banner banner banner
Məntiq
Məntiq
Оценить:
 Рейтинг: 0

Məntiq


2.Məntiq kortəbii təfəkkürün həll edə bilmədiyi bir sıra problemlərin həllinə kömək etməklə yanaşı, başqa elmlərin də məsələ və problemlərinin həlli üçün tədqiqatçılara konkret yollar göstərir, qaydalar verir.

3.Bu elm məntiqi təfəkkürün qarşıya qoyduğu bir çox fəlsəfi, elmi-nəzəri problemlərə cavab verməklə, düşmənlərin və sözbazların məntiqdən sui-istifadəsinə mane olmaqla insanlara əməli kömək edir, qarşıdurmalardan necə çıxmaq yollarını göstərir, bununla da təfəkkür sistemində özünün həqiqi yerini və rolunu müəyyənləşdirir.

F.Engelsə görə, hər cür elm kimi, təfəkkür haqqında elm də tarixi elmdir, yəni məntiq də təfəkkürün tarixi inkişafı haqqında elmdir. Bu o deməkdir ki, tarixi hadisə və proseslərin dəyişməsi və inkişafı ilə məntiq də inkişaf edərək, onun yeni-yeni sahələri meydana gəlmişdir. Aristotelin dövründə “öz fikirlərinin birini digərilə uzlaşdırır” tələbi irəli sürülürdüsə, orta əsrlərdə “öz fikirlərini avtoritetlə (nüfuzlu adamlarla) uzlaşdır” fikri dəbdə idi. Müasir dövrün başlıca tələbi isə belədir: ‘‘öz fikirlərini faktlarla uzlaşdır”.

Son illərdə dövri mətbuatda bir çox alimlər belə mübahisə aparırlar ki, məntiq canlı həyatla əlaqəsi olmayan quru və Aristotelin vaxtından bəri böhran keçirən elmlərdəndir. Birincisi, bu cür mülahizələrin heç bir məntiqi əsası yoxdur; ikincisi, bu söhbətlərdə müxtəlif dövrlərdə ayrı-ayrı alimlər tərəfindən yaradılmış məntiq nəzəriyyələri məntiqin yeni sahələri (semantik məntiq, predikatlar məntiqi, simvolik məntiq, ehtimali məntiq, qeyri-səlis məntiq) diqqət mərkəzindən kənarda qalır; üçüncüsü, məntiqin özünün daim yaradıcı axtarışların və yeni-yeni problemlərin qoyulduğu sahə olması unudulur; dördüncüsü, məntiqin bir elm kimi son nəticədə praktikaya xidmət etməsi yaddan çıxarılır; beşincisi, bu elmin fasiləsiz inkişaf tarixi (bax: “Məntiq kursu, Bakı, 2001-ci il) izlənilmir; altıncısı, məntiq elminin metodoloji əsasını təşkil edən dialektik nəzəriyyə yada düşmür; yeddincisi, məntiq elmində qabaqcıl axın və yönlərin inkişafına barmaqarası baxılır.

Məntiqdə çoxdan qəbul olunmuş belə bir həqiqəti heç bir alim, tədqiqatçı dana bilməz ki, məntiq əşyalar, obyektiv gerçəkliyin predmetləri haqqında deyil, yalnız təfəkkür haqqında elmdir. Ancaq təəssüf ki, bu elmin dialektika ilə eyniləşdirilməsi fikirlərinə də rast gəlirik. Buradan da yanlış nəticə çıxarırlar ki, sanki məntiqilik təfəkkürdə yox, varlığın özündədir. Varlığın özündəki sistemlilik və məntiqilik prosesləri fikrin əlaqələrində düzgün və olduğu kimi əks olunarsa, onda təfəkkürün məntiqiliyindən danışmaq olar. Bəzən belə fikirləşənlərə də rast gəlirik ki, məntiqin özü fəlsəfədir, onun hissəsidir və yaxud, o heç fəlsəfi elm də deyil. Bunun əksini vurğulayan filosoflar da vardır. Onlar hesab edirlər ki, fəlsəfənin özü məntiqdir, onun mahiyyətini təşkil edir. Bu cür yanaşmalarda isə fəlsəfənin dünyagörüşü, ideologiya, metodologiya olması və başqa funksiyaları nəzərə alınmır. Əslində isə, dialektika, məntiq, idrak nəzəriyyəsi bir-birilə vəhdət təşkil etsə də, hər birinin öz tədqiqat obyekti vardır, bunları mütləq mənada eyniləşdirmək olmaz, çünki bunlar vahid fəlsəfi sistemin müxtəlif aspektləridir.

Neopozitivistlər məntiq məsələlərində daha kobud səhvlərə yol verirlər. Onlar təfəkkür prosesində məntiqin rolunu, yerini təhrif edərək, onu dil haqqında təlimə muncər edib söyləyirlər ki, məhz bu cür “məntiq“ həqiqi fəlsəfədir. “Təfəkkürün anlayış-kateqorial aparatı” (Bakı, 2003) adında fundamental bir əsər yazan prof. N.Hüseyinli də bu mövqedə durur. R.Dekart və C.Lokkun fikirlərinə istinad edən müəllif məntiqə xüsusi elm kimi yanaşmaqla, onu “təfəkkür haqqında deyil, söz, ad və işarələrdən düzgün istifadə qaydaları haqqında elm“ adlandırır. Bununla da hörmətli N.Hüseyinli məntiqi dilçilik elmi ilə eyniləşdirir.

