banner banner banner
Hekayələr
Hekayələr
Оценить:
 Рейтинг: 0

Hekayələr

Bir dəfə anası əl-qolunu çırmalayıb işə girişmişdi, otaqda yır-yığışa başlayıb bir neçə vedrə su işlətmişdi – suyun bol işlədilməsi, əslində, heç Qreqoru da açmamışdı, incik halda divana sərilib tərpənməmişdi və buna görə cəzasını almışdı, axşam otaqdakı dəyişikliyi görən kimi bacısı bərk sarsılaraq təpədən-dırnağa təhqir olunmuş halda dərhal qonaq otağına cummuş, anasının yalvar-yaxarına məhəl qoymadan ucadan hönkürmüşdü. Vahimə içində kreslodan dik qalxan atası da, elə anası da onu bir xeyli müddət heyrətlə süzəndən sonra əməlli-başlı əl-ayağa düşmüşdülər – sağ tərəfdən ata məzəmmətə keçmişdi ki, bəs axı, həqiqətən də, ana niyə bu işi qızın öhdəsinə buraxmayıb; sol tərəfdən də, əksinə, Qreta dil boğaza qoymadan çığırmışdı ki, indən belə bu iş daha heç vaxt ona tapşırılmayacaq. Bu arada arvad ərini yataq otağına çəkmək istəsə də, bir şey çıxmamışdı, kişi həyəcandan özünü heç cür ələ ala bilmir, hıçqırıqdan titrəyən Qreta isə balaca yumruqlarıyla masanı döyəcləyirdi. Bu vaxt hikkəsindən Qreqor da bərkdən fısıldayırdı, çünki qapını örtmək və bu həngamədən onun canını qurtarmaq heç kəsin ağlına gəlməmişdi.

Lakin Qreqora əvvəlki qayğını göstərmək qulluğunun yorub əldən saldığı bacını təngə gətirəndə də ananın onu əvəzləməsinə lüzum yaranmadı; intəhası Qreqor baxımsız da qalmadı, – qayğı növbəsi indi də qulluqçuya çatmışdı, – bütün həyatı boyu öz güclü çiyinlərində xeyli dərd-kədər yükü daşımış bu yaşlı, dul qadın, əslində, Qreqora ikrahla baxmır, heç də ondan iyrənmirdi.

Bir dəfə qulluqçu qadın tam təsadüfən otağın qapısını açanda Qreqoru görmüş, qapının qəfil açılışına bəndmiş kimi, heç kəs qovmasa da, döşəmə uzunu qaçan bu əcaib məxluqa əllərini qarnı üstündə çarpazlayaraq təəccüblə, bir xeyli durub tamaşa eləmişdi. O gündən bəri arvad hər səhər-axşam burdan keçərkən qapının bir tayını açıb mütləq ona göz yetirir, əvvəllər onu hətta yanına da çağırırdı: “Bura gəl, ay peyin qurdu!”, yaxud: “Görəsən, bizim balaca böcəyimiz haradadır?” Qreqor arvada cavab vermir, heç yerindən də tərpənmirdi, – sanki qapı heç açılmamışdı, – düşünürdü ki, kefinə düşəndə onu boş yerə narahat etməkdənsə, kaş bu arvada onun otağını hər gün sahmana salmaq tapşırılaydı!

Bir dəfə sübh obaşdan – həmin gün baharın yaxınlaşmasından xəbər verən leysan yağış pəncərəni aramsız döyəcləyirdi, – arvad öz adəti üzrə çərənləməyə başlayanda Qreqor elə qəzəbləndi ki, hücuma hazırlaşırmış kimi ağır-ağır, lakin inamsızlıqla ona tərəf döndü. Amma qadın bir tikə də qorxub-eləmədi, əl atıb qapının girəcəyindəki stulu götürdü, onu başının üstünə qaldırıb ağzını da aça bildikcə geniş açdı. Məsələ aydındır: deyəsən, arvad stulu onun kürəyinə endirməyincə ağzını yummaq fikrində deyildi. Qreqor üzünü döndərəndən sonra:

– Deməli, bununla qurtardıq da? – deyib stulu ehmalca öz əvvəlki yerinə qoymuşdu.

