banner banner banner
Amerika faciəsi
Amerika faciəsi
Оценить:
 Рейтинг: 0

Amerika faciəsi

Amerika faciəsi
Teodor Drayzer

Dünya şöhrətli Amerika yazıçısı Teodor Drayzerin 1925-ci ildə yazdığı “Amerika faciəsi” onun şah əsəri hesab olunur.

Romanda küçə vaizlərinin oğlu olan, sıravi amerikalı Klayd Qrifitsin taleyindən danışılır. Müəllif göstərir ki, saxta idealların hökm sürdüyü bir quruluşda ruhu xilas etmək mümkün deyil. Vaizlərin oğlu valideynlərinin yolu ilə deyil, nəfs yolu ilə gedir. Əxlaqı pozulur, namuslu həyat sürən məsum Robertanı yoldan çıxarır. Cəmiyyətdəki “yüksək təbəqənin” üzvlüyünü qazanmaq istəyən Robertanın faciəsinə səbəb olmaqla nəticədə özünü də məhv edir. Yazıçı bu əsəri ilə Amerikanın sosial həyatının və kapitalizmin eybəcər və dəhşətli üzünü göstərmişdir.

Bu kitabda “Amerika faciəsi”nin üç hissəsindən 1-cisi təqdim olunub.

1

TEODOR DRAYZER

AMERİKA FACİƏSİ

Roman

1-ci kitab

I FƏSİL

Yay axşamıdır, qaranlıq qovuşur.

400.000-dən artıq əhalisi olan bir Amerika şəhərinin ticarət mərkəzi… yüksək binalar, divarlar… Ehtimal ki, belə şəhərlərin mövcud olduğu bir zaman ağlasığmaz bir şey kimi görünəcəkdir.

İndi artıq susmuş kimi görünən geniş küçə ilə altı nəfərdən ibarət bir dəstə gedirdi: onlardan biri dəyirmi qara fetr şlyapasının sıx saçları çıxmış, əlli yaşlı, qısaboylu, şişman bir kişi idi, – bu son dərəcə cılız bir şəxs idi, çiyninə keçirdiyi qayışdan, adətən, küçə vəzlərinin və müğənnilərinin istifadə etdikləri kiçik bir orqan asılmışdı. Onunla yanaşı gedən qadın ondan beş yaş cavan görünürdü, çox kök deyildi, lakin möhkəm bədəni vardı, olduqca sadə geyinmişdi, üzü yaraşıqlı deyildisə də, eybəcər də deyildi; o bir əli ilə yeddi yaşlı bir oğlan uşağının əlindən tutmuşdu, digər əlində isə İncil və Zəbur duaları kitabı vardı. Onların arxasınca bir az geridə on beş yaşlı bir qız, on iki yaşlı bir oğlan və doqquz yaşlı bir qız uşağı gəlirdi. Onlar hamısı itaətlə, lakin, deyəsən, bir qədər könülsüz olaraq böyüklərin arxasınca gedirdilər.

Bərk isti idi, ancaq havada sustaldıcı, məstedici bir təravət hiss olunurdu.

Onların getdikləri böyük küçəni, dərəyə oxşayan digər bir küçə müstəqim bucaqla kəsir, tramvaylar isə aramsız zəng çalaraq ümumi hərəkətin coşqun axını içərisindən yavaş-yavaş keçib gedirdi. Bu kiçik dəstə sanki ətrafdakı hər şeyə biganə idi və yalnız dalğalar kimi üzərinə gələn maşın və piyadaların sonsuz axını arasından özünə yol açmağa çalışırdı.

Dəstə onların yolunu kəsən digər bir küçənin, daha doğrusu, indi heç bir həyat əsəri görünməyən iki cərgə uca binalar arasındakı dar bir keçidin başına çatarkən kişi kiçik orqanı yerə qoydu, qadın isə tez orqanın qapağını açıb, pyupiteri qaldırdı və nazik Zəbur duaları kitabını açdı. Sonra Tövratı kişiyə verib onunla yanaşı dayandı. Böyük oğlan qatlama kiçik stulu orqanın qabağına qoydu. Ailənin başçısı olan kişi süni bir inamla, arxayınlıqla ətrafına baxdı və sanki onu dinləyən olub-olmadığına laqeyd imiş kimi dedi:

Əvvəlcə biz ilahiyyə duasını oxuyacağıq, kim Allaha dua etmək istəyirsə, bizimlə oxuya bilər. Ester, xahiş edirəm çalmağa başlayasan.

