banner banner banner
Hekayələr
Hekayələr
Оценить:
 Рейтинг: 0

Hekayələr

Birdən Adamır çobanların arasında çegemlini gördü və hiss etdi ki, onun gəlişi bura kədər gətirib. Onlara bir on addım qalmış Adamır dayanıb Çegemdən gəlmiş çapara baxdı; o nə isə bir dəhşət hiss edib özü də bundan qorxdu. Nəhayət, çiynindən dağkeçisini atıb soruşdu:

– Nə olub evdə?

Çegemli baş vermiş müsibəti ona danışdı, çobanlar da dedilər ki, çiçbalılardan biri bura gəlib onu soruşurmuş.

– Kəndə çatdır ki, – Adamır çapara dedi, – gedirəm qardaşlarımın intiqamını almağa. İki gündən sonra qayıdıb onların yasını tutacam. Əgər qayıtmasam, mənim də yasımı onlara qatarsınız.

O, yerindəcə tüfəngini doldurdu və dağkeçisi cəmdəyinin üstündən adlayıb aşağıya tərəf yönəldi. Üçgünlük yolu bir gecə-gündüzə gedib onun arxasınca gələn çiçbalıya çatdı. Onu öldürüb dağkeçisi kimi çiyninə atdı. Bir on kilometr də gedib bir evə çatdı. Ev sahibini çağırıb dedi ki, qohumları gələnə kimi meyiti murdar olmağa qoymasın. Sonra meyiti darvazanın ağzında yerə qoyub yoluna davam etdi.

Səhərə yaxın o, çiçbalıların evinə çatdı və mal tövləsini yandırdı. Tüstüdən boğulan inəklər böyürməyə başlayanda qardaşlar eşidib evdən çıxdılar. Adamır böyük qardaşları öldürdü, kiçiyinin isə əl-qolunu bağlayıb onun anasına dedi:

– Sənin oğulların mənim qardaşlarımı öldürdülər. Mən sənin kiçik oğlunu öldürməyəcəm, ancaq o, ömrü boyu mənim qulum olacaq. Hökumətə şikayət eləsən, yerindəcə öldürəcəm. Ondan sonra qoy mənə nə istəyirlər etsinlər.

Bəli, o, qardaşlarının intiqamını alıb, yazıq uşağı kəndirə bağlayıb evinə gətirdi və öz qardaşlarının yasını tutdu. Onların qəbri qarşısında and içdi ki, ölənəcən sonuncu çiçbalını qul kimi saxlayacaq. Oğlanın adı Həzrət idi.

Camaat bu hadisəyə heyrət edirdi. Bəziləri Adamırı tərifləyirdi ki, uşağı öldürməyib, bəziləri onun uşağı qul etməyinə hirslənirdi, bəzi adamlar da elə hesab edirdi ki, Adamır bunu qanlı beyinlə eləyib, qəzəbi soyuyandan sonra uşağı buraxacaq.

Ancaq o, Həzrəti buraxmadı, iyirmi ilə yaxın onu əsl qul kimi tövlədə zəncirdə saxladı. Bu bizim Çegem ağsaqqallarının xoşuna gəlmirdi, ancaq onlar Adamıra təsir göstərə bilmirdilər. O, qəzəbindən vəhşiləşmişdi. Əgər o, Çegemin özündə yaşasaydı, bəlkə də, onu qovardılar, ancaq Adamır kənddən kənarda yaşayırdı və heç kimə tabe olmurdu. Amma ona çatdırmışdılar ki, bir də ayağını Çegemə basmasın.

O vaxtlar hökumət belə şeylərə çox da fikir verməzdi. Əgər aran kəndində biri qan intiqamı alırdısa, onu çox vaxt həbs edirdilər. Əgər o, meşəyə çəkilirdisə, onu heç axtarmırdılar da. Ancaq əgər biri polisi, ya mirzəni öldürürdüsə, canini mütləq tapıb cəzalandırmağa çalışırdılar. Həzrətin anası isə qorxurdu ki, şikayət etsə, Adamır onun oğlunu öldürər.

Adamır ömrünün axırına kimi subay qaldı. Bir neçə dəfə elçi getsə də, abxazlar ona qız vermədilər.

– Ona necə qız verəsən, – deyə onlar fikirləşirdilər, – qızının yanına qonaq gedəcəksən, orada isə qula rast gələcəksən. Nəyimə lazımdır belə qohumluq?

Beləliklə, onlar uzun illər bir yerdə yaşadılar, sonra Adamırın anası rəhmətə getdi və onlar ikilikdə qaldılar – Adamır və qulu Həzrət.

İldə bir neçə dəfə Həzrətin yazıq anası oğlunu yoluxmağa gəlirdi, ona xaçapuri, qızartma toyuq, çaxır gətirirdi. Adamır buna icazə verirdi. Bundan başqa, o, arvada icazə verirdi ki, ildə bir dəfə oğlunun saçını, saqqalını qırxsın və ildə üç dəfə onu çimizdirsin. Baxırdın ki, yazıq arvad oğlunun yanına gəlir, iki gün onun yanında oturur, gözünün yaşını tökür, sonra onlar yenə ayrılırlar.

