banner banner banner
Hekayələr
Hekayələr
Оценить:
 Рейтинг: 0

Hekayələr

– Mən bir söz demirəm, xanım. Ümid edək ki, xəstəliyi elə də qorxulu deyil. Digər tərəfdən onu da bildirməliyəm ki, xoşbəxtlikdən, ya bədbəxtlikdən biz tacirlər işimizin xətrinə çox vaxt yüngül naxoşluqları vecimizə almayıb onları gərək ayaq üstə keçirək.

– De görək, cənab müdir içəri daxil ola bilərmi? – hövsələsi daralmış atası yenidən qapını döydü, amma Qreqorun “yox” kəlməsindən sonra sol tərəfdəki otağa üzücü bir sükut çökdü, sağ tərəfdəki otaqdan isə bacısının hönkürtüsü eşidildi.

Bəs nəyə görə bacısı o birilərin yanına getmirdi? Yəqin, elə indicə yataqdan qalxmışdı, heç geyinməyə də macal tapmamışdı, ağlamağı da o səbəbdən idi ki, qardaşı yerindən durmur, müdiri içəri buraxmırdı – deməli, iş yerini itirə bilərdi, sahibkar da onun valideynlərini köhnə tələblərlə küncə qısnayardı. Lakin bunlar hələ ki əsassız təhlükələr idi, hələ ki Qreqor burdaydı və heç də ailəni tərk etmək fikrinə düşməmişdi. Orası düzdür ki, hazırda xalçanın üstündə eləcə sərələnib qalmışdı, amma əgər onun nə kökdə olduğunu bilsəydilər, heç kəs tələb etməzdi ki, müdiri içəri buraxsın. Xırda bir nəzakətsizliyə görə onu dərhal işdən qovmayacaqdılar ki!

Bu şıltaqlığa sonradan asanlıqla bəraət qazandırmaq mümkün idi və Qreqor da haqlı olaraq düşünürdü ki, indi göz yaşı tökməkdən, yaxud nəsihətlərlə təngə gətirməkdənsə, yaxşı olardı onu dinc qoysunlar, rahat buraxsınlar. Amma hamıya əziyyət verən, eyni zamanda hər birinin hərəkətinə haqq qazandıran məhz bu qeyri-müəyyənlik idi.

– Cənab Zamza, – müdir bu dəfə səsini yüksəltdi, – nə olub, nə baş verib axı? Siz otağa bağlanıb qalmısınız, “hə-yox”dan başqa ayrı bir cavabınız yoxdur, valideynlərinizi lüzumsuz intizarda saxlayırsınız, sözgəlişi onu da xatırladım ki, ağlagəlməz bir şəkildə vəzifənizdən boyun qaçırırsınız. İndi mən sizin valideynlərinizin və xozeyininizin adından danışıram. Rica edirəm, yubatmadan məsələni mənə izah edəsiniz. Mən təəccüb içindəyəm, mat-məəttəl qalmışam! Sizi dinc, dərrakəli bir şəxs bilirdim, sizsə, deyəsən, qəribə oyunlar çıxartmaq fikrinə düşmüsünüz. Düzdür, sahibkar bu səhər sizin işdən yayınmanızın mümkün izahına yüngülcə bir eyham vurdu – bu sizə yaxınlarda etibar edilmiş inkassoya[3 - İnkasso – bank əməliyyatı; nağd pulun müştəridən alınaraq bank vasitəsilə sənədləşdirilməsi: əməliyyatı həyata keçirən bu yolla komisyon haqqı alır.] aiddir, – lakin mən and içməyə hazır idim ki, həmin səbəb həqiqətəuyğun deyil. İndi bu anlaşılmaz inadınızı görərkən sizi hər hansı dərəcədə müdafiə etmək niyyətim puça çıxır. Vəziyyətiniz isə əsla möhkəm deyil, istəyirdim bunu sizə təklikdə deyəm, ancaq bir halda ki siz məni burda əbəs yerə vaxt itirməyə məcbur edirsiniz, onda mən bunu hörmətli valideynlərinizdən gizlətməyə səbəb görmürəm. Son vaxtlar nailiyyətiniz, açıq deməliyəm ki, qeyri-kafi idi. Doğrudur, indi ilin o mövsümü deyil ki, böyük sazişlər bağlayasan, biz burasını etiraf edirik, cənab Zamza, amma ilin heç bir saziş bağlanmayan fəsli də mövcud deyil və heç ola da bilməz.

