banner banner banner
Həqq Məndədir
Həqq Məndədir
Оценить:
 Рейтинг: 0

Həqq Məndədir

Həm xəyalam, həm camalam, həm süfatam, həm tələb,
Həm nüquşam, hə bu nəqşə valehü heyran mənəm.

Zülmətəm, mövtəm, məmatam, həm həyatam, həm məmat,
Mö’minə Nuham, nicatam, kafirə tufan mənəm!

Həm əlacam, həm təbibəm, həm kəlamam, həm Kəlim,
Həm bu rənc rəncuruyam, həm dərdlərə dərman mənəm!

Saqiyəm, şəm’əm, şərabam, həm xumaram, həm xəmir,
Səlsəbiləm, saqiyəm, həm sağərü peyman mənəm!

Həm səlatam, həm zəkatam, həm mənəm zərqü riya,
Həm mənəm imanü tövhid, şö’leyi-iman mənəm!

Həm nəiməm, həm rəhiməm, həm kəriməm, həm kərəm,
Həm nəimü xüldəmü həm cənnəti-rizvan mənəm!

Ey Nəsimi, sən həqi bil, həqqə iqrar eylə kim,
Çünki insanü bəşərsən, həq deyən insan mənəm!

«Mən mülki-cahan, cahan mənəm mən…»

Mən mülki-cahan, cahan mənəm mən!
Mən həqqə məkan, məkan mənəm mən!

Mən ərş ilə fərşü kafü nunam,
Mən şərhü bəyan, bəyan mənəm mən!

Mən kövnü məkanü kün-fəkanam,
Bilgil ki, nişan, nişan mənəm mən!

Mən surəti-mə’nidə həqəm həq,
Mən həqqi-əyan, əyan mənəm mən!

Bir gövhərəmü qədim əzəldən,
Ey gövhəri-kan, kan mənəm mən!

Mən atəşi-nuri-eşqi-həqqəm,
Musaya zəban, zəban mənəm mən!

Mən cümlə cahanü kainatam,
Mən dəhrü zaman, zaman mənəm mən!

Mən ayəti-müshəfü kitabam,
Ey nöqtədəhan, dəhan mənəm mən!

Mən qövs ilə həm kamanü tirəm,
Ey tirü kaman, kaman mənəm mən!

Cəmşidi-zamani-aləm oldum,
Cəmşidi-zaman, zaman mənəm mən!

Mən nəqşü xəyalü xəttü xalam,
Mən hərfü lisan, lisan mənəm mən!

Mən gənci-nihani, küntə kənzəm,
Mən gənci-nihan, nihan mənəm mən!

Mən zatü sifati-kün-fəkanam,
Mən ruh ilə can, can mənəm mən!

Mən kafirə mövt, müsibət oldum,
Mö’minə iman, iman mənəm mən!

Mən cənnətü abi-kövsər oldum,
Ey səhni-cinan, cinan mənəm mən!

Mən bəhri-mühitü həm giranam,
Ey bəhri-giran, giran mənəm mən!

Mən sirrəmü tövhidəm, hədisəm,
Həm qeybü güman, güman mənəm mən!

İnsanü bəşərsən, ey Nəsimi,
Həq der ki, haman, haman mənəm mən!

«Bir şaha sən qulluq eylə, söhbətindən can bitər…»

Bir şaha sən qulluq eylə, söhbətindən can bitər,
Bir sədəfdən çaşnı dadgil, dürr ilə mərcan bitər.

Söhbət etmə, söhbət etmə dəgmə hər nadan ilə,
Nadanın tərbiyətindən həm yenə nadan bitər.

Qafil olma əhli-dillər söhbətindən bir zaman,
Əhli-dillər söhbətindən şö’leyi-iman bitər.

Məskənətdən sən qaçarsan, gizli gəncdir bilmədin,
Lacərəm bu məskənətdən nisbəti-sultan bitər.

Ol əli kəsgil, buraxgil, xeyri yoxdur, şərri çox,
Dutgil imdi ol əli kim, xeyr ilə ehsan bitər.

Zalım oldun, zülm əkərsən yenə kəndi tarlana,
Zalımın zülmü şərindən tarlada üsyan bitər.

Bağçaya varma, varırsan sorma dapusu nədir,
Barı bir bağçaya girgil, gül ilə reyhan bitər.