banner banner banner
Radetski Marşı
Radetski Marşı
Оценить:
 Рейтинг: 0

Radetski Marşı


–Sonuncu dəfə gördükdə çox yaxşı idi.

Bölgə qubernatoru çəliyinə yönəlib önə uzatdığı əlini ayaq üstə dayanarkən vərdiş etdiyi kimi sanki Stranskidən bəhs edərkən xüsusi bir dəstək lazım olurmuş kimi gümüş tutacağın üstünə söykədi.

–Onu axırıncı dəfə on doqquz il əvvəl görmüşəm. O zamanlar hələ baş leytenant idi. Koppelmanna elə o zamanlardan aşiq idi. Çarəsiz sevgi! Olduqca problemli bir məsələ idi… Nə edəcəksən, aşiq idi. – Koppelmann adını digər sözlərə görə daha səsli, vurğulu şəkildə deyirdi. – Başlıq pulunu, əlbəttə, düzəldə bilmədilər. Anan məni az qala yarısını ödəməyə razı salacaqdı.

–Ordudanmı ayrıldı?

–Bəli, elə oldu. Şimal dəmir yollarına keçdi. Bu gün nə vəziyyətdədi? İdarə Heyətindədi yəqin, elə deyilmi?

–Bəli, ata.

–Bəli, bəli. Oğlunu əczaçılığa qoymamışdımı?

–Xeyr, ata, Aleksandr hələ liseyə gedir.

–Demək, elə. Bir az axsayırmış, elə eşitdim, doğrudurmu?

–Bir ayağı daha qısadı.

Yaşlı kişi Aleksandrın axsayacağını on doqquz il əvvəldən bilirmiş kimi "eh" deyərək söhbətə son verdi.

Yerindən dikəldi, girişdəki lampalar yanaraq yaşlı Trottanın solğun üzünü işıqlandırdı.

–Pulu götürməyə gedirəm, – deyərək pilləkənlərə yönəldi.

–Mən götürərəm, ata, – Karl Cozef dedi.

–Təşəkkür edirəm, – bölgə qubernatoru dedi.

Sonra xəmir xörəklərini yeyərkən Karl Cozefə dedi:

–Sənə Baküs salonlarını tövsiyə edirəm, – dedi. – Yeni bir şey varmış. Bəlkə Smekala rast gələrsən.

–Təşəkkür edirəm, ata. Gecən xeyrə qalsın.

Karl Cozef günortadan əvvəl saat on bir ilə on iki arasında dayısı Stranskinin yanına getdi. İdarə Heyətinin üzvü hələ də ofisdə idi; qızlıq soyadı Koppelmann olan arvadı bölgə qubernatoruna salamlarını çatdırdı. Karl Cozef Rinqkorsodan otelə doğru yola düzəldi. Tuxlaubenə döndü, şalvarı otelə göndərmələrini tapşırıb siqaretqabını götürdü. Siqaretqabının səthi soyuq idi; soyuq metal incə köynəyinin cibindən hiss edilirdi. Baş çavuş Slamanın evinə edəcəyi başsağlığı ziyarəti yadına düşdü və qəti şəkildə içəri girməməyə qərar verdi. Elə şüşəbənddəcə "Başınız sağ olsun, herr Slama" deyəcəkdi. Görünməz tarla quşları mavi qübbənin altında ötəcək, cırcıramaların çıxardığı sürtünmə səsləri eşidiləcəkdi. Jandarm Birliyinin kiçik bağçasında hələ yenicə açan tumurcuqların arasında samanlarla akasiya ağaclarının gecikmiş qoxusunu hiss edə bilirdin. Frau Slama ölmüşdü. Baptizm sənədinə görə Kati, Katerina Luise ölmüşdü.

Evə dönürdülər. Bölgə qubernatoru qovluğu götürdü, başını şüşənin yanındakı kreslonun qırmızı ipək yastığına söykəyərək gözlərini yumdu.