– Cənab müdir, – Qreqor özünü saxlaya bilməyib çığırdı və bərk həyəcanlandığından hər şeyi unutdu, – mən axı bu saat, lap elə bu dəqiqə qapını açıram! Yüngülvarı bir kefsizlik, başgicəllənmə imkan vermirdi ayağa durum. Mən hələ indi də çarpayıdayam. Amma artıq özümə gəlmişəm, dururam. Bircə dəqiqə səbir edin! Əhvalım elə də yaxşı deyilmiş, amma hazırda nisbətən düzəlib. Müsibətə bax! Dünən axşam özümü əla hiss edirdim, bunu valideynlərim də təsdiqləyər, lap doğrusu, axşam ürəyimə nəsə dammışdı. Güman ki, bu, kənardan da hiss olunub. Gərək bu barədə firmaya xəbər verəydim, nə bilim! Adam həmişə fikirləşir ki, naxoşluğu elə ayaq üstə keçirə bilər. Cənab müdir! Siz Allah, valideynlərimə rəhm edin. Axı bayaqkı tənələriniz üçün heç bir əsas yoxdur, axı bu iradlar barədə mənə bir söz deməmisiniz. Çox yəqin ki, göndərdiyim axırıncı sifarişləri siz hələ görməmisiniz. Bir də ki mən saat səkkiz qatarıyla yola düşəcəyəm. Bu bir neçə saatlıq artıq yuxu mənə əlavə güc verib. Cənab müdir, siz ləngiməyin, bu saat mən özüm firmaya gəlirəm, lütfən, xozeyinə belə söyləyin və mənim ehtiramımı ona yetirin!

Nə danışdığını özü də dərk etmədən bu sözləri deyə-deyə Qreqor asanlıqla – görünür, buna hələ çarpayıda ikən alışmışdı – sandığa yaxınlaşdı, ona söykənib dikəlməyə çalışdı. O, həqiqətən, qapını açmaq, müdirlə danışmaq, bayırda intizarla durub gözləyənlərin onu görəndə nə deyəcəklərini bilmək istəyirdi. Əgər bayırdakılar onun görkəmindən qorxsaydılar – məsuliyyət onun üzərindən götürüləcəkdi və o da xatircəm ola bilərdi. Yox, əgər hər şeyi sakit qarşılasalar, deməli, təşvişə düşməyə heç bir səbəb yoxdur və o da saat səkkizdə vağzalda olacaq.

Sandığın çox hamar olması səbəbindən cəhdi dərhal baş tutmadı, bir neçə dəfə sürüşüb düşdü, nəhayət, axırıncı sıçrayışda bütün qamətiylə dikələ bildi, bu zaman bədəninin aşağı hissəsində ona olmazın əziyyət verən ağrıya da heç məhəl qoymadı. Sonra yaxınlıqdakı stulun söykənəcəyinə dayaqlanıb ayaqlarını onun qıraqlarına bənd elədi. İndi o daha bədəninə yiyəlik edə bilirdi, eyni vaxtda müdirin cavabını eşitmək üçün cınqırını çıxarmırdı. Müdirsə üzünü valideynlərə tutub soruşdu:

– Siz nəsə bir söz başa düşdünüz? Yoxsa o bizi məsxərəyə qoyur?

– Allah xatirinə, insaf edin! Uşağın halı xarabdır, bizsə ona əziyyət veririk, – deyə vay-şivən qoparan ana göz yaşları içində “Qreta! Qreta!” çığırdı, bacısı da əks tərəfdən “Ana!” deyərək ona hay verdi. – Tez ol, həkim dalınca qaç. Qreqor xəstədir, tez həkim çağır. Sən onun nə cür danışdığını eşitdin?

Müdirsə ananın çığırtısı ilə əsla müqayisəyə gəlməyəcək son dərəcə yavaş səslə:

– O, heyvan səsi idi, – dedi.

Atası əllərini bir-birinə çırpıb hiddətlə mətbəxə üz tutdu:

– Anna! Anna! Tez çilingər çağırın!

Yubkası xışıldaya-xışıldaya hər iki qız dəhlizlə qaçıb getdi, – bacısı nə tez geyindi ki? – küçə qapısı taybatay açıldı, amma necə örtüldüyü eşidilmədi, görünür, qapını açıq qoyub getmişdilər, qəfil bədbəxtlik üz verən evlərdə belə şeylərə təsadüf edilir.

Qreqor tam arxayınlaşdı. Onun sözlərini anlamasalar da, dedikləri özünə kifayət qədər aydın idi, hətta əvvəlkindən də aydın. Yəqin, qulaqları bu sözlərə alışdığından belə idi. Onu başa düşməsələr də, başına nəsə iş gəldiyinə artıq inanmışdılar və kömək etməyə hazır idilər. Verilən sərəncamlardakı qətiyyət və inam Qreqora müsbət təsir göstərdi. O, təzədən adamlara qoşulduğunu hiss etdi, mahiyyətcə birini digərindən ayırmadan həkimin də, çilingərin də möcüzə yaradacağını gözlədi, yaxınlaşmaqda olan həlledici danışıqlar ərəfəsində kəlmələri kifayət qədər anlaşıqlı tələffüz etmək üçün boğazını arıtlayanda səsini mümkün qədər boğmağa çalışdı – kim bilir, bəlkə, bu heç adam öskürəyinə bənzəmirdi? Ancaq bu barədə əlavə fikir yürütməyə ürək eləmədi. Bu arada qonşu otaqda tam sakitlik idi – nə biləsən axı, bəlkə, valideynləri müdirlə masa arxasında oturub xısınlaşır, ya da, ola bilsin, qulaqlarını qapıya söykəyib dinşəyirdilər.