Bu vaxta qədər mümkün olduqca laqeyd və yovuşmaz görünməyə çalışan, hələ tamamilə boy atıb yetişməmiş, lakin qəşəng biçimli bədəni olan böyük qız stul üzərində oturdu və orqanı fırladaraq dua kitabçasının səhifələrini çevirməyə başladı. Anası dedi:

– Məncə, biz iyirmi yeddinci duadan başlayıb, “İsa məhəbbətinin şəfaverici təsiri nə qədər şirindir” duasını oxumalıyıq.

Bu zaman evlərinə dağılan peşə və vəzifə sahibləri orqan ətrafındakı bu kiçik dəstəni görüb tərəddüdlə addımlarını yavaşıdır, çəpəki bir nəzərlə bu adamlara baxır və yaxud burada nə baş verdiyini öyrənmək üçün dayanırdılar. Adamların bu tərəddüdünü bir diqqət nişanəsi kimi başa düşən ailə başçısı dərhal fürsətdən istifadə etdi, sanki izdiham məhz onu dinləmək üçün bura yığılmışdı:

– Gəlin hamımız bir yerdə “İsa məhəbbətinin məlhəmi nə qədər şirindir” duasını oxuyaq.

Qız orqanı çalmağa başlayaraq zəif, lakin ahəngdar səslərlə havanı hərəkətə gətirdi və öz uca soprano səsini anasının soprano səsinə və atasının saxta bariton səsinə qoşaraq oxumağa başladı. O biri uşaqlar cır səsləri ilə böyüklərə səs verib yavaşdan civildəyirdilər: balaca qız və balaca oğlan orqan üzərindəki kitab yığını içərisindən hərəsi əlinə bir kitabça almışdı. Onlar dua oxuyur, simasız və hər şeyə biganə küçə izdihamı isə ümumi skeptisizm və laqeydlik əleyhinə səsini qaldırmış bu kasıb ailənin qəribə görkəmi ilə əylənərək onlara tamaşa edirdi. Bəziləri orqan çalan qızın fağır görkəmi ilə maraqlanır və ona rəğbət bəsləyirdilər, digərləri aciz və zavallı görünən ata ilə maraqlanırdılar; onun açıq mavi gözləri, süst vücudu, ucuz kostyumu o saat bildirirdi ki, o, həyatda bəxti sınıq çıxmış, müvəffəqiyyətsizliyə uğramış bir adamdır. Bütün bu dəstə içərisində yalnız ana elə bir qüvvə və qətiyyətə malik idi ki, bu qüvvə kor-koranə və səmərəsiz tətbiq edildikdə belə həyatda müvəffəqiyyəti tətbiq etməsə də, hər halda insanın özünü qoruya bilməsinə kömək edir. Ailənin başqa üzvlərinə nisbətən bu qadında daha bariz bir şəkildə daxili bir inam, nadan olsa da, hər halda ehtiram doğuran daxili bir inam gözə çarpırdı. Əgər siz onun necə dayandığını, dua kitabçası tutan əlini aşağı salıb gözlərini fəzaya necə zillədiyini görsəydiniz, o zaman deyərdiniz ki: “Bəli, bu qadın bütün nöqsanlarına baxmayaraq, yəqin ki, yalnız etiqad etdiyi bir işi görməyə çalışır”.

Oğlan uşağı gözlərini aşağı dikərək narahat halda ayaqlarını götürüb qoyur və könülsüz oxuyurdu. Dalğın mənalı üzü, ağ dərisi və qara saçları olan, ucaboylu, lakin vücudu hələ bərkiməmiş bu oğlan uşağı, ailənin ən çox müşahidəçi və şübhəsiz ki, ən həssas bir üzvü kimi təsir bağışlayırdı, aydın idi ki, o daxilində öz vəziyyətinə qarşı bir narazılıq duymaqda və hətta buna görə iztirab çəkməkdədir. Özü bunu tamamilə aydın dərk etməsə də, onu həyata dini yox, nəşəli bir yaşayış tərzi daha çox cəzb edirdi. İndi səhv etmədən onun haqqında yalnız bunu demək olardı ki, o, icra etdiyi işə qarşı laqeyd idi və bu iş üçün onda heç bir həvəs və istedad yox idi. O, son dərəcə gənc idi, onun ruhu atasının və anasının ruhuna hakim olan mücərrəd və dumanlı romantikaya tamamilə zidd, həyati gözəllik və sevincin hər cürə təzahürünə qarşı həddindən artıq həssas idi.

