banner banner banner
Heklberri Finnin macəraları
Heklberri Finnin macəraları
Оценить:
 Рейтинг: 0

Heklberri Finnin macəraları

Axşam gəlib öz otağıma girib işığı yandırdıqda gördüm ki, atam orada oturub!

Mən qapını ardımca örtdüm. Sonra dönüb baxdım. Atamın qəfil gəlişindən əməlli-başlı sarsılsam da, özümü birtəhər ələ aldım və birdən-birə hiss etdim ki, qətiyyən qorxmuram.

Atamın əlliyə yaxın yaşı vardı. Onun daranmamış, uzun, çirkli saçları pırtlaşıq halda üzünə tökülmüşdü, onların arasından gözləri parıldayırdı. Adam ona baxanda həm qorxur, həm də ürəyi bulanırdı. Üst-başı isə tamam cır-cındırdı, salamat yeri yox idi. Bir ayağını o birinin üstünə aşırmışdı. Ayağındakı cırıq uzunboğaz çəkmədən iki barmağı görünürdi.

Mən dayanıb ona baxırdım, o da kətildə yavaşca yırğalana-yırğalana gözlərini mənə zilləmişdi. Baxıb gördüm ki, pəncərə açıqdır. Deməli, o əvvəlcə anbara, oradan isə otağa girmişdi. O, məni başdan-ayağadək süzüb dedi:

– Buna bax, gör necə geyinib-keçinib! Yoxsa elə bilirsən ki, adam olmusan, eləmi?

– Bəlkə də, bilirəm, bəlkə də, yox, – deyə cavab verdim.

– Bura bax, başından böyük danışma, – deyə o dilləndi. – Mən burda olmayandan bəri çox sarsaqlamısan! Mənimçün oxumuş olub. Deyirlər yazmaq, oxumaq bilirsən. De görüm, bu sarsaq alicənablığı sənə kim öyrədib?

– Dul qadın Duqlas.

– Bəs o dul qadına kim icazə verib ki, burnunu özgə işinə soxsun?

– Heç kim icazə verməyib.

– Yaxşı, mən ona göstərərəm, lazım olmayan işə burnunu soxmaq nə deməkdir! Sən isə məktəbi burax getsin, eşidirsən? Əgər mən səni bir də o məktəbin həndəvərində dolaşan görsəm, özünü ölmüş bil. Sənin anan nə oxumaq, nə də yazmaq bilirdi, eləcə də bisavad öldü. Mən nə oxumaq, nə də yazmaq bilirəm. Sən bir buna bax, gör bir necə dəb ilə geyinib. Mən elə adam deyiləm ki, buna dözəm, eşidirsən? Di bir şey oxu görüm, mən qulaq asacağam.

Mən kitabı götürüb general Vaşinqton haqqında nə isə oxumağa başladım. Heç yarımca dəqiqə keçməmiş o, kitaba bir yumruq vurdu, kitab otağın o biri başına düşdü.

– Doğrudur. Sən oxuya bilirsən. Mən isə buna inanmırdım. Bura bax, bu lovğalıqdan əl çəkməlisən, mən buna dözə bilmərəm. Bax əgər səni o məktəbin yanında tutsam, dərini soyacağam. Bir buna bax, varlanıb deyirlər. Hə, de görək hansı yolla varlanmısan?

– Hamısını yalan deyirlər.

– İki gün şəhərdə olmuşam, eşitdiyim elə sənin var-dövlətin haqqında olub. Elə buna görə də durub gəlmişəm. Sən pullarını sabaha qədər gətir, mənə pul lazımdır.

– Məndə pul yoxdur!

– Yalan deyirsən! Pulların məhkəmə hakimi Tetçerdədir. Get götür. Mənə pul lazımdır.

– Məndə pul yoxdur. Məhkəmə hakimi Tetçerdən soruş, o da sənə belə cavab verəcək.

– Yaxşı, mən ondan soruşaram… Mən onu məcbur edərəm ki, desin. De görüm, cibində nə qədər var?

