banner banner banner
80 gün dünya ətrafında
80 gün dünya ətrafında
Оценить:
 Рейтинг: 0

80 gün dünya ətrafında

– Hamısı nəzərə alınıb, – Foq dedi.

– Yaxşı, bəs hinduların qatarlara hücumu necə? – Stüart istehza ilə soruşdu.

– Dedim axı, hər şey nəzərə alınıb, – Foq bu sözləri sakit səslə təkrarlayandan sonra əlindəki kartları açıb göstərdi və ortaya iki kozır[10 - Kozır – kart oyununda oyunçulara ən yüksək xal qazandıran kartlar] atdı.

– Nəzəri cəhətdən, bəlkə də, siz haqlısınız, – Stüart yerdəki bütün kartları toplayıb dedi, – amma praktikada…

– Praktiki olaraq da haqlıyam, cənab Stüart, – Foq dilləndi.

– Sizin bunu praktikada necə həyata keçirdiyinizi öz gözlərimlə görmək istərdim.

– Buyurun, birlikdə sınaqdan keçirək, – Foq dedi.

– İşim-gücüm qurtarmışdı, – Stüart istehza ilə güldü. – Lakin dörd min funtdan mərc gələ bilərəm ki, bu, mümkün deyil!

– Tamamilə mümkündür.

– Onda sizə bunu reallaşdırmağı təklif edirəm!

– Səksən günə dünyanı dövr eləməyi?

– Bəli.

– Məmnuniyyətlə.

– Nə vaxt?

– Elə bu saat.

– Bu ki ağılsızlıqdır! – Stüart əsəbiləşdi. Cənab Foqun hazırcavablığı onu özündən çıxarmışdı. Bir az fikirləşəndən sonra isə dilləndi: – Yaxşı, qoy siz deyən olsun. Mən dörd min funt qoyuram.

– Əzizim Stüart, özünüzü ələ alın, bu ki ciddi söhbət deyil, – bankir Fallenten dözməyib söhbətə qarışdı.

– Mən mərc gəlirəmsə, deməli, ciddidir, – Stüart pörtmüş halda dilləndi.

– Razıyam! – Foq dedi. – Mənim Berinq qardaşlarının bankında iyirmi min funtum var.

– Bu ki yarım milyon frank deməkdir! – Selliven qışqırdı. – Siz bu qədər pulu təhlükəyə atırsınız? Yox, yəqin, zarafat eləyirsiniz.

– Əsl ingilis belə ciddi məsələlərdə heç vaxt zarafat eləməz. Mən iyirmi min funtdan mərc gəlirəm ki, səksən günə, bəlkə, bir az da tez dünyanı dövr eləyəcəyəm. Mərci kim kəsəcək?

– Biz! – vist masasının arxasındakılar bir ağızdan dilləndilər.

– Yaxşı, – Foq dedi. – Duvra gedən qatar saat 20:45-də yola düşür. Mən o qatara yetişməliyəm.

– Elə bu axşam? – Stüart təəccüblə soruşdu.

– Bəli, məhz indi.

Sonra Foq cib təqviminə baxıb dedi:

– Beləliklə, mən oktyabrın 2-i çərşənbə günü yola düşürəm. Əgər dekabrın 21-i şənbə günü saat 20:45-ə kimi Londona qayıtmasam, Berinq qardaşlarının bankındakı 20 min funt-sterlinq qanuni şəkildə sizə çatacaq, cənablar.

Mərc kəsildi və altı şəxsin imzası ilə rəsmiləşdirildi. Foq soyuqqanlılığını qoruyub saxlayırdı, qalanları isə, əksinə, çox həyəcanlı görünürdülər.

Saat 7-ni vurdu. Foqa məsləhət gördülər ki, oyunu dayandırsın və səyahətə hazırlaşsın.

– Mən həmişə hazıram, – cənab Foq tövrünü pozmadan dilləndi.

4

Fileas Foq saat 19:25-də «Reform» klubundan çıxıb evə yollandı. O, evə girəndə saatın əqrəbləri 19:50-ni göstərirdi. Ev sahibinin gündəlik cədvəlini artıq əzbərləmiş Paspartu Foqu görəndə çox təəccübləndi. Axı o bilirdi ki, son dərəcə dəqiq insan olan bu cənab evinə hər gün gecəyarısı qayıdır.

Cənab Foq öz otağına keçib lakeyə səsləndi:

– Paspartu!

Lakeyin, necə deyərlər, tükü də tərpənmədi. Çünki xidmət saatına hələ çox vardı.

– Paspartu! – cənab Foq yenidən onu çağırdı.

Bu dəfə Paspartu əlacsız yerindən qalxıb onun otağına tərəf yollandı.

– Mən artıq ikinci dəfədir ki, sizi çağırıram, – Foq dedi.

– Hələ gecəyarısına çox var, – Paspartu əlində tutduğu saata baxaraq dedi.

– Bilirəm, – Foq dilləndi. – Elə ona görə də sizə irad tutmuram. On dəqiqədən sonra biz Duvra yola düşəcəyik. Oradan da Kaleyə.

Paspartunun üzündəki ifadədən hiss olundu ki, eşitdiklərinə inanmır.

– Müsyö gedir? – o, təəccüblə soruşdu.

– Bəli, – Foq sakit səslə cavab verdi. – Biz dünya səyahətinə çıxırıq.

Paspartunun bu dəfə gözləri lap kəlləsinə çıxdı.

– Dünya səyahətinə?!

– Səksən günlük, – Foq sakitcə dilləndi. – Odur ki bir saniyə də vaxt itirə bilmərik.

– Bəs çamadanımızı yığmayacağıq?

– Çamadana ehtiyac yoxdur. Yol çantası kifayət edər. İçinə bir-iki köynək, üç-dörd cüt corab qoyun, vəssalam. Qalan şeyləri yoldan alarıq. Əyninizə rahat paltar geyinin. Hə, makintoşumla[11 - Makintoş – su keçirməyən parçadan tikilmiş plaş] qalın şərfimi də götürün. Cəld olun.

Paspartunun deyilənlərə əməl eləməkdən başqa çarəsi qalmadı. O öz otağına gedib taqətsiz halda stula çökdü. Sonra qalxıb deyinə-deyinə yola hazırlıq görməyə başladı: «Belə olmaz, bu lap ağ oldu. Guya bu evdə sakit həyat sürəcəkdim. Necə yəni, səksən günə bütün dünyanı gəzəcəyik?! Bu cənabın ağlı yerindədir, ya yox? Yoxsa mənimlə zarafat eləyir?»

Lakey bir az sakitləşəndən sonra yenə öz-özünə danışmağa başladı: «O necə dedi, əvvəl Duvra, oradan da Kaleyə? Kaleyə gediriksə, yəqin, Parisə də baş çəkərik. Beş ildir Fransaya ayağım dəymir, heç olmasa, vətənimi görərəm».