Karl Cozef atasının başını ilk dəfə üfüqi vəziyyətdə görürdü; incə, sümüklü burnunun pərləri genişlənmişdi; təraşlı, pudralanmış çənəsinin ortasında kiçik bir çuxur vardı, bakenbardları iki qara qanad kimi yavaşca aşağıya doğru genişlənirdi. Bakenbardların üst küncləri güclə seziləcək dərəcədə çallaşmağa başlamış, yaşlılıq həmin hissəylə gicgahlara yüngülcə toxunmuşdu. Karl Cozef düşündü ki, günlərin birində öləcək. Öləcək, dəfn ediləcək. Mən burada qalacağam.

Kupedə tək idilər. Yuxulayan atasının çöhrəsi yastıqların qırmızı alaqaranlığında sakitcə sallanırdı. Qara bığın altındakı solğun, incə dodaqlar bir xətt kimi idi; nişastalı yaxalığın parlaq küncləri arasındakı incə boynunun üzərində qırtlağın təraşlı çıxıntısı yüksəlir, bağlı göz qapaqlarının qırışmış dərisi davamlı olaraq yüngülcə titrəyir, qırmızı şərab rəngində olan geniş qalstuk nizamlı bir şəkildə enib-qalxır, sinənin üzərində çarpaz qovuşdurulan qolların altında kreslo altlarına soxulmuş əllər belə yatırdı. Dincələn atasından ətrafa böyük bir sükunət yayılırdı. Burun ilə alın arasına gömülmüş dərin xətdə ifadəsini tapan avtoritar xarakter də dağların arasındakı sarp yarıqlarda dincələn fırtınalar kimi yuxuya getmişdi. Karl Cozef bu izi çox yaxşı tanıyırdı. Eyni iz Trottaların qəzəblə dolu dekoruyla Solferino qəhrəmanının mirası olaraq atasının siqaret otağında asılmış portretini bəzəyirdi.

Atası gözlərini açdı.

–Hələ nə qədər qalıb?

–İki saat, ata.

Yağış başladı. Çərşənbə günü idi. Cümə axşamı günortadan sonra Slamaya başsağlığı verməyə gedəcəkdi. Cümə axşamı günortadan sonra da yağış yağırdı. Yeməkdən on beş dəqiqə sonra siqaret otağında qəhvə içərkən Karl Cozef dedi:

–Mən Slamagilə gedirəm, ata.

–Slama artıq təəssüf ki, təkdir, – deyə bölgə qubernatoru cavab verdi. – Ən yaxşısı ona saat dörddə baş çəkməyindi.

O anda kilsə qülləsindən iki zəng səsi eşidildi və bölgə qubernatoru şəhadət barmağını pəncərəyə doğru qaldırıb zənglərin yönünü göstərdi. Karl Cozef qızardı. Atasının, yağışın, saatların, insanların, zamanın, hətta təbiətin belə bugünkü yolunu olduğundan daha çox çətinləşdirməyə qərarlı olduqlarını hiss edirdi. Hələ həyatda ikən frau Slamanın yanına gedərkən də eynilə bugünkü kimi səbirsizliklə zənglərin səsinə qulaq verər, amma baş çavuşla qarşılaşmamağa diqqət yetirərdi. Frau Slamanı qanadlarının altına alan ölüm bu gün ilə o günlər arasında dayanır, sonsuz qaranlığını keçmiş ilə indiki zamanın arasına dürtürdü. Amma yenə də zənglərin saatı bildirən səsi eyni qalmışdı, lap əvvəllər olduğu kimi siqaret otağında qəhvə içilməkdə idi.

–Yağış yağır, – atası sanki bunu hələ yenicə görürmüş kimi dedi. – Bəlkə bir arabaya minəsən?

–Yağışda gəzməyi sevirəm, ata.