Qreqor, demək olar ki, daha heç nə yemirdi, yalnız arabir, ondan ötrü qoyulmuş hansısa yeməli şeyin böyründən təsadüfən ötüb-keçərkən əyləncə xatirinə bir tikə qoparıb ağzına atır, bir neçə saat saxlayandan sonra tüpürüb atırdı. Əvvəl düşünürdü ki, yəqin, iştahını pozan otağın görkəmidir, halbuki otaqdakı dəyişikliklə çox tez barışmışdı. Gərəksiz əşyaları gətirib bu otağa yığmaq artıq bir adət halını almışdı. Belə lazımsız şeylər isə indi lap çox idi, çünki otaqların biri üç nəfər kirayənişinə verilmişdi və bu zabitəli şəxslər də – Qreqor hər üçünün cod saqqalını qapı arasından görmüşdü – evdə pedantcasına qayda-qanun yaratmaq istəyirdilər, özü də bura köçəndən bu qaydanı tək öz otaqlarında deyil, bütün mənzildə, ələlxüsus mətbəxdə tələb edirdilər. Cır-cındırı, köhnə-kürüşü əsla görən gözləri yox idi, hələ qaldı ki, bu şeylər çirkin-pasın içində ola. Bundan başqa, istifadə üçün özləri də bir yığın mebel gətirdiklərindən evdə gərəksiz əşyaların sayı xeyli artmışdı. Bu əşyalara heç kim pul verməzdi, tullamağa da heyifləri gəlirdi – nə satılasıydı, nə atılası, hamısını gətirib Qreqorun otağına təpişdirirdilər. İri dibçək qabını da, elə mətbəxdəki zibil yeşiyini də sürüyüb bura atmışdılar. Həmişə harasa tələsən qulluqçu arvad da müvəqqəti işlənməyən şeyləri elə bir ucdan gətirib bura yığır, qapını açıb içəri vızıldadırdı. Xoşbəxtlikdən Qreqor yalnız içəri atılan əşyaları, bir də atan əlləri görürdü. Bəlkə, haçansa macal tapanda arvad bu şeyləri yerbəyer edəcək, ya da hamısını biryolluq yığışdırıb atacaqdı, amma hələlik hamısı onun otağında idi və elə atıldıqları yerdə də qalmışdı. Düzdür, hərdən bu köhnə-kürüşün arasından keçərkən Qreqor hansınısa yerindən bir az tərpədirdi. Əvvəllər bunu öz istəyindən asılı olmadan edirdi, çünki sürünməyə yer yox idi, sonradansa əşyaları getdikcə artan maraqla ora-bura dartışdırmağa başladı, baxmayaraq ki belə gəzişmələr onun lap axırına çıxırdı – qüssə və yorğunluqdan saatlarla hərəkət edə bilmir, eləcə taqətsiz düşüb qalırdı.

Kirayənişinlər arabir evdə, ümumi qonaq otağında şam etdiklərindən həmin otağın qapısı bəzi axşamlar bağlı olurdu, amma Qreqor bu vəziyyətlə tez barışmışdı və əsla narazı-filan deyildi. Nəinki narazı deyildi, hətta qapının açıq qoyulduğu axşamlarda da çox vaxt bundan istifadə etmir və özünü otağın ən qaranlıq küncünə verib ailənin gözündən iraq bir yerdə uzanıb qalırdı. Ancaq bir dəfə qulluqçu arvad qonaq otağının qapısını azca aralı qoymuşdu, axşam kirayənişinlərin gəldiyi, işığın yandırıldığı vaxt da qapı eləcə aralı qalmışdı. Kişilər masa arxasına keçib Qreqorun bir vaxtlar öz valideynləri ilə şam edərkən oturduğu həmin yerdəcə əyləşdilər və salfetləri açıb çəngəl-bıçağı şəstlə əllərinə götürdülər. Anası ilə bacısı da bir-birinin ardınca dərhal qapının ağzında peyda oldular – biri ət, o biri kartof dolu qabla. Xörəklərdən güclü buğ qalxırdı, kişilər də qabaqlarındakı nimçələrin üstünə əyilərək sanki yeməyə başlamazdan öncə dadını-duzunu yoxlamaq istədilər. Ortada oturmuş və digər ikisinin xüsusi hörmət bəslədiyi aşkar sezilən kirayənişin, həqiqətən də, ətin bir tikəsini götürüb onu elə qabın içindəcə kəsdi – yəqin etmək istəyirdi görsün lazımi qədər bişibmi, yoxsa lap yaxşı bişirilməsi üçün xörəyi gerimi yollamaq lazımdır. Deyəsən, razı qaldı və onun hərəkətlərini bayaqdan bəri gərgin bir intizarla izləyən qadınlar da arxayınlaşıb gülümsədilər.