Əslində isə həqiqəti aşkara çıxaran, tarixi inkişafın çətin sınaqlarından keçmiş məntiq konkret, xüsusi elm deyil, müstəqil fəlsəfi elmlərdəndir. Məntiqi fəlsəfi elmlər sahəsindən ayırmağın heç bir elmi əsası yoxdur. F.Engelsin göstərdiyi kimi, konkret elmlər fəlsəfədən ayrıldıqdan sonra, təfəkkür və onun qanunları haqqında nəzəriyyə formal məntiq və dialektika fəlsəfə dairəsində qalmışdır.

Dövri mətbuatda məntiq elminin indiki durumu, onun inkişaf mərhələləri və problemləri haqqında gedən mübahisələrin əsas predmeti bir tərəfdən formal məntiqin mahiyyəti, riyazi məntiqə münasibətidirsə, digər tərəfdən bu elmin dialektik məntiqlə qarşılıqlı əlaqəsidir. Bu barədə geniş məlumat almaq məqsədilə M.İsrafilovun 2001-ci ildə nəşr olunmuş “Məntiq kursu“ kitabına baxmaq olar. Ona görə də biz bu problemə münasibətdə məntiqçilər arasındakı fikir ayrılığına qısaca toxunmaq istərdik.

Formal məntiqin şərhində fikir ayrılıqlarının əsas səbəbi məntiq elmi haqqında müxtəlif konsepsiyaların olmasıdır. Bəzi alimlər hesab edir ki, məntiqin predmeti problemi heç vaxt öz dəqiq şərhini ala bilməyəcəkdir, çünki hazırda bir yox, bir neçə məntiq (formal, dialektik, simvolik, konstruktiv, qeyri-səlist və s.) elmi vardır. Əlbəttə, hər bir şəraitdə, hər bir vaxt məntiqin problemləri işlənməlidir, ona heç kim etiraz edə bilməz, buna təbii proses kimi baxmaq lazımdır. Kainatda hər şey dəyişildiyinə və inkişaf etdiyinə görə, elm də dəyişir, inkişaf edir. XIX əsrin ortalarında riyazi məntiqin yaranması ilə elmi ədəbiyyatda belə bir fikir formalaşmağa başlayır ki, simvolik məntiq məntiqi biliklərin inkişafında yüksək mərhələ olduğundan formal məntiqin bütün problemlərini həll edəcəkdir. Burada əsas səhv ondadır ki, onlar formal məntiqi riyazi məntiqlə tamamilə eyniləşdirirdilər. Fikrimizcə, riyazi məntiq ümumi məntiqdəki elmi fikir və mülahizələrin işarə və simvollarla öyrənilməsidir. Bir çox alimlərin fikrincə, riyazi məntiq predmetinə görə məntiq, metoduna görə riyaziyyatdır, ona görə və predmet və tədqiqat metodu baxımından formal olduğu üçün formal məntiqin problemlərini həll edə bilməz. Bu elmləri mütləq mənada nə bir-birindən təcrid etmək, nə də eyniləşdirmək olar. Əslində simvolik məntiq zaman və məkan əlaqələrini öyrənir, həqiqətin aşkara çıxarılmasını öz qarşısına məqsəd qoymur. Riyazi məntiqin inkişafında formal məntiqin rolunu da danmaq mümkün deyildir. Burada fəlsəfi məntiqin iki aspektini (1.Dünyagörüşü məsələsi, 2.Metodoloji funksiyası) qeyd etməmək həqiqətdən uzaqlaşmaq olardı. Simvolik məntiqin əsas xüsusiyyəti mülahizələrin məzmununa görə deyil, ardıcıllığına görə nəticə çıxarmasıdır.

Riyazi məntiq formal məntiqin bir çox problemlərini əhatə edə bilsə də, onu tamamilə əvəz edə bilməz, çünki riyazi məntiqin “dili“ hər cür məzmundan təcrid olunmuş formallaşdırma dilidir, ənənəvi məntiq isə təfəkkür fenomenini məzmunlu analiz metodunun köməyilə tədqiq edir. Ənənəvi məntiq təfəkkürün formalarını konkret tədqiqat obyekti kimi öyrəndiyindən, bu elmi bir çox kitablarda formal məntiq kimi də verirlər. Onun əsas işi formallaşdırma metodu deyil, adi canlı dildə ifadə olunan adi anlayışlardır. Riyazi məntiq təfəkkürün forma və qanunlarının məzmununu və spesifik xüsusiyyətlərini heç vaxt aşkara çıxara bilməz.

Formal məntiq idrak haqqında, dəqiq desək, idrakda təfəkkürün rolundan, əhəmiyyətindən bəhs edən elmdir, odur ki, onun metodoloji aspektini gözdən qaçırmaq bizi yanlışlığa aparıb çıxara bilər. E.Voyşvillo da riyazi məntiqi formal məntiqin inkişafının yeni mərhələsi adlandırır. Bununla da formal məntiq qnoseoloji və ümumfəlsəfi məsələlər dairəsindən kənarda qalır.

