banner banner banner
Karvan
Karvan
Оценить:
 Рейтинг: 0

Karvan

–Ya Mənsur, – dedi, – bax bu oldu əsl bazarlıq! Heyvan cildinə girmək yaman ləzzət verər! Sabah səhər tezdən gəl yanıma, bir yerdə gedərik çölə, mənim bu balaca qutumu bir-iki dəfə iyləyib qulaq asarıq quşların və heyvanların səsinə, görək onlar göydə, meşədə, çöldə nə danışırlar!

II

Ertəsi gün xəlifə Qasid səhər yeməyini yeyib paltarını dəyişməmiş artıq böyük vəzir buyruğa əməl edib gəldi ki, gəzinti zamanı ona yoldaşlıq etsin. Xəlifə içində sehrli kül olan tütün qutusunu qurşağına keçirtdi və əshabələrinə əmr etdi ki, onu bu gün müşayiət etməsinlər. Böyük vəzirini yanına salıb yola çıxdı. Əvvəlcə xəlifənin böyük bağında xeyli gəzdilər, orada bir ins-cins yox idi ki, xəlifə sehrli külü sınaqdan çıxarsın. Onda böyük vəzir gölün kənarına getməyi məsləhət gördü. Vəzir bilirdi ki, orada həmişə quş olur. Xüsusən leyləklərin təşəxxüslü duruşu və dimdiklərinin şaqqıltısı tez-tez onun nəzərini cəlb edərdi.

Xəlifə öz vəzirinin təklifi ilə razılaşdı və hər ikisi gölün qırağına getdi. Çatan kimi gördülər ki, bir leylək qürurla gəzib qurbağa axtarır, burnunun altında da nəsə mızıldayır. Havada da bir leylək vardi, bu həndəvərə uçub qonmaq istəyirdi.

– Mərhəmətli ağam, mərc gəlirəm ki, bu uzunayaqlılar bu dəqiqə bir-biriylə çox maraqlı söhbət edəcəklər, düz demirəmsə, saqqalımı qırxdıraram. Bəlkə, elə leylək cildinə girək, hə?

– Yaxşı təklifdir, – dedi xəlifə. – Ancaq bəri başdan bir də yadımıza salaq ki, təzədən adam cildinə necə qayıdacağıq. Deməli, üç dəfə qibləyə təzim etməli və “honestus” sözünü deməliyik, onda mən dönüb yenidən xəlifə olaram, sən də vəzir. Gülmək olmaz ha, yoxsa məhv olarıq!

Xəlifə vəziri ilə danışanda ikinci leylək onların başı üstündən keçib tələsmədən yerə qondu. Xəlifə tez qurşağından tütün qutusunu çıxartdı, içindəki küldən bir çimdik götürüb böyük vəzirə uzatdı. Hər ikisi iyləyib eyni vaxtda dedi: “honestus!”

Elə o andaca ikisinin də ayaqları nazilib qırmızı rəng aldı, qolları qanada döndü, boyunları uzandı, saqqalları yoxa çıxdı, bədənlərində isə yumşaq tük bitdi.

Heyrətindən yenicə özünə gəlmiş xəlifə dilləndi:

– Cənab vəzir, əcəb dimdiyin var ha! Peyğəmbərin saqqalına and olsun ki, belə şey görməmişdim.

– Acizanə minnətdarlığımı bildirirəm, – böyük vəzir baş əyib cavab verdi, – cürət edib deyim ki, əlahəzrətə leylək olmaq xəlifəlikdən daha çox yaraşır. Bəs indi həmcinslərimizi dinləmək, onların həqiqətən nə danışdığını bilmək ürəyinizdən keçmirmi?

Artıq ikinci leylək yerə qonmuşdu. O, dimdiyi ilə ayaqlarını təmizləyib tüklərini oxşadı və birinci leyləyə tərəf getdi. Hər iki təzə leylək tez yaxınlaşdı, təəccüblü görünsə də, belə bir söhbətin şahidi oldular:

– Sabahın xeyir, xanım Uzunayaq, səhərin gözü açılmamış bu çəmənlikdə neynirsən?

– Çox sağ ol, əzizim Şax-şax! Səhər yeməyimi düzəldirəm. Kərtənkələ, yaxud qurbağa əti istəmirsən?

– Heç iştaham yoxdur. Mən tamam ayrı məqsədlə bu çəmənə uçub gəlmişəm. Atamın bu gün qonaqları var, onların qabağında oynamalıyam, odur ki bir az məşq etmək istəyirəm.

Bunu deyib leylək şahanə duruşla bir ayağı üstə dayandı, qanadlarını cazibədar şəkildə çırpdı. Xəlifə ilə vəzir özlərini saxlaya bilmədilər, qeyri-iradi olaraq dimdiklərindən gülüş qopdu, qəhqəhə çəkib uğundular. İlk əvvəl xəlifə özünü yığışdırdı.

Elə bu vaxt vəzirin yadına düşdü ki, cildini dəyişəndə gülmək olmaz. Tez xəlifəni xəbərdar etdi:

– And olsun Məkkəyə və Mədinəyə, ömürlük leylək qalmağım heç zarafata oxşamır. O zəhrimar sözü bilirsənmi? Nəsə mənim yadıma düşmür.

