banner banner banner
Çovdarlıqda uçurumdan qoruyan
Çovdarlıqda uçurumdan qoruyan
Оценить:
 Рейтинг: 0

Çovdarlıqda uçurumdan qoruyan

– Eh! – dedim. – Yəqin ki, bərk hirslənəcəklər. Hökmən hirslənəcəklər. Bununla dördüncü məktəbdir dəyişirəm.

«Eh» deməyə artıq vərdiş eləmişəm. Səbəbi də budur ki, söz ehtiyatım zəifdir. Həm də yaşım artsa da, ağlım artmayıb. Onda on altı yaşım vardı, indi isə on yeddidir, amma özümü lap on üç yaşlı uşaq kimi aparıram. Özü də bu çox gülünc çıxır: boyum altı fut[5 - Fut – ingilis ölçü sistemində 30 sm 48 mm-ə bərabər uzunluq vahidi] iki düym[6 - Düym – İngiltərədə 2,54 sm-ə bərabər uzunluq vahidi] yarımdır, saçlarımsa əməlli-başlı ağarıb. Düz sözümdür. Başımın sağ tərəfi tamam ağappaqdır. Lap körpəlikdən. Ancaq hələ də elə hərəkətlər eləyirəm, elə bil on iki yaşındayam. Bunu mənə hamı irad tutur, ən çox da atam. Bəlkə də, haqlıdır, amma o qədər də yox. Hamıya elə gəlir ki, sənin nə yuvanın quşu olduğunu bilir. Bu mənim vecimə də deyil, ancaq onlar mənə «yekə oğlansan, uşaqlıq eləmə» deyəndə xətrimə dəyir. Bəzən isə özüm qəsdən yaşımdan böyük görünmək istəyirəm, amma nədənsə heç kəs bunu görmür. Ümumiyyətlə, bu camaat heç vaxt yaxşı şeyi görmək istəmir.

Qoca Spenser yenə də başını bulamağa başladı.

– Atan-ananla mən də tanışam. Bir neçə həftə bundan qabaq doktor Termer onları öz yanına söhbətə çağırtdıranda görüşmüşük. Çox alicənab adamlardır.

– Əlbəttə, elədir. Alicənab adamlardır.

Birdən qoca Spenser ciddiləşdi. Əvvəllər heç vaxt onu bu qədər ciddi görməmişdim.

– Bu rübdə neçə fəndən qiymət almısan?

– Beş, ser.

– Beş? Bəs neçəsindən kəsilmisən?

– Dördündən. İngilis dilindən yaxşı çıxdım, – dedim.

O heç mənə qulaq asmırdı. Ümumiyyətlə, baş-qasının nə dediyinə qulaq asan deyil.

– Mən səni tarixdən ona görə kəsmişəm ki, heç nə öyrənməmişdin.

– Bilirəm, ser. Özüm bilirəm. Sizlik bir iş yoxdur.

– Sənin yazı işin burada – şifonerin başındadır. Gətir onu bura.

Lap heyvərəlik eləyirdi mənə qarşı. Əlacım kəsildi, durub dəftəri ona verdim. İndi bura gəldiyimə görə nə qədər peşman olduğumu heç təsəvvürünüzə də gətirə bilməzsiniz.

– Burada yazdıqlarına qulaq asmaq istəyirsən?

– Yox, ser, lazım deyil, – dedim.

Ancaq yenə oxudu. Əgər ağlına bir şey girdisə, onu bu fikirdən daşındırmaq müşkül məsələdir. Öz bildiyini hökmən eləyəcək.

Qoca Spenser dəftəri açıb oxumağa başladı: «Misirlilər qədim Qafqaz irsinə mənsub olub Afrikanın şimal əyalətlərində yaşamışlar. Afrika isə biz bildiyimiz kimi, Şərq yarımkürəsində ən böyük qitədir. Misirlilərin öz ölülərini basdırmazdan əvvəl necə mumiyaladıqları müasir elmdə tapmaca kimi qalır».

O susdu, dəftəri yerə qoydu. İndi ona əməlli-başlı nifrət eləyirdim.

– Bu da sənin inşa yazın, – kinayə ilə əlavə etdi: – Hələ səhifənin sonunda mənə kiçik bir qeyd də yazmısan.