Qreqor stulla birlikdə ağır-ağır qapıya doğru getdi, sonra stulu buraxıb dikinə qapıya söykəndi. Pəncələrində nəsə yapışqanlı maddə vardı. Uzun zəhmətdən sonra bir az da dikəldi, sonra açarı ağzıyla hərlətməyə başladı. Amma heyif ki, əsl dişləri yox idi, – bəs indi açarı ağzında necə tutsun? – əvəzində çənəsi kifayət qədər möhkəm idi və o da açarı elə çənəsiylə hərlətməyə başladı, heç aldığı xəsarətə də əhəmiyyət vermədi. Ağzına dolan boz maye açar boyu axıb döşəməyə töküldü. Elə bu vaxt qonşu otaqdan müdirin səsi gəldi:

– Bir qulaq asın, deyəsən, o, açarı hərlədir.

Qreqor xeyli ürəkləndi, amma yaxşı olardı ki, hamısı bir ağızdan onu səsləyib çığıraydı: “Güc ver, Qreqor! Hə, güc ver, bərkdən bur açarı!”

Təsəvvür edəndə ki, onun səyinə hamı eyni gərginliklə diqqət edir, Qreqor var gücünü əsirgəmədən açardan tutdu, açar burulduqca qapının yanında gah bu, gah da o biri ayağına meyilləndi, dik durub ağzının köməyi ilə gah açardan sallanır, gah da gövdəsinin bütün ağırlığını onun üstünə salırdı. Axırda kilidin şaqqıltısı onu sanki yuxudan oyatdı, nəfəsini dərib: “Hər halda, çilingərsiz keçinə bildim”, – dedi və qapını açmaq üçün başını onun dəstəyinə qoydu.

Bu üsulla açıldığından qapı xeyli aralananda da Qreqor özü görünmədi. O, əvvəl qapının bir tayından keçməli idi, özü də elə ehmal keçməliydi ki, otağın girişində arxası üstə çevrilməsin. Qreqor bu qəliz işlə məşğul ikən və artıq heç nəyə əhəmiyyət verməyib tələsdiyi vaxt birdən müdirin bərkdən “oh!” dediyini eşitdi, – bu səs ona küləyin uğultusu kimi gəldi, – ardınca Qreqor müdirin özünü gördü, qapıya hamıdan yaxın durmuş kişi heyrətdən açılmış ağzını əliylə qapayıb yavaş-yavaş geri çəkildi, sanki hansısa gözəgörünməz bir qüvvə onu qovurdu. Saçları hələ axşamdan pırtlaşıq qalmış ana – baxmayaraq ki müdir burdaydı – əllərini sıxıb əvvəl ataya baxdı, sonra tumanı yellənə-yellənə Qreqora tərəf iki addım atıb yerə çökdü; başı köksünə endiyindən qadının sifəti görünmürdü. Ata isə yumruqlarını hədələyici bir tərzdə düyünləyib, deyəsən, əvvəlcə Qreqoru içəri itələmək istədi, sonra tərəddüd içində qonaq otağına baxdı, əllərini gözünə sıxıb bərkdən hönkürdü, geniş köksü bir neçə dəfə qalxıb-endi.

Qreqor heç də qonaq otağına keçmədi, eləcə qapının tayına söykənib durdu. Bu səbəbdən təkcə gövdəsinin yarısı və otağa tərəf əyilmiş başı görsənirdi. Bu müddətdə hava da xeyli işıqlaşmışdı. Küçənin əks tərəfindəki pəncərələri fasada açılan bozumtul xəstəxana binasının bir hissəsi aydın seçilirdi. Yağış hələ də yağmağında idi, amma indi damcılar sanki iriləşib bir-birindən seçilir və yerə də hərəsi ayrılıqda, tək-tək düşürdü. Masa üzərində səhər yeməyinə aid bir xeyli qab-qacaq vardı, səhər yeməyinə xüsusi önəm verən atası üçün bu, günün ən vacib yeməyi sayılırdı. O, qəzet oxuya-oxuya keçirdiyi həmin vaxtı saatlarla uzatmağa vərdiş etmişdi. Üzbəüz divardan Qreqorun hərbi xidmət illərindən qalma fotoşəkli asılmışdı. Əlini qılıncın qəbzəsinə qoyub qayğısızcasına gülümsəyən leytenantın şax duruşu da, mundiri də kənardan hörmət və ehtiram təlqin edirdi. Dəhlizin qapısı açıq idi, giriş qapısı da aralı qaldığından pilləkənin üstü və aşağı aparan bir-iki üst pillə görünürdü.

