banner banner banner
Radetski Marşı
Radetski Marşı
Оценить:
 Рейтинг: 0

Radetski Marşı


Solferino qəhrəmanıyla qeyri-adi bir bənzərlik. Sadəcə bir az daha yumşaqdı! Arıq bir burun. Yumşaq ağız. Əlbəttə, zaman keçdikcə dəyişə bilər…

Yaşlı Trotta oğluna dedi:

–Professor Moser babanın şəklini çəkmişdi.

Karl Cozef atasına və rəssama baxdı, gözlərinin qarşısında siqaret otağının yuxarı kandarının altında babasının yavaş-yavaş unudulub gedən portreti canlandı. Professorun atasıyla əlaqəsini ağlı qəbul eləmir, atasının Moser ilə səmimiyyəti onu qorxudurdu; yad adamın geniş, çirkli əlinin dostcasına bir şapalaq kimi bölgə qubernatorunun xətli şalvarına endiyini, atasının ayağını dözümlü bir müqavimətlə geri çəkdiyini gördü. Yaşlı kişi həmişəki ağır halıyla eləcə otururdu; sinəsinə və üzünə dəyən spirt iyindən qaçmaq istəyirmiş kimi geriyə söykənmişdi, gülümsəyərək hər şeyə dözürdü.

–Özünü yeniləsən yaxşı olar, – rəssam dedi. – Dağınıq olmusan. Atan çox fərqli idi.

Bölgə qubernatoru əlini bakenbardlarının üzərində gəzdirərək gülümsədi.

–Bəli, bəli, yaşlı Trotta, – deyə rəssam yenə başladı.

Bölgə qubernatoru birdən-birə yavaşca dedi:

–Hesab. Bizi üzrlü hesab elə, Moser, bir görüşümüz var.

Rəssam qaldı; ata və oğul bağçanı tərk etdi.

Bölgə qubernatoru oğlunun qoluna girdi. Karl Cozef atasının sısqa qolunu sinəsində ilk dəfə hiss edirdi. Tünd boz, parlaq bir əlcəyin içindəki əl yüngülcə formanın mavi qolunun üzərində idi. Manjetlə əhatələnmiş, qəzəbli şəkildə xəbərdarlıq edən əl idi bu sısqa əl; incə barmaqlarıyla səssizcə səhifələri çevirən, siyirtmələri hiddətlə çəkib yenə bağlayan, bir qapını qıfılladıqdan sonra üstündəki açarı sanki o qapı sonsuzluğadək qıfıllı qalacaqmış kimi çəkib çıxardan əl. Əgər bir şey istədiyi kimi edilməzsə pusquda gözləyən bir səbirsizliklə masanın kənarında baraban çalan, otaqda əlverişsiz bir vəziyyət meydana gələrsə pəncərəni tıqqıldadan əl idi bu əl. Bu əl evdə kimsə başısoyuqluq etdikdə şəhadət barmağını qaldırır, heç bir zaman bir yerə enməyən susqun bir yumruq halına gətirilir, dəstəksiz gözlüyü ehtiyatla burnun üstündən götürür, şərab stəkanından zərifliklə tutur, qara Virciniya siqaretini böyük bir həzlə dodaqlarının arasına aparırdı. Atasının bu sol əlini oğul çox yaxşı tanıyırdı. Amma özünü yenə də bu əlin atasının əli olduğunu hələ yenicə öyrənibmiş kimi hiss edirdi. İçindən bu əli bağrına basmaq istəyi keçdi.

–Bilirsənmi, Moser… – deyən bölgə qubernatoru sonra susub uyğun, tarazlayıcı bir söz axtardı; nəhayət, dedi. – Moserdən bir şey ola bilərdi.

–Bəli, ata.

–Babanın şəklini çəkdikdə on altı yaşında idi. İkimiz də on altı yaşındaydıq. Sinifdəki tək yoldaşım idi. Sonra akademiyaya girdi. Şnaps bəlasına tutuldu. Yenə də…

Bölgə qubernatoru susdu; bir neçə dəqiqə keçdikdən sonra dedi:

–Bu gün yenidən gördüyüm bütün insanlar arasında hər şeyə baxmayaraq yeganə dostumdu.

–Bəli, atacan.

Cozef ilk dəfə "atacan" demişdi. Dərhal öz sözünə düzəliş verdi:

–Bəli, ata.

Hava qaralır, axşamın qaranlığı küçəyə düşürdü.

–Üşüyürsənmi, ata?

–Heç üşümürəm.

Lakin bölgə qubernatoru addımlarını tezləşdirmişdi. Bir az sonra otelə yaxınlaşdılar.

Arxalarından bir səs gəldi: “Cənab qubernator”. Göründüyü kimi, rəssam Moser arxalarınca gəlmişdi. Geriyə döndülər. Orada eləcə şlyapası əlində, başı əyik, sanki ironiyalı səslənməni yox etmək istəyirmiş kimi təvazökar bir halda dayanırdı.

–Cənablar qüsuruma baxmasın, – dedi, – qutumun boşaldığını gec gördüm.

Qapağı açıq, boş bir tənəkə qutusunu göstərdi. Bölgə qubernatoru cibindən bir siqar qutusu çıxardı.

–Siqar çəkmirəm, – rəssam dedi.

Karl Cozef bir siqaret qutusu uzatdı. Moser qovluğu ayaqlarının önünə – səkiyə qoydu, qutusunu doldurdu, yandırmağı xahiş etdi və mavi alovu əlləriylə bürüdü.

Oynaqlara görə böyük olan əlləri qırmızı və yapışqan kimiydi, yüngülcə titrəyir, mənasız bir aləti xatırladırdı. Dırnaqları elə yenicə yerdə nəcis, rəngli bulamac və maye nikotin qarışdırmış kiçik, düz, qara kürəklərə bənzəyirdi.