– Bilirəm, yazmışam, – bunu elə cəld dedim ki, heç olmasa, bu qeydi oxumağa ona imkan verməyim. Amma onu saxlamaq çətin idi, yaman cuşa gəlmişdi.

– «Hörmətli mister Spenser! – ucadan oxumağa başladı. – Misirlilər haqda bildiklərim bundan ibarətdir. Sizin mühazirələriniz çox maraqlı olsa da, misirlilər məni elə də maraqlandırmır. Bu inşaya görə məni kəsməli olsanız, bunu o qədər də ürəyinizə salmayın. Onsuz da ingilis dili ilə ədəbiyyatından başqa, bütün fənlərdən kəsilmişəm. Sizə böyük hörmət bəsləyən Holden Kolfild».

O, çərdəymiş dəftəri bir yana qoyub məğrur-məğrur üzümə baxdı, sanki indicə məni pinq-ponq[7 - Pinq-ponq – stolüstü tennis] oyununda udmuşdu. Əgər özü belə bir şey yazmış olsaydı, bunu heç vaxt onun üzünə vurmazdım. Axı bu andıraqalmış qeydi ona görə yazmışdım ki, məni kəsəndə ürəyi ağrımasın.

– Səni kəsdiyim üçün məni təqsirkar sayırsanmı, oğul? Sən mənim yerimdə olsaydın, neyləyərdin? Amma düzünü de, oğul.

Barı dəqiqəbaşı «oğul» deməyəydi. Görünür, məni kəsməyinə pərt olmuşdu. Ancaq özümü o yerə qoymadım. Dedim ki, mən, həqiqətən, korazehin adamam, beynimə heç nə girmir. Onun yerində olsaydım, mən də elə hərəkət eləyərdim və sairə və ilaxir. O ki var, gopladım.

Ancaq məzə burasındaydı ki, dilimə güc versəm də, fikrim tamam başqa yerdəydi. Mən Nyu-Yorkda yaşayıram. Və elə bu anda Mərkəzi park, onun cənub girəcəyindəki göl yadıma düşmüşdü. Fikirləşdim ki, görəsən, mən evə qayıdanacan o göl başdan-ayağa donacaqmı, əgər donacaqsa, bəs onda ordakı ördəklər necə olacaq? Göl tamam donub buz bağlayandan sonra ördəklərin hara getdiyini təsəvvür eləyə bilmirdim. Bəlkə, yük maşınına qoyub zooparka aparırlar? Bəlkə də, özləri başqa yerə uçub-gedirlər?

Deyəsən, məndə pis alınmır. Bir yandan qoca Spenserə gopa basıram, o biri yandan isə ördəklərin fikrini çəkirəm. Belə çıxır ki, müəllimə hesabat verəndə beynini əziyyətə salmasan da olar.

– Doğrudanmı, sən öz gələcəyin barədə fikirləşmirsən? – qoca Spenser yenə soruşdu.

– Niyə ki, aradabir fikirləşirəm. Əlbəttə, fikirləşirəm. Ancaq o qədər də yox.

– Bilmirəm, sənin başına necə ağıl qoyum. Sənə kömək eləmək istəyirəm, oğul! Məni düzgün başa düş. İmkanım daxilində kömək eləmək istəyirəm.

Doğru deyirdi. Hiss elədim bunu. Ancaq biz ayrı-ayrı qütblərdə dayanmışdıq, vəssalam.

– Bilirəm, ser, bunun üçün də sizə çox-çox təşəkkür edirəm, – dedim və oturduğum yerdən qalxdım. – Təəssüf ki, indi getməliyəm. Əşyalarımın çoxu idman zalında qalıb, gedib onları götürməliyəm… Mənə görə narahat olmayın. İndi yaşımın elə vaxtıdır ki, belə də olmalıdır. Keçid dövründə hamı belə olur.

– Bilmirəm, oğul, bilmirəm.

– Sizə məktub yazacağam, ser. Qripdən özünüzü qoruyun.

– Əlvida, oğul.

Qapını örtdüm. Yemək otağından keçəndə arxamca nə isə qışqırdı, ancaq yaxşı eşidə bilmədim. Güman ki, «yaxşı yol» deyirdi. Bəlkə də, yox. Mən heç kimin arxasınca «yaxşı yol» deyə qışqırmazdım. Əslinə qalsa, çox sarsaq adətdir.