– Hə, – deyə sakitliyini hamıdan yaxşı təkcə elə özünün qoruduğunu görən Qreqor tam əminliklə dilləndi, – mən bu saat geyinirəm, nümunələri də toplayıb yola düşürəm. Yaxşı, bəs siz mənim yola düşməyimi, səfərə çıxmağımı istəyirsiniz? İstəyirsinizmi gedim? Hə, cənab müdir, görürsünüz də, mən heç də höcət deyiləm, çox ürəklə işləyirəm, səfərlər yorucu da olsa, mən qətiyyən səfərsiz dura bilmirəm. Siz hara gedirsiniz, cənab müdir, kontoramı? Gedib hər şey barəsində xozeyinə məlumat verəcəksiniz, eləmi? Adam bəzən işləmək gücündə olmur, onda keçmiş uğurlar barədə xəyallara dalmağın əsl məqamı yetişir, xatırlaya-xatırlaya ümid edir ki, gələcəkdə daha səylə işləyəcək, bütün qüsurları aradan qaldıracaq. Xozeyinə mənim necə minnətdar olduğumu siz çox yaxşı bilirsiniz. Digər tərəfdən valideynlərimin və bacımın qayğısı mənim üstümdədir. İndi mənə müsibət üz verib, amma bundan xilas olacağam. Sizsə, cənab müdir, onsuz da çətin olan vəziyyətimi korlamayın, firmada mənim tərəfimi saxlayın! Bilirəm, kommivoyajerləri çox da xoşlamırlar, hamı belə düşünür ki, guya biz kalan pul qazanıb eyş-işrət içində yaşayırıq, heç kəs də beyinlərə yerimiş bu yanlış təsəvvürü dəyişmək barədə düşünmür. Lakin siz, cənab müdir, işin nə yerdə olduğunu başqalarından daha yaxşı bilirsiniz, öz aramızdır, hətta xozeyinin özündən də yaxşı bilirsiniz. O, bir sahibkar kimi gözünü yumub hər hansı qulluqçusunun zərərinə rahatca səhv edə bilər, məsələnin kökünə getmədən yanlış qərar çıxara bilər. Həmçinin siz çox gözəl bilirsiniz ki, il uzunu firmadan kənarda qalan biçarə kommivoyajer asanlıqla cürbəcür dedi-qoduların, təsadüflərin, əsassız ittihamların qurbanına çevrilir, özü də bu şeylərdən əsla qorunmaq iqtidarında deyil, çünki heç onların çoxundan xəbər də tutmur; yorğun-üzgün halda səfərdən qayıdanda bütün bu qarayaxmaların yalnız acısını dadmalı olur. Cənab müdir, mənim haqlı olduğumu bir quru sözlə də olsa, etiraf etmədən getməyin!

Qreqor ağzını açan kimi müdir üzünü döndərmişdi, qaşqabağını töküb ona çiyni üstündən qanrılıb baxır, çiyni də tez-tez atılıb-düşürdü, danışan vaxtda isə bir an belə yerində dinc durmur, gözünü Qreqordan çəkmədən elə hey aralanır, ağır-ağır qapıya tərəf çəkilirdi, sanki hansısa gizli qüvvə onu buranı tərk etməyə qoymurdu. Artıq o, dəhlizdə idi, qonaq otağından qəfil bayıra atdığı son addımı görən hər kəs elə düşünərdi ki, dabanına köz basıblar. Dəhlizdə sağ əlini pilləkənə doğru elə uzatdı ki, deyərdin bəs orada xariqüladə bir səadət qanadlarını açıb onu gözləyir.

Qreqor anlayırdı ki, firmadakı işini zərbə altında qoymaq istəmirsə, müdiri qətiyyən bu ovqatda buraxmamalıdır. Bütün bu mətləbləri valideynləri onun qədər aydın dərk etmirdilər, illər ötdükcə onlar belə düşünməyə alışmışdılar ki, bəs Qreqor işlədiyi firmaya ömürlük düzəlib, hazırda başlarının üstünü kəsdirən qayğılar isə onları bəsirətdən büsbütün məhrum etmişdi. O ki qaldı Qreqorun özünə, əksinə, Qreqor bu bəsirətə malik idi və indi gərəkdir ki, müdiri nə yollasa ləngitsin, sakitləşdirsin, dilə tutsun, inandırsın, axır nəhayətdə öz tərəfinə çəksin – axı özünün və ailəsinin gələcəyi ondan asılı idi!

Ah, kaş ki bacısı getməsəydi! Bacısı ağıllıdır, Qreqor hələ arxası üstə rahatca uzananda Qreta artıq onun üçün ağlayırdı. Əlbəttə, qadın düşkünü olan müdir onu eşidərdi, bacısı giriş qapısını bağlayıb şirin diliylə müdirin tərəddüdlərini dağıdardı. Ancaq bacısı çıxıb getmişdi və indi Qreqor özü işə girişməliydi. O öz hərəkət imkanlarını zərrəcə düşünmədən, danışığının, bəlkə, yenə də anlaşılmaz olacağını nəzərə almadan qapının bu tayını buraxıb o üzə keçdi. Pilləkəndə durub hər iki əliylə gülməli bir vəziyyətdə sürahidən yapışmış müdirə tərəf yerimək istəsə də, bacarmadı, söykənəcək axtara-axtara boğuq bir zarıltı ilə pəncələri üstə düşdü, düşən kimi də bütün bədəni sustaldı və o bu səhər ərzində ilk dəfə rahatlandı.