Əslində daha çox gedəcəyi yolun uzun olmasını arzuladığını demək istəyirdi. Düşündü ki, bəlkə o hələ həyatdaykən bir arabaya minsəydim daha yaxşı olardı. Ətraf səssiz idi, yağış pəncərələrə vururdu. Bölgə qubernatoru dikəldi:

–Qarşı tərəfə keçməliyəm. – Qubernatorluğu nəzərdə tuturdu. – Sonra görüşərik.

Qapını həmişə olduğundan daha yavaş örtdü. Karl Cozefə elə gəldi ki, atası bir müddət çöldə dayanıb içəriyə qulaq verir.

Qüllədən əvvəlcə dörddəbir zəngi gəldi, sonra yarım. Hələ saat yarım vaxtı vardı. Dəhlizə çıxdı, paltosunu götürdü, paltonun kürək tərəfindəki qırışları uzun-uzadı düzəldərək səliqəyə saldı, cib aralığından qılıncın qınını çəkişdirdi, güzgünün qarşısında mexaniki bir hərəkətlə şlyapasını geyinərək evdən çıxdı.

IV

Açıq dəmiryolu baryerlərinin altından və sarı vergi idarəsinin yanından həmişə getdiyi yolla gedirdi. Tək-tənha Jandarm Birliyi elə buradan da görünürdü. Yoluna davam etdi. Jandarm Birliyinə on dəqiqəlik məsafədə taxta barmaqlıqlı kiçik qəbiristanlıq vardı. Sanki yağış ölülərin üzərini daha sıx bir pərdəylə örtürmüş kimiydi. Leytenant yaş, dəmir tutacağı çəkib qəbiristanlığa girdi. Növünü ayırd edə bilmədiyi bir quş ötürdü, hara gizlənmişdi, görəsən, yoxsa bir məzarın içindənmi cəh-cəh vururdu? Gözətçi daxmasının qapısını açdı, burnunun üstünə bir gözlük taxmış yaşlı bir qadın kartof soyurdu. Qadın həm soyulmuş kartofları, həm də qucağındakı qabıqları bir vedrənin içinə qoyaraq ayağa qalxdı.

–Frau Slamanın məzarına getmək istəyirəm.

Qadın sanki bu sualı gözləyirmiş kimi heç duruxmadan dedi:

–Sondan əvvəlki sıra, on dörd, yeddinci məzar.

Məzar hələ çox yeni idi; kiçik bir başdaşı, müvəqqəti kiçik bir xaç, tort və konfetləri xatırladan yaş bənövşə çələngi. "Katerina Luise Slama, doğuldu, öldü". Aşağıda yatırdı; kök, qıvrım-qıvrım soxulcanlar yumru, ağ döşlərini gəmirməyə başlamışdılar. Leytenant gözlərini yumub papağını çıxardı. Yağış yaş bir mehribanlıqla yandan ayırdığı saçlarını oxşayırdı. Məzar vecinə deyildi, bu başdaşının altında çürüyən bədənin frau Slamayla heç bir əlaqəsi yox idi; o ölmüşdü, ölü idi, yəni məzarının başında dayansa belə ona çata bilməzdi. Xatirələrində gömülən bədən bu başdaşının altındakı cəsəddən daha yaxın idi. Karl Cozef şlyapasını başına qoyub saatına baxdı. Hələ yarım saat da vardı. Qəbiristanlıqdan çıxdı.

Jandarm Birliyinə çatdı, zəngi basdı, kimsə gəlmədi. Baş çavuş hələ evdə deyildi. Yağış şüşəbəndi bürüyən sıx, yabanı tənək yarpaqlarını döyəcləyirdi. Karl Cozef gah irəli, gah geri, gah irəli, gah geri getməyə başladı, bir siqaret yandırdı, siqareti yerə atdı, özünü keşik çəkən əsgər kimi hiss etdi, gözləri Katerinanın həmişə baxdığı pəncərəyə ilişincə başını o biri tərəfə çevirdi, saatını çıxardı, ağ zəngə bir daha basdı, gözlədi.