3

Yaman yalançıyam. Ömründə mənim kimisinə rast gəlməzsiniz; məsələn, qəzet köşkünə gedəndə soruşsalar ki, hara gedirsən, bir də gördün qayıtdım ki, operaya. Qoca Spenserə deyəndə ki, şeylərimi götürmək üçün hələ idman zalına qayıtmalıyam, ağ yalan danışırdım. O andıraqalmış zalda heç nəsə qoyaram?!

Qoca Spenserdən ayrılandan sonra öz otağıma qayıtmaq mənə ləzzət elədi, çünki hamı futbola getmişdi. Üstəlik, təsadüfən bu gün qızdırıcılar əla işləyirdi. Gödəkçəmi, qalstukumu çıxardım, köynəyimin yaxasını açdım və səhər tezdən Nyu-Yorkdan aldığım kepkanı başıma qoydum. Qırmızı ovçu kepkası idi, dimdiyi də uzun. Bircə dollara almışdım. Başıma da tərsinə – dimdiyi arxaya tərəf qoydum. Düzdür, bu düşüklükdür, amma mənə belə xoş gəlirdi. Sonra yarımçıq qoyduğum kitabı götürüb öz kreslomda oturdum. Otaqda iki kreslo vardı. Biri mənim, biri də otaq yoldaşım Uord Stredleyterin idi.

Əlimdəki kitabı kitabxanada səhvən mənə vermişdilər, otağa gəlib çatanda başa düşmüşdüm. İsak Daynsenin «Afrika cəngəlliklərində» kitabıdır. Fikirləşirdim ki, yəqin, səfeh bir şey olacaq, ancaq, əksinə, yaxşı kitab çıxdı. Ən çox sevdiyim yazıçı qardaşımdır – D.B.-ni deyirəm. Mənə ən çox o kitab təsir eləyir ki, oxuyub qurtarandan sonra ürəyində deyəsən: «Kaş bunu yazan mənim dostum olaydı, kefim istəyəndə telefonu götürüb ona zəng vura biləydim». Ancaq belə kitaba çox az-az rast gəlmək olur.

Bir sözlə, təzə kepkamı başıma keçirib oturdum və başladım kitabı oxumağa. Artıq bir dəfə oxumuşam. İndi bəzi yerlərini təzədən oxumaq istəyirdim. Heç üç səhifə oxumamışdım ki, kiminsə duşxanadan çıxdığını eşitdim. Heç dönüb baxmadan da bildim ki, qonşu otaqda qalan Robert Eklidir. Çiyniqısıq, uzundraz bir oğlandır, boyu altı fut dörd düym idi. Dişlərinin çoxu çürümüşdü. Bir dəfə də olsun dişini yuduğunu görməmişdim: qabaq dişləri kirdən sapsarı idi. Elə xasiyyəti də murdar idi. Düzü, ondan o qədər də xoşum gəlmirdi.

Hiss elədim ki, dayanıb otağa boylanır, görsün ki, Stredleyter də burdadır, ya yox. Ondan zəhləsi gedirdi, Stredleyter otaqda olanda ömründə içəri girməzdi. Bir yana baxanda bu əclafın heç kəsi görməyə gözü yoxdur.

Duşxanadan çıxıb mənə yaxınlaşdı.

– Sala-a-m, – dedi.

Həmişə belə uzada-uzada salamlaşır.

– Sala-a-m, – mən də onu yamsılayaraq dedim, amma başımı kitabdan qaldırmadım.

Başladı otaqda yavaş-yavaş, addım-addım gərdiş eləməyə, həmişəki kimi stolun, dolabın üstündəki əşyalarımı qurdalamağa. Yaman pis vərdişi var, gərək götürüb hər şeyə baxa.

Kresloda yayxanıb başladım Ekliyə göz qoymağa. Zalım balası elə bil öz evindəydi. Çox bərk darıxanda lap əndazədən çıxıram, başlayıram şitlik eləməyə. Təzə kepkamın dimdiyini qabağa çevirdim və basdım gözümün üstünə ki, heç nə görməyim.

– Deyəsən, gözüm tutulub, – deyə bərkdən qışqırdım. – Ay ana! Ana! Hər yan qaranlıqdır, heç nə görə bilmirəm.