– Cəmisi bir dollardır, bu da mənim özümə lazımdır.

Atam pulu əlimdən alıb dedi ki, özünə viski almalıdır, bütün günü ağzına bir damcı da dəyməyib. Sonra anbarın damına çıxdı, mən elə düşündüm ki, çıxıb getdi. O isə yenə qayıtdı və dedi ki, məktəbi atmasam, məni möhkəmcə əzişdirəcək.

Növbəti gün atam sərxoş halda hakim Tetçerin yanına gedib mənim pullarımı tələb etsə də, bununla heç nə əldə edə bilmədi.

ATAM CİNLƏRLƏ VURUŞUR

Atam miss Duqlasın evinin yanında tez-tez görünməyə başlamışdı. Miss Duqlas onu hədələyib dedi ki, əgər o, bu adətindən əl çəkməsə, onun üçün pis olacaq. Atam isə bərk hirslənib özündən çıxdı. And içdi ki, Hek Finnin sahibinin kim olduğunu ona göstərəcək.

Nəhayət, o, bir dəfə məni güdüb tutdu və özü ilə qayığa mindirdi, üç mil çay yuxarı apardı. Orada çayın o biri sahilinə üzdük. Bura başdan-başa meşəlik idi. Meşənin sıx yerində köhnə bir daxma var idi. Biz bu köhnə daxmada yaşamağa başladıq. Gecələr atam qapını kilidləyir, açarı isə başının altına qoyurdu. Biz onunla ova gedir, balıq tuturduq. O, tez-tez məni daxmada tək qoyub qapını üzümə qıfıllayır, üç mil uzaqda olan bərənin yanına gedir, orada balığı və ov quşlarını viskiyə dəyişirdi. Sonra isə içərək keflənir və məni döyürdi.

Miss Duqlas hansısa yolla harada olduğumu öyrənib məni xilas etmək üçün adam göndərdi, amma atam onu tüfənglə hədələyərək qovdu. Az sonra isə mən özüm də orada yaşamağa alışdım. Döyülməkdən başqa, hər şey xoşuma gəldi.

Lakin qoca yavaş-yavaş azğınlaşmağa başlamışdı, bəzən məni ağacla da döyürdü. Bax buna daha dözə bilmədim. Mənim hər yerim çapıq-çapıq idi. Bir dəfə o yenə məni evdə qoydu, qapını bağlayıb getdi və üç gün geri qayıtmadı. Atamın çayda batdığını və mənim daha heç vaxt buradan çıxa bilməyəcəyimi düşünməyə başlamışdım. Çox qorxduğum üçün daxmadan qaçmağı qət etdim. Evdən çıxmaq üçün çox əlləşdim, amma bir çıxış yolu tapa bilmədim. Qapı qalın və möhkəm palıd ağacından düzəldilmişdi. Atam gedərkən həmişə çalışırdı ki, komada heç bir kəsici alət qoymasın. Ancaq bu dəfə bəzi şeylər tapa bildim. Bu, taxtaların arasına keçirilmiş köhnə, dəstəyi olmayan paslı mişar idi. Mən onu yağlayıb işə başladım. Daxmanın bir küncünü masa tuturdu. Mən masanın altına girib daxmanın döşəməsinə bitişik olan yoğun tirin bir hissəsini mişarlamağa başladım. Bu, mənim xeyli vaxtımı aldı. İşi bitirmək üzrə idim ki, birdən güllə səsini eşitdim. O dəqiqə bildim ki, bu güllə atamın tüfəngindən atılıb. Mən ağac qırıqlarını yığışdırdım, mişarı gizlətdim və komanı əvvəlki vəziyyətinə saldım. Çox keçmədi ki, atam da gəlib çıxdı.

Bilirdim ki, o, içəri girən kimi içməyə başlayacaq. Sərxoş olduqdan sonra isə yatacaq. Belə qət etdim ki, o, yuxuya gedən kimi mən açarı onun balışının altından oğurlayım, yaxud da tirdən bir parça mişarlayıb daxmadan çıxmağa çalışım.