Şəhər kilsəsinin qülləsindən ağır-ağır saat dördü bildirən zəng çaldı. Baş çavuş indi göründü. Hələ heç kimin gəldiyini görmədən avtomatik olaraq salam verdi. Karl Cozef sanki salama deyil, jandarmdan gələn bir hədəyə cavab vermək gərəkliymiş kimi lazım olduğundan daha yüksək bir səslə səsləndi:

–Salam, herr Slama.

Əlini uzatdı, bir qalaya hücuma keçirmiş kimi salamlaşmaq üçün irəli atıldı, baş çavuşun kobud hazırlıqlarını, əlcəklərini çətinliklə çıxarmasını, bunu edərkən göstərdiyi böyük səyi, baxışlarını yerə çevirməsini izləyərək bir hücumu gözləyirmiş kimi səbirsizliklə gözlədi. Leytenant çılpaq, yaş, böyük və arıq əli nəhayət öz əlinin içinə aldı. Baş çavuş sanki leytenant təzəcə gəlməyib getməyə hazırlaşırmış kimi dedi:

–Ziyarətinizə görə təşəkkür edirəm, hörmətli baron.

Sonra açarları çıxardıb qapını açdı. Qəfildən gələn külək yağışın şüşəbəndə qamçı kimi dəyməsinə, leytenantın isə istər-istəməz evə doğru yönəlməsinə səbəb oldu. Dəhliz alaqaranlıq idi. Burada dar bir işıq zolağı görünürdü, bəlkə ölülərin dünyəvi bir iziydi? Baş çavuş mətbəx qapısını açınca, o iz dəhlizə axın edən işığın içində boğulub yox oldu.

–Zəhmət olmasa paltonuzu çıxarın, – Slama dedi. Özü hələ də kəmərli paltosuyla dayanırdı. Leytenant başsağlığı verməyi düşünür. İndi dərhal deyib gedərəm. Slama Karl Cozefin paltosunu götürmək üçün qollarını açır. Karl Cozef nəzakətə təslim olur, Slamanın əli bir anlığa leytenantın ənsəsinə dəyir, düz yaxalığın üstündə saçın başladığı, frau Slamanın əllərini mehribanlıqla bir-birinə qovuşdurmağı sevdiyi yerə. Dəqiq olaraq nə vaxt başsağlığı verib canını bu işdən qurtara biləcək? Salona girincəmi, yoxsa oturduqdan sonramı? Bundan sonra yenə ayağa qalxmaqmı lazımdır? O axmaq sözü deməzdən əvvəl ağzından tək bir söz belə çıxara bilməyəcəyini hiss edir, bütün yol boyunca ağzında daşıdığı, çətinlik yaradan, faydasızcasına dilinin ucunda eləcə dayanan o axmaq sözü. Baş çavuş qapının qulpunu aşağıya çəkir, salonun qapısı bağlıdı. Baş çavuş üzr istəyir, halbuki onun günahı deyil. Əvvəlcədən çıxardığı paltosunun – hər halda paltosunu çıxaralı xeyli vaxt olar – cibini yoxlayır, açar dəstəsini şaqqıldadır. Frau Slama həyatdaykən bu qapı heç bağlı olmamışdı. Deməli, frau Slama burada deyil, deyə leytenant birdən-birə düşünür, sanki frau Slama artıq burada olmadığı üçün bura gəlməyib; o anda aradan keçən bütün müddət boyunca içində gizlincə frau Slamanın bəlkə burada ola biləcəyi, otaqların birində oturub gözləmiş ola biləcəyi düşüncəsini bəslədiyini sezir. Halbuki frau Slama həqiqətən də bir az əvvəl gördüyü məzarın içində yatır.

Salonda havadan nəmli bir qoxu asılıb, iki pəncərədən birinin pərdələri bağlıdı, digərindən içəriyə buludlu günün boz işığı sızır.

–Zəhmət olmasa içəri gəlin, – deyə baş çavuş təkrarlayır. Leytenantın düz arxasında dayanır.