– Biz üç dəfə qibləyə təzim edib deməliyik: ho-ho…

Üzlərini qibləyə çevirdilər və təzim etməyə başla-

III

Tilsimlənmiş xəlifə ilə vəzir qəmli-qəmli çöllü- biyabanda dolaşır, başlarına bir çarə qıla bilmirdilər. Leylək cildində qalmışdılar. Şəhərə qayıdıb deyə bilməzdilər ki, biri xəlifədir, biri vəzir. Axı kim inanardı ki, o, leylək yox, xəlifədir? Lap elə tutaq ki, kimsə inandı, nə olsun? Məgər Bağdad camaatı razı olardımı ki, onların xəlifəsi leylək olsun?

Beləliklə, bir neçə gün avara-sərgərdan dolaşdılar, yedikləri də dənli bitkilərdi. Kərtənkələyə, qurbağaya meyil salmırdılar, qorxurdular ki, bu cür təamlarla mədələrini xarab etsinlər. Bu bədbəxtlərin yeganə təsəllisi uçmaqdı. Ona görə də tez-tez Bağdada uçub evlərin damına qonurdular ki, görsünlər şəhərdə nə var, nə yox.

İlk günlərdə şəhərin küçələrində böyük narahatlıq və qəm-kədərin şahidi oldular. Bir neçə gün sonra xəlifə sarayının damına qonanda aşağıda, küçədə böyük təntənə gördülər. Şeypurlar çalınır, təbillər guruldayırdı. Adlı-sanlı əshabələr tərəfindən dövrəyə alınmış bir adam at belindəydi. Əynində al-qırmızı əba vardı. Bağdad camaatının az qala yarısı atlının dalınca yüyürüb ucadan qışqırırdı: “Bağdad hökmdarı Mitsraya eşq olsun!”

Sarayın damına qonmuş leyləklər dönüb bir-birinin üzünə baxdılar. Xəlifə dedi:

– İndi bildinmi, mən niyə tilsimlənmişəm? Bax bu Mitsra adlanan adam mənim qatı düşmənim olan qüdrətli sehrbaz Kəşnurun oğludur. Həmin o cadugər bir dəfə and içmişdi ki, məndən amansız intiqam alacaq. Ancaq mən ümidimi itirməmişəm. Gəl yanımca, ey mənim ağır gün dostum, gedək peyğəmbərin türbəsinə pənah aparaq. Ola bilsin ki, müqəddəs ocaqda tilsimimiz qırılsın.

Onlar sarayın damından qalxıb Mədinəyə tərəf üz qoydular. İki saatlıq uçuşdan sonra böyük vəzir zülüm-zülüm ağladı.

– Ey mənim ağam, – dedi, – yalvarıram sizə, belə sürətlə uçmayın, daha taqətim qalmayıb! Özü də qaranlıq düşür, gecələməyə bir yer tapmalıyıq.

Elə bu vaxt onlar bir vadi üzərindən keçirdilər. Xəlifə o vadidə bir xarabalıq gördü. Fikirləşdi ki, yaxşıca xəlvət yerdir. Endilər ora. Çox güman ki, bu xarabazarlıq haçansa qəsr imiş. Daş qalaqları arasından möhtəşəm sütunlar ucalmışdı. Saysız-hesabsız türbələr binanın keçmiş əzəmətindən xəbər verirdi. Qasid öz yol yoldaşı ilə dəhlizləri gəzir, nisbətən babat bir yer axtarırdı. Birdən leylək Mənsur dayandı.

– Ey mənim ağam və hökmdarım, – astadan dilləndi, –düzdür, böyük vəzir leylək cildində olsa belə, qarabasmadan qorxmamalıdır, ancaq canıma vicvicə düşüb, qulağıma nəsə bir zarıltı səsi gəlir.

Xəlifə də ayaq saxladı. Ətrafı dinlədi, doğrudan da, kim isə astadan için-için ağlayırdı. Bu zarıltı qurd-quş səsindən daha çox insan səsinə oxşayırdı.

Leylək xəlifə zarıltı gələn tərəfə yeridi, amma vəzir dimdiyi ilə qanadından yapışıb ağlaya-ağlaya yalvardı ki, başını yenidən cəncələ salmasın. Xeyri olmadı! Leylək xəlifə irəli cumdu. Bir az gedəndən sonra bir qapı gördü. Qapının o üzündən hüznlü bir ulartı eşidilirdi. Xəlifə dimdiyi ilə qapını itələdi, içəri girən kimi matı-qutu qurudu. Bura türbə idi. Şəbəkəli pəncərədən içəri işartı düşürdü, yerdə bir gecə bayquşu vardı. İri dəyirmi gözlərindən sel kimi yaş axır, əyri dimdiyi əsə-əsə inləyirdi. Lakin xəlifəni və yenicə özünü yetirib ağasının yanında dayanmış vəziri görəndə bayquş sevindi. Qəhvəyi rəngli, xallı qanadını nazla çırpıb gözünün yaşını sildi, xəlifəylə vəziri mat qoyub insan kimi dil açdı, təmiz ərəbcə dedi:

– Cənab leyləklər, xoş gəlmisiniz! Sizin bura təşrif gətirməyinizə çox sevindim, çünki mənə deyiblər ki, məni ancaq leyləklər xilas edə bilərlər!