Atam isə doymaq bilmədən hey içdi, sonra yatağının üstünə yıxıldı. Ancaq mənimki gətirmədi, o, yuxuya gedə bilmirdi. Elə hey inildəyir, bağırır, çırpınıb o yan-bu yana diyirlənirdi. Xeyli müddət keçdi. Axırda mənim elə yuxum gəldi ki, gözlərim öz-özünə yumuldu.

Nə qədər yatdığımı bilmirəm, birdən dəhşətli bir çığırtıya yerimdən sıçradım. Atam dəli kimi özünü o tərəf-bu tərəfə çırpır və qışqırırdı. Daha sonra yumruğunu havada yellədərək fəryad etdi ki, guya cinlər onu tutublar. O, get-gedə sakitləşdi və bir müddət dinməzcə qaldı, lakin yenə də inildəyirdi. Mən canavarların meşənin dərinliyində necə uladığını eşitdim, ətrafdakı sakitliyi bu daha da dəhşətli edirdi. Atam küncdə yıxılıb qalmışdı. Birdən o, başını yana əyərək nəyəsə qulaq asmağa başladı və güclə eşidiləcək bir səslə cinlərə yalvardı ki, ona toxunmasınlar. Sonra yorğanına bürünüb masanın altına girdi və ağlamağa başladı. Qəfildən yorğanı bir tərəfə atıb dəli kimi ayağa qalxdı və məni görüb qovmağa başladı. O, əlinə bıçaq alıb otaq boyu məni qovur, məni “Ölüm ilahəsi” adlandırır və öldürməklə hədələyirdi. Mən atamdan sakit olmasını xahiş edib ona kim olduğumu xatırlatsam da, o gülür, bağırır və ardımca qaçırdı. Bir azdan qoca lap əldən düşdü. Döşəməyə çöküb qapıya söykəndi və dedi ki, dincini aldıqdan sonra məni öldürəcək.

O, yavaş-yavaş mürgüləyib yuxuya getdi. Onda mən divardan asılmış tüfəngi götürdüm, dolu olub-olmadığını yoxladım, sonra tüfəngi komadakı çəlləyin üstünə qoydum, özüm isə çəlləyin arxasında oturdum. Atamı nişan alıb onun yuxudan nə vaxt oyanacağını gözləməyə başladım. Vaxt isə çox ləng keçirdi.

MƏN ATAMIN YANINDAN QAÇIRAM

– Ayağa qalx! Bu nədir düzəltmisən?

Mən gözlərimi açıb ətrafa baxdım. Atam başımın üstündə durmuşdu. Üzü-gözü şişmişdi.

– Bu nə oyundur tüfənglə çıxardırsan? – o dedi.

Anladım ki, o, gecə nələr etdiyini xatırlamır. Buna görə də dedim:

– Kimsə bizim evə soxulmaq istəyirdi, mən də onu pusurdum.

– Bəs nə üçün məni oyatmadın?

– Oyatmaq istədim, amma sən oyanmadın.

– Yaxşı… Boş-boşuna burada dayanma, bəsdir çərənçilik etdin! Get bax, gör tora balıq düşüb, ya yox. Mən bir azdan gələrəm.

O, qapını açdı, mən çaya tərəf qaçdım. Gördüm ki, çayaşağı ağac qırıntıları, hər cür zir-zibil və hətta ağac qabıqları axır. Deməli, çay qalxmağa başlayıb.

Mən sahillə addımlayıb bir gözümlə atam gələcək tərəfə baxır, o biri gözümlə isə çayın yararlı bir şey gətirib-gətirmədiyinə nəzər salırdım. Birdən gördüm ki, çay əla vəziyyətdə olan bir qayıq gətirir. Qayığın uzunluğu on üç, on dörd fut olardı. Mən suya qurbağa kimi başıaşağı atıldım, qayığın ardınca üzməyə başladım. Cəld tərpənərək ona çatmağı bacardım. Sonra qayığın içinə minib onu sahilə tərəf sürdüm. Qayığı çayın söyüd və cır üzüm tənəkləri bitmiş girintili yerinə çəkib saldım və burada ağlıma bir fikir gəldi. Düşündüm ki, onu burada gizlədim, sonra isə əlimə fürsət düşən kimi onunla başqa bir yerə üzüb asudə yaşayaram.