Beləliklə aydın olur ki, müstəqil fəlsəfi elmlərdən olan məntiq – təfəkkürün nəzəriyyəsidir. Bu keyfiyyəti riyazi məntiqə aid etmək yanlış fikirdir. Riyazi məntiqin predmeti məntiqi sistemlərin məzmunudur. Məhşur gürcü alimi L.Qokielinin “Məntiqiliyin təbiəti haqqında (Tbilisi, 1958) monumental tədqiqat əsərində belə bir fikir çox maraqlıdır. O, riyazi məntiqi öz metod və predmetinə görə riyazi elmlərə, məntiqi isə, hesablama xarakterinə malik olmadığına görə, fəlsəfi elmlərə aid edir. Biz məntiqə aid yazılmış bir çox əsərlərdə zidd fikirlərə də təsadüf edirik. D.Qilbert və V.Akkermanın “Nəzəri məntiqin əsasları“ əsərinin rus dilinə tərcüməsinin müqəddiməsində S.Yankovski riyazi məntiqi riyaziyyatın hissəsi adlandırır. Bəzən də bu elmə riyaziyyatın və məntiqin hissəsi kimi baxırlar. Alman alimi Y.Qünter də riyazi məntiqi riyaziyyatın hissəsi adlandırır. Onun “məntiqin məqsədi – məntiqiliyin izahıdır, logistikanın (r. məntiqin – M.İ.) məqsədi isə hesablamaların qurulmasıdır” fikrilə tam razılaşmaq olar. Alimin belə bir müddəası də doğrudur ki, “məntiqin metodu – anlayışların təhlilidir, logistikanın metodu – simvolların sintezidir”. Bu fikirdən çıxan nəticə odur ki, məntiq fəlsəfi elmlərə, logistika isə riyaziyyata daxildir. Aydın olur ki, məntiqilik məntiqi əlaqələr, anlayışlar, hökmlər, əqli nəticələr və başqa fikir formaları arasında mövcuddur, lakin bu əlaqələri insan simvolik işarələrlə ifadə edə bilir, bu isə hər iki elmin qarşılıqlı əlaqə və qarşılıqlı təsirini aşkara çıxarır.

Xarici ölkə alimlərindən Q.Karrinin “riyazi məntiq fəlsəfi zəmindən azaddır" fikrilə isə heç cür razılaşmaq olmaz, çünki bütün elmlər fəlsəfə ilə əlaqəlidir və ona əsaslanır. Fəlsəfənin riyazi məntiqin formalaşması və inkişafında əhəmiyyətini iki aspektdən: 1.Dünyagörüşü, 2.Metodoloji izləmək olar. Fəlsəfi analizsiz formallaşdırma metodunun tətbiqinin mahiyyətini dərindən aşkara çıxarmaq mümkün deyil. Bütün elmlərin fəlsəfi məsələləri olduğu kimi, riyazi məntiqin də fəlsəfi problemləri vardır. Örnək üçün bircə misal gətirək. Klassik və konstruktiv yönlər arasındakı fərqin fəlsəfi əhəmiyyətini öyrənməyin riyazi məntiq elminin inkişafında böyük əhəmiyyəti vardır. Riyazi məntiqdə tədqiqatın ən güclü silahı olan formallaşdırma metodu isə fəlsəfi təfəkkürün nəticəsidir. Yekun olaraq deyə bilərik ki, formal məntiq predmetinə görə formal, tədqiqat metoduna görə məzmunlu xarakter daşıyır. Lakin riyazi məntiq isə həm predmetinə, həm də tədqiqat metoduna görə formaldır.

Riyazi fizika, kimya, dilçilik, statistika və digər elmlər riyazi metodlardan istifadə etsə də bu metod fizikanın, kimyanın, dilçiliyin, statistikanın bütün tələblərini əhatə etmir, edə də bilməz. Eynilə də riyazi məntiq predmetinə görə məntiq, metodlarına görə riyaziyyat olsa da, formal məntiqin bütün problemlərini, sahələrini əhatə etmir, onu heç vaxt əvəz də etməyəcəkdir.