Düşdüyü yer bərk olsa da, qorxuqarışıq bir sevinclə hiss edəndə ki pəncələri əməlli-başlı sözünə baxır, hətta onu getmək istədiyi yerə aparmağa da çalışır, inandı ki, çəkdiyi əzablar lap elə indicə biryolluq sona çatacaq. Di gəl ki, məhz həmin an o, anasına yaxın yerdə, onunla üzbəüz döşəmədə uzanarkən qəfil təkandan silkələndiyini hiss etdi. Bayaqdan bəri key halda matı-qutu qurumuş anası qəfil yerindən sıçrayıb ayağa qalxdı və qollarını geniş açaraq bağırdı: “Kömək edin! Allah xatirinə kömək edin!” O, başını əyib sanki Qreqoru daha diqqətlə süzmək istədi, əvəzində isə mənasız tərzdə daldalı çəkildi, huşu başında olmadığından arxada üstü qab-qacaq dolu masanı yaddan çıxardıb düz onun üstündə oturdu, böyrü üstə aşan qəhvədandan qəhvənin xalçaya necə süzüldüyünü hiss etmədi.

– Ana, ana! – deyə Qreqor zəif, ölgün səslə anasını çağırıb gözünü onun üzünə dikdi.

Bir anlığa müdiri də unutdu, yerə axan qəhvəyə baxanda özünü saxlaya bilməyib bir neçə dəfə əsəbi halda udqundu. Bunu görəndə anası təzədən çığırıb sıçradı, özünü ona tərəf cuman atanın qucağına yıxdı.

Lakin valideynlərinin nazıyla oynamağa hazırda Qreqorun qətiyyən vaxtı yox idi: müdir artıq pilləkəndə idi – çənəsini sürahiyə dirəyib geriyə son vida nəzəri salmışdı.

Qreqor müdirin dalınca qaçmaq, daha doğrusu, onu haqlamaq fikrinə düşdü, müdirsə, görünür, bu niyyəti anlamışdı, ona görə üç-dörd pilləni birdən sıçrayıb gözdən itdi. Ondan yalnız bircə səs çıxdı: “Tfu!” – və bu səs bütün pilləkənə yayıldı.

Əfsuslar olsun ki, müdirin sivişib aradan çıxması bayaqdan bəri başqalarına nisbətən daha möhkəm dayanmış atasının əhvalını pozdu və kişini əməlli-başlı hövsələdən çıxartdı. İşə bax ki, müdirin dalınca qaçıb onu saxlamaq, ya da, heç olmasa, Qreqorun ona çatmasına mane olmamaq əvəzinə atası qonağın palto və şlyapa ilə birlikdə qoyub getdiyi çəliyi sağ əlinə, masa üzərindən götürdüyü qəzeti də sol əlinə alıb təpiklərini hirslə yerə döyməyə, qəzetlə çəliyi yellədə-yellədə Qreqoru öz otağına qovmağa başladı. Qreqorun heç bir xahişi kara gəlmədi, həm də atası bu xahişləri anlamaq, başa düşmək halında deyildi, Qreqor başını nə qədər itaətkarlıqla tərpədirdisə, atası ayağını döşəməyə bir o qədər bərk döyürdü. Anası isə havanın nəmişliyinə baxmayaraq, gedib pəncərəni taybatay açdı, başını çölə çıxarıb əlləriylə üzünü örtdü. Pəncərə pilləkənin üstündən yel çəkirdi, pərdələr yellənir, masa üzərindəki qəzetlərin xışıltısı eşidilirdi. Bir neçə vərəq döşəməyə səpələnmişdi.

Ata heyvan kimi fısıldaya-fısıldaya onun üstünə hücum çəkir, Qreqor daldalı getməyə vərdiş etmədiyindən ləng tərpənirdi, hərçənd dönsəydi, dərhal öz otağına düşəcəkdi, intəhası gec fırlanıb atasını təbdən çıxaracağından qorxurdu, kişinin əlindəki çəlik hər an kürəyinə, ya başına ölümcül zərbə endirə bilərdi. Nəhayət, deyəsən, Qreqora ayrı heç bir çıxış yolu qalmadı, çünki o, dəhşət içərisində baxdı ki, daldalı sürünməklə hətta hər hansı istiqamət götürmək iqtidarında da deyil. Buna görə bir gözü atasında, mümkün qədər sürətlə, əslində, çox ağır-ağır dönməyə başladı. Görünür, atası bu nəcib niyyəti dərk etdi: nəinki dönməsinə mane olmadı, hətta çəliyin ucuyla uzaqdan onun hərəkətlərini yönləndirməyə başladı.

