banner banner banner
80 gün dünya ətrafında
80 gün dünya ətrafında
Оценить:
 Рейтинг: 0

80 gün dünya ətrafında

Paspartu cənab Foqun əşyalarını bir sakvoyaja[12 - Sakvoyaj – ağzı kip bağlanan yol çantası] yığaraq özünə də bir-iki dəyişəcək götürüb saat 8 tamamda ağasının yanına yollandı. Ev sahibi artıq yola çıxmağa hazır idi. O, əlində Corc Bredşounun «Dəmiryolları üzrə bələdçi» kitabını tutmuşdu. Bu kitabla bütün dünyanı gəzib-dolaşmaq mümkün idi. Foq lakeyin əlindən yol çantasını alıb ağzını açdı. Bir dəstə təptəzə əsginası çantaya qoyub soruşdu:

– Heç nə yaddan çıxmadı ki?

– Xeyr, müsyö, – Paspartu cavab verdi.

– Çantadan muğayat olun. Orada iyirmi min funt var.

Lakeyin yenə təəccübdən gözləri bərələ qaldı. Az qaldı çantanı əlindən yerə salsın.

Dilican[13 - Dilican – dördtəkərli poçt və ya minik arabası] stansiyası Fileas Foqun yaşadığı küçənin başında idi. Cənab Foqla lakeyi bir arabaya oturub vağzala yollandılar. 9-a 20 dəqiqə işləmiş araba vağzalın qarşısında dayandı. Foq lakeyindən xahiş elədi ki, Parisə, birincidərəcəli vaqona iki bilet alsın. Centlmen bu sözləri söyləyəndən sonra mərc gəldiyi centlmenlərin yaxınlıqda dayanıb onları izlədiyini gördü.

– Cənablar, mən gedirəm, – Foq dedi. – Qayıdandan sonra hansı ölkələrdə olduğumu pasportuma vurulan viza möhürlərindən anlaya bilərsiniz.

– Buna ehtiyac yoxdur, cənab Foq! – dostlarından biri dilləndi. – Biz sizin necə dürüst centlmen olduğunuzu bilirik.

– Lap yaxşı, – Foq dedi. – Düz səksən gündən sonra – 21 dekabr 1872-ci il şənbə günü 9-a 15 dəqiqə qalmış görüşənədək! Salamat qalın, cənablar!

Saat 9-a 20 dəqiqə qalmış Fileas Foqla onun lakeyi artıq öz kupelərində oturmuşdular. Beş dəqiqə sonra fit səsi eşidildi və qatar yerindən tərpəndi.

Hava qaralmışdı. Narın yağış damlaları vaqonun pəncərəsini döyəcləyirdi. Qatar hələ Saydenhemi keçməmiş Paspartu qəfildən qışqırdı.

– Sizə nə olub? – Foq soruşdu.

– Mən, mən… – Paspartu kəkələməyə başladı. – Tələsdiyimdən unutdum…

– Nəyi?

– Otağımdakı qaz lampasını söndürməyi…

– Nə etmək olar, – Foq sakit səslə dedi. – Deməli, biz qayıdana kimi lampa sizin hesabınıza yanacaq.

5

Cənab Foq Londonu tərk edərkən təsəvvürünə də gətirməzdi ki, onun səfəri bu qədər səs-küy doğuracaq. Mərclə bağlı söz-söhbət əvvəl «Reform» klubunda yayıldı, sonradan isə qəzet səhifələrinə yol açdı. Tezliklə Birləşmiş Krallığın hər yerində bu barədə danışmağa başladılar. Adamların çoxu centlmenin səksən gündə dünyanı dövr edəcəyinə inanmırdı.