Bir qədər də formal və dialektik məntiqin qarşılıqlı əlaqəsinə müraciət edək. Dialektik məntiq dialektik təfəkkür və dialektik metod nəzəriyyəsi kimi yüz ildən çoxdur ki, mövcuddur. Bu elm məntiqi biliklərin inkişafında ən yüksək mərhələdir və elmi-nəzəri idrakın günbəgün artan bütün tələblərinə cavab verə bilir. Dialektik məntiqin prinsip və metodları bu gün iqtisadiyyata, biologiyaya, kimyaya, fizikaya və digər xüsusi elmlər sahəsinə daha sürətlə nüfuz edir, onun müddəa və prinsipləri əsasında sosial həyatın bütün sahələrində mövcud olan külli miqdarda faktların dərindən ümumiləşdirilməsi və gələcək inkişaf yollarının proqnozlaşdırılması həyata keçirilir. Elmi biliklərin müasir səviyyəsi fikirlərimizin predmet və hadisələrin dialektik tələbinə nüfuz etməsilə xarakterizə olunur. Dialektik məntiq təfəkkürü həqiqətə nail olmağın silahı kimi öyrənir. Sosial gerçəkliyin elə bir sahəsi yoxdur ki, orada dialektik məntiqin metodlarından, prinsip və qanunlarından istifadə olunmasın. Lakin bu o demək deyil ki, burada həll ediləsi problem yoxdur. Bu sahədə öz həllini gözləyən bir sıra problemlərin zəruriliyini göstərə bilərik: 1.Dialektik məntiqin predmeti, problemləri və onun başqa fəlsəfi elmlər arasında yeri; 2.Dialektik məntiqin qanunlarının, forma və kateqoriyalarının xüsusi məzmununun aşkara çıxarılması məsələləri; 3.Dialektik məntiqin bir tərəfdən formal məntiqə, digər tərəfdən riyazi məntiqə münasibəti problemləri; 4.Dialektika ilə dialektik məntiqin qarşılıqlı əlaqə və təsirinin aşkara çıxarılması; 5.Təfəkkürdə məntiqiliyin xüsusiyyətlərini müəyyən etmək problemləri və s.

Elmi biliklərin çağdaş inkişaf səviyyəsi fikrin, əşyaların və hadisələrin dialektik təbiətinə daha dərindən nüfuz etməsini tələb edir. Müxtəlif elmlərin nümayəndələri, alimlər öz araşdırmalarında daim əksliklərin vəhdəti və mübarizəsinin başqaları ilə əvəz olunması proseslərilə qarşılaşırlar. Elm öz xarakterinə görə daha çox dialektik forma kəsb edir. Belə şəraitdə hadisə və proseslərin obyektiv dialektikasını təhlil etmək, başqa sözlə, dialektik tədqiqat metodlarına yiyələnmək bacarığı tələb olunur. Məsələn, fizika elmi hissəciklərin qarşılıqlı əlaqəsinin ziddiyyətli təbiətini nəzərə almadan inkişaf edə bilməz. Assosasiya və dissosasiya (birləşmə və dağılma), kimyəvi birləşmə və qarışıq – atom və subatom formalarının hərəkəti və s. prosesləri öyrənmədən kimya elminin mövcudluğundan danışmaq mümkün deyildir. Orqanizm və mühitin qarşılıqlı əlaqəsinin, irsiyyət və dəyişkənliyin, səbəbiyyət və qanunauyğunluğun qarşılıqlı əlaqəsini təhlil etmədən bioloji biliklərin inkişafından danışmaq ağlasığmazdır. Müasir elmlərdən kibernetika çox sürətlə inkişaf edən elm sahələrindəndir. Onun inkişafını düzünə və əks əlaqə, səbəb və fəaliyyət, inikas, siqnal və bu kimi fundamental dialektik anlayışlardan kənarda təsəvvür etmək olmaz. Vurğulamaq yerinə düşər ki, bugün dialektik məntiqin problemlərinin nəzəri cəhətdən işlənməsi sahəsində müəyyən nöqsanlar da vardır: Birincisi, dialektik məntiq sahəsində elmi tədqiqatların səviyyəsi çox aşağıdır və bizi qane etmir; İkincisi, konkret elmlərin nümayəndələri dialektik məntiqin müddəa və nəticələrindən öz işlərində az istifadə edirlər; Üçüncüsü, yalnız simvolik məntiqi qəbul edən və dialektik məntiqin əhəmiyyətini dəyərləndirə bilməyən opponentlərə qarşı zəif mübarizə aparılır. Bunun əsas səbəbi isə dialektik məntiqin bəzi problemlərinin mətbuatda zəif işıqlandırılması və təhsil-elm sahələrinə rəhbərlik edən məmurların laqeydliyidir.

Elmi ədəbiyyatda dialektik məntiqin predmeti və məzmunu haqqında fərqli baxışlara da təsadüf edirik. Bir qrup alim belə hesab edir ki, dialektik məntiq elə dialektikadır, ona görə də hansısa bir məntiqin yenidən yaranmasına ehtiyac yoxdur. Başqaları isə onu dialektikanın idrak nəzəriyyəsi kimi qəbul edirlər. Üçüncü qrup isə dialektik məntiqi təfəkkürlə məşğul olan fəlsəfə sahəsi adlandırır. Elə filosoflar da vardır ki, onlar dialektik məntiqi formal məntiqlə eyniləşdirir və yanlış olaraq onu əqli nəticə ilə sillogizm haqqında təlim adlandırırlar.

Dialektik məntiq gerçəklikdəki predmet və hadisələri öyrənmədiyinə görə onu nə bütün varlılığı tədqiqat obyekti kimi gözdən keçirən və geniş təlim olan dialektika ilə eyniləşdirmək, nə də idrak problemləri haqqında nəzəriyyə saymaq olar. Vahid fəlsəfi sistemin aspektlərindən hər birinin öz xüsusi tədqiqat sahəsi vardır. Bunları nəzərə almamaq tədqiqatçıları yanlış nəticələrə çıxarır. Deyilən fikirlərdən çıxış edərək, dialektik məntiqə belə tərif vermək olar: Dialektik məntiq elmi nəzəri təfəkkürün obyektiv forma və qanunlarının təşəkkülü, dəyişilməsi, inkişafı haqqında, habelə bu dəyişmə və inkişafda istifadə olunan məntiqi vasitələrdən, metodlardan və onları yoxlamaq üsullarından bəhs edən elmdir.