Kaş kişinin bu dözülməz fısıltısı olmayaydı! Fısıltının ucbatından Qreqor başını lap itirmişdi, elə dönüb qurtarırdı ki, fısıltıya qulaq verdiyindən yanılıb bir az arxaya buruldu. Nəhayət, başını sağ-salamat halda açıq qapıya doğru tuşlaya bildi, amma bu vaxt məlum oldu ki, gövdəsi çox enlidir, qapıdan rahat keçməyəcək. Atasının belə vəziyyətdə ağlına da gəlmədi ki, qapının ikinci tayını açıb ona yol versin, onun tək bircə niyyəti vardı – Qreqoru mümkün qədər tez içəri təpsin. O heç bir əsaslı hazırlığa dözəcək halda deyildi, bu hazırlıq isə Qreqora lazım idi ki, dik vəziyyət alıb, bəlkə, bu halda qapıdan keçə bilsin. Guya heç bir əngəl-filan yoxmuş kimi, indi atası onu xüsusi hay-küylə içəri qovurdu; arxadan eşidilən səslər də təkcə ataya məxsus deyildi; məsələ, həqiqətən, çox ciddiləşmişdi, odur ki Qreqor da – nə olacaqsa, qoy olsun! – deyib var gücüylə özünü qapıya dürtdü. Bədəninin bir tərəfi köpmüş halda qapının ağzında eləcə sərələnib qaldı, bir böyrü əməlli-başlı yaralanıb ağ boyalı qapıya iyrənc ləkə saldı. Gövdəsi qapıya pərçimləndiyindən daha irəli-geri tərpənə bilmədi; bir böyründəki ayaqları əsə-əsə sallanır, o biri böyründəkilər isə altında qaldığından bərk ağrıyırdı. Bu vaxt atasının daldan zərblə ilişdirdiyi, əslində, xilasedici rol oynayan təpiyindən sonra Qreqor büsbütün qan içində, nəhayət ki, öz otağına düşdü. Qapını çöl tərəfdən çəliklə itələyib örtdülər və içəri çoxdan arzu edilən bir sakitlik çökdü.

II

Qreqor bayğınlığa bənzər ağır yuxudan bir də şər qarışan vaxt ayıldı. Əgər onu narahat etməsəydilər də, özü bir azdan oyanacaqdı, çünki dincini bəs deyincə almışdı və indi özünü yuxudan doymuş kimi hiss edirdi, bununla belə, ona elə gəldi ki, dəhlizə açılan qapının ehmalca örtülməsi və kiminsə ürkək addımları onu yuxudan oyadıb. Küçədəki elektrik fənərlərinin işığı tavana, mebelin yuxarı hissəsinə düşmüşdü, onun sərilib qaldığı yer isə qaranlıq idi.

Evdə nələrin baş verdiyini öyrənmək üçün qədrini indi-indi bilməyə başladığı qarmaqlarının köməyi ilə qapı tərəfə süründü. Çapılmış sol böyrü bərk göynəyir, hər iki tərəfindən sallanan qıçları isə əməlli-başlı axsayırdı. Səhər bərk yaraladığı qıçlarından biri – möcüzəyə bax ki, yalnız biri! – indi döşəmədə güclə sürünürdü. O yalnız qapıya çatanda bura niyə tələsdiyini başa düşdü, nəsə dadlı bir qoxu gəlirdi, şirin südlə dolu bir kasa qoyulmuş, içinə də ağ çörək doğranmışdı. Sevincdən az qala qəşş edəcəkdi, çünki yeməyi səhərkindən daha betər istəyirdi. Başını acgözlüklə qabın içinə soxdu, amma tez də dilxorcasına geri çəkdi, sol böyrü zədəli olduğundan yemək arxasında oturmaq çətin iş idi, yalnız ağzını geniş açıb bütün gövdəsini işə salmaqla rahat yeyə bilərdi. Lakin onun bərk xoşladığı, elə bacısının da, yəqin, bu səbəbdən gətirdiyi süd birdən-birə ona çox dadsız gəldi, kasadan ikrahla üz döndərib geriyə, otağın ortasına tərəf süründü.

Qonaq otağında işığın yandırıldığını o, qapının çatından gördü. Adətən, bu vaxtlar atası axşam qəzetlərini anasına, hərdən də bacısına ucadan oxuyardı, ancaq indi heç bir səs-səmir gəlmirdi. Bacısının daim ona nəql etdiyi, yaxud məktublarında yazdığı bu qiraət, deyəsən, son vaxtlar gündəlik məişətdən çıxmışdı. Evdə, heç şübhəsiz, adam vardı, intəhası hər tərəf başdan-başa sakitlik içində idi.

“Ailəmiz gör necə də sakit həyat sürür”, – öz-özünə pıçıldadı. Gözünü qaranlığa dikib doğmaları üçün belə gözəl mənzil, firavan həyat bəxş etdiyinə görə daxilən şadlanıb qürrələndi. Bəs əgər indi bu rahatlığın, əmin-amanlığın dəhşətli sonu çatmışsa, onda necə? Belə bəd fikirlərə qapılmasın deyə əzələlərini övkələyib yumşaltmaq və otaq boyunca aşağı-yuxarı sürünmək qərarına gəldi.

Bütün bu uzun axşam ərzində yalnız bircə dəfə yan qapı bir balaca aralandı və dərhal da örtüldü. Sonra başqa bir qapı cırıldadı – görünür, hər kimdisə içəri girmək istəyir, amma ürək eləmirdi. Qreqor tərəddüd keçirən bu adamı birtəhər saxlamaq, heç olmasa, onun kimliyini müəyyənləşdirmək üçün düz qonaq otağının qapısınacan süründü, lakin qapı açılmadı və Qreqorun buna sərf etdiyi vaxt da hədər getdi. Səhər qapı bağlı olarkən hamı onun yanına gəlmək istəyirdi, indi isə qapının birini o özü açmışdı, qalan qapılar da bütün gün ərzində, yəqin, açılmışdı, ancaq onun yanına gələn yox idi, elə açarlar da bayır tərəfdən qapının üstündə asılıb qalmışdı.