Oktyabrın 7-də «Kral Coğrafiya Cəmiyyəti» nin xəbərlərində uzun bir məqalə dərc olundu. Məqalədə yazılanların hamısı bizim səyyahın əleyhinə idi. Coğrafiyaşünaslar bu fikirdə idilər ki, səksən gündə dünyanı dolanmaq üçün bütün nəqliyyat vasitələrinin – qatarların, gəmilərin çatma və yoladüşmə vaxtı bir-birinə uyğun gəlməlidir. Bu isə qeyri-mümkün idi. Üstəlik, texniki problemlər, əlverişsiz hava şəraiti də səyahətçiyə əngəl yarada bilərdi.

Tezliklə təkcə «Reform» klubunun üzvləri deyil, digər cənablar da Foqun səyahəti ilə bağlı bəhsə girişdilər. Adamlar cıdır yarışlarına pul qoyurmuşlar kimi cənab Foqun səksən günə səyahətini başa vurub-vurmayacağı ilə bağlı mərc gəlirdilər. Əgər centlmen yenicə yola çıxdığı vaxt onun səyahətini uğurla başa vuracağına pul qoyanlar daha çox idisə, məlum məqalədən sonra buna inanmayanların sayı dəfələrlə artdı. Beləliklə, artıq əksəriyyət Foqun mərci uduzacağına inanmağa başlamışdı.

Həmin günlərdə qəribə hadisə baş verdi: Fiks adlı xəfiyyə Skotlend-pleys Mərkəzi Polis İdarəsinin rəisindən teleqraf aldı. Teleqrafda bank oğurluğu ilə bağlı əsas şübhəlinin əlamətləri təsvir olunmuşdu. Çox keçmədən Londona teleqrafla aşağıdakı məlumat göndərildi:

Süveyşdən Londona. Skotlend-pleys Mərkəzi Polis İdarəsinin rəisi Rouenə.

Mən ingilis bankını qarət etmiş şəxsin – Fileas Foqun izinə düşmüşəm. Təcili həbs qərarını Bombeyə (Britaniya Hindistanı) göndərin.

İmza: polis xəfiyyəsi Fiks

Bu teleqram Londona çatar-çatmaz hər şey dəyişdi: artıq hörmətli centlmen getmiş, onun yerini İngiltərə bankını qarət eləmiş oğru tutmuşdu. Cənab Foqun qapalı həyat tərzi keçirməsi də ondan şübhələnməyə əsas verirdi.

6

Bu məlumat aşağıda haqqında bəhs olunan hadisədən sonra hazırlanmışdı. Beləliklə, «Monqolustan» adlı gəminin oktyabrın 9-da çərşənbə günü səhər saat 11-də Süveyş limanına gəlib çatması gözlənilirdi. Bu beş yüz at gücünə malik üç göyərtədən ibarət sürətli gəmi Süveyş kanalından keçməklə Brindisi ilə Bombey arasında müntəzəm səfərlər edirdi. Saatda 10 mil[14 - Mil – ingilis ölçü sistemində 1609,34 metrə bərabər uzunluq vahidi] sürətlə üzən «Monqolustan» çox zaman mənzilbaşına nəzərdə tutulan vaxtdan da tez çatırdı.

Sahildə iki kişi gəminin gəlişini səbirsizliklə gözləyirdi. Onlardan biri ingilis konsulu idi. Konsul Birləşmiş Krallıq gəmilərinin Süveyş kanalından necə keçib-getdiyinə nəzarət eləyirdi.

Arıq, alçaqboy, üzündən əsəbilik yağan ikinci şəxs isə qaşlarını çataraq hövsələsiz adamlar kimi yerində dayana bilmir, limanda var-gəl eləyirdi. Bu itibaxışlı adamın uzun kirpiklərinin arasından gözləri bir cüt qara muncuq kimi parıldayırdı. O, ingilis polis xəfiyyəsi cənab Fiks idi. Xəfiyyəni Süveyşə İngiltərə bankında baş vermiş qarət hadisəsi ilə bağlı göndərmişdilər. Ona tapşırıq verilmişdi ki, gözünə şübhəli dəyən hər kəsi təqib etsin.