–Demək, bir-birimizi artıq görməyəcəyik, – deyərək qovluğu yerdən götürmək üçün əyildi. Dikəldi, yanaqlarından iri göz yaşları süzülürdü. – Heç görməyəcəyik, – deyə hıçqırdı.

Karl Cozef:

–Mən bir dəqiqəliyinə otağa getməliyəm, – deyərək otelə girdi.

Pilləkənləri sürətlə qalxıb qaçaraq otağına girdi, pəncərədən çölə sallandı, qayğıyla atasını izlədi, yaşlı kişinin pulqabısını çıxardığını gördü; dərhal sonra rəssamın gücünü toplamış bir tərzdə dəhşətverici əlini bölgə qubernatorunun çiyninə qoyaraq: “Yaxşı, Frans, həmişəki kimi üçündə" – dediyini eşitdi. Karl Cozef yenə aşağıya qaçdı, atasını qorumağa məcbur olduğunu hiss edirdi. Professor salam verdi, bir neçə addım geri çəkildi, başını dik tutaraq son bir salamla, yuxudagəzərlərə xas bir güvənlə birbaşa yolun qarşısına keçib bir ara küçədə gözdən itməzdən əvvəl qarşı səkidən bir daha əl elədi. Lakin sonra dərhal yenə göründü, küçədə əks-səda verən bir səslə “bir dəqiqə" deyə qışqırdı, inanılmaz güvənlə, böyük addımlarla prospektin qarşı tərəfinə keçərək sanki daha bir neçə dəqiqə əvvəl vidalaşmayıb yeni gəldiyini düşündürən bir laqeydliklə otelin qarşısında dayandı. Sonra gənclik dostuyla oğlunu ilk dəfə görürmüş kimi şikayətli bir səslə danışmağa başladı.

Belə qarşılaşmağımız necə də kədərlidi! Üçüncü partada necə yan-yana oturduğumuzu xatırlayırsanmı? Yunan dilini pis bilirdin; həmişə məndən köçürməyinə icazə verərdim. Əgər dürüstsənsə, oğlunun qarşısında özün söylə. Sənə həmişə köçürməyə imkan vermədimmi? – Karl Cozefə dönərək davam etdi. – Sevimli atanız yaxşı bir uşaq idi, amma özünə inamı yox idi. Qızların yanına da çox gec getməyə başladı, onu cəsarətləndirməsəydim heç getməyəcəkdi. Dürüst ol, Trotta! Səni qızların yanına mənim apardığımı de.

Bölgə qubernatoru bığaltı gülərək susdu. Rəssam Moser uzun bir söhbətə başlayacaqmış kimi hazırlıq gördü. Qovluğu səkiyə qoydu, şlyapasını əlinə aldı, bir ayağını bir az önə ataraq danışmağa başladı.

–İlk dəfə tətildə qarşılaşmışdıq, hər halda xatırlayarsan. – Birdən-birə dayanıb tələsik hərəkətlərlə ciblərini yoxladı. Alnında muncuq böyüklüyündə tər dənələri yığılmışdı. – İtirdim, – deyə qışqırıb titrəyərək səndələdi. – Pulu itirdim.

Elə o anda otelin qapıçısı çölə çıxdı. Qızıl zolaqlı şlyapasını şişirdilmiş bir şəkildə yelləyərək bölgə qubernatoruyla leytenantı salamladı. Rəssam Moseri otelin qarşısında səs-küy salmaqdan, otel qonaqlarını təhqir etməkdən məhrum edəcəkmiş kimi görünürdü. Yaşlı Trotta əlini iç cibinə saldı, rəssam səsini kəsdi.

–Mənə dəstək ola bilərsənmi? – deyə yaşlı Trotta oğlundan soruşdu. Leytenant dedi:

–Professoru bir az müşayiət edim. Xudahafiz, ata.

Bölgə qubernatoru silindr şlyapasını yüngülcə qaldırıb salam verərək otelə girdi. Leytenant professora bir banknot uzatdıqdan sonra atasının arxasınca getdi. Rəssam Moser qovluğu yerdən qaldırdı, ağır bir tərzdə uzaqlaşdı.

Axşamın qaranlığı artıq küçələrə çökmüşdü, otelin lobbisi də qaranlıq idi. Bölgə qubernatoru otağın açarları əlində, silindr şlyapasıyla çəliyi yanında, alaqaranlığın bir parçasıymış kimi dəri kresloda otururdu. Oğlu sanki Moser hadisəsinin rəsmi nəticəsini bildirmək istəyirmiş kimi aralarına hörmətlə məsafə buraxaraq qarşısına keçdi. Hələ lampalar yandırılmamışdı. Qaranlıq səssizliyin içindən yaşlı kişinin səsi gəldi:

–Sabah günortadan sonra saat üçə on beş dəqiqə işləmiş yola çıxırıq.

–Bəli, ata.

–Musiqi dinləyərkən orkestrin rəhbəri Nexvalı ziyarət etməli olduğun yadıma düşdü. Əlbəttə, baş çavuş Slamadan sonra. Vyanada başqa bir işin varmı?

–Şalvar və siqaretqabını gətirtməliyəm.

–Başqa?

–Başqa bir işim yoxdu, ata.

–Sabah günortadan əvvəl dayına baş çəkəcəksən. Hər halda unutmusan. İldə neçə dəfə ona qonaq olurdun?

–İldə iki dəfə, ata.

–Gördükdə məndən salam deyərsən. Gələ bilmədiyim üçün üzr istəyərsən. Yeri gəlmişkən, bizim Stranski necədir?