biri gödəkboylu, əzələli, iribaşlı, uzunbığlı və iti baxışları olan bir adam idi. İkincisi ucaboy idi. Başını vüqarla dik tutması özünə inamlı olduğunu göstərirdi. Qara gözləri soyuq bir qətiyyətlə parlayırdı. Sakit və kəskin baxışlarından nəciblik sezilirdi. İri alnı, düz burnu vardı. Ona otuz beş-əlli arası yaş vermək olardı.

Bu ucaboy şəxs dönüb yanındakı adamdan mənim anlaya bilmədiyim dildə nə isə soruşdu. Sonra onun sual ifadə edən baxışları mənə sarı döndü.

Mən təmiz fransız dilində başımıza gələnləri qısaca nağıl etdim. Görünür, o məni anlamadı. Dalğınlıqla, lakin ehtiramla məni dinlədi.

İndi ingiliscə danışmaq imkanı qalırdı. Kanadalı ingiliscə çox qızğınlıqla danışırdı. Hansı bəşəri qanunla onu bu qaranlıq zindana atdıqlarını soruşur, azadlığını əlindən alanları məhkəmə ilə hədələyirdi.

Görünür, onlar bu dili də bilmirdilər. Mən özümü itirmiş halda bildiyim dilləri xatırlayan vaxt Konsel dedi:

– Bilirsiniz ki, mənim doğma dilim alman dilidir. Ağam izin verərsə, mən onlarla alman dilində danışardım.