– Cənab konsul, deyirsiniz ki, gəmi gecikməz, düzdür? – o, limandakı digər kişiyə yaxınlaşıb soruşdu.

– Bizdə olan məlumata görə, «Monqolustan» gəmisi dünən Port-Səid yaxınlığındakı açıq dənizdə görünüb. Oradan Süveyş kanalı ilə 160 kilometr məsafəni qət eləmək isə bu gəmi üçün heç nədir. Odur ki narahat olmayın, indilərdə gəlib çıxar. Siz mənə deyin görüm, oğru «Monqolustan»ın göyərtəsində olsa belə, onu necə tanıyacaqsınız?

– Cənab konsul, mən həyatım boyu çox oğru görmüşəm, onu yüz metrdən belə seçə bilərəm. Əgər bu adam gəminin göyərtəsində olsa, əlimdən heç yerə qurtula bilməyəcək! Düzdür, oğru alicənab centlmendən fərqlənmir. Lakin belə şeylərlə mənim gözümə kül üfürmək olmaz!

Çox keçmədən limandakı adamların sayı artmağa başladı: dənizçilər, tacirlər, fəllahlar[15 - Fəllah – ərəb ölkələrində əkinçiliklə məşğul olan, oturaq həyat tərzi keçirən kəndli], hamballar bura toplaşıb gəminin gəlib çıxmasını gözləyirdilər. Yarım saat sonra qulaqbatırıcı fit səsi eşidildi. Bir dəstə hambal körpüyə tərəf götürüldü. Onlarla qayıq «Monqolustan» gəmisini qarşılamaq üçün sahildən aralandı. Tezliklə gəminin nəhəng gövdəsi göründü. Göyərtədə xeyli sərnişin vardı.

Fiks sahildə dayanıb iti nəzərlərlə sərnişinləri gözdən keçirirdi. Elə bu vaxt onlardan biri ətrafını bürümüş hambalları cəld hərəkətlə itələyərək xəfiyyəyə yaxınlaşdı. Əlindəki pasportu göstərərək ingilis konsulluğunun yerini soruşdu. Dedi ki, pasporta viza möhürü vurdurmalıdır.

Fiks pasportu alıb baxdı. Buradakı bütün məlumatlar polis rəisinin ona göndərdiyi əlamətlərlə üst-üstə düşürdü.

– Bu sizin pasportunuzdur? – xəfiyyə soruşdu.

– Xeyr, cənab Fileas Foqundur. Mən onun yanında qulluq eləyirəm.

– Bəs o özü haradadır?

– Göyərtədə qaldı.

– Viza möhürü vurdurmaq üçün o özü şəxsən konsulluğa müraciət eləməlidir.

– Bəs konsulluq harada yerləşir? – sərnişin bir də soruşdu.

– Meydanın o biri başında, – xəfiyyə əli ilə yüz metr aralıdakı binanı nişan verib dedi.

– Onda gedib ağama xəbər verim, – sərnişin bunu deyib gəmiyə tərəf qaçdı.

7

Cənab Fiks tez özünü konsulluğa yetirdi. Konsul artıq öz otağında idi. Xəfiyyə içəri girən kimi dedi:

– Cənab konsul, axtardığımız şəxsin «Monqolustan» gəmisinin göyərtəsində olduğunu söyləmək üçün əlimdə əsas var.

Sonra baş verənləri yerli-yataqlı konsula danışdı.

– Çox gözəl, cənab Fiks! – konsul dedi.

– Siz də bilirsiniz ki, belə dələduzların sənədləri həmişə qaydasında olur. Bəs necə, diqqəti cəlb eləmək istəmirlər axı! Lakin ümid edirəm ki, siz ona mane olacaqsınız.

– Əgər sənədləri qaydasındadırsa, buna ixtiyarım çatmır, – konsul başını buladı. – Viza verməyə məcburam.