Mat-məəttəl qalmış xəlifə bir az özünə gələn kimi uzun boynunu uzadıb çöp kimi ayaqları üstündə əda ilə duraraq dilləndi:

– Ey gecə bayquşu! Sənin sözlərindən belə görürəm ki, biz burada özümüzə bir bədbəxt bacı tapmışıq. Ancaq əfsuslar olsun ki, səni xilas edəcəyimizə nahaq yerə ümid bəsləyirsən. Başımıza gələnləri bilsən, görəcəksən ki, dünyanın ən zavallı varlığı elə bizik.

Gecə bayquşu xahiş etdi ki, leylək hər şeyi desin və xəlifə əhvalatı başdan-ayağa ona danışdı.

IV

Xəlifə başına gələnləri danışıb qurtarandan sonra bayquş ona öz minnətdarlığını bildirdi və dedi: – İndi isə sən qulaq as, gör mənim başıma nələr gəlib. Elə mən də sənin kimi bədbəxtəm. Mənim atam Hindistan padşahıdır. Gözünün ağı-qarası bircə övladı var ki, o da mən biçarəyəm. Adım da Luzadır. Elə sizi tilsimləyən o cadugər Kəşnur məni də bu günə qoyub. Bir dəfə atamın yanına elçiliyə gəlmişdi ki, məni öz oğlu Mitsra üçün nişanlasın. Tündməzac atam əmr etdi ki, mitilini bayıra atsınlar. Bir gün o bədxah bir ayrı cilddə yanıma gəldi. Mən öz bağımızda gəzirdim, birdən su içmək istədim. Sən demə, cadugər, qul cildinə giribmiş. Gətirib mənə su verdi və içən kimi belə murdar şəklə düşdüm. Qorxudan huşumu itirəndə məni bura gətirdi, sonra da dəhşətli bir səslə qulağıma pıçıldadı: “Beləcə eybəcər şəkildə qal burada! Qoy qurd-quşun da səndən zəhləsi getsin. Ömrün boyu da beləcə qalacaqsan. Ta o vaxtacan ki, kimsə gəlib öz xoşu ilə səni bu görkəmdə özünə həyat yoldaşı edər”. O vaxtdan bir neçə ay keçib. Qurd-quşun da zəhləsi getdiyi bu viranədə tərki-dünya olub tənha və dərd-qəm içində yaşayıram. Dünyanın gözəlliyinə baxmaqdan da məhrumam, çünki gündüzlər kor kimiyəm. Yalnız ayın solğun işığı bu xarabazarlığa düşəndə gözümdən tor çəkilir.

Bayquş öz hekayətini danışıb qurtardı, yenə qanadının ucu ilə gözünün yaşını sildi. Xəlifə bayquşa qulaq asa-asa qəm dəryasına batmışdı.

– Ya heç nədən başım çıxmır, – dedi, – ya da bildiyim budur ki, hər ikimizin bədbəxtliyi arasında bir müəmmalı asılılıq var. Amma bilmirəm bu müəmmanı necə açım!

Bayquş belə cavab verdi:

– Mənim ağam, mən də ürəyimdə elə düşünürəm. Çünki hələ uşaq vaxtı bir müdrik qadın mənə deyib ki, məni ancaq leylək xoşbəxt edə bilər. Mənə elə gəlir ki, ikimizin də xilas yolunu bilirəm.

Xəlifə lap heyrətləndi və bu yolun nədən ibarət olduğunu soruşdu.

– Hər ikimizi bədbəxt eləyən o cadugər bu viranəyə gəlir. Bu otaqdan bir az o tərəfdə bir salon var. Cadugər, adətən, orada öz dəstəsi ilə yeyib-içir. Bir neçə dəfə oğrunca onlara qulaq asmışam. Özlərinin bəd əməllərindən danışırlar. Ola bilsin ki, o cadugər bu dəfə gələndə unutduğunuz sözü dilinə gətirsin.

Xəlifə bərk sevindi və üzünü bayquşa tutub:

– Ey şahzadə qız, – dedi, – sənin tayın-bərabərin yoxdur. Nə olar, cadugər gələndə xəbər ver, özü də o salonu bizə göstər.

Bayquş ani sükutdan sonra dedi:

– Xətrinizə dəyməsin, mən ancaq bir şərtlə sizin dediyinizə əməl edə bilərəm.

– Baş üstə! Baş üstə! Şərtini, de! – Qasid tez əl-ayağa düşdü. – Mən qulluğunda hazır.

– Məsələ burasındadır ki, mən özüm də bədbəxtlikdən xilas olmaq istəyirəm, o da yalnız o zaman mümkün olar ki, ikinizdən biri məni alsın.