Mən daxmamızın lap yaxınlığında idim. Mənə elə gəldi ki, atam buraya yaxınlaşır, ancaq bununla belə, qayığı gizlətməyə macal tapdım. Sonra kolların arasından boylanıb gördüm ki, atam cığırla çaya tərəf enir.

O gəlib çatanda mən özümü elə göstərdim ki, guya torun ipini səylə yığıram. Bu qədər eşələndiyim üçün atam məni bir qədər söydü. Amma mən onu aldadaraq dedim ki, guya suya yıxılıbmışam, buna görə də bu qədər çox əlləşməli olmuşam. Onsuz da bilirdim ki, atam mənim tamam yaş olduğumu görüb sorğu-suala tutacaq. Ona görə də belə bir yalan uydurdum.

Biz tordan beş naqqa balığı çıxarıb komaya döndük.

Hər ikimiz bərk yorulmuşduq. Səhər yeməyindən sonra uzanıb yatdıq. Təxminən saat on ikidə yuxudan ayılıb sahilə yollandıq. Çayın suyu sürətlə qalxırdı, üzərində hər cür taxta və tir parçaları üzürdü. Bir az sonra biz bir-birinə bağlanmış doqquz tirdən ibarət sahibsiz bir salın üzdüyünü gördük.

Qayığa minib tirləri sahilə çəkdik. Atam onları satmaq üçün şəhərə getməyə qərar verdi. O, məni daxmaya salıb qapını kilidlədi, qayığı götürüb təxminən saat dördün yarısında salı yedəyə alaraq şəhərə çəkib apardı. Öz hesablamama görə onun xeyli uzaqlaşmasını gözləyib mişarı gizlətdiyim yerdən çıxardım və masanın altındakı tiri mişarlamağa başladım. Atam o biri sahilə gedib çıxmamış mən artıq bayırda idim. Qayıq ilə sal çox-çox uzaqlarda, suyun üzərində kiçik bir ləkəyə oxşayırdı.

Mən bir kisə qarğıdalı unu götürüb öz qayığımda gizlətdim. Sonra bir az donuz əti, viski şüşəsi, olub-qalan qəndi və qəhvəni, bütün barıt və qırmanı da oraya daşıdım. Vedrə ilə su qabı, köhnə mişarı, iki yorğan, qazança və qəhvədan, tilov və kibrit qutuları, tüfəng və daha bir neçə əşyanı da oraya daşıyıb apardım. Atam məni qoyub gedəndə baltasını götürməyi unutmuşdu. Amma onu qayığa aparmadım, çünki o, mənə hələ lazım olacaqdı.

Mişarladığım dəlikdən keçib bu qədər əşyanı daşıyarkən daxmanın içərisinə ayaq izlərimi salmışdım. İzlərin üstünü torpaqla yaxşıca örtdüm ki, taxta kəpəyi görünməsin. Sonra mişarla kəsdiyim tir parçasını əvvəlki yerinə keçirtdim, altına iki daş qoydum, bir daş da yandan söykədim. Tirin bir hissəsinin mişarlandığını bilməsən, kənardan baxdıqda bunu heç cürə başa düşə bilməzdin.

Mən qayığın yanındakı otların üstü ilə getdim ki, qumun üzərində ayaq izim qalmasın. Sahildə dayanıb çaya nəzər saldım. Hər tərəf sükut içində idi. Tüfəngi götürüb meşənin lap dərinliyinə getdim. Qarşıma bir vəhşi donuz balası çıxdı. Donuz balasını tüfənglə nişan alıb vurdum. Onu vurduqdan sonra daxmamızın yanına gətirdim.