Doğrudan da, üzvü olduğu ailənin maddi və mənəvi həyatı, anasının və atasının bu qədər etiqadla inandıqları və vəz etdikləri şeyin həqiqiliyinə və qüvvəsinə onda heç bir inam hissi doğurmurdu. Çünki onun atası və anası daimi bir qayğı, həm də maddi qayğı içərisində çırpınırdılar. Ailənin başçısı həmişə Tövrat oxuyur və müxtəlif evlərdə, başlıca olaraq ana ilə bərabər rəhbərlik etdiyi və buradan bir az kənarda olan “ibadətgahda” öz vəzlərilə çıxış edirdi. Eyni zamanda uşaq hiss edirdi ki, ata və anası missioner işi ilə maraqlanan, yaxud xeyriyyə işlərinə rəğbət göstərən və atanın fəaliyyətinə yaxşı gözlə baxan müxtəlif işgüzar adamlardan pul toplayırlar. Buna baxmayaraq, ailənin vəziyyəti yenə ağır idi: onlar həmişə pis geyinirdilər, başqalarına nəsib olan bir çox rahatlıq və zövqlərdən məhrum idilər. Atası və anası isə daima Allahın bütün insanlara və o cümlədən ona məhəbbət, mərhəmət və qayğı bəslədiyini tərifləyib təqdis edirdilər. Lakin burada nə isə bir dolaşıqlıq vardı. Uşaq bütün bunlardan baş çıxara bilmirdi, lakin buna baxmayaraq, yenə də anasına hörmət edirdi, o, anasının mehribanlığını hiss etdiyi kimi, eyni zamanda bu qadında daxili qüvvəti və ciddiliyi də duyurdu. İbadətgahdakı ağır işə və ailə qayğılarına baxmayaraq, ana şən və gülərüzlü olmağı bacarırdı. Hər halda gümrah görünürdü və tez-tez dərin bir etiqadla: “Allah bizim qeydimizə qalar”, yaxud “Allah bizə yol göstərər”, – deyirdi. Ailə lap ağır bir ehtiyac içərisində çırpınarkən ana bu sözləri xüsusilə tez-tez təkrar edirdi. Lakin həm o, həm də ayrı uşaqlar aydın görürdülər ki, xeyirxahlığın ailə üçün son dərəcə zəruri olan zamanlarda belə Allah onlara heç bir yol göstərmir.

Bu axşam, öz kiçik bacıları və kiçik qardaşı ilə böyük küçədə dolaşarkən, uşaq ürəkdən arzu edirdi ki, bütün bunlar birdəfəlik və həmişəlik olaraq bitib qurtarsın və yaxud, heç olmasa, özü artıq bu işdə iştirak etməkdən azad olsun. Başqa oğlanlar belə şeylərlə məşğul olmurlar, üstəlik bu işdə nə isə miskin və zəlalətli bir şey vardı. Hələ ata və anası bu cür küçələrə salıb dallarınca gəzdirmədiyi zamanlar belə başqa oğlan uşaqları ona sataşır və atasının öz inam və etiqadları haqqında hamının qarşısında çərənçilik etdiyinə gülürdülər. Atası hər bir söhbəti “Allah kərimdir” sözləri ilə başlardı və o hələ yeddi yaşında ikən onların qonşuluğunda yaşayan bütün oğlan uşaqları onu görən kimi qışqırırdılar:

– Budur, “Allah kərimdir” gəlir, qoca Qrifits gəlir.

Yaxud onun özünün dalınca qışqırırdılar:

– Budur, bunun bacısı orqan çalır, görəsən, başqa şey çalmağı da bacararmı?

Görəsən, nə üçün onun atası hər yerdə “Allah kərimdir” deməkdən yorulmur? Axı başqa adamlar bu cür etmirlər.

Ona sataşan uşaqlarda olduğu kimi, onun özündə də, insanlara məxsus tam oxşarlığa və bərabərliyə doğru meyil edən bir əzəli sövqi-təbii baş qaldırırdı. Lakin onun atası və anası başqa adamlar kimi deyildilər, onlar həmişə dini işlərlə həddindən artıq məşğul olurdular, indi isə, nəhayət, bu dini işi özlərinə peşə etmişdilər.

Bu axşam uca evləri olan səs-küylü, qaynar həyatı və qızğın hərəkətli bu böyük küçədə o, bir xəcalət duyğusu ilə özünü adi həyatdan qoparılıb istehza və məsxərəyə qoyulmuş bir adam kimi hiss edirdi. Parlaq avtomobillər onun yanından ötüb keçirdi, qayğısız piyada adamlar onun yalnız tutqun təsəvvür edə bildiyi məşğuliyyət və əyləncələrə doğru tələsirdilər, – gülərüzlü gənc oğlan və qızlar gülüşərək, zarafatlaşaraq onun yanından ötüb keçirdilər, balaca uşaqlar dayanıb ona tamaşa edirdilər və bütün bunlar onun həyatından, daha doğrusu, onun ailəsinin həyatından kənarda nə isə daha gözəl və daha yaxşı bir şey olduğunu göstərir, onu həyəcanlandırırdı.

