banner banner banner
Molla Nəsrəddin lətifələri
Molla Nəsrəddin lətifələri
Оценить:
 Рейтинг: 0

Molla Nəsrəddin lətifələri

– Niyə hirslənirsən, qibleyi-aləm! Özün dedin ki, lap həyasız dilənçilərin adını yazıb sənə verim. Mən də yazdım də…

Teymur deyir:

– A kişi, mən boyda Teymurləng dilənçiyəm? Özü də lap həyasızı?

Molla deyir:

– Niyə hirslənirsən, qibleyi-aləm!? Cidanı çuvalda gizlətmək olmaz. Dilənçisən, özü də lap həyasızından.

Teymur deyir:

– Demək, sənin fikrincə, gərək mən şəhərdən sürgün olunam?

Molla deyir:

– Bəli, qibleyi-aləm! O biri dilənçilər sənin kimi qorxulu deyillər. Onlar camaatdan yalvarıb-yaxarıb alırlar. Amma sən döyüb-söyüb alırsan.

TEYMURLƏNGSƏN Kİ, VARSAN

Günün birində Teymurləng Mollaya deyir:

– Molla, bu gün keyfim çox sazdır. Sənə bir şey bağışlamaq istəyirəm. Amma bilmirəm nə bağışlayım ki, öz ürəyindən olsun.

Molla deyir:

– Qibleyi-aləm sağ olsun, elə sən hər nə bağışlasan, mənim ürəyimdən olar.

Teymur deyir:

– Onda qoy mən bir-bir sayım, sən özün seç! Ya on qızıl, ya bir at, ya bir sürü qoyun, ya da bir bağ. Hansını istəyirsən?

Molla deyir:

– Əgər mənim ürəyimi soruşursansa, mən istəyirəm sən sübut eləyəsən ki, doğrudan da, ədalətli bir şahsan.

Teymur deyir:

– Necə?

Molla deyir:

– Əgər mən on qızılı cibimə qoyub ata minsəm, qoyunları qabağıma salıb bağa getsəm, sən sübut eləmiş olarsan ki, ədalətli şahsan.

Teymur deyir:

– İştahan pis deyil. Əgər heç birisini verməsəm?

Molla deyir:

– Heç bir şey. Sübut eləmiş olarsan ki, elə Teymurləngsən ki, varsan.

TEYMURUN SUALI

Teymurləng bir gün Mollaya deyir:

– Molla, sənə bir hikmətli sual vermək istəyirəm. De görüm, o nədi ki, bu dünyada nə yetişib, nə yetişir, nə də yetişəcək?

Molla deyir:

– Bizi işə götürəndə sənin bizə təyin elədiyin maaş.

SƏNİ POZARAM, ÖZÜMÜ YAZARAM

Yenə də günün birində Teymurləng Mollaya əmr eləyir ki, sarayda olan axmaqların siyahısını tutub ona versin. Molla Teymurun fikrini başa düşür. Bilir ki, o, adları axmaqlar siyahısına düşmüş əyanları ələ salıb oynatmaq, bununla da əylənmək istəyir. Molla bunu da başa düşür ki, sonra bu əyanların hamısı ona düşmən olacaq. Çox fikir-xəyaldan, götür-qoydan sonra böyük bir kağız götürüb başında yazır: "Teymur sarayındakı axmaqlar".

Varağın ortasında da iri xətlə bircə Teymurun öz adını yazıb ona verir.

Teymur axmaqlar siyahısında təkcə öz adını görcək dəli olur. Cin vurur təpəsinə. Soruşur:

– Bu nədir?

Molla deyir:

– Axmaqların siyahısıdır.

Teymur deyir:

– Demək, sənin fikrincə, bu sarayda bircə axmaq var, o da mənəm?

Molla deyir:

– Bəli, qibleyi-aləm! Səndən axmağını tapa bilmədim.

Teymur dəli kimi qışqırıb soruşur:

– Sən nə ilə sübut eləyə bilərsən ki, mən axmağam.

Molla deyir:

– Qibleyi-aləm sağ olsun! Sən özün mənə tapşırdın ki, saraydakı axmaqların siyahısını tutum. Demək, sən özün bilirsən ki, buraya yığılan vəzir-vüzəranın, vəkil-vükəlanın hamısı da olmasa, çoxu axmaqdır. İndi ki sən özün bunların axmaq olduqlarını bilə-bilə bu saraya yığmısan, özlərini də belə hörmət-izzətlə saxlayırsan, demək, ən böyük axmaq elə sən özünsən də…

Teymur baxır ki, Molla yaman yerdən tutub, sözünün qabağında söz deyə bilməyəcək. Bir az fikirləşib deyir:

– Yaxşı, əgər mən sənə sübut eləsəm ki, bunların heç birisi axmaq deyil, hamısı ağıllı adamlardırlar onda necə?

Molla deyir:

– Onda elə yenə də siyahıda bircə sənin adın qalacaq.