Zənnimizcə, bu tərif konkret və dəqiqdir. Lakin məntiqə aid ədəbiyyatda bu termin geniş mənada işlənildikdə, onda dialektik məntiq fəlsəfə ilə (xüsusilə dialektika ilə) tamamilə eyniləşir. Bu termini sözün dar anlamında götürdükdə, onu dialektikanın xüsusi tərəfi, funksiyası kimi başa düşürlər. Bu iki çaları dəqiq fərqləndirməmək tədqiqatçıları dolaşığa və boş mübahisələrə gətirib çıxarmışdır.

Bundan başqa, “metod”, “metodologiya” və “idrak nəzəriyyəsi“ kimi sözügedən anlayışların məzmun və həcmini dəqiqləşdirmək, onların arasındakı nisbəti müəyyən etmək vacibdir. Çünki bu cür yanaşma üsulu fəlsəfi biliklər sistemində dialektik məntiqin yerini aşkara çıxarır.

Əgər desək ki, dialektik məntiq “qeyri-dialektik məntiq“dən onun dialektik metoda istinad etməsilə fərqlənir – bu mülahizə də doğru olmaz, çünki formal məntiq də mühakimə prosesində yol verilən təhrifləri tez-tez “dialektikləşdirir“. Digər tərəfdən, fizika, kimya, biologiya və başqa elmlərdə də dialektik metoddan istifadə olunur. Lakin heç kim buna görə həmin elmləri “dialektik fizika“, “dialektik biologiya“ adlandırmır, buna ehtiyac da yoxdur.

Dialektikanın qanunları varlığın bütün sahələrində (təbiətdə, cəmiyyətdə, təfəkkürdə) fəaliyyət göstərir, lakin bu sahələrin hər birində özünəməxsus təzahür edir. Dialektik məntiq də eynilə dialektika qanunlarının təfəkkürdə təzahürünün spesifikliyini aşkara çıxarır. Onda sual oluna bilər ki, əgər fəlsəfə təbiətin, cəmiyyətin və təfəkkürün ümumi inkişaf qanunları haqqında elmdirsə, onda təfəkkürün dialektikasını öyrənmək üçün ayrıca bir elmə nə ehtiyac vardı? Digər tərəfdən, təfəkkürün dialektikası haqqında elm vardısa, onda fiziki, kimyəvi, bioloji və başqa proseslər haqqında ayrıca elm olmasınmı? Aydındır ki, bu sahələrin hər birində dialektikanın qanunları spesifik formada aşkara çıxır. Bundan başqa, məgər təfəkkürün dialektikası idrak nəzəriyyəsində öyrənilmirmi? Heç kim danmır ki, təfəkkürün təbiəti haqqında təlim və onun idrak prosesində rolu həmişə fəlsəfədə diqqət mərkəzində olmuşdur.

Bizə belə gəlir ki, dialektik məntiqin problemlərinin işlənməsində bəzi filosofların uğursuzluğu onlarda dialektik məntiq haqqında dəqiq anlayışın olmamasındandır. Dialektik məntiqin özülü, təməl daşı olan dialektik təfəkkürsüz nə onun problemlərini işləmək, nə də bu elmi əleyhdarlardan qorumaq olar.

Heç bir analogiya gətirmədən, qəti şəkildə demək olar ki, izafi dəyər kateqoriyası olmadan, kapitalizmin siyasi iqtisadı olmadığı kimi, dialektik təfəkkürsüz də dialektik məntiqin varlığından danışmaq mümkün deyildir. Dialektik təfəkkür kateqoriyasının dialektik məntiqin inkişafında fundamental əhəmiyyəti vardır. Buna görə də “dialektik təfəkkür” və “təfəkkürün dialektikası” anlayışlarını eyniləşdirmək yanlış fikirdir. Təfəkkürün formalaşdığı gündən həmişə dialektik məqamlar olmuşdur. Dialektik təfəkkür isə inkişafın müəyyən mərhələsində yaranır və bu keyfiyyət bütün insanlara xas deyildir. F.Engelsin dediyi kimi, dialektik təfəkkürün ilkin zəmini anlayışların təbiətini tədqiq etməklə bağlıdır və bunun özü inkişafın yüksək mərhələsində meydana gəlmişdir. Bəzən dialektik məntiqi dialektikanın hissəsi sayırlar ki, bu cür yanaşma da doğru deyildir, çünki “hissə“ kateqoriyası “tam“a tətbiq olunmur. Cins və növ anlayışında isə vəziyyət başqa cürdür, cins haqqında söylənilən fikri növə aid etmək olur.