Qonaq otağının işığı gecədən xeyli ötmüş söndürüldü; heç demə, ata-anası və bacısı bu vaxtacan oyaqmış, çünki indi pəncəsi üstə hərənin öz çarpayısına tərəf getməsi aydınca eşidildi. Daha səhərəcən yanına heç kəs gəlməyəcəkdi, deməli, həyatını yenidən qurmaq barədə maneəsiz fikirləşməsi üçün kifayət qədər vaxtı vardı. Di gəl, üzüqoylu sərələndiyi hündür otaq canına vəlvələ saldı. Qorxunun səbəbi heç cür beyninə batmırdı – axı bu otaqda o, düz beş il yaşamışdı. Qeyri-iradi geri dönüb pərt halda divanın altına süründü. Kürəyi bir az sıxılsa da və başını dikəldə bilməsə də, burda özünü daha rahat hiss etdi, bircə ona heyifsiləndi ki, gövdəsi çox enli olduğundan divanın altına tam yerləşmir.

Bütün gecəni orada keçirdi: gah aclığın tez-tez ürkütdüyü mürgü, gah da sonsuz qayğı və tutqun ümidlər içərisində vurnuxa-vurnuxa axırda belə nəticəyə gəldi ki, özünü mümkün qədər dinc aparıb düşdüyü vəziyyətin ucbatından ailənin başına gətirdiyi müsibəti səbirlə, qanacaqla yüngülləşdirməlidir.

Obaşdan – demək olar, hələ gecə idi – bacısının tam geyinmiş halda dəhliz qapısını açıb ehmalca onun otağına nəzər saldığı vaxt qəbul etdiyi qərarın qətiliyini sınaqdan çıxarmaq üçün əlinə əsl fürsət düşdü. Qız Qreqoru dərhal görmədi, lakin sonradan onu divanın altında görəndə – ilahi, axı o, haradasa olmalıydı, uçub gedə bilməzdi ki! – elə qorxdu ki, özünü ələ ala bilməyib tələsik qapını çırpıb çıxdı. Sonra tutduğu əməldən peşman kimi təzədən qapını açdı, ağır xəstənin, ya kənar adamın yanına gedirmiş kimi pəncələri üstə içəri daxil oldu. Qreqor başını lap qırağa gətirib divanın altından bacısına göz qoymağa başladı.

Görəsən, ac ola-ola südə toxunmadığını qız duyacaqdımı və ona daha münasib başqa yemək gətirəcəkdimi? Əgər bacısı özü duymasaydı, lap acından ölsə də, Qreqor onun diqqətini buna cəlb etməzdi, halbuki az qalırdı sıçrayıb divanın altından çıxsın, bacısının ayaqlarına düşüb ondan yaxşı bir yemək istəsin.

Qreta içəri girən kimi kasanın dolu olduğunu, hətta ətrafa süd çiləndiyini görüb heyrətləndi, kasanı götürüb – əlbəttə ki, əliylə yox, hansısa əsgi parçasıyla – apardı. Bunun əvəzində nə gətirəcəyi Qreqor üçün çox maraqlıydı, o hətta bu barədə cürbəcür fərziyyələr uydurmağa başladı. Amma ha fikirləşsə də, təbiətən qayğıkeş bacısının neyləyə biləcəyini anlamağacan gedib çıxmadı. Bacısı onun nə yemək istədiyini bilmək üçün bir yığın ərzağı gətirib köhnə bir qəzet parçasının üstünə düzdü. Burda soluxmuş göyərti, şam yeməyindən qalma bir-iki sümük, bir az kişmiş və badam, Qreqorun iki gün əvvəl dilinə vurmadığı bir tikə pendir, yağ yaxılmış bir dilim çörək, üstünə duz səpilmiş yaxmac vardı, böyrünə də hansısa kasada – yəqin, indən belə Qreqordan ötrü ayrılmış qabda – su qoyulmuşdu.

Qreqorun onun yanında heç nə yeməyəcəyini yəqin edən bacı otaqdan çıxıb getdi, hətta qardaşının xatircəmliyi üçün şərait də yaratdı – açarı arxadan burdu. Qreqor yeməyə tərəf süründü. İndi ayaqları bir-birindən daha iti sürətlə irəli dartınırdı. Deyəsən, yaraları da sağalmışdı, heç bir maneə hiss eləmirdi. Buna bir az təəccüb edərək xatırladı ki, bir aydan artıqdır barmağını bıçaqla yüngülcə çərtib və həmin yara onu srağagünəcən bərk incidirdi. “Doğrudanmı, həssaslığı itirmişəm?” – deyə ani olaraq beynindən keçirib sonra acgözlüklə pendirə girişdi. Yeməklərdən ən çox elə pendir xoşuna gəldi. Aldığı ləzzətdən gözləri yaşarmış halda əlinə keçəni – göyərtini, pendiri, sousu – tələm-tələsik içəri ötürdü, təzə xörəyin tamından isə, əksinə, heç xoşlanmadı, hətta qoxusu da ona dözülməz gəldi və yemək istədiyi tikələri bir-bir çıxarıb kənara qoydu.