Mən on səkkiz yaşına qədəm qoyanda qərara aldım ki, Həzrəti xilas edim. Ümumiyyətlə, adam cavan olanda qul azad etmək fikrinə düşür. Cavanlığıma baxmayaraq, mən o vaxt çox hiyləgər idim. Ancaq Həzrəti necə xilas etmək olardı? Adamır bir gündən artıq evdən uzaqlaşmazdı. Uzaqlaşsa da, onun itləri heç kimi evə yaxın buraxmırdılar.

Nə isə, mən evdəkilərdən gizlin Adamırla yaxınlaşdım. Əgər atam bilsəydi, məni evdən qovardı. O, Adamırı heç insan yerinə də qoymurdu. Biz abxazlar qulun nə olduğunu bilirik, hərdən türklər hücum çəkir, bizim adamları qul edib aparırdılar, ancaq abxazın abxazı qul kimi saxlamağı məlum deyildi. Bəli, mən yavaş-yavaş Adamırla yaxın oldum, özümü elə göstərdim ki, guya ova meylim var, ancaq Həzrət haqqında heç nə soruşmurdum. Bir ovçu kimi ona çatan olmazdı, qorxu-ürkü nə olduğunu bilmirdi. Biz bir neçə dəfə, birgə ovda olduq, artıq itlər də, o özü də mənə öyrəşmişdi. Çünki nə qədər qəddar adam olsa da, tək darıxırdı.

Bir dəfə ovdan qabaq o mənə dedi:

– Mən itləri yemləyim, sən də mənim quluma yem ver.

– Yaxşı, – deyə biganəliklə cavab verdim, guya Həzrət heç məni maraqlandırmırdı. O mənə bir qazan süd və bir az çörək verdi.

– Bəs qaşıq? – deyə soruşdum. – Lazım deyil?

– Nə qaşıq, əşi, südü təknəsinə tök, çörəyi də üstünə at.

Bəli, nəhayət, mən bu tövləyə girdim. Gördüm küncdə, qarğıdalı şaxının üstündə cır-cındıra bürünmüş saqqallı bir adam oturub, gözləri iki köz parçası kimi parıldayır. Dəhşət idi. Onun yanında uzun təknə vardı. Bu biri tərəfdən təknənin altına daş qoyulmuşdu ki, qula tərəf əyilmiş olsun. Burdan mən başa düşdüm ki, Adamır özü də quluna çox yaxın getmir. Mən eşitmişdim ki, Həzrət bir dəfə Adamıra hücum edib, o isə bıçağı çıxardıb onu vurub. Həzrətin yarası it yarası kimi tez sağalıb, ancaq Adamır bundan sonra onunla ehtiyatla davranmağa başlayıb. O özü bunu camaata danışırmış… Mən südü Həzrətin təknəsinə töküb dedim:

– Al, tut çörəyi.

Mən bunu ona görə dedim ki, çörəyi adamın qabağına, yerə atmaq, əlbəttə, yaxşı deyil, qula yaxınlaşmaqdan isə qorxurdum.

Çörəyi atdım. O – hop! – göydəcə tutdu və mən zəncir səsi eşitdim. Onun ayaqları zəncirlənmişdi.

O, çörəyini yeməyə başladı, hərdən təknəyə tərəf əyilib südü hortultu ilə içirdi. Bu, dəhşətli mənzərə idi və həmin gün mənim Həzrəti xilas etmək fikrim qətiləşdi. Xüsusilə onun südü hortultu ilə içməsi və parıldayan gözləri ilə mənə baxması dəhşətli idi. Mənim butün bunları görməyim onu qətiyyən çəkindirmirdi. Öyrəşmişdi. Adam hər şeyə adət edir.

Bu, bir neçə ay davam etdi. Mən Həzrətin qaçması üçün münasib imkan axtarırdım. Həmişə də ehtiyat edirdim ki, Adamır mənim məqsədimi anlayar, başqa tərəfdən də qorxurdum ki, evdəkilər Adamırla yaxınlığımdan duyuq düşərlər.

Adamır artıq mənə öyrəşmişdi və hər dəfə ovdan qabaq deyirdi:

– Mən itləri yemləyim, sən də mənim quluma yem ver.

Mən də verirdim. O, qula özü yediyindən verirdi. Ancaq elə bil it yedizdirirdi. Südü, qatığı təknəyə tökürdü, əgər heyvan kəsirdisə, ona bir tikə çiy ət atırdı. Həzrətin yanında bir neçə parça mal-qaraya verdiyimiz daş duz var idi.

Eşitdiyimə görə, bəzi savadlı axmaqlar əti çiy yeyirlər. Elə bilirlər xeyirdir. Ancaq adamlar min illər boyu əti bişiriblər, ya da qızardıblar, əgər çiy halda o xeyirli olsaydı, daha neynirdilər qızardıb.

Yaxşı, bəs Həzrət nə ilə məşğul idi?