Dialektik məntiqi bütövlükdə dialektikanın aspekti, tərəfi kimi saymaq daha ağlabatandır, çünki fəlsəfə öz aralarında üzvi bağlılıqda olan üç funksiyanı yerinə yetirir: Birincisi, bu gerçəklik haqqında daha çox ümumi görüşlər sistemi kimi dünyagörüşüdür. İkincisi, fəlsəfə idrak prosesinin metodu, metodologiyası, instrumentidir. Üçüncüsü, başqa aspektlərilə birgə, sosial proseslərə rəhbərliyin elmi əsasına xidmət edir. Deməli, dialektik məntiq – dialektikanın metodoloji tərəfidir, funksiyasıdır, onu dialektikadan ayırmaq yanlış nəticələrə gətirib çıxara bilər. Digər tərəfdən, dialektik məntiq XIX əsrin I yarısında Hegel tərəfindən yaradılmış, sonralar Marks, Engels, Lenin, müasir dövrdə isə bir çox xarici ölkələrdə, postsovet məkanında fəaliyyət göstərən filosoflar tərəfindən inkişaf etdirilmişdir və etdirilir. Dialektik məntiqin metodoloji xarakter kəsb etməsi qətiyyən onun müstəqil məntiq elmi olmasını istisna etmir.

Dialektik məntiqi məzmunlu məntiq də adlandırırlar. Bu fikrin doğruluğunu danmaq olmaz. Çünki məntiq təfəkkürün formaları ilə yanaşı, onun məzmununu da öyrənir. Lakin səhv onda ola bilər ki, biz sadə dəyişmə aparıb deyək ki, məzmunlu məntiq elə dialektik məntiqdir. Xarici ölkələrdə müxtəlif alimlər tərəfindən yaradılan çoxlu məzmunlu məntiqi sistemlərin olmasını da nəzərə çatdırmaq gərəkdir. Dialektik məntiqi inkişaf etdirmək üçün sadəcə təfəkkürün yox, dialektik təfəkkürün məzmunu ilə məşğul olmaq lazımdır. Çünki təfəkkürün məzmunlu problemləri çoxdur, lakin onların hamısını dialektik məntiqə aid etmək yanlışdır.

Bütöv fəlsəfi sistemin yuxarıda adlarını çəkdiyimiz aspektləri bir-biri ilə eyniyyət təşkil etsə də, onun spesifik fərqli cəhətlərini qeyd etmək olar. Dialektika maddi və ideal proseslərə xas olan inkişafın ən ümumi qanunlarını öyrənir. Dialektikanın müxtəlif qanunlarında formulə olunan müddəaların böyük metodoloji əhəmiyyəti vardır. Bu müddəalardan dialektik təfəkkür bir yaraq, idrak silahı kimi istifadə edir.

Elmi müddəa və nəticələrin tədqiqat işlərində tətbiqinə dialektika dialektik metod verir. Lakin dialektik metod dialektika nəzəriyyəsinin sadəcə təkrarı deyil, onun nəticələrinin təfəkkürdə, idrakda tətbiqidir. Deməli, struktur dialektik metod müxtəlif məntiqi formalardan, kateqoriyalardan və təfəkkür üsullarından ibarətdir.

Bununla yanaşı, təfəkkürün hər cür metodu kimi dialektik metodu da öyrənmək, nəzəri cəhətdən yenidən işləmək vacibdir ki, onun haqqında yaradılmış təlimdən tədqiqat işlərində uğurla və şüurlu surətdə istifadə edilə bilsin. Bununla dialektik məntiq məşğul olur. Dialektik məntiq təfəkkürün dialektik metodu nəzəriyyəsi olmaqla, təfəkkürdə dialektikanın qanun və kateqoriyalarının tətbiqi haqqında təlimdir. Bu cür qarşılıqlı əlaqədə dialektik metod dialektik məntiqin tədqiqat obyekti, dialektik məntiq isə bu obyekt haqqında elm kimi çıxış edir.

Beləliklə, dialektika, dialektik metod və dialektik məntiq bir-birilə tam vəhdət təşkil edir. Onların qarşılıqlı əlaqəsinə hissə və bütövün əlaqəsi kimi yox, bunlardan birinin digərinə ardıcıl tətbiqi və ifadəsi kimi baxmaq lazımdır. Dialektikanın bu prosesə tətbiqi dialektik metodu verir, dialektik metodun öyrənilməsi isə dialektik məntiqin zəruriliyini aşkara çıxarır.

Təəssüf ki, dialektik metod nəzəri cəhətdən hələ də mükəmməl işlənməmişdir. İntuitiv şəkildə hamı bilir ki, dialektik metod nədir və onun elmi idrakda, fəaliyyət prosesində nə kimi əhəmiyyəti var. Lakin intuisiya heç vaxt problemin, nəzəriyyənin elmi-nəzəri cəhətdən işıqlandırılmasını və həllini əvəz edə bilməz.

Yuxarıda göstərilən fikirlərə əsaslanaraq dialektik metodun bəzi məsələlərinin müzakirəsini zəruri hesab edirik. 1.Dialektik təfəkkürün məntiqi forma və qanunları sistemində dialektik metodun rolu və əhəmiyyətini aşkara çıxarmaq; 2.“Dialektik metod” və “şüurlu dialektik təfəkkür” anlayışlarını fərqləndirmək; 3.Dialektikanın kateqoriya və qanunlarının dialektik metodda mənasının dəyişdirilməsinin xüsusiyyətləri; 5.Dialektik metodun konkret forma və üsullarının tapılması, onların sosial proseslərə tətbiqi və s.