Aramsız olaraq onların yanında qaynayıb daşan, dəyişən bu qayğısız və dalğalı küçə izdihamı içərisində, sanki bəziləri hiss edirdilər ki, bu uşaqlara qarşı nə isə psixoloji bir səhv buraxılmaqdadır: bəziləri dirsəkləri ilə bir-birini dümsükləyir, daha azğın və daha laqeyd olanları qaşlarını qaldırıb həqarətlə gülümsəyir, daha rəhmdil və təcrübəli olanlar isə deyirdilər ki, uşaqların belə mərasimdə iştirak etmələri çox yersiz bir işdir.

Gənc bir kontor xidmətçisi deyirdi:

– Mən, demək olar ki, hər axşam – həftədə azı iki-üç dəfə, bu adamları burada görürəm, – bu gənc xidmətçi, gəzdiyi qız ilə indicə bu saat görüşmüşdü və indi onu restorana aparırdı. O, – yəqin ki, bu, din pərdəsi altında bir fırıldaqdır, – deyə əlavə etdi.

Şəhərin ticarət mərkəzlərinin daimi avaralarından olan qırx yaşlı birisi isə yanında dayanmış zahirən xoşsifətli bir başqasına belə deyirdi:

– Bu iş, bax, o böyük oğlanın ürəyinə yatan iş deyil. Üzündən görünür ki, o özünü çox da yaxşı hiss etmir. Əgər onun bu işə həvəsi yoxdursa, bu boyda oğlan uşağını camaatın qarşısında tamaşaya qoymağın nə mənası var? Axı, o bu dini işlərdən heç bir şey anlamır.

Uşağın orijinal siması ilə maraqlanan o birisi adam:

– Bəli, mən də bu fikirdəyəm, – deyə ona müraciət edənlə razılaşırdı. Uşaq üzünü qaldıranda onun üzündə bir sıxıntı və pərişanlıq görünürdü, üzünə baxan hər bir adam asanlıqla başa düşə bilərdi ki, hələ xasiyyəti bərkiməmiş və icra edilən dini ayinlərin psixoloji və dini mənasını qavraya bilməyən bir uşağı camaat qarşısında yetkin və kamallı adamlara daha münasib olan bu cür çıxışlara məcbur etmək çox faydasız və zalım bir hərəkətdir.

Amma bütün bunlara baxmayaraq, o yenə də ata və anasına tabe olmalı, boynuna düşən işi yerinə yetirməli idi.

İki kiçik uşaq – balaca qız və balaca oğlan, onları əhatə edən şeyləri yaxşı anlamağa hələ çox kiçik idilər, buna görə də onlar üçün hamısı bir idi. Orqan çalan böyük qıza isə, görünür, tamaşaçıların diqqəti, onun zahiri görkəmi və səsi haqqında onların söylədiyi fikirlər hətta xoş gəlirdi, çünki nəinki kənar adamlar, hətta öz ata və anası belə dəfələrlə qıza demişdilər ki, guya onun çox xoş, gözəl və məlahətli səsi vardır, halbuki bu o qədər də düz deyildi. Qızın səsi çox da yaxşı səs deyildi, lakin ata və anası musiqini qanan adam deyildilər. Qız zəif, arıq, heç bir xüsusiyyəti ilə fərqlənməyən bir qız idi, – onda mənəvi qüvvə yaxud dərin kamal əlamətləri də nəzərə çarpmırdı. Buna görə heç də təəccüblü deyildi ki, oxumaq onun üçün heç olmasa, az da olsa, başqalarından fərqlənib diqqəti özünə cəlb etmək üçün yeganə bir vasitə idi.

Ata və ana isə möhkəm qət etmişdilər ki, imkanları daxilində cəmiyyətin mənəvi təmizlənməsinə kömək etsinlər. Birinci dua oxunub qurtardıqdan sonra ata, Allahın mərhəməti və İsanın məhəbbəti sayəsində günahkar insanların ağır vicdan əzabından qurtulub necə sevindikləri haqqında boşboğazlıq etməyə başladı.