Onun yalnız iki işi vardı. Biri – əl dəyirmanında qarğıdalı üyütmək idi. Kirkirə həmişə onun yanında olurdu. Ona görə də Həzrətin qüvvətli pəhləvan qolları var idi. Bundan başqa, o, səbət də toxuyurdu. Qamışı ona Adamır gətirirdi. Adamır bu səbətləri Anastasovkada yunanlara satırdı, çünki çegemlilər ondan heç nə almırdılar.

Bir neçə ay ərzində Həzrət də mənə öyrəşmişdi. Düzdür, gözləri əvvəlkitək köz kimi parıldasa da, bilirdim ki, mənə toxunmaz, ona görə də yaxın gəlirdim. Onun ağlı üstündə idi, adam kimi deyib-danışırdı.

Bir dəfə mən onun anasını gördüm və Həzrətə kömək etmək arzum daha da gücləndi. Qarı dəsmalı qarğıdalı şaxının üstünə sərib üstünə toyuq əti, xaçapuri, bir şüşə çaxır və iki stəkan qoydu.

Biz bir yerdə yeyirdik, ancaq, sözün düzü, bu məclis heç ürəyimdən deyildi. Necə ürəyimdən olaydı ki, süfrəmizin yanında onun üçün ayaqyolunu əvəz edən xəndək var idi. Düzdür, Həzrətin balaca bir beli var idi ki, ora torpaq atsın. Ancaq hər halda, belə yerdə çörək adama nuş olmaz. Mən yalnız onun anasının xatirinə çörək kəsdim. Yazıq arvad mənim kürəyimi sığallayır, həzin səslə deyirdi:

– Sən mənim Həzrətimin yanına tez-tez gəl, oğul. Bu da bir bəladır, biz düçar olmuşuq. Bu yazıq da burada darıxır… Sən tez-tez gəl onun yanına.

O bunu deyəndə Adamır tövlənin o biri tərəfində kərəntiyə sap düzəldirdi. Sən demə, o, qarının sözlərini eşidibmiş.

– Mən də qardaşlarım üçün darıxıram, – deyə o bizə tərəf baxmadan kərəntinin sapını yonmağında davam etdi.

– Ah, dünya, – qarı Adamırın sözlərini eşidib dərindən köks ötürdü.

Birdən-birə mənim hamıya yazığım gəldi. Həzrətə də yazığım gəldi, Adamıra da. Hamıdan çox isə qarının halına acıdım. Onun Adamırın paltarını yuyub yamaq vurduğunu görəndə isə lap ürəyim yandı. Arvad hər vasitə ilə Adamırda mərhəmət hissi oyatmağa çalışırdı, ancaq Adamırı razı salmaq mümkün deyildi.

Bir dəfə ov zamanı Adamır mənə dedi:

– Bəziləri elə fikirləşirlər ki, qul saxlamaq mənə xoşdur. Lakin qul saxlamaq asan deyil, elə bir xoşluğu da yoxdur. Hərdən gecə qorxumdan yata bilmirəm ki, o qaçar, hərçənd başa düşürəm ki, qaça bilməz. Zənciri əl dəyirmanına sürtməklə bir gecəyə kəsmək olmaz. Mən yoxlamışam. Kəssə də, hara qaçacaq? Tövlə bağlı olur. Tövlədən də çıxsa, itlər parçalayar. Ancaq əsəblərim dözmür. Şamı götürüb tövlənin qapısını açıram. Görürəm ki, yatıb. Bax neçə dəfə yoxlamışam, bir dəfə də oyanmayıb. Elə möhkəm yatır. Mənim isə gecələr yuxum ərşə çəkilir. İndi özün fikirləş, kim çox əziyyət çəkir – mən, yoxsa o?

– İndi ki belədir, – dedim, – burax onu getsin də.

– Yox, – dedi, – mən qardaşlarımın qəbrinə and içmişəm. O zəncirlər onun ayağından yalnız öləndən sonra açılacaq. Yalnız onun ölümü mənim andıma son qoya bilər.

Bəli, mən imkan axtarırdım ki, Həzrəti azad edim. Onun qaldığı tövlə şabalıd ağacından idi. Qapının ağzında yekə qıfıl var idi, açarı da Adamırın cibində. Ancaq o hərdən bir günlüyə, ya bir gecəliyə çıxıb gedirdi. Mən qərara gəldim lağım atım, yeyə ilə onun zəncirini kəsim, özüm çölə çıxardım ki, itlər dəyməsin. Əgər Adamır qayıdandan sonra çox özündən çıxsa, deyərəm ki, yəqin, yeyəni Həzrətə anası xaçapurinin içində gətirib, lağımı isə o özü balaca beli ilə qazıb. İtlərdən də birtəhər qurtarıb. Mən bilirdim ki, o, Həzrətin anasına toxunmaz.

Qərəz, belə bir qərara gəlmişdim və bir dəfə Adamır özü ovda mənə dedi:

– Qulaq as, Sandro, sabah yanıma gəl, itlərə yem ver. Mən sabah Atara gedəcəyəm, o biri gün səhər qayıdacağam.

– Yaxşı, – dedim.