Burada – dialektik məntiqin forma və qanunlarının xüsusi izahına da ehtiyac olduğunu düşünürük. Hər bir elmin öz xüsusi qanunlarının olduğuna heç kim şübhə etmir, hər bir elm öyrəndiyi sahənin qanunlarını aşkara çıxarır. Əgər elmdə qanunlar yoxdursa, onda o elm deyil, yaxud elm səviyyəsinə hələ yüksəlməyib.

Dialektik məntiq sahəsində fəal iş aparan rumın alimi A.Joja haqlı olaraq, belə bir sual qoyurdu: Dialektik məntiqin xüsusi, spesifik qanunları vardırmı? Özü də buna müsbət cavab verirdi.

Rus filosoflarından V.Kedrov da bu mövqedə durur və qeyd edir ki, idrakın spesifik qanunları dialektikanın ümumi qanunlarının özüdür və təfəkkür sahəsinə tətbiq edildikdə spesifik formada mənası dəyişilir.

Biz də adını çəkdiyimiz alimlərlə həmrəyik, lakin sadəcə desək ki, dialektik məntiqin qanunları elə dialektikanın qanunlarıdır, onda biz bu qanunların təfəkkürdə rolunu və məntiqi mənasını hələlik aşkara çıxarmamışıq, çünki onlar bizim subyektiv, yaradıcı fəaliyyətimizin qanunları kimi çıxış etmir.

Dialektikanın əksliklərin vəhdəti ilə mübarizəsi qanununun əşyalarda fəaliyyəti, onun insanlar tərəfindən dərki bir işdir, bu qanun haqqında əldə edilən biliklərin təfəkkür prosesinə hansı üsullarla tətbiqi başqa bir iş. Bu biliklərin təfəkkürdə dəyişilməsinin xüsusiyyətlərini nəzərdə tutmaq vacibdir. Bir əksliyin digərini inkar etməsi və bu əksliklər arasındakı mübarizə hər cür inkişafın, dəyişikliyin hərəkətverici qüvvəsidir. Buna görə də dialektik məntiq nəinki predmetin, əşyaların ziddiyyətlərini aşkara çıxarmağı, həm də ziddiyyətlərin necə və hansı məntiqi üsullarla aradan qaldırılmasını öyrənir.

Dialektik məntiqin əleyhdarlarından Eyler, Yaspers, Qurviç və başqaları heç bir əsas, arqument göstərmədən dialektik məntiqin idrakı əhəmiyyətini büsbütün inkar edirlər; sanki dialektikanın köməyilə faydalı olan hər şeyə haqq qazandırmaq olar. Onlar hətta söyləyirlər ki, dialektikanın formal məntiqi, ümumiyyətlə diskursiv təfəkkürü doğrudur. Bu cür fikirlərin heç bir məntiqi əsası yoxdur, əksinə, dialektika əks xassə və tərəflərin köməyi ilə səmərəli şəkildə idrakın məqsədlərinə xidmət edir; “faydalı olan hər şeyə haqq qazandırmaq olar“ qənaətini qəti rədd edir, “diskursiv“ təfəkkürü daha da möhkəmləndirir və cilalayır.

Tamamilə aydındır ki, əksliklərin vəhdəti və mübarizəsi qanununun məntiqi tərəfi gerçəkliyin “ontoloji“ tərəfinə istinad etsə də, onun sadəcə oxşarı deyildir. Burada təfəkkürün spesifikliyi gözdən keçirilir, obyektin dərkində onun bütün xassələri, tərəfləri o dəqiqə əhatə olunmur, qabaqca bir tərəfi, sonra xassələri təhlil olunur ki, bunu da dialektik məntiq aşkara çıxarır.

Dialektik məntiq təfəkkürdə yalnız dialektikanın əsas qanunlarının fəaliyyətini deyil, onun əsas anlayış və kateqoriyalarının nisbətini də öyrənir. Təfəkkür formalarının dialektikası dialektik məntiqin məzmununu təşkil edir. Leninin dediyi kimi, “anlayışların münasibətləri (= keçmələri = ziddiyyətləri) = məntiqin başlıca məzmununu və onların münasibətləri (keçmələri, ziddiyyətləri) obyektiv dünyanın inikası kimi göstərilmişdir.

Deyilənlərdən nəticə çıxır ki, hər bir adam məntiq elminə yaxşı yiyələnərsə, onun qanun və prinsiplərini idrak nəzəriyyəsinə və praktikaya yaxşı tətbiq edəcəkdir. Biz dialektik məntiqin qanunlarından yalnız birinin (dialektik ziddiyyətlər qanunu) təhlilinə qısa nəzər yetirdik. Məntiqdə bu cür xüsusi qanunlar çoxdur, onları dialektikanın üç məlum qanununa müncər etmək olmaz. Dialektikanın bütün kateqoriyalarının (forma və məzmun, fərdi və ümumi, mahiyyət və hadisə və s.) təfəkkür prosesinə tətbiqi planında onlar dialektik məntiqin qanunları xarakterini ala bilər. Buna görə də “dialektik məntiqin spesifik qanunları yoxdur“ deyən alimlərin mövqeyilə razılaşmaq mümkün deyil. Dialektikanın qanunlarının məntiqi təfəkkürdə təzahürünü dialektik məntiq öyrənir. Bununla belə, bu qanunların növü, onların formulə edilməsi haqqında da danışmaq mümkündür.