Ev sahibləri xörəklərini mətbəxdə yeyirdilər, amma Qreqorun atası mətbəxə keçməzdən qabaq qonaq otağına baş çəkdi; furajkası əlində hamıya ümumi şəkildə təzim edib masanın yanından ötdü. Kirayənişinlər üçü də bir nəfər kimi ayağa qalxıb dodaqaltı nəsə mızıldandılar, özləri tək qaldıqdan sonra isə, demək olar ki, daha bir kəlmə də dinib-danışmadan sakitcə yeməyə girişdilər. Süfrə arxasından eşidilən müxtəlif səslər içərisində çeynəyən dişlərin gövşəyi xüsusilə seçilir və Qreqora qəribə hislər aşılayırdı, sanki ona cidd-cəhdlə sübut edilirdi ki, yemək üçün diş gərəkdir; dişsiz çənə lap nə qədər qəşəng də olsa, heç nəyə yarayan deyil. “Mən də nəsə yeyərdim, – Qreqor öz aləmində düşündü, – Amma onların yediyindən olmasın. Bunlar doyub-dolanmaq bilmirlər, mənsə burda məhv olub gedirəm!”

Skripka səsi də – bütün bu müddət ərzində bacısının bircə dəfə də olsun çaldığını Qreqor xatırlamırdı – mətbəxdən məhz elə həmin axşam eşidildi. Kirayənişinlər şam edib qurtarmışdılar, ortada oturan kişi qəzet çıxarıb o birilərin hərəsinə bir səhifə vermişdi və hazırda üçü də arxaya söykənib oxumaqla məşğul idi. Skripkanın səsi gələndə əvvəl diqqətlə qulaq verib sonra ayağa qalxdılar və barmaqlarının ucundaca yaxınlaşıb dəhliz qapısının ağzında durdular. Görünür, kişilərin bu hərəkəti mətbəxdə də eşidilmişdi və atası da buna dərhal reaksiya verdi:

– Bəlkə, musiqi cənablar üçün xoş deyil? Belədirsə, biz onu elə bu dəqiqə kəsərik.

– Əksinə, – bayaq ortada oturmuş kişi dilləndi, – münasib bilinirsə, bəlkə, xanım gəlib bizim yanımızda, daha xoş və rahat olan bu otaqda çalsın?

– Baş üstə, baş üstə! – deyə ata ucadan səsləndi, skripka çalan sanki o özü idi.

Kirayənişinlər yerlərinə qayıdıb gözləməyə başladılar; az keçmiş atası püpitri[5 - Püpitr – not kağızlarını qoymaq üçün dayaq], anası notları, qız da skripkanı götürüb gəldi. Qreta hazırlıq işləri ilə məşğul olduğu müddətdə otaqlarını heç vaxt kirayəyə verməmiş, buna görə də kirayənişinlərlə hədsiz nəzakətlə davranan ev sahiblərinin cürəti çatmadı ki, öz halalca stullarında otursunlar – atası sağ əlini yaxası kip bağlı pencəyinin iki düyməsi arasından içəri soxub qapıya söykəndi, anası isə kirayənişinlərdən birinin ona təklif etdiyi stulda yox, keçib kənarda, otağın bir küncündə oturdu, stul da qoyulduğu yerdə eləcə boş qaldı.

Bacısı çalmağa başladı; valideynləri də hərəsi durduğu yerdən diqqətlə qızın əllərinin hərəkətini izləyirdilər. Musiqiyə valeh olmuş Qreqor ürəklənib həmişəkindən bir az qabağa gəldi; onun başı artıq qonaq otağına keçmişdi.

Son vaxtlar başqalarına bir elə həssas münasibət bəsləmədiyinə Qreqor çox da təəccüb etmirdi, halbuki əvvəllər bu həssaslığı ilə fəxr edirdi. Gizlənməyə isə əvvəlkindən məhz indi daha çox əsası vardı, çünki otağı başdan-başa bürüyən və azacıq tərpənən kimi qalxan bolluca tozun ucbatından özü də büsbütün çirkin-pasın içində idi, kürəyindən, böyürlərindən saplar, tüklər, yemək qalıqları sallanırdı. Hər şeyə qarşı o dərəcədə laqeydləşmişdi ki, qabaqlar etdiyi kimi gündə bir neçə dəfə arxası üstə uzanıb kürəyini xalçaya sürtüb təmizləmək heç ağlına da gəlmirdi. İntəhası öz iyrənc görkəminə baxmayaraq, o, sürünərək qonaq otağının güzgü kimi parıldayan döşəməsinə çıxmaqdan qətiyyən çəkinib-eləmədi.


Вы ознакомились с фрагментом книги.
Для бесплатного чтения открыта только часть текста.
Приобретайте полный текст книги у нашего партнера:
Полная версия книги
(всего 600 форматов)