Böyük oğlan Klayd və ondan kiçik olan bacısı ilə qardaşı, gözlərini yerə dikib dayanmışdılar, onlar yalnız hərdənbir başlarını qaldırıb atalarına baxırdılar; onlar bu fikirdə idilər ki, bəlkə də, onlar nədən danışırsa, hamısı doğrudur, vacibdir, ancaq hər halda həyatdakı bir çox başqa şeylər qədər əhəmiyyətli və cazibəli deyildir. Uşaqlar bütün bunların hamısını dəfələrlə eşitmişdilər, indi onların gənc və coşqun xəyalları həyatdan daha böyük bir şey, küçə ortasında və yaxud ibadətgahdakı bu vəzlərdən daha mənalı bir şey gözləyirdi.

Nəhayət, ikinci dua oxundu və missis Qrifits kiçik bir nitq deyərək yaxın küçədə yerləşən, rəhbərlik etdikləri ibadətgah haqqında və ümumiyyətlə, həzrəti İsanın vəsiyyətlərinə necə əməl etdikləri barədə danışırdı, bundan sonra onlar dinləyiciləri xoşbəxt edib üçüncü duanı oxudular və ibadətgahın xeyirxah əməlləri haqqında kiçik kitabçalar payladılar. Ailə başçısı Eysa Qrifits isə bir az xırda-para könüllü ianə topladı. Kiçik orqanın qapağını bağladılar, açılıb bükülən stulu yığıb Klayda verdilər, Tövratı və dua kitabçalarını missis Qrifits yığışdırdı və qoca Qrifits orqanın qayışını yenə çiyninə keçirdikdən sonra, bütün ailə ibadətgaha yönəldi.

Bütün bu müddət ərzində Klayd öz-özünə deyirdi ki, o, artıq bu işlə məşğul olmaq istəmir, onun həm özü, həm də ata-anası gülüncdürlər, başqa adamlara oxşamırlar; əgər o icbari olaraq iştirak etdiyi bu çıxışlara qarşı bütün qəzəbini tamamilə ifadə edə bilsəydi, ata və anasına “küçə təlxəkləri” belə deyə bilərdi; o çalışacaq ki, artıq heç vaxt bu çıxışda iştirak etməsin. Axı nə üçün ata və anası onu öz dallarınca salıb küçələri gəzdirirlər? Belə bir həyat onu təmin edə bilməz. Başqa oğlan uşaqları belə işlərlə məşğul olmurlar. İndi o, həmişəkindən daha artıq qətiyyətlə onu bütün işlərdən xilas edəcək bir üsyan qaldırmaq istəyirdi. Qoy böyük bacısı istədiyi qədər orqan çala-çala küçələri dolaşsın, bu onun xoşuna gəlir. Kiçik bacısı və qardaşı isə çox balacadırlar, onlar üçün hamısı birdir. Lakin o…

Arvadı ilə yanaşı yeriyən Qrifits:

– Deyəsən, bu axşam camaat bizə həmişəkindən artıq diqqət göstərirdi, – dedi. Yay axşamının məlahəti ona xoş bir təsir bağışladığına görə o, yoldan ötənlərin həmişəki laqeydliyini öz xeyrinə yozmağa çalışırdı.

– Bəli, cümə axşamı ancaq on səkkiz nəfər dua kitabçası almışdı, amma bu gün iyirmi yeddisi aldı.

Qrifits arvadına və özünə ürək-dirək verməyə çalışaraq:

– İsanın məhəbbəti öz işini görəcəkdir, – dedi, – adamların çoxuna hələ də bu dünyanın kefi və qayğıları hakimdir, lakin onlara bir müsibət üz verdikdə bizim indi səpdiyimiz toxumların çoxusu cücərib boy atacaqdır. Mən buna ürəkdən inanıram. Bu fikir həmişə mənə qüvvət verir. Dərd və günahın ağırlığı axırda bəzilərini tutduqları yolun nə qədər yanlış bir yol olduğunu anlamağa məcbur edəcəkdir.

Onlar bir az əvvəl çıxdıqları darısqal yan küçələrdən birinə döndülər və bir neçə ev keçdikdən sonra geniş pəncərələri və qapısının şüşələri açıq boz şirlə rənglənmiş, birmərtəbəli, sarı rəngli taxta bir binaya daxil oldular. Hər iki pəncərənin eninə və ikiqat qapının yuxarısına belə yazılmışdı: “Mərhəmət qapıları. Dissidentlərin missiyası. Dua yığıncaqları çərşənbə və şənbə günləri, axşam saat 8-dən 10-dək, bazar günləri isə saat 11-də, 3-də və 8-də olur. İbadət qapıları hamının üzünə açıqdır”. Bu yazı altında pəncərələrin hər birinə bu sözlər yazılmışdı: “Allah məhəbbət deməkdir”, bir az aşağıda isə xırda hərflərlə belə bir sual verilirdi: “Sən çoxdanmı anana məktub yazmamısan?”.