Məsələn, akademik A.Joja dialektik məntiqin qanunlarını formal məntiqin qanunlarına simmetrik formada yenidən işləyir. Burada eyniyyət qanununu konkret eyniyyət qanununa, ziddiyyət qanunu isə ziddiyyətli predikasiyaya, başqa sözlə, subyektin mənasını predikatda təyinetmə qanununa uyğun gəlir. Bir çox alimlərin dialektik məntiqin qanunlarına yanaşma üsulu müxtəlif olsa da, onu inkar etmirlər. Problemin mahiyyəti də bundadır. Vaxtilə F.Engels “Anti-Dürinq” əsərində dialektik təfəkkürün qanunlarından danışarkən təbiətşünaslığın inkişafı nəticəsində toplanmış külli miqdarda faktların təhlili və ümumiləşdirilməsində dialektik təfəkkürün qanunlarının zəruriliyi məsələsini vurğulamışdı. Şübhə yoxdur ki, dialektik təfəkkürün ən mühüm formaları Aristotel tərəfindən tədqiq olunmuşdur. Bir halda ki, dialektik təfəkkür təfəkkürün ali pilləsidir, onda onun anlayış, hökm və əqli nəticə kimi təfəkkür formalarında dialektikcəsinə aşkara çıxması aksiomdur. Bu mənada dialektik təfəkkür formal məntiqin öyrəndiyi adi formalardan kənarda inkişaf edə bilməz, lakin onun özünün də istinad etdiyi anlayışlar sistemi vardır. Nəhayət, təfəkkür prosesində formal və dialektik aspektlərin qarşılıqlı əlaqəsini dərindən öyrənmək marağında olan hər bir alimə, tədqiqatçıya M.İsrafilovun “Təfəkkür: formal və dialektik aspektlərin nisbəti” (Bakı, 1998) kitabını oxumağı məsləhət bilərdik.

Məntiqin aktual problemlərinin təhlilindən sonra hər bir mövzu haqqında konkret məlumatlar verməyə çalışacağıq. Düşünürəm ki, burada əsas diqqəti məntiq elminin problemlərinə yönəltmək daha doğru olardı.

Birinci mövzu

MƏNTİQİN PREDMETİ VƏ ONUNƏHƏMİYYƏTİ

Zəngin və qədim tarixə malik olan ümumbəşəri məntiq elmi, başqa elmlər kimi, istifadə etdiyi məntiqi qaydaların, üsulların, metodların və qanunların köməkliyi ilə mühakimələrin təhlili və düzgün nəticələrin alınması ilə maraqlanır. Hər bir elmin predmet və məzmununun öyrənilməsində həmişə "necə", "nə cür", "hansı" və b. suallardan istifadə olunur ki, bunlar da "O düzgünmü mühakimə yürüdür?" cümləsindəki başlıca məntiqi komponenti əks etdirir. Bu baxımdan, məntiqin biliklər, konkret elmlər sistemində tutduğu yeri onun rolunu, əhəmiyyətini müəyyənləşdirmək gərəkdir. Buna görə də tələbələrin ilk növbədə elmlərin obyektinə görə tədqiqat bölgüsünü (təsnifini) bilməsi vacibdir.

Müasir dövrdə təbiəti və cəmiyyəti öyrənən çoxlu elm sahəsi vardır. Tədqiqat obyektindən asılı olaraq, bütün elmləri təbiətşünaslıq (fizika, kimya, riyaziyyat, biologiya və s.) və cəmiyyət haqqında olan elmlərə (tarix, sosiologiya, politologiya, hüquqşünaslıq və s.) bölmək olar.

Məntiqin predmetini öyrənmək məqsədilə əvvəlcə bu sözün, yaxud terminin hərfi anlamını, sonra isə elmi tərifini, problemlərini gözdən keçirək.

"Məntiq" ərəb sözü olub hərfən zəka, ağıl, fikir, anlayış, qanunauyğunluq, nitq, mühakimə anlamlarına gəlir. Bunun yunancası "loqos"dur ki, ruscadakı "loqika" da buradandır. Lakin bu sözlər məntiq termininin elmi mənasını əhatə etmir. Hazırki dövrdə bu termini aşağıdakı mənalarda işlədirlər:

Birincisi, bu söz obyektiv aləmin predmet və hadisələrinin dəyişilmə və inkişafı qanunauğunluqlarını bildirir. Bir çox filosoflar "məntiq" sözünü bu anlamda işlədirlər. Onda aydın olur ki, müxtəlif tarixi dövrlərdə baş verən inqilabların, kütləvi iğtişaşların, tətillərin və s. özünün obyektiv məntiqi vardır. Söhbət gerçəklikdəki əşya və hadisələr arasındakı əlaqələrin inkişaf qanunauyğunluqlarından getdiyi hallarda bu prosesin özünü obyektiv məntiq adlandırmaq olar.