banner banner banner
Gülüstan. Bustan
Gülüstan. Bustan
Оценить:
 Рейтинг: 0

Gülüstan. Bustan

Bəndə odur kim bilə təqsirini,
Üz tutaraq allahına yalvara,
Çünki ona layiq olan xidməti,
Kimsə bacarmaz edə bu dünyada.

Onun hesabsız rəhmət yağışı hər yerə yağmış, əsirgəmədiyi nemət süfrəsi hər yerə yayılmışdır. Öz bəndələrinin namus pərdəsini balaca günah üçün parçalamaz, səhvən onu inkar edənləri də ruzisiz qoymaz.

Şeir

Ey kəramət sahibi, başı bağlı xəznəndən Tərsayə də, gəbrə də bol-bol ruzi verirsən.

Düşmənlərə sən belə nəzər salan zamanda,
Unutmazsan yəqin ki dostlarını bir an da

Fərş sahibi, Səba yelinə əmr etdi ki, öz yaşıl fərşini yer üzünə sərsin, bahar buludunun dayəsinə də buyurdu ki, bitkilərin qızlarını yer beşiyində boya-başa çatdırsın. Ağaclar Novruz xələtilə yaşıl paltarı bürünüb, yaz mövsüminin gəlişilə budaqlarının başına çiçək papağı qoydu. Onun qüdrətilə şirinlik yarandı, xurma toxumu cücərib gözəl ağaca çevrildi.

Şeir

Bulud, külək, qəmər, günəş fələk daim işdədir,
Ki, bir qarın çörək tapıb sən yeyəsən ləzzətlə.
Hər şey olmuş sənin üçün hərəkətdə, fərmanda,
Düzgün olmaz sən vaxtını keçirəsən qəflətlə

Belə xəbər verirlər kainatın başçısı, bütün mövcüdatın iftixarı, aləmin qoruyucusu, insanların hamisi, zamanın son peyğəmbəri Məhəmməd Mustafa-allah onu səlamət etsin

Beyt

Şəfaətli, itaətkar, kəramətli peyğəmbər,
Ədalətli, şücaətli, mürüvvətli peyğəmbər

Beyt

Ümmətinin nə dərdi var sən tək arxa olan zaman,
Nuh gəmiçi olan yerdə qorxmaz heç kəs tufanlardan.

Beyt

Əngin fəza kamalıdır, Günəş bənzər cəmalına
Gözəlliyin cəlalıdır, alqış ona və alına[4 - al–ailə, yaxın adamlar]

Əgər günahkar və halı pərişan olan bir bəndə ümidlə o yüksək cəlallı həqqin dərgahına yalvarış əlini qaldırıb paz-piyaz etsə, böyük yaradandan etina görmədikdə yenə əl qaldırıb ah-nalə ilə ondan kömək istəsə, allah-taala buyurar: mənim qulumun məndən başqa köməyi olmadığından onun istəyini yerinə yetirdim, arzusuna çatdırdım ki, öz bəndəmin nə qədər yalvarışından xəcil oldum.

Beyt

Gör nə qədər allahda vardır lütfü kəramət
Bəndə günah eyləmiş o sa çəkir xəcalət.

Onun cəlal Kəbəsində bir guşəyə çəkilib ibadət edənlər özlərinin layiqincə ibadət edə bilmədiklərin etirafla, camalının gözəlliyini vəsf edənlər heyrət içində qalıb demişlər: biz sənin mərifətini layiqincə dərk edə bilmədik.

Şeir

Kim sorsa allahın vəsfini məndən,
Nişansız varlığı bilərmi bir kəs?
Aşiqin məşuqun ölmüşləridir,
Çıxmaz, şübhəsiz ki, ölmüşlərdən səs.

Ariflərdən biri başını aşağı salıb fikir dəryasına qərq olmuşdu, elə ki, düşüncədən ayrılıb özünə gəldi, dostlardan biri soruşdu:

-Getdiyin bostandan bizə bir hədiyyə ver.
O, dedi:

-Gedəndə yadımda idi ki, əkər gül ağacına çatsam, ətəyimi doldurub dostlara hədiyyə gətirəcəyəm. Lakin elə ki, bostana çatdım, gülün ətri məni o qədər məst etdi ki, ətəyimdən belə tuta bilmədim.

Şeir

Ey mürği-səhər eşqi bu pərvanədən öyrən,
Yandısa canı çıxmadı ondan yenə avaz.
Bu müddəilər bilməyir əsla nə xəbərdir,
Kim tutsa diləkdən xəbər, ondan xəbər olmaz.

Şeir

Ey xəyaldan üstün olan sirri bilinməz qüdrət,
Çox dedilər, çox eşitdik, çox oxuduq, nəhayət,
Məclis bitdi, ömür çatdı başa biz də qocaldıq,
Lakin yenə biz əvvəlki nöqtədə donub qaldıq.

ATABƏY ƏBUBƏKR İBN SƏDİN TƏRİFİ[5 - Üzərinə nömrə qoyulmuş ad və beytlər kitabın sonunda izah edilib.]

Sədinin gözəl tərifinin dillərə düşməsi, şair avazəsinin dünyaya yayılması, şirin hekayələrinin ağızda şəkər dadıb əsərlərinin hər yarpağının qızıl vərəqi tək əldən-ələ gəzməsi, onun öz fəzilət və sənətkarlığının yetkinliyindən deyil, bəlkə cahanın hökmdarı, zəmanənin sərdarı, Süleyman taxtının varisi və iman sahiblərinin hamisi, şahlar şahı Atabəy Müzəffərəddin Əbubəkr ibn Səd ibn Zənginin (yer üzündə allahın kölgəsi odur. İlahi, ondan razı ol və könlünü şad elə!) Ona mərhəmət nəzərilə baxıb, sənətinə yüksək rəğbət və həqiqi məhəbbət bəsləməsindəndir. Xalqın da ona dərin məhəbbəti bu səbəbdəndir.

Şeir

Mənə ki, salırsan belə xoş nəzər,
Günəşdən məşhurdur yazdığım əsər.
Olsa da qulunda çox eybü nöqsan,
Hünərdir hər eybi bəyənsə sultan.

Şeir

Gecən gün hamamda ətirli bir gül,
Yetişdi əlimə bir dost əlindən.
Soruşdum müşksən, ya inki ənbər,
Ki, belə məst oldum sənin iyindən?
Dedi ki, yararsız bir palçıq idim,
Bir müddət gül ilə etdim nişimən.
Mənə dost kamalı eyləmiş təsir,
Yoxsa ki, yararsız haman giləm mən!

Allah Şiraz torpağını adil hökmdarların gücü və işgüzar alimlərin himmətilə dünya durduqca əmin-amanlıqda saxlasın.