O artıq çoxdan yeyib doymuşdu və yediyi yerdəcə tənbəlcəsinə sərələnib qalmışdı. Bu zaman yerinə qayıtmasının vaxtı çatdığına işarə olaraq bacısı o üzdən açarı ağır-ağır hərlətdi. Artıq mürgüləməyə başlasa da, bu səsdən ürküb tez divanın altına süründü. Lakin qızın otaqda olduğu qısa vaxt ərzində də divanın altında qalmaq asan məsələ deyildi – çox yediyindən gövdəsi xeyli girdələşmişdi və bu darısqal yerdə nəfəs almaq ona əzab verirdi. O, təngnəfəs halda gözlərini bərəldib eləcə bacısına baxırdı, qız isə heç nədən şəklənib-çəkinmədən nəinki yeyilmiş xörəklərin artığını, hətta əl dəyilməyən, toxunulmayan yeməkləri də daha heç nəyə yaramayacaq kimi süpürüb bir yerə yığdı, hamısını vedrəyə əndərib ağzını taxta parçasıyla örtdü və vedrəni götürüb getdi. Qreqorun gözündən heç nə yayınmadı, bacısı dönüb getməyə macal tapmamış dərhal divanın altından çıxıb döşəməyə sərələndi və şişman qarnına tam sərbəstlik verdi.

Beləliklə, Qreqor gündə iki dəfə yeməklə təmin edilirdi, valideynlərinin və qulluqçunun hələ yuxuda olduğu sübh obaşdan, bir dəfə də – ümumi nahardan sonra. Bu vaxt valideynləri yenə də yatmış olurdular, qulluqçunu isə bacısı hansısa buyruqla evdən çıxarırdı və bundan sonra Qreqora yemək gətirirdi. Əlbəttə, Qreqorun acından ölməsini bu evdə heç kəs istəmirdi, amma ona yemək verilməsi işinin təfərrüatını bilmək, yəqin ki, valideynləri üçün dözülməz olardı, görünür, elə bacısı da onları, heç olmasa, bu xırda dərd-qüssədən qorumağa çalışırdı – biçarələr onsuz da bəs deyincə əzab içindəydilər.

Bu müsibətin baş verdiyi birinci səhər həkimlə çilingərin evdən hansı bəhanə ilə yola salındığından Qreqor xəbərsiz qaldı: özləri onu anlamadıqlarından Qreqorun da başqalarını anlaya biləcəyi fikri heç birinin, o cümlədən bacısının da ağlına gəlmirdi. Bu səbəbdəndir ki, bacısı otaqda olarkən Qreqor “ah-uf”dan və müqəddəslərə yalvarışdan özgə bir şey eşidə bilmirdi. Sonralar, bacısı vəziyyətə nisbətən alışdığı vaxt – tam alışmaqdan heç söhbət gedə bilməzdi – Qreqorun qulağına hərdən nəvazişli sözlər də çatırdı; yemək axıracan yeyiləndə bacısı: “Bu gün yeməyi bəyənib”, – deyirdi, əksinə olanda, yəni yemək yeyilməyəndə isə – bu hal get-gedə daha çox təkrarlanırdı – kədərli-kədərli söylənirdi: “Yenə hamısı tökülüb qalıb”.

Baş verənlərdən birbaşa xəbər tutmasa da, qonşu otaqlarda gedən söhbətlərə xəlvəti qulaq asır, səs eşidən kimi dərhal həmin səmtə cumub bütün gövdəsiylə qapıya qısılırdı. Xüsusən ilk günlər elə söhbət olmurdu ki, hərlənib-fırlanıb axırda onun məsələsinə gəlib çıxmasın. Hər dəfə yemək vaxtı onlar hazırkı vəziyyətdə özlərini necə aparacaqları barədə məşvərət edirdilər; elə yeməkarası vaxtda da söhbət bundan gedirdi. Evdə həmişə ailə üzvlərindən ən azı ikisi qalırdı, görünür, tək qalmağa heç kəs ürək eləmirdi, evi yiyəsiz qoyub getmək də olmazdı. Yeri gəlmişkən, hadisə barədə nə bildiyi tam bəlli olmayan qulluqçu elə birinci gün ananın qarşısında diz çöküb yalvarmışdı ki, onu dərhal azad etsin, cəmisi on beşcə dəqiqə sonra ailə üzvləri ilə vidalaşanda isə qadın işdən çıxarılmasını özünə qarşı yüksək iltifat nişanəsi kimi qiymətləndirərək göz yaşları içində anaya öz dərin təşəkkürlərini bildirmiş və dönə-dönə and-aman eləmişdi ki, bu barədə heç kəsə bir kəlmə də danışmayacaq, halbuki bunu xüsusi olaraq ondan tələb edən yox idi.